Məhkəmə qərarları › İş №e-2(007)-2903/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2903/2022

27.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2903/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzili X3 tərəfindən ona bağışlanmışdır. Həmin mənzil xx.xx.2015ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Qeyd olunan əmlaka dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alındıqdan sonra da onun bacısı Cavabdeh2 və bacısının əri Cavabdeh1 ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmışlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışına əsasən xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1955-ci il təvəllüdlü X3, xx.xx.1959-cu il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2012-ci il təvəllüdlü X8 qeyd olunan mübahisəli mənzildə qeydiyyatdadırlar. Son illərdə onunla cavabdehlərin münasibətləri pozulmağa başlamışdır. Belə ki, cavabdehlər onun mülkiyyətində olan mənzilindən istifadə hüququna maneələr (mənzilin kilidinin dəyişdirilməsi və s.) yaratmışdır. Bununla əlaqədar olaraq, mübahisəli mənzilin üzərində maneələrin (kilidin dəyişdirilməsi və s.) aradan qaldırılması üçün xx.xx.2022-ci il tarixdə müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)-85/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizənin qismən təmin edilməsi və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilindən istifadə ilə əlaqədar ona yaradılan manelərin (kilidin dəyişdirilməsi və s.) aradan qaldırılması qərara alınmışdır. Beləliklə də, onun öz əmlakı üzərində mülkiyyət hüququ cavabdehlər tərəfindən məhdudlaşdırılır. Qeyd olunanlara əsasən cavabdehlərin və onların üç azyaşlı övladlarının (X6, X7 və X8) Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onların üç azyaşlı övladlarının (X6, X7 və X8) Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Türkiyə Respublikasında yaşayır, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib-gedir. Hazırda cavabdehlərlə aralarında narazılıq var. Cavabdehlər mənzilin açarını dəyişmişlər və o, öz mülkiyyətinə daxil ola bilməmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etmədi və etirazını onunla əsaslandırdı ki, mübahisə predmeti olan mənzil Cavabdeh2 ailəsinə məxsus olmuş və qeyd olunan mənzildə uşaqlıqdan atası, mərhumə anası və bacısıiddiaçı ilə birlikdə yaşamışlar. İddiaçı 2003-cü ildə Karabina Yunus adlı türk vətəndaşı ilə ailə qurmuş və həmin vaxtdan da daimi yaşamaq üçün Türkiyə Respublikasına köçmüşdür. O vaxtdan da Türkiyənin müxtəlif şəhərlərində yaşayır. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi icazə verməsə də özünün deməsinə görə ikili vətəndaşlığa malikdir. İddiaçı Türkiyə Respublikasında yaşasa da, Cavabdeh2 ilə mütəmadi olaraq əlaqə saxlamış, Bakıya gəlib-getmişdir. Cavabdeh2 2008-ci ildə Cavabdeh1lə ailə qurmuş və sonuncu da həmin vaxtdan mübahisəli mənzildə yaşamağa başlamışdır. 2009-cu ildə iddiaçı-Cavabdeh2 anası vəfat etmiş, bundan bir müddət sonra ataları müxtəlif qadınlarla münasibət saxlamağa başlamışdır. 2013-2014-cü illərdə iddiaçının-cavabdehin (Cavabdeh2) atasının Xatirə adlı qadınla ciddi münasibəti yaranmışdır. Qadının 14-15 yaşlı oğlu da olmuşdur. Atalarının bu hərəkətləri ilə bağlı iddiaçı və Cavabdeh2 tez-tez telefonla danışmışlar. Onlar qorxmuşlar ki, ataları yaşadıqları evi, maşını satar yaxud münasibəti olduğu qadının adına keçirər. Ona görə də Cavabdeh2 iddiaçı ilə razılaşmışdır ki, mənzili ikisindən birinin adına keçirsinlər. Bir neçə gündən sonra iddiaçı Gülərə zəng edərək Bakıya gələcəyini və gələcəkdə problem olmasın deyə mənzili formal olaraq ya özünün ya da Gülərin adına keçirməsi barədə atası ilə danışacağını bildirmişdir. Gülər iddiaçı özündən yaşça böyük olduğundan mənzilin iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Gülər inanmazdı ki, yeddi ildən sonra iddiaçı mənzilin formal olaraq onun adına olmasından istifadə edərək həyat yoldaşı, 3 azyaşlı uşağı ilə birlikdə qeydiyyatda olduqları, ömrü boyu yaşadıqları mənzildən onları çıxarmağa təşəbbüs göstərər. Mənzili iddiaçının adına keçirəndən bir müddət sonra ataları bir qadınla evlənmiş və onunla 8 ay yaşadıqdan sonra ayrılmışdır. Təxminən 3-4 il bundan əvvəl ataları Nazlı adlı bir qadınla evlənmiş, həmin qadının adına ev almış və hazırda həmin mənzildə yaşayırlar. İddiaçı da yuxarıda qeyd etdiyi kimi Türkiyə Respublikasında yaşayır. Yay aylarında bir ay gəlib Bakıda cavabdehlərlə birlikdə qalmış və yenidən Türkiyəyə qayıtmış, aralarında heç bir problem olmamışdır. 2022-ci ilin yayında mənzilin giriş qapısının (seyf qapı) açarı sınıb qıfılın içində qalmış, ona görə də Cavabdeh1 qıfılı dəyişmişdir. Həmin ərəfədə iddiaçı cavabdehlərə məlum olmayan səbəbdən və onlara xəbər vermədən Bakıya, atasıgilə gəlmişdir. Cavabdehlər qıfılı dəyişəndən bir ay müddətində iddiaçı Bakı şəhərində ola-ola cavabdehlərə məlum olmayan səbəbdən və onlara xəbər vermədən atasıgildə qalmışdır. Yay tətili olduğu üçün cavabdehlər uşaqları ilə birlikdə Şabran rayonuna getmişlər. Görünür, iddiaçı cavabdehlərin getməsini bilib ya bilməyib onlara gəlmiş, onlar evdə olmadıqlarından özündə olan köhnə açarı qapıya salmış, qapını aça bilməmişdir. Yenə də bununla bağlı heç kimə, o cümlədən cavabdehlərə məlumat vermədən, səbəbini aydınlaşdırmadan müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, Cavabdeh2 onun mənzilə girməsinə mane olur, odur ki, məcburi şəkildə mənzilə köçürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi də bu barədə qərardad qəbul etmişdir. Bütün bunlardan cavabdehlər icra məmurları mənzilə gələn zaman məlumatlanmışlar. Halbuki, cavabdehlərin iddiaçının mənzilə girməsinə maneçilik törətməsindən söhbət gedə bilməz. Çünki onlar-hər iki bacı mənzilin ataları tərəfindən başqa qadınların adına keçməsindən ehtiyatlanaraq mənzilin formal olaraq iddiaçının adına keçirilməsi barədə razılaşmışlar, əslində isə mənzilin hər ikisinə eyni hüquqla məxsus olmasını şərtləndirmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilinə dair reyestrdə xx.xx.2015-ci il tarixdə 4-Ə-406 nömrə ilə qeyd edilmiş notariat işindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzili ÖM seriyalı, 119978 nömrəli, xx.xx.2002-ci il qeydiyyat tarixli qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətində olmuşdur. İddiaçı-Cavabdeh2 atası X3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilini xx.xx.2015ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qızı-İddiaçı bağışlamışdır. X3, iddiaçı və Cavabdeh2 xx.xx.1994-cü il tarixdən, Cavabdeh1 isə xx.xx.2012-ci il tarixdən həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehlər mənzilin iddiaçıya bağışlanmasına etiraz etməmələri barədə notariat ofisinə ərizə təqdim etmişlər. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1, X6, X3, X7, Cavabdeh2, X8 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilində qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi rəsmiləşdirilərək ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyatı aparılmışdır. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2. maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları məsələsinə baxarkən, həmin mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Qeyd olunan maddənin 3-cü hissəsinin tələbinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İşin müəyyən edilən hallarından görünür ki, Cavabdeh2 iddiaçının doğma bacısı, keçmiş mülkiyyətçi X1 isə doğma qızıdır və sonuncunun ailə üzvü kimi xx.xx.1994-cü il tarixdən mübahisəli mənzildə qeydiyyatda olaraq həmin tarixdən hal-hazıradək mübahisəli mənzildə yaşamaqla qeyd olunan mənzildən onunla bərabər istifadə etmək hüququ vardır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər Cavabdeh1 Cavabdeh2 ilə nikaha daxil olduqdan sonra, yəni 2008-ci ildən hal-hazıradək mübahisəli mənzildə yaşamaqla, həmin mənzildən istifadə hüququ əldə etmişdir. Belə olan halda, mülkiyyətçinin dəyişməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmur. Göründüyü kimi, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi yalnız yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsi ilə nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya verilməsi ilə mümkündür. Lakin iddiaçı öz iddia tələbində cavabdehlərin mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların üç azyaşlı övladlarının (X6, X7 və X8) Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 48 saylı evin 47 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları barədə iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri hesab olunan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların üç azyaşlı övladlarının (X6, X7 və X8) Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 48, 47 saylı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar