Məhkəmə qərarları › İş №e-2(007)-2756/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2756/2024

09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2756/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat əsas pulun, 5000 manat əldən çıxmış fayda və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla hazırda Beyləqan rayonu 10 nömrəli hərbi şəhərciyində yaşayır. 2022-ci ilin may ayında Sumqayıt şəhərində yerləşən “Cars 111” avtosalonundan salonun daxili krediti ilə ilkin ödəniş kimi 3800 manat pul ödəyərək “Mercedes 280” markalı avtomobili aylıq 300 manat ödəmək şərti ilə kreditə götürmüş. Ümumilikdə 2200 manat da əlavə aylıq pul ödədikdən sonra avtomobildə nasazlıq olduğu üçün avtomobili geri qaytarıb ilkin ödəniş və aylıq ödədiyi ümumilikdə 4500 manat pulu isə Emin adlı şəxsdən geri istəyən zaman həmin şəxs ona digər başqa maşın təklif edərək Xətai rayonu, Lütfizadə küçəsində yerləşən ofislərinə yönləndirib. Ona ödəniş etdiyi pulu qaytarmayaraq “Mersedes E200” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili vermək üçün Cavabdeh yönləndirdi. Sözügedən avtomobilə dair aralarında bir səhifədən ibarət avtomobilin kreditlə satışı müqaviləsi bağlanıb. Müqavilədə və ona əlavə edilmiş qrafikdə göstərilmişdir ki, o, həqiqətən xx.xx.2022-ci il tarixində 4500 manat ilkin ödəniş kimi ödəyib. Daha sonra xx.xx.2022-ci ildə 390 manat, xx.xx.2022-ci il tarixində 390 manat, xx.xx.2022-ci il 390 manat, xx.xx.2022-ci il 1300 manat, xx.xx.2023-cü il 1000 manat olmaqla ümumilikdə 7970 manat pul ödəyib. Bu pullardan əlavə həmin “Cars 111” avtosalonun ofisində işləyən əməkdaş Elçin adlı şəxs 500 manat məbləğində pulu əlavə olaraq. Xüsusi olaraq bildirir ki, o, ikinci Qarabağ müharibəsi iştirakçısı və hal-hazırda da Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müdafiə Nazirliyinin quru qoşunlarında xidmət edir. Zabitdir. 44 günlük Vətən müharibəsi dönəmində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respubliakı Prezidenti Cənab Ali Baş X8 sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə və Azərbaycan Respublikası Nazirlər kabinetinin sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunub. Müdafiə Nazirliyi tərəfindən verilmiş 127883 saylı Vəsiqə ilə müharibə veteranıdır. Cənab prezident hər zaman öz çıxışlarında Vətən müharibəsi iştirakçılarına, müharibə veteralarına diqqət və sayğı göstərilməsini, onların problemlərinin həlli üçün mümkün yolların araşdırılması tapşırığını vermiş və bir sıra dövlət qurumları da buna uyğun onlara köməklik göstərməkdədir. Hal-hazırda da məhkəmədən olan gözləntisi ona qarşı dələduzluq etmiş və ödəniş etdiyi külli miqdarda pul məbləğinin alınaraq ona geri qaytarılması istiqamətində ədalətli qərar qəbul edilməsidir. Onun tərəfindən məhkəmə üçün lazım olan bütün maddi sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Ona qarşı Cavabdeh və onun əlaltılarının etdiyi dələduzluq əməli ilə həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Onlar Vətən müharibəsi veteranları bu torpaq uğrunda canlarından, qanlarından keçə-keçə xidmət edərək min bir zəhmət hesabına ailələrini dolandırmağa və özlərinə rahat həyat şəraiti qurmağa çalışırlar. Onlar bu Vətəni ona görə müdafiə etmirlər ki, Cavabdeh və onun əlaltıları onlara qarşı dələduzluq etsinlər və açıq aşkar, qorxmadan ona bildirsinlər ki, onlar rüşvət verərək işlərini həll edirlər. İddia ərizəsinə əlavə etdiyi nətliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamədən də görünür ki, sürmək üçün ona verilmiş nəqliyyat vasitəsi heç bir xəbəri olmadan həmin etibarnamələrə xitam verilmişdir. Ona qarşı dələduzluq etdiyinə görə həmin şəxslər barəsində Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etsə də bu şəxslər barəsində cinayət işi açılmamış və mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin şəxslər təhqiqat zamanı verdiyi ifadələr də cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında əks olunmuşdur. Təhqiqat zamanı o, sübutları təqdim etsə də həmin maddi sübutlar ondan qəbul olunmamış və formal olaraq qərar qəbul etmişdir. Həmçinin Cavabdeh və onun əlaltıları pul verərək yəni rüşvət qarşılığında bu məsələnin də həll edildiyini ona bildirdilər. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Bakı Şəhəri Xətati RPİnin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə toplanmış xx.xx.2023-cü il tarixli HK-2021 saylı material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3, 86, 207.5.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Ona mülki məhkəmə qaydasında məhkəməyə müraciət edilməsi izah olunmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Sumqayıtda yerləşən “Cars 111” avtosalondan aylıq 300 manat ödəniş etmək şərti ilə, ilkin ödəniş 2200 manat, ümumilikdə 6700 manat pul ödəyib “Mersedes 280” markalı avtomobil alıb, avtomobildə nasazlıq yarandığı üçün avtomobili salona qaytarıb. Pulu Emin adlı şəxsdən istəyən zaman ona ödədiyi pulu qaytara bilmədi və “Legenda” avtosalonunda işləyən Rəşad adlı şəxsə yönləndirdi. Ona “Mersedes E200” markalı avtomobili təklif etdilər. Lakin həmin maşın elə “Cars 111” avtosalonunda idi. “Mersedes E200” markalı avtomobili almaq üçün Emin onun xalaoğlusunun da iştirakı ilə ödənilmiş puldan 4500 manat pulu ona qaytardı o, da Rəşada verdi. O, hərbiçi olduğu üçün xidmətdə idi, dağda idi, aşağı düşə bilmirdi, avtosalonun əməkdaşlarına deyib ki, kart atsınlar aylıq kredit ödənişini karta yükləsin. Bildiriblər ki, kartla olmaz, gəlib salonda ödəməlidir. O, xidmətdə olduğu üçün həmin vaxt ödəniş edə bilmədi. Lakin sonra gəlib 3 ayı birdən ödəyib. Daha sonra maşın onun istifadəsində olan zaman xarab oldu və o, maşını təmir üçün ustaya qoyub. Maşın təmirdə olan zaman avtosalonun əməkdaşları 80 manat ödəniş edib maşını aparıblar. 4500, 3 dəfə 390, 1300 və 1000 manat pulu ümumilikdə 8000 manat pulu Rəşada və onun işçilərinə ödəmişdir. 6 ay ərzində avtomobil cəmi 1 ay onda olub. O, da hər dəfə xərc çəkib Kəlbəcər-Laçın yolunun Ömər aşırımına başqa maşınla baha qiymətə gedib. Avtomobili əlindən aldıqları üçün pis olmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Rəşadın pul ilə heç bir əlaqəsi yoxdur. Sadəcə etibarnamələrdən biri Rəşadın adınadır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

İş materialları:

5. ƏN-VİN 413625 nömrəli etibarnamənin surətindən görünür ki, “Mercedes BENZ E200 minik” markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. X4 avtomobili Cavabdeh etibar etmiş, o, da öz növbəsində İddiaçı etibar etmişdir.

6. MN seriyalı ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə hərbi xidmətdədir.

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes BENZ E200 minik” markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r.

8. Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2022-ci ilin may ayında Sumqayıt şəhərində yerləşən "Kars 111" avtosalonundan salonun daxili krediti ilə ikin ödəniş kimi, 3800 manat pul ödəyərək, “Mercedes 280” markalı avtomobili aylıq 300 manat ödəmək şərti ilə kreditə götürdüyünü, ümumilikdə 2200 manat da əlavə aylıq pul ödədikdən sonra avtomobildə nasazlıq olduğu üçün, avtomobili geri qaytardığı ilkin ödəniş və aylıq ödədiyi ümumilikdə 4500 manat pulları isə Emin adlı şəxsdən geri istəyən zaman, həmin şəxsin ona digər başqa bir maşın təklif edərək, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən ofislərinə getdiklərini, ofisdə Mehdiyev Cavid və Nicat adlı şəxs ilə görüşdüklərini bildirmişdir. Aralarında müqavilə bağlayaraq, “Mercedes E 200” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili onlardan daxili kredit yolu ilə aldığını, ikin ödəniş kimi əvvəlcə Emin adlı şəxsə ödədiyi 4500 manatı Emin adlı şəxsin Cavid adlı şəxsə verdiyini, bundan sonra isə hər ay üçün 390 manat olmaqla ödəniş etməsi barədə qrafik tutulduğunu, həmin avtomobili Xətai rayonu, Q.Nabi küçəsində yerləşən 18 saylı notariusda idarə etməsi üçün, 3 aylıq etibarnamə ilə verildiyini bildirmişdir. 2022-ci ilin dekabr ayı da daxil olmaqla 4 ay ərzində ümumilikdə 1470 manat pulu Nicat və Cavid adlı şəxslərə ödədiyini, sonradan növbəti ay üçün ödənişi gecikdirdiyi üçün, ona heç bir məlumat verilmədən avtomobilin idarə etmə hüququna ondan xəbərsiz xitam verildiyini, həmin vaxtlar Kəlbəcər rayonunda hərbi qulluqda oldugu üçün, bank kartı vasitəsi ilə ödənişi qəbul etmədikləri üçün və qrafikdən əlavə olaraq 500 manat ondan pul istədikləri üçün, aralarında olan aylıq ödəniş 2023-cü ilin aprel ayının 25-nə kimi uzanmış va həmin aylarda aylıq ödəniş edə bilmədiyini bildirmişdir. İddiaçı 3 aylıq avtomobil ofisinə ümumilikdə 1170 manat borcunun yığışdığını, həmin 3 ay ərzində avtomobilin onda olmadığını, çünki avtomobilə etibarnaməni ləğv etdirdikləri üçün, avtomobilə axtarış verilərək, DYP tərəfindən avtomobil Gəncə şəhərində saxlanılıb müvəqqəti duracağa qoyulduğunu, bundan sonra o, 2023-cü ilin aprel ayında 1500 manat pulları ofisdə çalışan Elçin adlı şəxsə ödəyərkən, 1000 manat pullar qrafikə qeyd etdiyini, lakin 500 manat pulları da əlavə axtarış xərcləri kimi istifadə olunduğunu bildirmişdir. 2023-cü ilin may ayı üçün ödəniş vaxtı gələn zaman Cavabdeh adlı şəxsə zəng vuraraq, qanuni müqavilə bağlayıb ödəniş etmək istədiyini bildirmiş, sonradan avtomobilin karobka hissəsində nasazlıq yarandığı üçün avtomobili Binəqədi rayon ərazisində yerləşən sexə aparıb usta yanına qoyduğunu, sonradan həmin ofisdə çalışan şəxslərdən hansısa biri sexə gedərək, avtomobil aparmamaq üçün ondan 100 manat pul istəmiş, lakin ona pul vermədiyi üçün avtomobili evakuator vasitəsi ilə götürüb oradan apardıqlarını va ustaya da zəhmat haqqı olaraq 80 manat pul verdiklərini bildirmişdir. İddiaçı hazırda avtomobilin özündə olmadığı, harada olması barədə məlumatının olmadıgını, ümumulikdə həmin avtomobilə 7470 manat qrafik ilə, əlavə olaraq 540 manat da bəzi sənədlər üçün pul verdiyini, ümumilikdə 8000 manat pulların geri qaytarmalarını bildirmişdir. Təhqiqat müddətində ünvan 1 ünvanında yaşayan X3 izahat verərək, özünün ünvan 2 ünvanında yerləşən “Legenda” avtosalonunu icarəyə götürüb işlətdiyini, 2022-ci ilin avqust ayının 2-də Ülvü adlı şəxs avtosalona gələrək, avtomobil almaq istədiyini, lakin yetəri qədər pulunun olmadıgını, həmin şəxsə bir neçə avtomobil təklif etsə də həmin şəxs avtomobilləri bəyənmədiyini, Sumqayıt şəhərində Kars 111 avtosalonunda “Mercedes E 200” markalı, **-XG-*** dqn-lı avtomobili bəyəndiyini, lakin pulu çatmadığını bildirərək, 5200 manat kredit yolu ilə pul götürərək, aylıq olaraq 390 manat olmaqla, 24 ay ərzində ödəyəcəyini bildirmişdir. Elçin Cahangirov “Mercedes E 200” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı X1 adına sənədləşdirib, idarə etmək üçün, etibarnamə ilə Ülvü adlı şəxsə verdiyini, 3 ay ərzində Ülvü hər ay üçün 390 manat olmaqla ona pul ödədiyini, 2022-ci ilin dekabr ayinda isə 300 manat pul ödəyərək, 90 manatı da gələn ay ödəyəcəyini bildirsə də, bundan sonra 4 ay ərzində Ülvü telefonları söndürərək, zənglərə cavab vermədiyi və aylıq ödənişləri etmədiyi üçün, onlar tərəfindən İddiaçı verdiyi etbarnaməni notarius qaydasında ləğv etdirdiyini, 2023-cü ilin aprel ayında həmin avtomobil İddiaçı etibarnaməsiz idarə etdiyi üçün Gəncə şəhərində Zazalı postunda DYP əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti duracağa qoyulduğunu, 25 aprel 2023-cü il tarixda, İddiaçı ona 1000 manat pul ödəyərək, qalan pulları aylıq olaraq vaxtında ödəyəcəyinə söz verərək, qalan aylıq borcları da ödəyəcəyinə söz verdiyi üçün ona yenidən idarə etmək üçün etibarnamə verdiyini bildirmişdir. İddiaçı hərbi işində problemlərinin, olduğu üçün, pulunun olmadığını həmin vaxtdan sonra İddiaçı 2023-cü ilin avqust ayına qədər aylıq ödəniş etmədiyini, mobil telefonlara cavab vermədiyini görüb, 2023-cü ilin avqust ayında “Mercedes E 200” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayon ərazisində yerləşən avtoservislərin birində nasaz vəziyyətdə gördüyünü, Ülvü adlı şəxsi tapa bilmədiyi üçün ustaya 80 manat zəhmət haqqını ödəyərək, avtomobili evakuatorla gətirib şəxsi duracağa yerləşdirdiyini, bir neçə gün sonra Ülvünün ona zəng vuraraq avtomobili ustadan onun götürüb-götürmədiyini soruşan zaman, Hərbi Prokurorluqda işi olduğunu, 1500 manat ondan pul istədiyini, Elçin Cahangirovun isə ona pul verə bilməyəcəyini, 6800 manat qalıq borcundan 2300 manatını ona keçəcəyini, 4500 manat ondan pullarını tələb etmiş ki, ödədikdən sonra avtomobili gəlib apara bilər. Təhqiqat müddətində anoloji izahat verən Cavabdeh da Elçin Cahangirovun izahatını bir daha təsdiq etmişdir.

9. Avtomobilin kreditlə satış müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh məxsus ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili nisyə almışdır. Maşın istismara tam saz vəziyyətdədir. Aylıq 390 manat ümumi məbləğ 9360 manat ödəniş edəcəkdir. xx.xx.2022-ci il tarixdə 4500 manat Emin adlı şəxsə verib.

10. Ödəniş cədvəlindən görünür ki, sentyabr, oktyabr, noyabr ayları 390 manat, dekabr ayında 1300 manat, aprel ayında 1000 manat ödəniş etmişdir.

11. Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, aidiyyatı üzrə məkhəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

İşin faktiki halları:

12. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı avtosalondan hər ay 390 manat ödəniş olmaqla daxili kreditlə “Mersedes E200” markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili alır. 4500 manat ilkin ödəniş, 3 dəfə 390, 1300 və 1000 manat pulu ümumilikdə 7970 manat pulu müxtəlif vaxtlarda avtosalonun müxtəlif işçilərinə ödəyib. Hazırda İddiaçı Cavabdeh 8000 manat əsas pulun, 5000 manat əldən çıxmış fayda və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

14. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

16. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:

8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

19. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərlə Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən izahatlarda, həmçinin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarda ziddiyyətlər var. İddiaçı “Mercedes BENZ E200 minik” markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh adlı şəxsdən aldığını, pulu ona verdiyini iddia ərizəsində qeyd etmişdir. Lakin Bakı Şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2023-cü il tarixli qərarında İddiaçı “4500 manat pulları isə Emin adlı şəxsdən geri istəyən zaman, həmin şəxsin ona digər başqa bir maşın təklif edərək, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən ofislərinə getdiklərini, ofisdə Mehdiyev Cavid va Nicat adlı şəxs ilə görüşdüklərini bildirmişdir. Aralarında müqavilə bağlayaraq, “Mercedes E 200” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili onlardan daxili kredit yolu ila aldığını, ikin ödəniş kimi əvvəlcə Emin adlı şəxsə ödədiyi 4500 manatı Emin adlı şəxsin Cavid adlı şəxsə verdiyini, bundan sonra isə hər ay üçün 390 manat olmaqla ödəniş etməsi barədə qrafik tutulduğunu, həmin avtomobili Xətai rayonu, Q.Nabi küçəsində yerləşən 18 saylı notariusda idarə etməsi üçün 3 aylıq etibarnamə ilə verildiyini bildirmişdir” kimi izahat vermişdir.

20. Məhkəmə iclaslarında da İddiaçı hər dəfə fərqli izahatlar vermişdir. Sonuncu dəfə pulun Rəşada və bir qismini onun əməkdaşlarına verdiyini bildirdi. Göründüyü kimi iddiaçı iddia tələbini yetərincə sübut edə bilməmişdir. Belə ki, konkret olaraq nə qədər pulun kimə verdiyini bilməmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. İddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “maddi zərərin ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır.

23. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.

24. Məhkəmə iddia tələbinin “5000 manat əldən çıxmış faydanın” tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə belə bir hal nəzərdə tutulmamışdır.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar