Məhkəmə qərarları › İş №e-2(007)-2870/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2870/2022

26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2870/2022 26.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş zərərin və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliklərin icra edilməməsi nəticəsində vurulmuş zərərin və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat, dəymiş mənəvi ziyana görə 10000 manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında “Art Dent” diş cərrahiyə klinikasında diş cərrahı Elmar bəy tərəfindən onun alt və üst çənə nahiyəsinə 12 (on iki) ədəd implant yerləşdirilmişdir. İmplatlar sağalandan sonra o, implantların üstünə zirkon qapaqlar yerləşdirmək istəmiş və bu məqsədlə "xxxx" diş klinikasında çalışan tanış diş həkimi Cavabdeh müraciət etmişdir. Müraciət əsasında 22 (iyirmi iki) zirkon qapağın qoyulmasına görə ümumilikdə 5500 (beş min beş yüz) manat pulun ödənilməsinə razılaşmış və tərəfindən Cavabdeh 3500 (üç min beş yüz) manat pul ödənilmişdir. 16 aprel 2022-ci il tarixdə o, cavabdeh tərəfindən yoxlanışa çağırılmış və dişləri yerinə qoymaq üçün implantları yonmağa başlamışdır. Bu proses zamanı onun halı pisləşmiş, təzyiqi qalxmış və ona papaverin-dibazol iynəsi vurulmuşdur. Daha sonra həyat yoldaşının təkidi ilə təcili yardım çağırılmş və təzyiqinin 140/85 olduğu müəyyən edilmişdir. Qapaqlar ağzına düzgün formada yerləşdirilmədiyinə görə o, qapaqların qoyulmasına razılıq verməmişdir. 19 aprel 2022-ci il tarixdə yenidən Cavabdeh yanına gəlmiş və onun üst çənəsinə 7 (yeddi) ədəd zirkon qapaq qoyulmuşdur. Qapaqlar qoyulduğı vaxtdan sol tərəfdən başının və üzünün ağrıları yaranmışdır. Həmin gecə o, ağrıdan yata bilməmiş və qapaqları sıxmaq istəyəndə onlar düşmüşdür. Sonradan o, implantları qoyan həkimə müraciət etdikdə, həkim bildirmişdir ki, ağrılar düzgün hazırlanmamış diş qapaqlan nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2022-ci il tarixli 318/KEŞ nömrəli ekspert rəyində qeyd olunur ki, onun müayinəsi zamanı onda ortopedik qapaqlarda abartment-körpü uyumsuzluğunun olduğu müəyyən edilmişdir. Qeyd olunan xüsusatlara görə o, zirkon qapaqların qoyulması üçün Cavabdeh verdiyi 3500 (üç min beş yüz) manat pulu geri tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır. Diş qapaqlarında ölçülərin səhv olması ucbatından qapaqların onun tərəfindən istifadəsi qeyri-mümkündür və cavabdeh ödənilmiş 3500 (üç min beş yüz) manat pulu geri qaytarmaqdan imtina edir. Məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğuna şikayət olunmuş, aparılmış araşdırma nəticəsində məsələ mülki xarakterli olduğu üçün “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehin 3500 (üç nin beş yüz) manat ödənişi qəbul etməsi və ekspert rəyinin nəticəsi öz əksini tapmışdır. Onun "xxxx" MMC klinikasında göstərilən tibbi xidmətlə bağlı Səhiyyə Nazirliyinə ünvanladığı müraciətinə xx.xx.2022-ci il tarixdə 13-2-2022-8498 nömrəli məktubla verilmiş cavabda məsələ mülki xarakterli hüquq münasibətinə aid edildiyindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ nəzərə çatdırılmışdır. Cavabdehdən pretenziya qaydasında ödənilmiş məbləğ tələb olunsa da Rami Yusubovdan müsbət cavab alınmamşdır. Qeyd olunan xüsusatlara əsasən mübahisənin məhkəmə yolu ilə həll edilməsi zərurəti yaranmışdır. Əlavə olaraq, tətbiq edilmiş prosedurda yol verilmiş nöqsanlara görə o, psixi olaraq sarsılmış, dözülməz ağılar səbəbi ilə psixoloji vəziyyəti pisləşmiş, həm iş, həm də şəxsi həyatında problemlərlə qarşılaşmış və nəticədə ona mənəvi ziyan dəymişdir. DTX-nin Hərbi-Tibb Baş İdarəsindən alınmış ambulator xəstənin tibbi kartasından çıxarışda “MFS onurğanın boyun və döş şöbəsində sol tərəfli trigeminal ağrı” diaqnozu qoyulması öz əksini tapmışdır. Həmçinin, o, yaranmış situasiyanın hüquqi müstəvidə həll edilməsinə görə hüquqi xidmət üçün 1500 (bir min beş yüz) manat məbləğində əlavə xərc çəkmişdir. Göstərilənlərə əsasən Cavabdeh zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat, dəymiş mənəvi ziyana görə 10000 manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, İddiaçı 2022-ci ilin fevral ayında implantların üstünə zirkon qapaqlar yerləşdirmək istəmiş və bu məqsəd ilə "xxxx" diş klinikasında çalışan tanış diş həkimi ona müraciət etmişdir. Müraciət əsasında 22 ədəd qapağın qoyulmasına görə ümumilikdə 5500 manat pul məbləğinin ödənilməsinə razılaşmış və İddiaçı tərəfindən ona 3500 manat pul məbləği ödənilmişdir. İddiaçı öz iddia ərizəsində 16 aprel 2022-ci il tarixdə onun tərəfindən yoxlanışa çağırıldığını və dişləri yerinə qoymaq üçün implantların yonulmağa başlanıldığını qeyd etsə də, bu mümkün deyil. Belə ki, implant diş əti altı nahiyəsində-sümüyündə yerləşir, bu səbəbdən həkim tərəfindən implantın yonulması mümkünsüzdür. Həmin gün yoxlanış normal qaydada bitmişdir və tərəfindən növbəti çağırışın vaxtı müəyyən edilmişdir. 19 aprel 2022-ci il tarixdə iddiaçı onun yanına öz qardaşları, qızı və yoldaşı ilə gəlmişdir. Bu zaman iddiaçının qardaşı dişlərin müalicəsinin düzgün aparılmadığı təqdirdə ona hədəqorxu gələrək, onun vəziyyətinin pis olacağını bildirmişdir. Lakin o, bu hədə-qorxuya baxmayaraq, öz işini lazımi qaydada yerinə yetirərək, iddiaçının üst çənəsinə 7 ədəd zirkon qapaq qoymuşdur. İddiaçının yanında gələn qardaşları, qızı və yoldaşı onun işinin nəticəsindən razı qalmışlar, hətta İddiaçı qardaşı onun qabiliyyətli olduğunu bidirmiş və bacısına, yəni İddiaçı dişinin müalicəsini davam etdirməyi məsləhət görmüşdür. Bu zaman tərəfindən onun işindən razı olub-olmadığını bildirmək üçün iddiaçıya güzgü verilmişdir. İddiaçı qapaqların tam oturulmasını müşahidə etmişdir. Nəticəni bəyənərək, onun üst çənəsinin ölçülərinin götürülməsi üçün istəyini bildirmişdir. Pasientin istəyi ilə tərəfindən pasiyentin ağızda üst və alt çənələrinin ölçülərinin eyni olması üçün hər ikisinin ölçüləri götürülmüşdür. Pasiyentin üst çənəsinin ölçülərini götürmək üçün müasir 3D-skaner aparatından istifadə edilmişdir. Qapaqların tam şəkildə oturması, həmin 3D-skaner aparatında əks olunur. 3D-skaner aparatında əks olunan ölçülərdən əlavə dental foto şəkillər də çəkilmişdir, nəticədə pasiyent həm güzgü, həm 3D-skaner aparatında, həm də dental foto şəkillərlə tanış olmuşdur. Daha sonra tərəfindən pasiyentin üst çənəsinin ölçülərinin götürülməsi üçün vaxt müəyyən edilmişdir. Lakin növbəti gün pasiyentin qızı onunla əlaqə saxlayaraq, tərəfindən aparılmış müalicə ilə razılaşmayaraq, ödənilmiş pulun bütov şəkildə onlara geri qaytarılmasını tələb etmişdir. O isə pasiyentin dişlərində olan hər hansı narahatçılığın aradan qaldırmasına kömək etməyi bildirmişdir. Onun köməyini qəbul etməyərək, müalicəsini bəyənmədiyi üçün bu barədə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Bu şikayət əsasında Nəsimi rayon Prokurorluğunun müstəntiqi tərəfindən İddiaçı stomatoloji əməliyyatın aparılması qaydasını müəyyən etmək üçün məhkəməekspertizasına göndərmişdir. Buna dair ekspert tərəfindən 318KEŞ saylı ekspertiza rəyi verilmişdir. Həmin rəyi əsassız və qeyri-obyektiv hesab edir, belə ki, ilk öncə bunu qeyd etmək istəyir ki, ekspertiza bir aydan çox vaxtda keçirilməsinə görə iddiaçının xeyrinə bitməsi üçün, iddiaçı tərəfindən implant üzərinə qoyulan abatmenin dəyişdirilməsinə şübhə edir. İkinci məsələ odur ki, onun xidməti otağında iddiaçının və onun qohumları yanında, tərəfindən 3D-skaner aparatından çəkilmiş ölçüdə pasiyentin üst çənəsində qoyulan qapaqların tam şəkildə oturulması əks olunmuşdur. Eyni nəticə bundan əlavə dental foto şəkildə də əks olunmuşdur. Üçüncü məsələ isə, ekspertiza bir aydan gec müddətdə keçirilməsinə görə pasiyentin diş ətində dəyişikliklər baş verə bilər, buna görə ekspert tərəfindən yerləşdirilən zirkon qapaqlar düzgün qaydada, yəni tam şəkildə oturmaya bilər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti ilə bağlı həkim Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı implant üçün zirkon qapaqların hazırlanmasına və bununla bağlı tibbi prosedurlara xərclədiyi 3500 manat pulun qaytarılması xüsusatı ilə bağlı cinayət hadisəsi baş vermədiyindən cinayət işi başlanmasının rədd edilməsi və mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması barədə məlumat verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2022-ci il tarixli 318/KEŞ nömrəli ekspert rəyinin surətindən görünür ki, "xxxx" klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən ona müxtəlif tarixlərdə diş ətinin müayinəsi, implantüstü ölçünün götürülməsi, abartmentlərin yerləşdirilməsi və zirkon qapaqların yoxlanışı aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda ortopedik qapaqlarda abartment-körpü uyumsuzluğunun olduğu müəyyən edilmişdir ki, bunun da ölçü xətası və ya texniki mənbədən qaynaqlandığı istisna edilmir. Bununla əlaqədar abartment-qapaq arasında uyğunsuzluğun aradan qaldırılması məsləhətdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, "xxxx" MMC-nə zirkon qapaq üçün 3500 manat ödəniş edilmişdir. - İddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən cavabdehə ünvanlanmış pretenziyanın surətindən görünür ki, zirkon qapaqların taxılması üçün verilmiş 3500 manat pulun, hüquqi yardım məqsədilə vəkilə ödənilmiş 500 manat pulun, iddiaçıya dəymiş 10000 manat mənəvi ziyanın ödənilməsi tələb edilmiş, əks təqdirdə digər hüquqi müdafiə vasitələrinin tətbiqi üçün müvafiq orqanlara müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə cəmi 1500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı diş ətinin müayinəsi, implantüstü ölçünün götürülməsi, abartmentlərin yerləşdirilməsi və zirkon qapaqların yoxlanışı aparılmış, qapaqlar iddiaçının ağzına düzgün formada yerləşdirilmədiyindən onun səhhətində problemlər yaranmışdır. İddiaçı bununla əlaqədar olaraq müalicə olunmuşdur. Zirkon qaşların qoyulması üçün iddiaçı tərəfindən cavabdehə 3500 manat pul ödənilmişdir. Görülmüş işdən narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat, dəymiş mənəvi ziyana görə 10000 manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki əsasları və sübut kimi qəbul olunan ekspert rəyinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı ağzına zirkon qapaqlar düzgün formada yerləşdirilməmiş, nəticədə onun səhhətində problemlər yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2022-ci il tarixli 318/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi "xxxx" klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən ona müxtəlif tarixlərdə diş ətinin müayinəsi, implantüstü ölçünün götürülməsi, abartmentlərin yerləşdirilməsi və zirkon qapaqların yoxlanışı aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda ortopedik qapaqlarda abartment-körpü uyumsuzluğunun olduğu müəyyən edilmişdir ki, bunun da ölçü xətası və ya texniki mənbədən qaynaqlandığı istisna edilmir. Bununla əlaqədar abartment-qapaq arasında uyğunsuzluğun aradan qaldırılması məsləhətdir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmaması müəyyən olunmuşdur. Həmçinin tərəflərin təqdim etdiyi disklərə baxış zamanı da qapaqlarda abartmentkörpü uyumsuzluğunun olduğu müəyyən edilmişdir. İddia tələbinin zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat pulun tutulması hissəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ödədiyi məbləği tələb etməsi cavabdehin götürdüyü ölçü xətası və ya texniki mənbədən qaynaqlandığı müəyyən olunduğundan iddiaçı dəymiş maddi ziyanı haqlı olaraq cavabdehdən tələb edir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin etiraf etməsi və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilmişdir ki, iddiaçı zirkon qapaqların qoyulması üçün "xxxx" MMC-nin hesabına 3500 manat məbləğində pul ödəmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh vurulmuş maddi ziyana görə 3500 (üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Belə olan halda məhkəmə, iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi cavabdehdən 200 manatın alınıb, iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. Göründüyü kimi iddiaçı hüquqi yardım göstərilməsi üçün vəkilə xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 1000 manat, cəmi 1500 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 1500 manat pulun cavabdehdən tutulması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat, dəymiş mənəvi ziyana görə 200 manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və ödənilmiş dövlət rüsumu 165 manat tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh zirkon diş qapaqlarının qoyulması üçün ödənilmiş 3500 manat, dəymiş mənəvi ziyana görə 200 manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və ödənilmiş dövlət rüsumu 165 manat tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar