Məhkəmə qərarları › İş №e-2(007)-3186/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3186/2025

06.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3186/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə qalmış 18100 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə iş qurmaq məqsədi ilə 36100 manat məbləğində borc vermişdi. Bundan əlavə hissə-hissə olaraq fərqli vaxtlarda ona əlbəəl 22000 manat pul vermişdir. Cavabdehin deməsinə görə 2024-cü ilin dekabr ayında iddiaçının ona verdiyi pulların müqabilində iddiaçıya qazanc verəcək idi. Lakin dekabr ayında iddiaçı cavabdehin işlədiyi studiyaya gedəndə cavabdeh tərəfindən aldadıldığını gördü və başa düşdü ki, onun məqsədi iddiaçını aldatmaq imiş. Bu barədə o, Suraxanı Rayon Polis İdarəsinə müraciət etdi. İstintaq orqanında razılığa əsasən cavabdeh ilkin olaraq 15000 manat, sonradan 25000 manat ödəmiş və 2025-ci ilin iyul ayına isə 10000 manat ödəyəcəyini boynuna götürmüşdür. Cinayət işinin materiallarında yuxarıda sadalanan məqbləğin bir hissəsi müqavilə əsasında, digər hissəsi isə onun istifadəsində olan bank kartına göndərilmişdir və çeklər işə əlavə edilib. Cavabdeh ümumilikdə iddiaçıya 58100 manat verməli olduğu halda istintaq dövründə ödəniş etsə də, 18100 manat borclu qalmışdır. Aralarında olan razılığa əsasən 8100 manat iddiaçı ondan tələb etmir, o isə 2025-ci ilin iyul ayının sonuna kimi 10000 manat ödəniş edir. Lakin cavabdeh verdiyi vədə əməl etmədi pulu ödəməkdən boyun qaçırdı. Hazırda zənglərə cavab vermir. Cavabdehin bir şəhid anasına etdiyi bu hərəkət qəbul olunmazdır.

Tərəflərin izahatları:

3. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə qalmış 18100 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin gedişatında xx.xx.2025-ci il tarixdə Cavabdeh barəsində Suraxanı Rayon Polis İdarəsində aparılan araşdırma materialların götürülməsi barədə vəsatət verilmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunmasa da bu günədək Suraxanı Rayon Polis İdarəsi tərəfindən material hələ də məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Cavabdeh ilə iddiaçı arasında 36100 manat borcun verilməsi barədə notarial təsdiq olunmuş borc müqaviləsi vardır və iş materiallarına əlavə olunub. Həmin borc müqaviləsi üzrə cavabdeh 18000 manat pulu ödəmiş 18100 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh özü etiraf edərək guya onun 46000 manat borcu olduğunu və onun 40000 manatı ödədiyini və 6000 manat borcu qaldığını bildirmişdir. Əslində onun 6000 manat borcu yox, 18100 manat borcu vardır və onlar onun tərəfindən borc müqaviləsi üzrə 18000 manat pulu ödəməsini etiraf edir, 18100 manat borcu qaldığını bildirərək cavabdehdən tutulmasını tələb edirlər. İddia tələbini müdafiə edir, təmin olunmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş edir. Əlavə olaraq qeyd edir ki, qeyd olunan araşdırma materiallarının məhkəməyə təqdim olunması üçün Suraxanı Rayon Polis İdarəsində olsalar da orada bildirildi ki, belə bir material olsa da harada olduğunu müəyyən edə bilmirlər. Qısa olaraq Suraxanı Rayon Polis İdarəsi bilərəkdən məhkəmənin sorğusunu icra etmir, bu da işin yubanmasına səbəb olur.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2024-cü ilin yay aylarında fotostudiyada şərikli iş görmək üçün cavabdehə 36100 manat pul vermiş və aralarında borc müqaviləsi bağlanmışdır. Daha sonra isə iddiaçı tərəfindən 22000 manat da cavabdehə hissə-hissə ödənilmişdir. Cavabdehi 7-8 ildir ki, tanıyır. Cavabdeh onun işlədiyi məktəbdə foto çəkiliş aparırdı. Şərikli iş təklifi aldı, iddiaçı pul qoymuş, cavabdeh də iş görürdü. Həmin işi dirçəltmək üçün iddiaçı cavadehə 36100 manat hissə-hissə pul verdi. Sonra müqavilə bağladılar. O, özü artıq iş qurmuşdu və pulu qaytaracağına söz vermişdi, amma sözünə əməl etməmişdir. Dekabr ayında pulu götürməli idi, həm də qazancını. 36100 manat pul versə də iş getmirdi. Yenə də pul lazım idi. Dekabra qədər hissə-hissə az-az 22000 manat da əlavə verib ki, dekabrda hamısını qaytaracaq. Dekabr da pul vermədi. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçıya borcunun olmadığını və həmin borcun tam məbləğdə ödənilməsi ilə bağlı iş materiallarında qəbzlərin olduğunu bildirmişdir. Cəmi 46000 manat borcu olub. 22000 manat bir ödəyib, qalanın da sonradan ödəmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

8. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. 19 iyul 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 36100 manat borc pul vermişdir.

10. İddiaçı xx.xx.2025-ci il tarixli şikayət ərizəsinin surətindən görünür ki, o, tanışı Cavabdeh ilə ortaq iş birlikləri üçün 19 iyun 2024-cü ildə 36100 manatı əlinə və hissəhissə bank kartına köçürmə yolu ilə 7623 manat pul vermiş, lakin Rzayev X1 Arzu Nadir qızını aldadaraq dələduzluq yolu ilə onun pullarını mənimsəmişdir və pulları geri qaytarmaqdan boyun qaçırmışdır.

11. Suraxanı Rayon Polis İdarəsinin 05 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin TŞ-nə müraciət edərək tanıdığı Cavabdeh birlikdə iş qurmaq adı ilə ondan 43723 manat məbləğində pulunu almış, ona qarşı dələduzluq etdiyini bildirmişdir.

12. Suraxanı Rayon Polis İdarəsinin 24 mart 2024-cü il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Nizami RPİ-yə müraciət edərək tanışı Cavabdeh birlikdə iş qurmaq adı ilə aldadaraq 43723 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini, bundan əlavə xx.xx.2025-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-yə müraciət edərək tanışı Cavabdeh birlikdə iş qurmaq adı ilə aldadaraq 54421 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir.

13. İddiaçı Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Tufan Şükürova verilmiş izahatın surətindən görünür ki, o, tanıdığı Cavabdeh ilə birlikdə iş qurmaq adı ilə ondan iyul ayına qədər hissəli şəkildə 11451 manat, daha sonra bütov şəkildə 36100 manat, avqust ayında 5870 manat, daha sonra isə 1000 manat borc pul vermişdir.

14. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 15000 manat, xx.xx.2025-ci il tarixdə 25000 manatın Cavabdeh tərəfindən ödənilmişdir.

İşin faktiki halları:

15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış19 iyul 2024-cü il tarıxli yazılı borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 36100 manat məbləğində borc pul vermişdir. Suraxanı Rayon Polis İdarəsinin 05 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarına əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin TŞ-nə müraciət edərək, tanıdığı Cavabdeh birlikdə iş qurmaq adı ilə ona 43723 manat məbləğində pul verdiyini bildirmişdir. Hazırda iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə qalmış 18100 manat pulun tutularaq ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.

19. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında 19 iyul 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 36100 manat məbləğində borc pul verilmişdir. Bundan əlavə də iddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə fərqli məbləğdə borc pul vermişdir.

20. Cavabdehin iddiaçıya olan borcu məhkəməyə təqdim edilmiş Suraxanı Rayon Polis İdarəsinin 24 mart 2024-cü il tarixli “cinayət işinin icraatına xitam verilməsi barədə” qərarda 43723 manat, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Tufan Şükürova verilmiş izahatın surətində 54421 manat, iddia ərizəsində isə 58100 manat kimi qeyd olunmuşdur. Göründüyü kimi borcun məbləği iddiaçının şikayətində və izahatında fərqli rəqəmlər qeyd olunaraq ziddiyyət təşkil edir.

21. Həmçinin cavabdeh də məhkəmə iclasında iş materiallarına əlavə edilmiş qəbzlərdə qeyd olunmuş məbləği ödədiyini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, cavabdeh 40000 manat pulu iddiaçıya ödəmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı olan borcu həqiqətən də yalnız 19 iyul 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş borc müqaviləsində qeyd olunmuş 36100 manat təşkil etmir.

22. Bu səbəbdən məhkəmə, iddiaçının cavabdehə verdiyi borc məbləğini cinayət işinin icraatına xitam verilməsi barədə qərarda qeyd olunduğu kimi 43723 manat qəbul etməyi məqsədəmüvafiq hesab edir.

23. Belə olan halda Rzayev X1 Arzu Nadir qızına 40000 manat pulu ödədiyi üçün onun İddiaçı 3723 manat ödənilməmiş borcu qalır.

24. Beləliklə, Cavabdeh bağladığı yazılı və şifahi borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu tam şəkildə ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3723 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğuna görə iddia ərizəsi qiymətləndirilən iddia olduğundan ödənilməli olan 144 manat dövlət rüsumundan 57,23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qalan 86,77 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3723 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismsən təmin edilsin. Cavabdeh 3723 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 57,23 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar