Məhkəmə qərarları › İş №e-2(007)-2493/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2493/2025

15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2493/2025 15.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 63500 manat məbləğində pulun, eləcə də dövlət rüsumu kimi ödənilmiş 281 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 180, 180A, 180B mənzil 21 (Yeni qaydalarla Bakışəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospektiev M8, m.4) ünvanında yerləşən, sahəsi 176,5 kv.m. olan mənzil (daşınmaz əmlakın reyestr nömrəsi **********51-05301-093064) keçmiş həyat yoldaşı Cavabdeh adına Mənzil-Tikinti Kooperativindən ilkin sənədlərlə alınmışdır. Mənzilin birgə nikah dövründə alınması ilə bağlı mülki qaydada Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, mülki icraatın yekunu olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə bəhs edilən mənzilə görə ödənilmiş məbləğdə İddiaçı oğunun pay hüququ müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra tərəfindən cavabdeh "xxxx" MTK-ya qarşı “pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək bəhs edilən mənzilə dair İddiaçı adına ilkin hüquq müəyyənedici sənədlərin (Protokoldan çıxarış, Maliyyə Arayışı) verilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Buna baxmayaraq, Cavabdeh xx.xx.2024-cü il tarixdə mənzili öz adına tam payla ilkin hüquqi qeydiyyata aldıraraq Çıxarış almış, 26 fevral 2024-cü il tarixdə isə alqı-satqı yolu ilə özgəninkiləşdirmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-1086/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnamə qəbul etmiş, qətnamə ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilin və qarajların alınmasına sərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Bu qətnamədən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi 2(102)-3819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarla apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Eyni zamanda, Nizami Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, X4, X5, "xxxx" MTK-ya qarşı“mənzilin ilkin hüquqi qeydiyyatının ləğv edilməsi,alqı-satqının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxılaraq e-2(007)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul edilmiş, qətnamə ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, “birgə nikah dövründə əldə edilmiş mənzilin alınmasına sərf edilmiş vəsaitin ½ hissəsi üzərində İddiaçı pay hüququ tanındığından, həmçinin o, mənzil alınan zaman MTK-da mənzilin payçısı kimi qeydə alınmadığından iddia tələbi .... təmin edilə bilməz”. Belə olan halda, Cavabdeh birgə nikah dövrü əldə edimiş daşınmaz əmlaklara sərf edilmiş məbləğlərin qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçıya tanınmış pay hüququna uyğun nisbətdə pulun tələb edilməsi məcburiyyətindədir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə elektron qaydada sms çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1562/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X6 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X6 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan Cavabdeh tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri, Hüseyn Cavid prospekti, X6 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat vəsaitin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququ tanınmışdır. İddiaçı iddiası qalan hissələrdə təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X6 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X6 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin 2(102)-1117/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi hissəsində və 3-cü şəxsin iddiasının təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1088/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-473/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi tələbinə dair iddia tələbi təmin olunmamışdır. Ali Məhkəmənin 2(102)-3819/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1088/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-112/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 12 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla cavabdehlər Cavabdeh, X5, "xxxx" MTK-ya və X4 qarşı, “mənzilin ilkin hüquqi qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv olunması, mənzilin alqısatqısına dair müqavilənin və avtomobil dayanacaqlarına dair hüquq və öhdəliklərin ötürülməsi barədə razılaşmaların etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 281 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissəsi). Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarı: 16.1. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. 16.2. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 16.3. Məhkəmələr həmçinin preyudisiya məsələləri ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarlarında verilmiş şərhləri nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı: “...Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir....” Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb, məhkəmə prosesində iştirak edən tərəflərin izahatlarını dinləyib və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X6 küçələrinin kəsişməsindəki 578-ci məhəllədə, X6 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı, 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan Cavabdeh tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri, Hüseyn Cavid prospekti, X6 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat vəsaitin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququ tanınmışdır. Hazırda iddiaçı həmin qətnamə üzrə pay hüququ tanınmış pul məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında sadalanan məhkəmə qətnamələri, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və hazırki iş üzrə preyudisiayal xarakter daşıyır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı iddia tələbində istinad etdiyi halları, sübuta yetirildiyindən, habelə bu hallar qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı pay hüququ tanınmış 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi 40000 manat və 47000 manat pul vəsaitin ½ hissəsi 23500 manat olmaqla, cəmi 63500 manat pul məbləği və 281 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair iddası təmin edilsin. Cavabdeh ümumilikdə 63500 manat pul məbləği və 281 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar