Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-308/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri, Nizami rayonunda yaşadığına görə qanunvericiliyin tələbinə riayət edilməklə iddia ərizəsini ərazi aidiyyəti üzrə bu məhkəməyə təqdim etmişdir. İddia ərizəsində əks olunan hadisə 2024-cü ildə baş vermişdir. O, Cavabdehlə onun yaşayış evinin alınması üçün razılığa gəlmişdir. Hətta aralarında riyeltorun vasitəsi ilə beh müqaviləsi də bağlanmışdır. O, həmin sövdələşməyə inanaraq 175.000 (yüz yetmiş beş min) manat dəyərində olan mənzilin alınmasından imtina etmişdir, halbuki həmin mənzil bazar qiymətindən xeyli aşağı idi. Bununla yanaşı dövriyyədə olan pul məbləğinin çıxarılması ilə əlaqədar vaxtında gömrük rəsmiləşdirməsini və digər zəruri hərəkətləri etmədiyinə görə ona 4 (dörd) ay müddətində 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat zərər vurulmuşdur. Bununla yanaşı cavabdeh şəxs Cavabdeh onu aldatmasa idi və yalançı vədlər verməsə idi o, bu müddət ərzində ən azı 185000 - 200000 min manat gəlir əldə edərdi. Sövdələşməyə riayət etmək məqsədi ilə o, dövriyyədən xeyli miqdarda vəsait çıxartmışdır. Həmin vəsaitə o, ailəsi və bir neçə yaxın qohumu gündəlik dolanmağına baxmayaraq daşınmaz əmlak almasına görə hesab etmişdir ki, bir neçə ay ziyana getmək olar təki istədiyi ev olsun. Cavabdeh şəxs Cavabdeh evin qiymətində qətiyyən güzəştə getməmiş və o isə, onun dediyi qiymətə razılaşaraq dərhal alqı-satqı etməyə hazır olduğunu bildirmişdir. Hətta ona 20.000 (iyirmi min) beh də təklif etmişdir ki, dəqiq həmin evi başqa adama satmasın. Cavabdeh şəxs Cavabdeh isə “sənin sözün elə behdir” deyərək beh məbləğini ondan götürməkdən imtina etmiş, lakin arxayın etmişdir ki, həmin evi yaxın günlərdə ona satacaq. Bir müddət keçəndən sonra cavabdeh şəxs sövdələşməni pozaraq evi ona satmaqdan imtina etmiş, səbəbini öyrənmək istəyəndə isə onu təhqir etməyə başlamış, şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bu hadisə illərlə işlədiyi sahibkarlar arasında onun nüfuzuna olduqca ağır və bərpa edilməz zərbə vurmuş, onunla əlverişli müqavilələr bağlamaqdan hamı boyun qaşırmışdır. Biznes aləmində sahibkarın nüfuzu puldan dəfələrlə üstün bir varlıqdır və müəyyən imici qazanmaq üçün külli miqdarda pul xərcləmək lazımdır. Bu illərin əziyyətini isə məsuliyyətsiz cavabdeh şəxs Cavabdeh bir neçə günün içində məhv etmişdir. Üstəlik ağır ifadələrlə onu təhqir də etmişdir. (audio yazılar əlavə olunmuşdur). Cavabdeh oğlu Hüseynovun hərəkətləri nəticəsində ona 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat maddi zərər dəymiş, bununla yanaşı ən pis halda 185000 - 200000 min manat gəlir əldə edəcəyi halda həmin gəlirdən də məhrum edilmişdir. Hesab edir ki, əldən çıxmış faydanın bir hissəsinin əvəzi kimi Cavabdeh 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat alınıb ona ödənilməlidir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi, Cavabdeh əldən çıxmış faydanın bir hissəsinin əvəzi kimi 128800 (yüz iyirmi səkkiz min səkkiz yüz) manat, 420 manat dövlət rüsumunun və vəkilə ödənilən 300 manatın, ümumilikdə 129520 manat pul vəsaitinin alınaraq onun xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazında göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müaciət edərək Cavabdeh əldən çıxmış faydanın bir hissəsinin əvəzi kimi 128800 (bir yüz iyinni səkkiz min səkkiz yüz) manat pul vəsaitinin, 420 (dörd yüz iyirmi) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç yüz) manatın, ümumilikdə 129520 manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə mənzil alınması barədə razılığa gəlmişdir. Lakin, Cavabdeh bir müddət keçdikdən sonra sövdələşməni pozaraq evi satmaqdan imtina etmiş, səbəbini öyrənmək istədikdə isə onu təhqir etmiş, şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Bu hadisə onun illərlə işlədiyi sahibkarlar arasında nüfuzuna ağır və bərpaedilməz zərbə vurmuş, onunla əlverişli müqavilələr bağlamağa hamı boyun qaçırmışdır. O, dövriyyədə olan pul məbləğinin çıxarılması ilə əlaqədar vaxtında gömrük rəsmiləşdirilməsini və digər zəruri hərəkətləri etmədiyinə görə ona 4 ay müddətində 128800 (bir yüz iyinni səkkiz min səkkiz yüz) manat zərər vurulmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan faktlar tamamilə əsassızdır və boş mülahizələrdən ibarətdir. İddiaçı yalan ifadələrlə şərəf və ləyaqətinin alçaldılması iddiası hüquqi əsaslara malik deyil və onun tərəfindən belə bir hərəkət edilməmişdir. Həmçinin, iddiaçı onun tərəfindən şərəf və ləyaqətinin alçaldığını iddia edir, lakin buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sübut etmə vəzifəsi iddiaçının özünə aid edilir və o irəli sürdüyü tələbi sübut etməlidir. İddiaçı yeganə məqsədi isə əsassız və yalan ifadələrlə ondan pul vəsaiti almaqdan ibarətdir. Həmçinin qeyd etmək istəyir ki, iddiaçı Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək iddiaçı Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işinə başlanılması və Cavabdeh cinayət məsuliyyəttinə cəlb edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin (X1) xx.xx.2024-cü il tarixli, l(007)-423/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Məhkəmə sözü gedən qərarında qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət edilmiş əməldə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin iddiaçı daha sonra Nizami Rayon Məhkəməsinin 11,07.2024-cü il tarixli, 1(007)- 423/2024 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin (X2) xx.xx.2024-cü il tarixli, 1(103)-1896/2024 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair İddiaçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina edilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bütün yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi əsassız olduğundan və hüquqi əsaslara malik olmadığından rədd edilməlidir. Göstərilənlərə əsasən, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh əmlaka 1/8 pay ilə sahib olmuş və o, digər payçılara demədən onunla əl sıxıb razılaşmışdır. O, evi almaq üçün kredit götürmüşdür. Bankdan nümayəndə gəlmiş və onun yanında evin şəklini çəkmişdir. Onun dövriyyəsi hazırda dayanmışdır. Çünki o, Cavabdeh vermək məqsədilə pul götürmüş və onun faizlərini ödəmişdir. O, Cavabdeh zəng edərək pulu bankdan tez götürə bildiyini demiş, Cavabdeh isə ona bir-iki gün də vaxt verilməsini, başqa yeri də aldığını və qiymət “öldürməyə” çalışdığını demişdir. Lakin Cavabdeh bilərəkdən ondan beh götürməmişdir. Tahir onu təhqir edir və nalayiq ifadələr işlədir. Göstərdiklərinə əsasən, ona dəymiş ziyanın və əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib izahatında göstərmişdi ki, cavabdeh məhkəmə iclaslarına gəlsə idi, onunla bəlkə də razılıq əldə edə bilərdilər. Lakin onun iclaslara gəlməməsi onlarda haqsız olduğu üçün gəlməməsi fikrini yaratmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Keşlə parkına yaxın ərazidə yaşayış. Oradan tez-tez gedib-gəlir. İddiaçı 8-10 ildir ki, tanıyır. Tahiri isə yaxından deyil, sadəcə Keşlədə yaşadığı üçün tanımışdır. O, Cavabdeh ilə telefon danışıqlarına qulaq şahidi olmuşdur. Cavabdeh Ramil bəyi təhqir etmiş, ona “maşennik”, “dələduz” demişdir. Bu hadisə 4-5 ay olar ki, baş vermişdir. O, Ramil bəyin arxasından nalayiq sözlər demişdir. Onların arasında ev və ya pul barədə mübahisə olub-olmaması ilə bağlı məlumatı yoxdur. X7 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi yazılı ifadəsində göstərmişdir ki, yaşadığı Keşlə qəsəbəsi ərazisində yerləşən Parkda tez-tez olur. Eyni zamanda İddiaçı tanıyır və eyni zamanda bildirir ki, Keşlə qəsəbəsində hörmətli insanlardan biridir. Lakin Tahir adlı şəxs dəfələrlə həmin parkın içində olduğu zaman İddiaçı park ərazisindən evinə və ya harasa getdiyi zaman, keçdiyi zaman Tahir camaat arasında onun dalınca şər böhtanlı və hörmətdən salan nalayiq sözlərlə ifadəsini dəfələrlə eşitmişdir. Bu hal bir neçə dəfə dəfə təkrarlanmışdır, hər dəfə də İddiaçı arxasıyca "bu dələduzdur, mən ona demişəm ağıllı olsun, torba tikəndir, dövlət onu ortaya buraxıb ki, camaatın torbasını tiksin." Dəfələrlə orada yaşayan Cəfərov İntiqamın onunla olan münaqişələrinin şahidi olmuşdur. Bundan əlavə, İddiaçı dəfələrlə onun yanında telefonla danışarkən Tahir onu təhqir etmişdir və İddiaçı bunu telefona yazmışdır. Bunu tək o yox, camaat da eşitmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən şahid qismində göstərilmiş X5 tanımır və onun tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən iddialar tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Buna görə də şahidin ərizəsinin obyektivliyinin və etibarlılığının araşdırılmasını, eləcə də məhkəmə tərəfindən həqiqətə uyğun olmayan ifadələrin nəzərə alınmamasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkə 420 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” Məhkəmə İddiaçı Cavabdeh əldən çıxmış faydanın əvəzinin tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2-ci maddəsinə əsasən, məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3-cü maddəsinə əsasən, alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə münasibətdə qeyd edir ki, onun göstərdiyi xüsusatlar iş materiallarında olan digər sübutlarla sübuta yetirilmir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-308/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-308/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver