Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2254/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 18191 manat məbləğində pulun və 144.57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10000 Avro-Azərbaycan manatı ilə 18191 (on səkkiz min yüz doxsan bir) manat məbləğində xx.xx.2023-cü il tarixdə yazdığı izahatda etdiyi etirafa əsasən borclu olduğu pulu ödəmir və tərəfindən xx.xx.2024cü il tarixdə pretenziya göndərilmiş və aldıqdan sonra ona 3 gün müddətinə ödənilməsi təklif olunmuşdur. Əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı göstərilmişdir. Bu pul tələbi ilə bağlı Yasamal RPİ 27-ci PB-də araşdırma aparılmış və cavabdeh borclu olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hesab edir ki, 144.57 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalı və ona ödənilməlidir
İş materialları :
3. Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2023-cü il tarixli “təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında qərar”dan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı Yasamal RPİ-nin 27-ci PB-nə ünvanladığı müraciət əsasında toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir.
4. xx.xx.2023-cü il tarixli, Yasamal RPİ-nin təhqiqatçısı Çingiz Qurbanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nə müraciət edərək bildirmişdir ki, əvvəldən tanıdığı Firuz Musayev adlı şəxsə Almaniyadan şərikli qazanc əldə etmək üçün 35000 Avro məbləğində pul vəsaiti vermiş, lakin Firuz Mustafayev ev alaraq həmin pulu ora xərcləmişdir. O, Firuz Mustafayevdən pulunu geri qaytarmasını tələb etdikdə isə, Firuz müxətlif bəhanələr gətirərək, pulu qaytarmaqdan yayınmışdır.
5. İddiaçı 2023-cü ilin aprel ayında Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahatdan görünür ki, o, Almaniyadan maşın gətirib birlikdə satmaq üçün Firuzla şərik olmuşdur. İlkin olaraq 10000 avro, daha sonra isə hissə-hissə ümumilikdə 25000 avro vermişdir. Sonuncu dəfə 2007-ci ildə qazanc əldə etmək üçün “Mercedes C Klass” markalı avtomobili almışdır. 2 ay sonra avtomobil satılmadığı üçün mənzillə dəyişmiş, daha sonra isə Firuz ona pulun hamısını Bakıda bir şirkətə verdiyini və qarşılığında hər ay 800 avro alacağını bildirmişdir. Həmçinin izahatda qeyd etmişdir ki, o pulu ev almaq üçün deyil, Almaniyadan maşın gətirib, satıb, qazanc əldə etmək üçün vermişdir. Buna görə də o, Firuza bildirmişdir ki, o, şirkəti tanımır və pulunu geri qaytarsın.
6. Cavabdeh xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahatdan görünür ki, o Soltan ilə 2006-cı ildə tanış olmuşdur. Soltan onun maşın alveri ilə məşğul olduğunu bildiyi üçün ona şərikinə 10000 avro vermişdir ki, maşını aparıb satıb qazanc əldə etsinlər. Soltanın verdiyi pul ilə aldıqları "xxxx" markalı avtomobili Soltanın razılığı ilə Komfort İnşaat MMC-də işləyən Hacıyev Nazim adlı vətəndaşa Bakı şəhəri, Xətai rayonu, Telnmov küçəsi 234-48 saylı məhəllədə yerləşən binanın 8-ci giriş, 9-cu mərtəbədə ümumi sahəsi 54.97 kv.metr olan 1 otaqlı 750-ci mənzil maliyyə arayışı əsasında satmışdır. Sonra qeyd olunan mənzilin olmadığı üçün pulu almaq mümkün olmamışdır. Xətai rayon Məhkəməsinin qərarı ilə onun xeyrinə 27150 dollar qərar çıxarılmışdır. Onun xeyrinə çıxmış qərara əsasən ödəniləcək olan məbləğdən Soltana olan pulu geri verəcəyini, halhazırda isə səhhəti ilə əlaqədar işləyə bilmədiyini bildirmişdir.
7. İddiaçı tərəfindn Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 10000 avro məbləğində 102 qaynar xətt xidmətinə və Nəsimi RPİ 27 PB-də etdiyi etirafa əsasən borclu olduğu pulu pretenziya aldıqdan sonra ona 3 gün müddətində ödənilməsini təklif etmiş, tələb edilən məbləğin qeyd edilən etiraf məbləğindən çox olduğunu bildirərək razılaşma olmadığı halda məhkəmə qaydasında tələb edəcəyi ilə bağlı xəbərdar etmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, ərizədə əvvəllər Almaniya Respublikasından Azərbaycan Respublikasına minik avtomobillərinin gətirilib satışı ilə məşğul olduğunu, 2007-ci ildə İddiaçı onun qeyd olunan sahibkarlıq fəaliyyətinə pul yatıraraq, gəlir əldə etmək istədiyini bildirmişdir. O, razılaşmış və həmin fəaliyyət məqsədilə dövriyyəyə buraxmaq üçün İddiaçı 2007-ci ildə ona 10.000 avro pul vermişdir. Həmin pulun gəliri olaraq 1 il ərzində ona çatan payı verdikdən sonra, işləri pisləşmiş və 2008-ci il ərzində isə hissə-hissə olmaqla İddiaçı 10.000 avro məbləğində pul vəsaitini tamamilə qaytarmışdır. Bununla belə, aradan uzun müddət keçdikdən sonra İddiaçı əsassız olaraq sözügedən məbləği, hətta daha artığını ondan yenidən tələb edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddia müddəti keçmişdir. İddia müddəti keçdiyindən iddiadan imtina barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 144.57 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh Yasamal RPİ 27-ci PB-də etirafedici ərizə vermiş, borcunu qaytaracağını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarının icrasını gözlədiyini bildirmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə iddiaçının iddia müddətini ötürmədiyini bildirmişdir. İddiaçı cavabdehdən mütəmadi olaraq borcunu tələb etmiş, cavabdeh borcunu qaytaracağını bildirmişdir. İddia müddətinin tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Tərəflər arasında münasibət olmuşdur. İddiaçı Azərbaycanda yaşamamışdır. 2023-cü il tarixində Bakıya gəldiyi zaman özü polisə müraciət etmişdir. Cavabdeh polisə etirafedici izahat vermiş, borcunu qaytaracağını bildirmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçıya pulu hissə-hissə 2008-ci il tarixində ödəmişdir. O, polis şöbəsində verdiyi izahatda insanlıq xatirinə pulu alarsa, verəcəyini bildirmişdir. O polis şöbəsində də pulu tam qaytardığını bildirmişdir. Gözləri zəif gördüyü üçün izahatı oxumamışdır. O, polis şöbəsində iddiaçıya borcu olduğunu bildirməmiş, ümumiyyətlə iddiaçıdan borc almamışdır. Sadəcə şərikli iş görmüşlər. Həmçinin qeyd etmişdir ki, iddiaçı 7-8 il əvvəl Bakıya gəlmişdir. Borclu olsa idi pulu həmin vaxtda tələb edə bilərdi.
İşin faktiki halı :
12. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2006-2007-ci illərdə birlikdə biznes fəaliyyəti ilə-şərikli avtomobil alqısatqısı ilə məşğul olmuşlar.
13. İddiaçı tərəfindən cavabdehə şərikli avtomobil alqı-satqısı ilə məşğul olmaq üçün 10000 avro məbləğində pul vəsaiti verilmişdir.
14. Cavabdeh tərəfindən iddiaçı ilə şərikli gətirilmiş avtomobil "xxxx" MMC-yə ev qarşılığında satılmışdır.
15. İddiaçı tərəfindən cavabdehə şərikli gətirilmiş avtomobilin satılaraq ev alınmasına dair razılıq verilməmişdir.
16. İddiaçı 2007-2008-ci ildə cavabdehdən pul vəsaitinin qaytarılmasını tələb etmişdir.
17. "xxxx" MMC-dən Cavabdeh xeyrinə 27121 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi vardır.
18. Həmçinin cavabdeh “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, aralarında yaranmış münasibətin üzərindən 17 il keçdiyini, iddia müddətinin ötürüldüyünü və AR MM-nin 375.2-ci maddəsinə əsasən iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Məhkəmənin mövqeyi :
22. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
23. İddiaçı Cavabdeh qarşı olan 18191 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini cavabdehin xx.xx.2023-cü il tarixdə yazdığı izahatda etiraf etdiyi borcu ödəməməsi ilə əsaslandırmışdır.
24. Həmçinin hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən aralarında yaranmış münasibətin üzərindən 17 il keçdiyi və iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
25. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
26. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
27. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
29. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
30. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri deyil, Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından biznes fəaliyyəti ilə bağlı birgə fəaliyyət görülməsini özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
34. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən mülki dövriyyə iştirakçıları Mülki Məcəlləyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər.
36. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlərin birgə gəlir əldə etmək üçün biznes fəaliyətindən irəli gələn münasibət olması həm məhkəmə, həm də Yasamal RPİ-nin 27-ci Polis bölməsində verilmiş izahatların məzmununundan aydın olur.
37. Belə ki, İddiaçı 2023-cü ilin aprel ayında Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahatda qeyd etmişdir ki, Almaniyadan maşın gətirib birlikdə satmaq üçün cavabdeh ilə şərik olmuşdur. O, cavabdehə ilkin olaraq 10000 avro, daha sonra isə hissə-hissə ümumilikdə 25000 avro məbləğində pul vəsaiti verdiyini bildirmişdir. Sonuncu dəfə 2007-ci ildə qazanc əldə etmək üçün “Mercedes C Klass” markalı avtomobil alınmışdır. Həmin avtomobili cavabdeh 2 ay sonra avtomobil satılmadığı üçün mənzillə dəyişmişdir. O izahatında yazmışdır ki, o pulu cavabdehdən geri tələb etmiş, lakin cavabdeh onun verdiyi pul vəsaitini həmin vaxtdan hazırki günədək geri qaytarmamışdır. Həmçinin qeyd etmişdir ki, həmin pul vəsaitini cavabdehə ev almaq üçün deyil, şərikli qazanc əldə etmək, iş qurmaq üçün vermişdir.
38. Həmçinin Cavabdeh məhkəmə iclasında və Yasamal RPİ-nin 27-ci PB-də verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2006-cı il tarixdə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 10000 avro məbləğində pul vəsaiti verilmişdir. O, məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o hər dəfə avtomobil gətirərkən iddiaçıya 500-600 avro məbləğində pul vəsaiti vermişdir. Sonuncu dəfə avtomobil gətirərkən həmin avtomobili "xxxx" MMC-yə satmış, lakin "xxxx" MMC tərəfindən ona ev verilməmişdir. "xxxx" MMC-dən onun xeyrinə 271121 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi vardır.
39. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 10 000 avro məbləğində pul vəsaitinin verilməsi, tərəflərin 2006-2007-ci illərdə birgə Almaniyadan avtomobil gətirərək avtomobilin alqı-satqı fəaliyyəti ilə məsğul olması, cavabdeh tərəfindən sonuncu gətirilən avtomobilin satılaraq mənzil əldə edilməsi və həmin mənzilin "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilməməsi ilə əlaqədar həmin mənzilin dəyərinin "xxxx" MMC-dən tutularaq cavabdehə ödənilməsinə dair məhkəmə qətnaməsinin olması işin mübahisəsiz hallarıdır.
40. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 10 000 avro məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halı olduğundan həmin pul vəsaitinin iddiaçıya qaytarılmasını sübut etmək yükü Cavabdeh üzərinə düşür.
41. Belə ki, cavabdeh həmin pul vəsaitinin cavabdehə 2008-ci ildə tam şəkildə ödənilməsini bildirməsinə baxmayaraq öz etirazının dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.
44. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
45. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
46. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, Yasamal rayon polis idarəsində verdiyi izahat polis tərəfindən təhrif edilmişdir. Belə ki, o polis idarəsində izahat verərkən iddiaçıya borcu olmadığını bildirmişdir. Polis məmuru ona sual verdikdə ki, “həmin pulu alsan iddiaçıya pul verərsənmi”, o cavab olaraq bildirmişdir ki, “insanlıq xatirinə ona 10000 avro ödəniş edərəm”. Onun verdiyi izahat təhrif edilmiş, onun yaxın görməsi zəif olduğu üçün oxuya bilməmişdir. O polis idarəsində borclu olduğunu bildirməmişdir.
47. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən onun polis idarəsində verdiyi izahatın təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
49. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
50. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
51. Beləliklə, məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə birgə biznes fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən irəli gələn öhdəlik yerinə yetirilməmişdir.
52. Belə ki, tərəflərin birgə vəsaiti hesabına gəlir əldə etmək üçün alınmış avtomobil cavabdeh tərəfindən satılaraq mənzil əldə edilmiş, həmin mənzilin dəyərinin cavabdehə ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilmiş, tərəflər arasında birgə biznes fəaliyyəti ilə bağlı müqavilə münasibətlərinə 2007-ci ildə, yəni tərəflərin birgə vəsaiti hesabına alınmış avtomobilin həmin mənzil ilə əvəz edilməsindən sonra xitam verilmiş və iddiaçı tərəfindən verilmiş pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.
53. Məhkəmə cavabdehin izahatına (iddiaçı qazanca şərikdirsə, ziyana da şərik olmalıdır) münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, həmin pul vəsaitinin cavabdehin xeyrinə tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Lakin iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.
54. Cavabdeh tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir.
55. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1).
56. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilə münasibətlərindən irəli gələn pul tələbi olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi əsaslı olsa da, iddia tələbi təmin edilməməlidir.
57. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
58. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 3 illik müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?
59. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatda hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmadığını, iddia müddətinin axımının cavabdehin polis idarəsində borclu olduğunu etiraf etdiyi tarixdən hesablanmalı olduğunu bildirmişdir.
60. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə müvafiq olaraq icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
61. Həmçinin Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.
62. Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur.
63. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır.
64. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu 2007-2008-ci il tarixdə aşkar etmişdir. Odur ki, iddia müddətinin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.
65. Belə ki, iddiaçının polis idarəsində verdiyi izahata əsasən müəyyən edilmişdir ki, iddiaçı izahatında cavabdehə pul vəsaitini birgə qazanc əldə etmək üçün avtomobil alqısatqısı ilə bağlı verdiyini, sonuncu dəfə təxminən 2007-ci ildə qazanc əldə etmək üçün “Mercedes C Klass” markalı avtomobil alındığını, həmin avtomobil alındıqdan təxminən 2 ay sonra cavabdeh ona həmin avtomobili mənzilə dəyişdiyini bildirdiyini, o isə cavabdehə həmin şirkəti tanımadığını, cavabdehdən pulunu tələb etdiyini bildirmişdir.
66. İddiaçının verdiyi izahatdan aydın olur ki, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi tarix, yəni iddia müddətinin axımının başlanğıcı iddiaçının cavabdehə qarşı pulun qaytarılması tələbini irəli sürdüyü 2007, təxminən 2008-ci (2 ay sonra bildirildiyi vaxtı müəyyən etmək mümkün olmadığından) illərdir.
67. Məhkəmə araşdırılması nəticəsində iddiaçı tərəfindən cavabdehə möhlət verilməsi, cavabdehə qarşı polis idarəsinə müraciət etdiyi vaxtadək tələb irəli sürməsi, o cümlədən cavabdeh tərəfindən iddia müddətinin axımı müddətində borcu etiraf etməsini göstərən, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması üçün əsas olan hallar müəyyən edilməmişdir.
68. Həmçinin iddiaçının izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəflərin birgə vəsaiti hesabına alınmış avtomobilin cavabdeh tərəfindən mənzilə dəyişdirilməsinə razılıq verməmiş, yəni iddiaçı tərəfindən cavabdehə avtomobilin əvəzinə alınmış mənzilin dəyərinin ödənilməsinə, pulun "xxxx" MMC tərəfindən cavabdehə qaytarılmasınadək möhlət verilməmişdir.
69. Qeyd edilən hal iddiaçının polis idarəsində verdiyi izahatla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı izahatında qeyd etmişdir ki, o cavabdeh tərəfindən tərəflərin birgə qazancı hesabına alınmış avtomobilin mənzil ilə dəyişdirilməsinə razılıq verməmiş, məlumatı olduqdan sonra pulunu tələb etmişdir. Həmçinin izahatında xüsusilə vurğulamışdır ki, o cavabdehə ev almaq üçün yox, şərikli qazanc əldə etmək üçün pul vəsaiti vermişdir.
70. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).
71. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.
72. Məhkəmə cavabdeh tərəfindən “iddia müddətinin tətbiqinə dair ərizə”yə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
73. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
74. İşin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddia müddətinin axımı 2007-2008-ci iilərdə başlamış, iddia müddətinin axımı müddətində axımın dayandırılması və kəsilməsi üçün əsas olan hallar olmamış, iddiaçı isə məhkəməyə müqavilə münasibətlərindən irəli gələn iddia tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti, həmçinin qanunvericiliklə müəyyən edilmiş 10 illik ümumi iddia müddəti ötürülməklə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.
75. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.
Məhkəmə xərcləri :
76. İddiaçı tərəfindən ödənilmiş 144.57 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
77. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
78. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı Cavabdeh onun xeyrinə 18191 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva