Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2241/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilməmiş qalan 4200 (dörd min iki yüz) manat məbləğində borcun və məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavadehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə tanışlıq münasibətində olub. Tərəfindən ona müəyyən məqsədlər üçün 10000 manat məbləğində pul verməyini istəyib və o da cavabdehə aralarındakı tanışlara güvənərək istədiyi 10000 manat pulu verib. Cavabdeh həmin puldan müəyyən hissəsini hissə-hissə ödəsə də, 4200 manatını ödəmir və bu da onu ciddi sıxıntılara məruz qoyur. Bununla bağlı aralarında dəfələrlə danışıqlar olub, lakin faydası olmayıb. Tərəfindən bu barədə cavabdehə edilmiş yazılı müraciəti də cavabsız qalıb. Qeyd edir ki, cavabdeh sonuncu dəfələ xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat olmaqla, onun kartına pul ödəyib. Lakin bundan sonra ödənişi dayandırıb və qalan 4200 manat pulu ödəməyib. Artıq cavabdehlə mövcud münasibətlərinin qarşılıqlı razılıqla həll üsülu mümkünsüz olduğu üçün, hazırkı vəziyyətin ədalətli və alternativsiz həlli yolunun yalnız məhkəmə olduğu qənaətinə gəlir və hesab edir ki, həm yuxarıda qeyd etdiyi faktiki hallara, həm də ərizədə göstəridiyi hüquqi əsaslara görə iddiasi tam təmin olunmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş materiallarına əlavə olunan Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və tərəflərin izahatına əsasən tərəflər arasında borc münasibəti olub. İddiaçının izahatında o pulu 2013-cü ildə, cavabdehin izahatında isə 2011-ci ildə verildiyi göstərilib. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçib, çünki iddiaçı 10 illik müddəti də ötürüb. Cavabdeh 2022-ci ildə müxtəlif vaxtlarda iddiaçıya iddia müddətinin ötməsindən sonra müəyyən ödənişlər edib, lakin bu ödənişlər də iddia müddətinin axımının yenidən başlanması üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində 383-cü maddəsində göstərilir ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yəni borclu şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra edibsə, icra zamanı icra müdətinin bitdiyini bilməmiş olsa belə, icra etdiyini geri tələb edə bilməz. Yəni qanunvericilik iddiaçıya münasibətdə iddia müddətinin ötməsi ilə bağlı tələbkarın iddia tələbi hüququnun itə bilməsini qeyd etsə də, digər tərəfdən obyektiv və ədadlətli mövqe ortaya qoyaraq borclunun iddia müddətini ötürməsindən sonra etdiyi ödənişlərini də geri tələb edə bilməməsini göstərmişdir ki, balanslı hüquqi mövqeni əks etdirib. Yekunda bildirməlidir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı maddi mənada hüququnu itirsə də, prosessual mənada hüququ qalmaqda davam edib, lakin tərəflərindən verilən maddi mənada hüququnun itirlməsi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən hazırki iş üzrə iddia müddətini tətbiq edərək iddiaçının iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və/və ya onun nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və tərəflərin izahatına əsasən tərəflər arasında borc münasibəti olub. İddiaçının izahatında o pulu 2013-cü ildə, cavabdehin izahatında isə 2011-ci ildə verildiyi göstərilib. Borcun 2013-cü ildə verilməsini sübut etmək vəzifəsi iddiaçının üzrərinə düşür. Qeyd olunan faktdan da göründyü kimi borc münasibətləri ilə bağlı olan 3 illik müddət də, ümumi iddia müddəti olan iddia müddəti də keçib, çünki iddiaçı 10 illik müddəti də ötürüb. Cavabdehin 2022-ci ildə ödəniş etməsi iddianın etirafı kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 383-cü maddəsində göstərilir ki, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Yəni borclu şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra edibsə, icra zamanı icra müdətinin bitdiyini bilməmiş olsa belə, icra etdiyini geri tələb edə bilməz. Həmçinin, Mülki Məcəllənin 554.2cü maddəsinə əsasən öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Hazırda cavabdeh borc üzrə edilmiş ödənişi iddiaçıdan tələb edə bilməz, amma iddiaçı da hazırkı iddia üzrə iddia üzrə iddia müddətini ötürmüşdür. Cavabdeh iddiaçıdan pul götürüb, lakin pulun hansı müddətə qaytarmaq şərti ilə verilməsi iddiaçı sübut etməlidir. İddiaçı 10 il sonra cavabdehdən pul tələb edib, cavabdeh də bir hissəsini qaytarıb. Bundan sonra iddiaçı polisə müraciət edib. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli qərarnın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/219 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - Cavabdeh Nəsimi RPİ-nin 20-cı Polis Bölməsinə araşdırılma aparılan zaman verdiyi izahatından görünür ki, o, İddiaçı təxminən 2010-cu ildən tanıyır və onunla xoş münasibətləri olub. Bu münasibətdən irəli gələrək 2011-ci ilin ortalarında maddi ehtiyacı olduğundan ona 10000 manat pul verib. Həmin ərəfədə ona pulun nə vaxt qaytarılması barədə heç bir söz deməyib. Bundan təxminən 10 il keçməsinə baxmayaraq İddiaçı ondan pul istəmədiyindən Şakit Məmmədova pulu qaytarmayıb. Lakin 2022-ci ilin ortalarında İddiaçı ilə aralarında olan söhbət zamanı o pula ehtiyacı olmasını deyərək verdiyi 10000 manat puldan 5000 manatını qaytarmağını və qalan hissəsini ona bağışladığını bildirib. O, bundan sonra hissə-hissə olmaqla 2022-2023-cü illər ərzində İddiaçı 5800 manat pul qaytarıb. Lakin İddiaçı pulun qalan hissəini ondan tələb etməyərək ona bağışlamasını bildirib. Son aylar ərzində isə İddiaçı ilə aralarında olan münasibətlərində sərinlik yarandığından ondan 4200 manat pulu digər tanışları vasitəsilə tələb etməyə başlayıb. İddiaçı Zərdab rayon Maliyyə İdarəsidə rəis vəzifəsini müvəqqəti əvəz etdiyi müddətdə onunla aralarında heç bir təmənna olmayıb, İddiaçı onun maddi ehtiyacı olmasını bilərək ona dost kimi yardım məqsədilə 10000 manat pul verib, lakin təxminən 10-12 il sonra maddi sıxıntısı olmasını deyərək həmin məbləğin 5000 manatını ondan istəyib və o da İddiaçı 5800 manat pul qaytarıb. İddiaçı Zərdab rayon Maliyyə İdarəsidə rəis təyin olunması ilə bağlı aralarında heç bir söhbət olmayıb. İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında İddiaçı həmin məbləği ona bağışladığı üçün o, heç bir məbləğdə pul qaytarmaq niyyətində deyil. Belə ki, onların yoldaşlığı müddətində o da İddiaçı müxtəlif köməkliklər edib və həmin məmləğ ödənilmiş hesab olunur; - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 99,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ümumilikdə 10000 manat borc pul verdiyini, həmin puldan 5800 manat qaytarıldığını, lakin qalan 4200 manat pulun hazırkı vaxtadək qaytarılmadığını qeyd etmişdir. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə ki, iddiaçı yaranmış mübahisə ilə bağlı daha əvvəl hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsini İstintaq şöbəsi tərəfindən iddiaçının müraciəti əsasında araşdırma aparılmış, lakin toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Cavabdeh Nəsimi RPİ-nin 20-cı Polis Bölməsinə araşdırılma aparılan zaman verdiyi izahatından aydın olur ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borc pul verilmiş, lakin borcun qaytarılması vaxtı müəyyən edilməmişdir. Bundan sonra iddiaçı 2022-ci ildə cavabdehdən pulunu tələb etmiş, cavabdeh isə 2022-2023-cü illər ərzində İddiaçı 5800 manat pul qaytarıb. Cavabdehə əsasən İddiaçı pulun qalan hissəsini ondan tələb etməyərək qalan borcu ona bağışladığı bildirib. Lakin qeyd edilən halla bağlı tərəflər arasında hər hansı bir razılıq olduğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh polis bölməsində verdiyi izahatda həmin məbləğdə borcu olduğu qəbul etsə də, borcu ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borcun qalan hissəsi olan 4200 manat cavbdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə həmin vəsatəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə kimi nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.3-cü icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddia üzrə iddia müddətini ötürməmişdir. Belə ki, iş materialları və tərəflərin vermiş olduğu izahatlarla aydın olur ki, iddiaçı tərəfindən cavabdehə 2011-2013-cü illərdə (iddiaçıya əsasən 2013, cavabdehə əsasən 2011-ci il) 10000 manat məbləğində borc pul verilsə də, borcun qaytarılması üçün konkret vaxt müəyyən edilməmiş, borc qeyri-müəyyən vaxta verilmişdir. Cavabdeh polis böməsində verdiyi izahatında da bunu təsdiq edib. Bundan sonra iddiaçı 2022-ci ildə borcun qaytarılması ilə cavabdehə müraciət etməklə hazırkı iddia üzrə iddia müddətini axımını başlatmışdır. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti (ərizəni) əsassız hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 99,60 manat dövlət rüsumu ödənilmişdir. Buna baxmayaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə uyğun olaraq 4200 manat tələbə münasibətdə 62 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 62 cavabdedə aid edilməli və ondan tutularaq iddiaçıya ödənilməli, qalan pul isə dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia üzrə artıq ödənilmiş 37,6 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın (FİN: xxxxxxx, Hökümət ödəniş portalı, qəbz nömrəsi: **********, tarix və vaxt: xx.xx.2024, 17:42:18). Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-2241/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2241/2024
25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver