Məhkəmə qərarları › İş №e-2(007)-269/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-269/2023

14.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-269/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh3 MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mülkiyyətdə olan əmlakdan istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mülkiyyətdə olan əmlakdan istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qanunsuz quraşdırılmış hasarın sökülməsi və psixi təzyiqlərə son qoyulması, qanunsuz tikintisinə başlanılmış tikinti obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 30, ünvanındakı 11 saylı mənzil DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərinə baxmayaraq son zamanlar cavabdehlər Cavabdeh3 MTK və onun təsisçiləri tərəfindən iddiaçıya bildirilmişdir ki, yaşadığı binanın torpaq sahəsi Bakı şəhəri İcra hakimiyyətinin sərəncamına əsasən MTK-nın istifadəsinə verilmişdir və bu səbəbdən cavabdehin təklif etdiyi şərtlərlə müqavilə bağlayıb mənzilləri onlara təhvil verib yaşadıqları mənzildən məcburən çıxmalıdırlar. Bakı Şəhər İcra Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərancamı ilə "xxxx" MTK-ya Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə 12899 saylı inşaat pasportu Cavabdeh3 MTK-nın adına rəsmiləşdirilmişdir. İddiaçıya məxsus mənzilin texniki vəziyyətinə gəldikdə isə mənzil tam sağlam və yaşamaq üçün yararlı vəziyyətdədir, sadəcə olaraq iddiaçıya öz mülkündən sərbəst istifadə etməyə və rahat yaşamağa qəsdən imkan verilmir. Mülkiyyət sahibinin xəbəri olmadan onun əmlakı barədə belə bir rəyin verilməsi qanunsuzdur. Hər bir mülkiyyətçi onun əmlakının müqəddəratı həll olunarkən bu məsələnin həllində bilavasitə iştirak etmək, rəyin əsasları ilə tanış olmaq, rəyə qarşı öz etiraz və mülahizələrini bildirmək, habelə inzibati orqanın qanunsuz hərəkətlərindən şikayət vermək hüququna malikdir. Lakin iddiaçının hüququ təmin edilməmişdir. İddiaçını zorla mənzildən çıxarmaq üçün cavabdehlər başqa psixi və fiziki təzyiq vasitələrindən də istifadə edir. İddiaçı bu özbaşınalıq barədə dəfələrlə müvafiq orqanlara müraciət edib bu qanunsuzluğa son qoyulmasını, bütün işlərin dayandırılmasını xahiş etsə də, heç bir tədbir görülməmişdir. Göründüyü kimi,cavabdehlər qanunun tələblərinə və mülkiyyətçinin etirazlarına məhəl qoymadan, iradəsini sındırmaq üçün təzyiqlər edir və bu cür hərəkətlərlə iddiaçını mülkiyyətindən imtina etməyə vadar edir. Göründüyü kimi, qəza vəziyyətində olan mənzillər barədə məsələ qanunda müfəssəl qaydada tənzimlənmişdir. Bütün hallardan mənzillərin qəzalı vəziyyətdə olması FHN-nin rəyi əsasında deyil, məhkəmənin qərarı əsasında müəyyən olunur. Bu zaman məhkəmənin özü müvafiq ekspertiza təyin etmək səlahiyyətinə malikdir. Hərçənd mənzilin qəza vəziyyətində olduğu müəyyən edildiyi halda belə qanun heç kimə təzyiqlər etmək, özgənin əmlakını zorla ələ keçirmək hüququ verməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 05 sentyabr 2022-ci il tarixli Tİ-85/22 saylı icazə ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə hündürmərtəbəli binalar tikintisi ilə bağlı Cavabdeh3 MTK-ya icazə vermişdir. Belə ki, Tikintilərin Dövlət Reyestrin rəsmi internet səhifəsində Cavabdeh3 MTK tikintiyə icazə verildiyi ünvan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllə olaraq göstərilmişdir. Tikintisinə icazə verilmiş ünvan və tikinti ərazisinin sahəsi 1.9276 ha olaraq göstərilir və həmin ərazi iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan mənzilinin yerləşdiyi ərazidir. İddiaçıya məxsus mənzil olduğu halda həmin ərazidə yeni hündürmərtəbəli binanın tikintisinə necə icazə verilə bilər? Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.23-cü maddəsində tikinti ərazisinin anlayışından da göründüyü kimi iddiaçıya məxsus mənzil tikinti üçün ayrılmış torpaq sahəsinə düşür və bu o deməkdir ki, cavabdehlər hər an qanunsuz olaraq iddiaçıya məxsus mənzili sökə bilərlər. Bundan əlavə tikintisinə icazə verilmiş yaşayış binasının artıq tikintisinə cavabdehlər tərəfindən başlanılmışdır və heç bir ara məsafəsinə riayət edilmədən qanunsuz tikili həyata keçirilir. Eyni zamanda tikinti təhlükəsizlik qaydalarına da cavabdehlər tərəfindən riayyət olunmur. İddiaçının yaşadığı bina əsassız olaraq hasarlanmış və qanuni həyətyanı sahələriəllərindən alınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının “İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətin müdafiəsi hüququ kobudcasına pozulmuşdur. Göründüyü kimi, həm mülki, həm də cinayət qanunverivilik normaları mülkiyyət hüquqlarının müdafiəsinə əsaslı təminat verir. Mülkiyyətçiyə qarşı təzyiqlər etmək, şərtlər qoymaq, iradəsinə zidd olaraq ona məxsus mülk barədə müqavilə bağlamaq qanunla qadağan edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, hal-hazırda iddiaçı öz mülkiyyətində olan mənzildə yaşayır. İddiaçıya psixi təzyiq göstərilir. Belə ki, su və işıq cavabdeh tərəfindən kəsilmişdir. Cavabdeh3 MTK qəzalı vəziyyətdə olan binanın yerində 12 mərtəbəli bina inşa etmişdir. Onun məhkəməyə təqdim etdiyi şəkildən də görünür ki, digər binanın tikintisi ilə bağlı bu binanın başının üstündə kran işləyir və orada həyətdə uşaqlar oynayır, uşaqların başına hər an bir material düşə bilər. Onların sərəncamı və icazəni mübahisələndirmələri barədə Bakı İnzibati Məhkəməsində də iddiaları var, qarşı tərəf həmin proseslərdə iştirak etmir, məhkəmə işini uzadır ki, binanı tikib qurtarsınlar. Həmçinin, Cavabdeh3 MTK sakinlərin evini sökür amma sakinləri heç dəvət edib nə istəməsi barədə soruşmur. Cavabdeh3 MTK orada yaşayan sakinlərlə bağlı 20 faiz verilməklə çıxarılma barədə iddia qaldırmış və həmin sakinlərdən 5 nəfər ilə razılaşma əldə olunmamışdır. Həmin iş üzrə ekspert binaya baxışdan imtina etmiş və ekspertiza keçirilməsindən imtina edilmişdir. Əgər razılaşma da varsa cavabdehin nümayəndəsi bununla bağlı sübut təqdim etməmişdir. Həmin 5 sakinlə razılaşmanı görsələr onlar da hər kəsə münasibətin eyni olduğunu bilərlər. Cavabdeh3 MTK orada çox sakinə mənzilinə görə həddindən artıq kv.metr sahə vermişdir. Eyni zamanda MTK oradakı sakinlərə qarşı çox pis münasibət göstərir. Cavabdeh3 MTK sakinlərə ev tikirsə qanunla tikilməlidir. Qeyd olunan ünvanda inşa edilən bina qanunsuz tikilmiş, binanın qəzalı vəziyyətdə olması barədə ekspertiza keçirməmişdir. MTK-nın binanın qəzalı olması ilə bağlı təqdim edilən aktlar saxtadır. Onlar tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və digər müvafiq qurumlara sorğu göndərilmiş və onlar da cavablarında binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy vermədiklərini bildirmişlər. Cavabdeh rüşvət verərək rəyi əldə etmişdir. Onlara verilən 2014-cü il tarixli sərəncam qüvvədən düşmüş, 2018-ci il tarixli sərəncamın isə istifadə müddəti bitmişdir. Cavabdeh tərəfindən 3 il ərzində iş görülməmişdir. Həmin ünvanda hasar da qanunsuz çəkilmişdir və hasarlar sökülməli, razılıq olmadığından tikinti dərhal dayandırılmalıdır. Binalar tikilərkən tikinti sıxlığı nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçının mənzili üçün 85 kv.m təklif edilmişdir. Onlara 113 kv.m mənzil və maşını saxlamaq üçün qaraj verilməlidir. Lakin, cavabdeh razılığa gəlmək üçün heç nə etmir. İddiaçının mənzilinin sahəsi faktiki 64 kv.metrdir. Hazırki layihə pilot layihə deyildir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçıya heç bir psixi təzyiqlər olmamış, su və işıq cavabdeh tərəfindən kəsilməmişdir. Kran da iddiaçının binasından xeyli 30 metr aralıdadır. Cavabdeh3 MTK binanın qəzalı vəziyyətdə olması ilə bağlı sənədlər almış və orada 14 mərtəbəli bina qanunauyğun şəkildə tikilmişdir. Hal-hazırda 60 nəfər sakin binanın təhvil verilməsini gözləyir. Yeni bina yaxın zamanda sakinlərin istifadəsinə veriləcəkdir. Oradakı sakinlərlə razılıq əldə edilmiş, 3 nəfər ilə razılıq hələ əldə edilməmişdir. Binanın qəzalı olması ilə bağlı 8 dövlət qurumundan akt alınmışdır. Bina 1953-cü ildə tikilmişdir. Binanın qəzalı olması barədə aktı məhkəməyə təqdim etmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhər İcra Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərancamı ilə "xxxx" MTK-ya Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə 12899 saylı inşaat pasportu Cavabdeh3 MTK-nın adına rəsmiləşdirilmişdir. ünvan 4 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Əsas Təmir və Tikinti şöbəsinin müdiri F.Əliyev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti sədrinin 1-ci müavini, Baş mühəndis R.Abdullayev, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mühəndisləri Ə.Əlibəyli, V.Cəfərov, «Bakımənzilkommunlayihə» Layihə İnstitutunun direktoru C.Quliyev, Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyi «Azərdövlətikintilayihə» Dövlət Layihə İnstitutunun texniki şöbəsinin aparıcı mühəndisi M.İsgəndərov, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma şöbəsinin mühəndisi C.Axundov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq X2 müdiri Y.Eminov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Mənzil-Kommunal Siyasəti şöbəsinin müdir müavini B.Rzayev, Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Q.Məmmədov, Nizami rayon MKTD-nin 1 №-li Xüsusi Təyinatlı MKTB-nin rəisi E.Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixi 542 №-li sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1953-cü ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2022ci il tarixli Tİ-85/22 saylı icazə ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə hündürmərtəbəli binalar tikintisi ilə bağlı Cavabdeh3 MTK-ya icazə vermişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktub və torpaq sahəsinin ayrıc aktı ilə ünvan 5 ünvanında yerləşən 30 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən Cavabdeh3 Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarının daxilində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli ünvan ilə bağlı Agentlik tərəfindən rəy tərtib edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2 və 4.2.1-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarədtdir. Məhkəmə qeyd edir ki, Cavabdeh3 MTK Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini qüvvədə olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018ci il tarixli sərəncamına əsasən həyata keçirir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2022-ci il tarixli Tİ-85/22 saylı icazə ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə hündürmərtəbəli binalar tikintisi ilə bağlı Cavabdeh3 MTK-ya icazə vermişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktub və torpaq sahəsinin ayrıc aktı ilə ünvan 5 ünvanında yerləşən 30 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən Cavabdeh3 Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarının daxilində yerləşməsi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiaçının Cavabdeh3 Mənzil Tikinti Kooperativinə verilmiş sərəncamın və icazənin mübahisələndirilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddiasına dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilməmiş və həmin Sərəncam qüvvədən düşməmiş, icazə qanunsuz hesab edilməmişdir. MTK tərəfindən qanunsuz tikinti obyekti inşa edilməsi, özbaşına tikili aparması halları iddiaçı tərəfindən sübut olunmamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci bəndi Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam verilmiş tikinti niyyətlərinə (layihələrinə) münasibətdə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 saylı qərarında da mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına dair Bakı şəhəri rayon icra hakimiyyətlərinə bir sıra tapşırıqlar verilmişdir. Məhkəmə qeyd edir ki, artıq başa çatmaqda olan hündürmərtəbəli binanın sökülməsi MTK ilə əmlaklarının sökülməsinə razılaşmış, yeni tikilmiş mənzildə əmlaklarının əvəzində yeni əmlak verilməsini gözləyən digər sakinlərin hüquqlarının pozulması və sakinlərin vaxtında mənzil ilə təmin olunması, MTK tərəfindən əlavə kirayə haqlarının verilməsi və MTK ilə həmin sakinlər arasında yeni mübahisələrin yaranması ilə nəticələnə bilər ki, bu da mütənasiblik prinsiplərinə ziddir. Məhkəmə hasarın sökülməsinə münasibətdə bildirir ki, hamıya məlum haldır ki, təhlükəsizlik hasarlarının çəkilməsi tikinti aparan şəxslərin başlıca vəzifəsi olmaqla kənar şəxslərin təhlükəsizliyi və ətraf mühitə zərər vurulmasının qarşısının alınması baxımından əhəmiyyətlidir. Bütün qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, iddia tələbi “qanunsuz tikintisinə başlanılmış tikinti obyektinin sökülməsi və qanunsuz quraşdırılmış hasarın sökülməsi” hissələrində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və psixi təzyiqlərə son qoyulması” hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissələrdə də əsassız olduğundan və sübuta yetirilə bilinmədiyindən təmin edilməməlidir. Digər cavabdehlərin cavabdeh MTK ilə əmlakları ilə bağlı razılığa gəlməsi ilə iddiaçının mənzilindən istifadə etməsinə maneə yaratmalarının və ona hansı psixoliji təsir etmələrinin nədə ifadə olunması anlaşılan deyildir. Belə ki, hər bir şəxs öz əmlakının müqəddəratı ilə bağlı müstəqil qərarlar qəbul etmək hüququna malikdir. Bundan əlavə iddiaçı tərəf izahatında psixi təzyiqlərin həmçinin binaya su və işığın cavabdeh MTK tərəfindən kəsilməsi, digər binanın tikintisi ilə bağlı bu binanın başının üstündə kran işləməsi nəticəsində həyətdə oynayan uşaqların başına hər an material düşə biləcəyini nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının məhkəmədə iddianı qaldırılmasında əsas niyyətinin Cavabdeh3 MTK ilə mübahisəli mənzil üzrə razılıq üçün danışıqlar aparılmaması olmuşdur. Belə ki, Cavabdeh3 MTK-ya verilmiş ayrıc aktına əsasən iddiaçının mənzilinin yerləşdiyi 30 saylı binanın da həmin söküləcək sahəyə daxil olması, iddiaçının mənzilinin gələcəkdə sökülməsi ilə bağlı Cavabdeh3 MTK tərəfindən onunla hər hansı danışıqların aparılmaması, gələcəkdə mənzilinin onunla qarşılıqlı razılıq əldə edilmədən sökülə biləcəyi təklükəsinin mövcud olması, iddiaçıya qarşı MTK tərəfindən “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddianın gələcəkdə təmin oluna biləcəyi ehtimalına görə verilməsi müəyyən olunmuşdur. Halbuki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "Karayev City” Mənzil Tikinti Kooperativinin cavabdehlər X10, X3, İddiaçı və X6 qarşı “kirayə haqqı ödənilməklə yeni tikiləcək binada əlavə 20% yaşayış sahəsi verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında heç bir razılıq əldə olunmamış, cavabdehlər X12, İddiaçı və X1 nümayəndələri onların iddiaçının təklifləri ilə razı olmadıqlarını, mənzildə yaşamaq istədiklərini ifadə etmişlər. Həmçinin qeyd etmişlər ki, mənzilin qəzalı vəziyyətdə olmasına dair akt 2016-cı ildə tərtib edilmiş, artıq 7 ildən artıq müddət keçmiş və onlar mənzillərinə yaşamağa davam edirlər. Məhkəmə tərəfindən araşdırma aparılan zaman tərəflərlə razılıq üçün vaxt verilmiş, cavabdehlərdən X13 ilə razılıq əldə olunsa da, digər cavabdehlər ilə belə bir razılıq əldə edilməsi üçün iddiaçı tərəfindən kompensasiya məbləği barədə danışıqlar aparıldığı müəyyən edilməmişdir. Həmçinin, cavabdehlər qəti şəkildə mənzillərdən çıxarılmalarına etiraz etmişlər. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə qeyd olunan mənzilin boşaldılmaması və cavabdehlərin öz mənzillərində yaşamağa davam etməsi qeyd edilmişdir. İşin hazırki hallarına əsasən iddiaçının sahibliyində və istifadəsində əmlakdan onun istifadə etməsinə cavabdehlər tərəfindən hər hansı bir maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, qeyd olunan mülki iş üzrə müvəqqəti təminat tədbirinin görülməsi üçün İddiaçı, X13 və X7 ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin MTT(007)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 2(007)-1867/2022 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul olunanadək Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 30 nömrəli binadakı 30 saylı evin 3,10 və 11 saylı mənzillərinin sökülməsi ilə bağlı hərəkətlərin Cavabdeh3 MTKya qadağan edilməsi qərara alınmışdır. Göründüyü kimi, 2(007)-86/2023 saylı mülki iş üzrə məhkəmə tərəfindən dəfələrlə tərəflərə razılıq üçün vaxt verilməsinə baxmayaraq Cavabdeh3 MTK tərəfindən belə bir razılıq əldə edilməsi və kompensasiya məbləği barədə danışıqlar aparılması müəyyən edilməmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən izahatında da iddiaçının mənzilinin sökülməsi qarşılığında 113 kv.m sahəli mənzil istədiklərini, lakin cavabdeh tərəfindən ona 85 kv.m sahəli mənzil vermək barədə niyyətlərinin olması, lakin onlarla razılıq əldə edilməsi üçün ümumiyyətlə danışıqlar aparılmaması qeyd edilmişdir. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırda mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qanunsuz quraşdırılmış hasarın sökülməsi və psixi təzyiqlərə son qoyulması, qanunsuz tikintisinə başlanılmış tikinti obyektinin sökülməsi barədə iddia qaldırmasına gətirib çıxarmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qanunsuz quraşdırılmış hasarın sökülməsi və psixi təzyiqlərə son qoyulması, qanunsuz tikintisinə başlanılmış tikinti obyektinin sökülməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edərkən 100 manat da dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MTK-ya, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qanunsuz quraşdırılmış hasarın sökülməsi və psixi təzyiqlərə son qoyulması, qanunsuz tikintisinə başlanılmış tikinti obyektinin sökülməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar