Məhkəmə qərarları › İş №e-2(007)-2799/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2799/2025

09.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2799/2025 09.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin təhvil verilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən aldığı, ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan, 2 otaqlı, 105 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh “İnşaat Konstruksiyaları“ MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə onun (“Payçı“ adlandırılan, ünvan 2 ünvanında yaşayan) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“İcraçı“ adlandırılan) arasında ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından payın alqı-satqısı barədə bağlanılan müqavilənin şərtlərinə əsasən, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan 105 nömrəl izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi ona verilib, əvəzində müqavilə üzrə mənzilin dəyəri 1 m2 sahəsi üçün 530 (beş yüz otuz) AZN, cəmi 92,4 m2 sahəsi üçün müqavilə qiymətinin 100% miqdarında, yəni 50000 (əlli min) AZN məbləğində ödənilib. “İnşaat Konstruksiyaları“ MMC tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından göründüyü kimi, o, “İnşaat Konstruksiyaları“ MMC-dən aldığı, ünvan 3 ünvanında inşa etdiyi yüksək mərtəbəli mansardlı yaşayış binasında 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 m2 olan, 2 otaqlı, 105 saylı mənzilin dəyərini tam ödəyib. Göründüyü kimi, o, yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi tam olararaq yerinə yetirməklə mənziltikinti kooperativinin üzvü olaraq, pay haqqını tam ödəməklə mənzilə mülkiyyət hüququnu əldə edib. Bununla əlaqədar onun mənzilin mülkiyyətçisi olaraq, mənzilə dair sərbəst surətdə sahiblik etmək və sərəncam vermək hüququ vardır. Lakin, cavabdeh ona mənzilin təhvil verilməsini qanunsuz və əsasssız olaraq yubadır və bununlada yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmir.

İş materialları:

4. İcraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzil izolə olunmuş 1 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 50000 manat məbləğində müəyyən olunmuşdur.

5. xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 2 otaqlı, 105 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

6. İcraçı "xxxx" MMC ilə payçı X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi X2 verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı təhvil verir, payçı isə mənzili qəbul edir. Bu müqavilənin predmeti olan əmlakın qiyməti 60000 manat məbləğində müəyyən olunmuşdur.

7. xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X3 "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 2 otaqlı, 105 nömrəli mənzilin dəyərini tam ödəmişdir.

8. Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatət ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı vəsatətə əlavə olunmuş İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından edilən çıxarışda qeyd olunduğu kimi, “Dərəçiçək“ Mənzil Tikinti Kooperativi eyniylə hazırkı iş üzrə cavabdehin yerləşdiyi AZ1060, ünvan 5 ünvanında yerləşir. xx.xx.2014-cü il tarixdə iddiaçı (“Payçı“ adlandırılan, İddiaçı) ilə “Dərəçiçək“ Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri, Yasamal rayonu, A. M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından payın alqı-satqısı barədə bağlanılan müqavilənin şərtlərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 14-ci mərtəbə, ümumi sahəsi 94,4 m2 olan 47 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verilib, əvəzində müqavilə üzrə mənzilin dəyəri 1 m2 sahəsi üçün 530 (beş yüz otuz) AZN, cəmi 94,4 m2 sahəsi üçün müqavilə qiymətinin 100% miqdarında, yəni 50000 (əlli min) AZN məbləğində ödənilib. “Dərəçiçək“ Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş və möhürü ilə təsdiqlənmiş xx.xx.2014-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, “Dərəçiçək“ MTK-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli mansardlı yaşayış binasında 1-ci blok, 14-cü mərtəbədə, ümumi sahəsi 94,4 m2 olan, 2 otaqlı, 47 saylı mənzilin dəyərini İddiaçı tam ödəyib. İlkin müqavilə “Dərəçiçək“ Mənzil Tikinti Kooperativi ilə bağlanıb, sonradan cavabdehin əməkdaşları təqribən 200 metrə yaxınlıqda inşa etdikləri digər binada daha aşağı mərtəbə və daha yeni mənzili iddiaçıya təklif edərək, xx.xx.2014-cü il tarixli müqavilə və maliyyə arayışlarının əsllərini götürməklə, əvəzində yeni xx.xx.2017-ci il tarixli müqavilə və maliyyə arayışlarını iddiaçıya veriblər. 2017-ci ildə müqavilə yenilənərkən alıcıya yeni mənzil təklif edən şəxslər əslində eyni ofisdə oturan eyni insanlardır. Bu, mülki hüquqda “şəxslərin eyniləşdirilməsi“ prinsipinə əsaslanır. Yəni, şirkətin adı dəyişsə də, qarşı tərəf (satıcı tərəf) faktiki olaraq dəyişməyib. Məhkəmənin diqqətinə çatdırır ki, hər iki müqavilələrdən və İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından edilən çıxarışdan göründüyü kimi, “Dərəçiçək“ MTK ilə “İnşaat Konstruksiyaları“ MMC-nin hər ikisinin eyni hüquqi ünvanda (Nizami rayonunu, K.Balakişiyev 2) yerləşməsi və eyni telefon nömrəsinə (541-08-08) malik olmaları onların vahid mərkəzə malik olmasının sübutu kimi qiymətləndirilməlidir. Hazırkı vaxtda belə nəticəyə gəlmək olar ki, mənzil satışı prosesində subyektin MTK-dan MMC-yə dəyişdirilməsi alıcının hüquqi vəziyyətini ağırlaşdırmaq və ya öhdəlikdən yayınmaq məqsədi daşıyır. 2017-ci ildə müqavilənin subyektinin dəyişdirilməsi faktiki olaraq yeni sövdələşmə deyil, eyni iqtisadi maraqları təmsil edən şəxslər tərəfindən öhdəliyin icra formasının dəyişdirilməsidir. Mülki dövriyyənin məntiqinə görə, bir-birinə yad olan iki müstəqil şirkət arasında bu cür əvəzləşmə mümkün deyil. Vətəndaşın 2014-cü ildə MTK-ya ödədiyi vəsaitin 2017-ci ildə MMC tərəfindən heç bir əlavə şərt qoyulmadan qəbul edilməsi və qarşılığında mənzil verilməsi öhdəliyi, bu iki qurumun vahid maliyyə-təsərrüfat bazasına və eyni idarəetmə mərkəzinə malik olmasının danılmaz sübutudur. Bu fakt hər iki qurumun qanun qarşısında vahid subyekt və bağlı şəxslər kimi çıxış etdiyini tam təsdiq edir. İddiaçının həqiqi iradəsi “filan MMC“ ilə müqavilə bağlamaq deyil, həmin şəxslərdən mənzil almaq olub. Şirkətin adının dəyişməsi tərəflərin əsl məqsədini (ev alqı-satqısını) dəyişmir. Yəni, iddiaçının iradəsi konkret bir mənzilə sahib olmaq, cavabdehin iradəsi isə bu mənzili satmaqdır. Qurumun adının dəyişdirilməsi bu iradəni və öhdəliyi ortadan qaldırmır. Məhkəmənin diqqətini bu hala da yönəldir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 müqaviləsi xx.xx.2017-ci il tarixli olsa da, İddiaçı ilkin müqaviləsi xx.xx.2014-cü il tarixlidir. Qeyd edilənlərə əsasən “Dərəçiçək“ MTK və “İnşaat Konstruksiyalari“ MMC-nin faktiki eyni şəxs tərəfindən idarə olunan asılı (bağlı) şəxslər olduğu nəzərə alınmasını, 2014-cü il tarixli müqavilə üzrə yaranmış öhdəliklərin 2017-ci il tarixli müqavilə ilə davam etdirildiyi və bu keçidin sadəcə hüquqi formanın dəyişdirilməsi olduğu təsbit edilməsini, hazırkı işin həqiqi hallarının tam, hərtərəfli və obyektiv aparılması məqsədi ilə vəsatətdə qeyd olunan yazılı sübutların iş materiallarına əlavə olunaraq, iş üzrə qətnamə çıxarılarkən həmin sübutlara istinad olunmasını, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.

10. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 08 iyun 2017-ci il tarixli müqavilə bağlanıb. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya təsdiqlənmiş, möhürlənmiş tam ödəniş olunmanı sübut edən borcun olmaması barədə maliyyə arayışı verilib. Hal-hazıradək iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl olunsa da, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməyib. İddiaçı mübahisəli mənzillə maraqlanıb. İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bina üzrə cinayət işinin araşdırıldığını biləndə müstəntiqə müraciət edib. Müstəntiq tərəfindən onun yanında şirkətin rəhbəri Rauf Əliyevlə əlaqə saxlanılıb, Rauf Əliyev deyib ki, "xxxx". Ondan sonra idiaçı dəfələrlə MMC-yə gedib, cavabdeh şirkətin rəhbərini tapa bilməyib. Süründürməçilik iddiaçı məhkəmədə iddia qaldırana qədər olan müddət ərzində olub. 8 ildir ki, mənzil alınıb. Əlbəttə ki, iddiaçı mübahisəli mənzilə gedib-gəlib, lakin mənzilə daxil ola bilməyib. Həmin mənzildə başqa şəxsin yaşaması barədə iddiaçıda məlumat yox idi. İddiaçı mənzili təhvil ala bilmədiyinə görə cavabdehdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli mənzil İddiaçı öncə Pərvanə Qasımovaya satılıb. Artıq 4 ilə yaxındır ki, Pərvanə Qasımova həmin mənzili təmir edib və ailə üzvləri ilə birlikdə orada yaşayır. Artıq mənzil 3 il yarım əvvəl X2 təhvil verilib. İkili satışlar olduğu üçün şirkətin rəhbər şəxsləri barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlayıb. O, siyahıda İddiaçı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətini görməyib. Şirkətin möhürü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Şirkətin rəhbər şəxsləri barəsində cinayət işi aparılan mərhələdə onlar çalışırlar ki, tərəflərdən hər hansı birini razılaşdırsınlar.

12. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzili 6 ay təmir edib. 3 ildir ki, həmin mənzildə ailəsi, uşaqları və nəvəsi, 5 nəfər olmaqla yaşayır. Binaya ilk köçənlərdən biri odur. Məhkəmə bunu mühafizəçidən və oraya köçən qonşulardan soruşa bilər. Hamı ondan məsləhət alırdı. Oranın hava çəkəni, dımaxodu yox idi. O, hava çəkəni belə kərpiçlə tikib. Mənzili ilk təmir edənlərdəndir. Yağış borusunu usta ilə birgə kərpiç daşıyıb tikib. Orada 3 il yaşadığı müddətdə bir dəfə də olsun İddiaçı qapını döyüb mənzildə kimin yaşadığını soruşmayıb. Əgər mənzil İddiaçı məxsus idisə, 8 il müddətində mənzilə gələr, niyə mənzili təmir etdiyini soruşardı. O, iddiaçını tanımır, heç kim onun mənzilinə gəlməyib.

13. Cavabdehin nümayəndəsi və vəkili və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

İşin faktiki halı:

17. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzili “payçı” İddiaçı verməyi, “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 8.1-ci maddəsinə əsasən MMC tikinti işləri başa çatdıqdan sonra mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri MMC-yə tam şəkildə ödənilməsinə baxmyaraq və müqavilənin bağlanmasından səkkiz ildən artıq müddət keçsə də, MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və adıçəkilən mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehin qeyd edilən hərəkətləri, müqavilə şərtlərini pozması iddiaçının maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzili “payçı” X2 verməyi, “payçı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzillə bağlı həm İddiaçı ilə xx.xx.2017-ci ildə, həmdə Pərvanə Qasımova ilə xx.xx.2017-ci ildə müqavilələr bağlamışdır. Hər iki tərəf müqavilələr üzrə mənzilin dəyərini ödəmişlər.

20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin); b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

21. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

22. Belə ki, hazırda Pərvanə Qasımova cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə istinadən mübahisəli mənzilin ona satıldığını, mənzilin dəyərini tam ödəməklə cavabdehdən təhvil aldığını, bu günədək həmin mənzili təmir etdiyini və orada yaşayış olduğunu və mənzilin ona məxsus olduğu qeyd etmişdir.

23. Məhkəmə qeyd edir ki, İddiaçı ilə "xxxx" MMC, həmçinin Pərvanə Qasımova ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr podrat müqaviləsidir. Lakin bu sahəni tənzimləyən digər aidiyyəti müddəaların tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və belə bir müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur.

24. Bu baxımdan mübahisəli mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir.

25. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzili bir pay kimi İddiaçı verir, həmin mənzilin 1 kv.m sahəsi üçün 530 manat təyin edilir, cəmi 92,4 kv.m. sahənin ümumi dəyəri 50000 manat təşkil edir. Həmin müqavilə qiymətindən 100% miqdarı, yəni 50000 manat məbləği ödənilib. Cavabdeh tərəfindən verilmiş və cavabdehin direktoru R.S.Əhmədovun imzası, habelə möhürü ilə təsdiq edilmiş həmin tarixli maliyyə arayışına əsasən İddiaçı bu mənzilin dəyərini tam ödəmişdir. 25 "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC X2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2 blok, 7 mərtəbə, ümumi sahəsi 92,4 kv.m olan, 105 nömrəli mənzili, 60000 manat qarşılığında təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, X3 müqavilə üzrə mənzilin dəyərini tam ödəmişdir.

27. Məhkəmə iclasında iştirak edən X3 artıq üç ildir ki, mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşadığını, mənzili təmir etdirdiyini, buna qədər iddiaçının heç vaxt mənzilə gəlmədiyini, mənzili daha əvvəl təmir etməsinin səbəbini soruşmadığını qeyd etmişdir, cavabdehin nümayəndəsi və vəkili də Pərvanə Qasımovanın mənzili təmir etməsini və ailəsi ilə birlikdə həmin ünvanda yaşamasını təsdiq etmişdir.

28. Həmçinin, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə sonuncu baxış iclasında elektron kabinet vasitəsi ilə iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin bağlandığını, mübahisəli mənzilin "xxxx" MTK-dan alındığını və həmin MTK ilə cavabdehin ünvanının, əlaqə nömrəsini eyni olmasına istinad edərək, mənzilin daha əvvəl alındığını qeyd etsə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinin tələbini, mübahisəli mənzillə bağlı iddiaçı ilə müqavilənin X2 münasibətdə daha sonra bağlanmasını, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərini və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bildirir ki, fərdi-müəyyən əşya – mübahisəli mənzil cavabdeh MMC tərəfindən X2 təhvil verilmiş, o da öz növbəsində mənzili təmir edərək, bir neçə ildir ki, həmin mənzildə yaşayır. Buna görə də, iddiaçının iddiası təmin edilə bilməz.

Nəticə:

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

31. Məhkəmə, iddianın təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkilinə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkilinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar