Məhkəmə qərarları › İş №e-2(007)-2490/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2490/2023

09.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2490/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Nizami Rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Nizami Rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən, o cümlədən digər nöqsanlara yol verilərək tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Nizami Rayon İcra Şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun hərəkət və hərəkətsizliyindən şikayət vermişdir. Beləliklə, hesab edirəm ki, iddiaçı icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət verməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, qeyd olunan məsələ ilə bağlı şikayətlə aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Nizami Rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İcra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlə müvafiq inzibati orqana müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar