Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-245/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızına və Cavabdeh9 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “məcburi köçkünlərin mülkiyyətçiyə məxsus əmlakdan çıxarılması, kirayə mənzilə köçürülməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının vəkili X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2, Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh9, Cavabdeh2, Cavabdeh8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X5, Cavabdeh4, Cavabdeh5 Rizvan qızına və Cavabdeh9 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi cəlb edilməklə “əmlakdan çıxarılma və kirayə haqqı ödənilməklə kirayə mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh7, X4, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızına və X6 və X1 qarşı “əmlakdan çıxarılma və kirayə haqqı ödənilməklə kirayə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlərin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılmaları, müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra 2025-ci ildə öz doğma yurd-yuvalarına qaytarılanadək onların hər birinin kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızının və Cavabdeh9 qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılmaları, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra öz doğma yurd-yuvalarına qaytarılana və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqlarının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksi var. Həmin kompleksin yerləşdiyi ümumi sahəsi 0.7046 ha olan torpaq sahəsi də onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinin üzərindəki Əmlak kompleksi məcburi köçkünlər üçün hazırki cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər tərəfindən zəbt olunan əmlak kompleksi mənzil kimi istifadə olunur. Dəfərlərlə müraciət etsə də, cavabdehlər mülkiyyətində olan əmlak kompleksini və onun yerləşdiyi ərazini boşaldıb tərk etmirlər və bildirirlər ki, onların hazırda yaşamaları üçün evləri yoxdur. Cavabdehlər qeyd olunan ünvanda qalmaları səbəbindən o əmlak kompleksi və onun yerləşdiyi torpaq sahəsi üzrə hüquqlarını həyata keçirə bilmir. Məcburi köçkünlərin 2025-ci ilin sonunadək öz doğma yurd-yuvalarına qaytarılması nəzərdə tutulmuşdur. Cavabdehlərin məcburi köçkünlər olmalarını nəzərə alaraq onların öz doğma yurd-yuvalarına qayıdanadək müvəqqəti yaşayış üçün kirayə mənzillərlə təmin olunmalarını və kirayə haqlarının ödənilməsini öz üzərinə götürür.
İş materialları :
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X17 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanındakı 0.7046 ha torpaq sahəsi və üzərindəki 1300.06 kv.metr daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
5. İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı məxsus əmlak kompleksi kimi müəssisəyə dair texniki pasport əlavə edilmişdir.
6. İş materiallarına 3 ədəd fotoşəkil əlavə edilmişdir.
7. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən uşaq baxçasında ümumilikdə 18 məcburi köçkün ailəsi məksunlaşmışdır. “Dövlət proqramı”nın icrası ilə əlaqədar olaraq Laçın şəhərindən olan və evləri bərpa edilən üç ailənin Laçın şəhərinə köçürülməsi təmin edilmiş, bir ailə isə müvəqqəti olaraq “Qobu Park” yaşayış kompleksinə köçürülmüşdür. Qalan on dörd ailənin köçürülməsi mümkünlüyünə isə pasport qeydiyyatında olduqları yaşayış məntəqələrinin tikintisi başa çatdıqdan sonra baxılacaqdır.
8. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 16, uşaq bağçasının binasında məcburi köçkün kimi məskunlaşmışdır.
9. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 16, uşaq bağçasının binasında məcburi köçkün kimi məskunlaşmışdır.
10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin verdiyi arayışda həmin ərazidə 9 ailə yaşadığı bildirildiyi üçün onlar həmin ailələrə qarşı iddia qaldırmışlar.
12. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, işğaldan azad edilmiş torpaqlarda təmir-bərpa işləri aparılır. Məsələn, Laçın rayonunda olan bəzi evlər, xüsusi mülkiyyətdə olan evlər təmir-bərpa olunmuşdur. Həmçinin yeni binalar tikilir. Köçürülmüş şəxslərin evləri artıq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin balansından çıxarılıb, ƏƏSMN balasına verilir, güzəştli şərtlərlə şəhid ailələrinə, qazilərə təqdim olunur. 1 nəfərə Qobu parkına köçürülüb dedikdə isə, yəqin ki, bu dövlət proqramından əvvəl olmuşdur. Cavabehlərin heç birinin evləri hələki hazır deyil. Laçın rayonu, Rəhmanlı Bina 404, mənzil 25-də olan ev mübahisəli ərazidə yaşayan şəxsin öz evi olmuş, bərpa olunmuş, buna görə də o köçürülmüşdür. Laçın da, Şuşa da, Cəbrayıl da evlər tikilir. Hazırda bizdə kimlər ki, işğaldan azad edilmiş torpaqlara köçməkdən imtina edirlər, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi ilə onlar arasında olan müqavilələrimiz ləğv olunur. Hazırda dövlət proqramı çərçivəsində cavabdehlərin harasa köçürülmələri mümkün deyil. Dövlət Proqramı təsdiq edildikdən sonra yalnız bir nəfər boşaldılmış evə köçürülmüşdür. Belə ki, şəxs Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir, Ədliyyə Nazirliyindən onlara məktub gəlmişdir ki, həmin işin icrasını tezləşdirək həmin işlə bağlı ayrıca əmr verilmiş, şəxs ailə başçısını itirmişdi, həmin şəxs Ramanada yerləşən boşaldılmış evə köçürülmüşdür. Ağdamda və digər ərazilərdə evlər demək olar ki, yoxa çıxıb. Həmin ərazilər minalanıb. Cavabdehlərin sosial vəziyyəti göz qabağındadır. Onlar ağır şəraitdə yaşayırlar. Cavabdehlərin hamısı gözləyirlər ki, dövlət tərəfindən onların evləri bərpa olunsun, sonra öz yurd-yuvalarına qayıtsınlar. Vətəndaşları ən çox maraqlandıran məsələ qətnamənin icra mərhələsidir. Qətnamənin icra olunmasına kim qarantiya verəcək. Ötən 30 ildə bir çox insan vəfat etmişdir. Hesab edir ki, qəbul edilən qərar, ədalətli, icrası mümkün qərar olmalıdır.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, həyat yoldaşı və 2 övladı ilə birlikdə mübahisə predmeti olan ərazidə yaşayır. Cavabdeh6 3 uşağı və həyat yoldaşı ilə birlikdə yaşayır. Cavabdeh1 mübahisə predmeti olan ərazidə 6 nəfər, özü, həyat yoldaşı, oğulları və onların ailəsi ilə birlikdə yaşayırlar.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasında onlara qarşı tərəflə görüşüb danışmaqla bağlı vaxt verilmişdir. Onlar Famil müəllimlə əlaqə qurmaq istəsələr də, alınmamışdır. Sonradan o, Famil müəllimin tanışı vasitəsilə əlaqə saxlamaq istəmiş, Famil müəllim özü ona zəng etməmişdir. Cavabdehlərin yaşayış şəraiti acınacaqlıdır, 1 otağı arakəsmə artırıb yaşayırlar. Sabah, birigün iddiaçı vəfat etsə və ya onun şirkəti iflas etsə, o, zaman onların kirayə haqlarını kim ödəyəcəkdir. Nizami rayonu ətrafında 500 manata normal kirayə evlər yoxdur.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onları yaşadıqları yerdən heç kim çıxarda bilməz. Onlar məcburi köçkün kimi Bakıya gəldikləri zaman 5 nəfər olsalar da, indi isə 14 nəfərdirlər. O, oğlu ilə birlikdə qalır, digər övladları məcbur olub kirayə evlərdə qalırlar.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh9 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun atası Nurəddindir, onunla birlikdə qalır.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh8 izahatında bildirmişdir ki, onlar məcburi köçkündürlər, heç kəs onları Prezidentin Fərmanına əsasən, yaşadıqları yerdən çıxara bilməz. Hazırda 500 manata kirayə evlər yoxdur. Hamısı televizora baxır, görürlər ki, bütün şirkətlər camaatın başına oyun açırlar. 3-5 gün kirayə haqqını verirlər, sonra isə kirayə haqqını verməyi dayandırırlar. Onlar 1997-1998-ci ildən mübahisə predmeti olan ərazidə yaşamış, Famil isə həmin ərazini 2 ildir ki, almışdır. Famil gəlib baxanda onlarla danışardı, sonra həmin ərazini alıb, özəlləşdirərdi. O, iddiaçının özünün məhkəmə iclasında iştirak etməsini istəyir. O, həyat yoldaşı, iki oğlu və onların ailələri ilə birlikdə 6 nəfər yaşayırlar. O, yaşayış sahəsini arakəsmə edib, ayırmışdır.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh6, Cavabdeh1 və Cavabdeh5 Rizvan qızı məhkəmə iclasına gəlməmişdir.
20. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
21. ünvan 1 ünvanında yerləşən uşaq baxçasında cavabdehlər 1996-1997-ci illərdə məcburi köçkün olaraq məskunlaşmışlar.
22. ünvan 1 ünvanında yerləşən uşaq baxçası ********** nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
24. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Məhkəmənin mövqeyi :
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
28. İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, X8, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 qarşı “əmlakdan çıxarılma və kirayə haqqı ödənilməklə kirayə mənzilə köçürülmə” tələbini mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlakın cavabdehlər tərəfindən zəbt edilməsi səbəbindən əmlaka olan mülkiyyət hüquqlarını həyata keçirə bilməməsi ilə əsaslandırmışdır.
29. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
30. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
32. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
33. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksində məcburi köçkün olan cavabdehlər yaşayırlar və onlar 1997-1998-ci illərdən, məcburi köçkün düşdükləri zaman ünvan 1 ünvanında yerləşən uşaq baxçası boş olduğu üçün orada məskunlaşdıqlarını qeyd etməklə doğma yurd-yuvalarına qayıdanadək əmlak kompleksini iddiaçıya qaytarmaqdan imtina edirlər.
34. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
35. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
36. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
37. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.
39. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.
40. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə qeyd edilən normanın dispozisiya şərtlərinin hər biri mövcuddur. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:
41. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı mülkiyyətindədir.
42. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
43. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).
44. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır.
45. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.
Əmlakın cavabdehin sahibliyində olması:
46. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli əmlaka dair İddiaçı tərəfindən mülkiyyət hüququ əldə edildiyi vaxtdan əvvəl mübahisəli əmlak kompleksində yaşayırlar.
47. Belə ki, cavabdehlərin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, onlar 1997-1998-ci illərdən mübahisə predmeti olan əmlak kompleksində yaşayırlar. Həmçinin Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış məktuba, həmçinin Komitənin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, cavabdehlər həmin ünvanda məcburi köçkün kimi məskunlaşmışlar.
Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:
48. İşin araşdırılan hallarına əsasın müəyyən edilmişdir ki, cavabdehlərin ünvan 1 ünvanında yerləşən əmlak kompleksinə sahiblik və istifadə hüquq yoxdur. Əmlakın hazırda onların sahibliyində olmasının qanuni əsası mövcud deyil.
49. Belə ki, məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisə predmeti olan əmlak kompleksində məcburi köçkün düşdüksən sonra özləri gəlib yerləşmişlər, yəni cavabdehlər dövlət tərəfindən həmin əmlakda yerləşdirilməmişlər.
50. İddiaçının 2024-cü ildən mübahisəli mənzilin mülkiyyətçisi olduğu və cavabdehlərin hazırda da həmin əmlak kompleksində yaşayıb, iddiaçının tələbinə baxmayaraq, əmlak kompleksindən çıxmadığı, habelə, cavabdehlərin iddiaçının ailə üzvü olmadığı və sonuncunun razılığı olmadan həmin əmlakda yaşadığı işin mübahsisəsiz halı olduğu halda, cavabdehlərin əmlak kompleksində yaşamağa davam etmək üçün iddiaçı ilə hər hansı qaydada razılığa gəldiyi (müqavilə bağladığı) və məhz bu əsasla cavabdehlərin mübahisəli əmlak kompleksi üzərində istifadə hüququnun olduğu müəyyən edilməmişdir.
51. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında 21 may 1999-cu il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkünlər hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvaflq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5ci maddə).
52. Hazırkı mübahisəli əmlak kompleksi Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin balansında olmamışdır, cavabdehlərə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nda nəzərdə tutulduğu kimi, Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin qərarı ilə verilməmiş, onlarla kirayə müqaviləsi bağlanmamışdır.
53. Məhkəmə iclasında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi izahatında bildirmişdir ki, məcburi köçkünlər Komitə tərəfindən həmin əmlakda yerləşdirilməmiş, lakin həmin ünvan cavabdehlərin yaşayış ünvanı kimi tanınmışdır.
54. Məhkəmə qeyd edir ki, məcburi köçkünlərin mənzillə təmin olunması öhdəliyi dövlətin vəzifəsi olması səbəbindən hazırki halda mülkiyyətçi cavabdehlərin mübahisə predmeti olan əmlak kompleksindən çıxarılması ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur.
55. Məhkəmə nəzərə alır ki, 90-cı illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir.
56. Hazırki iş üzrə cavabdehlər Laçın, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş şəxslər olmaqla, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yaşayırlar. Lakin onların 30 ilə yaxın həmin ərazidə yaşaması iddiaçının öz əmlakına sahiblik, istifadə və sərəncam hüquqlarını qanunsuz məhdudlaşdırmaqla, iddiaçının dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.
57. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Kəlbəcər, Laçın şəhərləri işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır.
58. Məhkəmə iclasında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi nümayəndəsinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı işlər davam edir. İlk növbədə fərdi mülkiyyətdə olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi istiqamətində tədbirlər görülür. Qeyri-yaşayış sahələrində məskunlaşmış məcburi köçkünlərin köçürülməsi isə mərhələli şəkildə həyata keçirilir. Həmçinin nümayəndə qeyd etmişdir ki, Proqramın 2030-cu ilədək icra edilməsi nəzərdə tutulmuşdur.
59. Mövcud vəziyyətdə mülkiyyətçinin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər.
60. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
61. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (Baklanov Rusiyaya qarşı, 09 iyun 2005-ci il, Frizen Rusiyaya qarşı, 24 mart 2005-ci il,). “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir. Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı).
62. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
63. Məhkəmə qeyd edir ki, mübahisə predmeti ünvan 1 ünvanında yerləşən əmlak kompleksindən cavabdehlər tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.
64. Məhkəmə iddia tələbinin kirayə haqqı ödənilməklə cavabdehlərin əmlakdan çıxarılması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlak kompleksində yaşaması üçün qanuni əsas olmadığı bir halda, iddiaçı tərəfindən cavabdehlərin məcburi köçkün olması nəzərə alınaraq onlara kirayə haqqı ödənilməklə kirayə mənzillərə çıxarılması ilə bağlı tələbi ədalətli olmaqla məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdanadək onların mənzil şəraitinin yaxşı vəziyyətdə saxlanılmasına yönəlmişdir.
65. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə məhkəmə iclasında işin araşdırılması zamanı müəyyən edilmişdir ki, bəzi cavabdehlərə münasibətdə artıq onların məcburi köçkün düşdükləri zaman övladları azyaşlı olsa da, hazırda onlar böyümüş və öz ailələri vardır və Komitə tərəfindən də həmin şəxslər ayrıca ailə kimi qeydiyyata alınmışlar.
66. Həmçinin iddiaçı tərəfindən onlardan Cavabdeh8 (ata) ilə Cavabdeh2 (oğul) münasibətdə ayrıca tələb irəli sürülməsi də iddiaçı tərəfindən də onların müstəqil cavabdeh qismində qəbul edildiyini göstərir.
67. Belə olan halda cavabdehin ailə üzvləri dedikdə, cavabdehlərin yetkinlik yaşına çatmayan övladları və ər-arvadı ailə üzvü olaraq qəbul edilərək mübahisəli əmlak kompleksindən kirayə haqqı ödənilməklə çıxarılmaları təmin edilməlidir.
Nəticə :
68. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılmalı, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülməli, kirayə mənzillərə köçürüldükdən sonra öz doğma yurd-yuvalarına qaytarılana və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqlarının ödənilməsi iddiaçıya həvalə edilməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh8, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Rizvan qızı və Cavabdeh9 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanındakı ümumi sahəsi 1300.6 kv metr sahəsi təşkil edən əmlak kompleksindən və onun yerləşdiyi ümumi sahəsi 0.7046 ha torpaq sahəsindən çıxarılsın, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nizami rayonu ərazisində kirayə mənzillərə köçürülsün, kirayə mənzillərə köçürüldükdən sonra öz doğma yurd-yuvalarına qaytarılana və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqlarının ödənilməsi iddiaçıya həvalə edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva