Məhkəmə qərarları › İş №e-2(007)-2590/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2590/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2590/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin 3-cü şəxs Azerfon MMC cəlb olunmaqla cavabdeh 30 saylı Notariat Ofisinə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC 3-cü şəxs Azerfon MMC cəlb olunmaqla cavabdeh 30 saylı Notariat Ofisinə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, üçüncü şəxs "xxxx" MMC-nin müraciəti əsasında İddiaçı MMC-də tel- (077)219-47-79/ ********* nömrəli müqaviləyə görə ödənilməyən 1152.42 AZN məbləğində pul vəsaitinin və 25.00 AZN məbləğində rüsumun tutularaq üçüncü şəxs "xxxx" MMC-yə ödənilməsi barədə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi tərtib edilib və məcburi qaydada icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilib.Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi əsasında Nizami Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov tərəfindən xx.xx.2022-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilib və həmin qərarla birlikdə tələbin könüllü icrası haqqında yazılı bildiriş iddiaçıya poçt vasitəsilə göndərilib. Sözügedən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında yazılı bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində poçt vasitəsilə əldə edilib.Hazırki vəziyyətdə İddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə zidd qaydada qəbul edildiyindən etibarsız hesab edilməlidir. Buna görə də iddiaçı pozulan hüquqlarının bərpa olunması üçün icra qeydinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb.Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi üçün ən ciddi əsas ondan ibarətdir ki, cavabdehin tələbi əsassız olub və iddiaçı təşkilatın cavabdehə hər hansı borcu mövcud olmayıb. Bunun sübutu kimi üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaçı təşkilata ona rəsmi borcunun olmaması barədə dövrü olaraq mütəmadi qaydada təqdim edilən hesab-fakturalar iddia ərizəsinə əlavə edilir. Hesab fakturalar üçüncü şəxs "xxxx" MMC-nin rəsmi elektron poçt ünvanından iddiaçı təşkilata rəsmi qaydada göndərilib.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı təşkilatın üçüncü şəxs "xxxx" MMC-yə heç bir borcu olmamasına baxmayaraq, cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən əsassız olaraq, iddiaçıdan borcun tutulması barədə icra qeydi verilib.İddia müddətinin ötürülməsi barədə dəlil.Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi üçün digər ciddi əsas ondan ibarətdir ki, icra qeydi üçüncü şəxsin tələb hüququ üzrə iddia müddətinin ötürülməsi şəraitində tərtib edilib.Belə ki, ilkin olaraq, bildirməliyik ki, həqiqətən də, iddia ərizəsinə əlavə edilən hesab-fakturalardan da göründüyü kimi, iddiaçı təşkilatın üçüncü şəxs "xxxx" MMC-yə hər hansı borcu olmayıb. Lakin iddiaçı hesab edir ki, əgər bu cür borc mövcud olsa da belə, bu borc üzrə 3 illik iddia müddəti ötürülüb. Belə ki, iddiaçı təşkilat ilə üçüncü şəxs arasındakı əməkdaşlıq xx.xx.2010-cu ildən etibarən dayandırılıb və tərəflər arasındakı müqavilə həmin tarixlərdən etibarən ləğv edilib.Belə olduğu təqdirdə ağlabatandır ki, iddia olunan yaranan borc həmin tarixdən əvvələ aid olub və buna görə də müqavilə və ya vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə 3 illik iddia müddəti ötürülüb. Bundan əlavə, notariusun icra qeydinə nəzər yetirdikdə görünür ki, notarius tərəflər arasında bağlanıldığı qeyd olunan müqavilənin nömrəsini qeyd etsə də, tarixini nədənsə qeyd etməyib. Həmçinin, icra qeydində ödənişin hansı müddət üçün yarandığı göstərilməyib, sadəcə “müddət üçün vaxtında ödənilməyib” deyə bir ifadə qeyd edilib. Bütün bunlar da onu göstərir ki, notarius iddia müddəti ötürülmüş bir tələb ilə bağlı icra qeydi verib.Məhkəmənin diqqətinə çatdırılır ki, üçüncü şəxs "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı təşkilata icra qeydinin aparılacağı barədə bildiriş göndərilməyib və icra qeydinin verilməsinə əsas olan iddia olunan borcun üçüncü şəxs ilə müzakirəsi üçün şərait yaradılmayıb, iddiaçı təşkilatın borc barədə xəbəri olmayıb.İddiaçı hesab edir ki, hazırki mübahisəli məsələdə üçüncü şəxs tərəfindən notariusa təqdim edilib və notariusun icra qeydinin verilməsinə əsas olub, tələbin hüquqi və faktiki əsasını təşkil edən sənədlərlə tanış olmaq imkanından məhrum olduğu üçün, həmçinin, üçüncü şəxs ilə əməkdaşlığın keçmiş dövrə aid olması səbəbindən təsdiqedici sənədlər iddiaçı təşkilatda saxlanılmadığından hazırki işdə iddia olunan borcun faktiki və hüquqi əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmək, borcun mövcud olmasını, əsaslı olmasını və icra qeydinin iddia müddəti ərzində tərtib etdildiyini sübutetmə yükü cavabdehin və üçüncü şəxsin üzərinə düşür. Qeyd olunanlara əsasən Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilən 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərərək göstərdi ki,tərəflər arasında müqavilə bağlanıb və həmin müqaviləyə əsasən iddiaçı şirkətə mobil nömrələr təqdim olunub. Həmin nömrələrdən danışıqlar aparılıb, lakin borc ödənilməyib. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, bunun müsbət bir nəticəsi olmayıb. Bundan sonra qanunvericiliyin tələbinə uyğun olaraq icra qeyd verilib.Qarşı tərəf ötürülmüş iddia müddətindən danışır, lakin qanunvericilikdə ötürülmüş iddia müddətinin əqdin etibarsız hesab olunması üçün əsas olması barədə hər hansı bir müddəa yoxdur.Ona görə də, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 17 mart 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC İddiaçı MMC-yə “SİM” kart nömrələri verməyi,sonuncu isə həmin nömrələrdən istifadə etməklə danışıq haqqını ödəməyi öhdəsinə götürmüşlər. 30 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki,tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 1152.42 manat xidmət haqqının və 25 manat dövlət rüsumunun,cəmi 1177.42 manat borcun "xxxx" MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 337.1-bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1- hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. [316] KMQ18 341.1-Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. 342.1-Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. 343.1-Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxsin öz himayəçisindən razılıq almadan əmlaka dair sərəncam verilməsi barədə bağladığı əqd himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 344.1- Bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır. [319] 345.1-On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. [322] 346.1-Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.2-Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 346.3- Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. 346.4- Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. 347.1-Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 349-Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Göründüyü kimi,əqdin etibarsız hesab olunması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349 maddələrində nəzərdə tutulan hallardan ən azı biri mövcud olmalıdır. İddiaçı icra qeydinin etibarsız hesab olunmasını 3-cü şəxsə borcunun olmaması və icra qeydi verilərkən iddia müddətinin ötürülməsi ilə əsaslandırır.Halbuki,yuxarıda qeyd olunan müddəalar bu əsaslarla əqdin etibarsız hesab edilməsini nəzərdə tutmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə,məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin 3-cü şəxs Azerfon MMC cəlb olunmaqla cavabdeh 30 saylı Notariat Ofisinə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar