Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-319/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 avro (9003 manat) və 2000 manat pul vəsaitinin, cəmi 11003 manat məbləğində pul vəsaitinin və ödədiyi 124 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 5000 avro və 2000 manat məbləğində pul vəsaitini borc olaraq almışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh uşağının təhsil haqqını ödəmək adı ilə ondan 5000 avro məbləğində pul vəsaitini almış və ona bildirmiş ki, həmin pul vəsaitini bir həftə sonra qaytaracaq. Bir müddət sonra Cavabdeh atasının X1 şəhərində əməliyyat olunduğunu bəhanə gətirərək ondan əlavə olaraq 2000 manat pul istəmişdir. O, da Tamaraya inanmış və 2000 manat pul vəsaitini borc olaraq ona vermişdir. Lakin, həmin pul vəsaitlərinin verilməsindən uzun müddət vaxt keçməsinə baxmayaraq, Cavabdeh ona olan borcunu qaytarmamışdır. Buna görə də o, məcbur qalaraq Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət etmidir. Polis Şöbəsində ondan və Cavabdeh izahatlar alınmışdır. Cavabdeh PŞ-də onun qeyd etdiyi məbləğdə borc pul verdiyini təsdiq etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə “Elektron kabinet” vasitəsi ilə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında audio konfrans vasitəsi ilə qoşulan Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Samirədən 5000 avro və 2000 manat pul alıb. Lakin borcundan 500 manat iddiaçının kartına köçürməklə qaytarmışdır və məhkəmənin növbəti iclasına bankdan cıxarışı məhkəməyə təqdim edəcək. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatdan görünür ki, o, Samirədən ilkin olaraq 5000 avro və daha sonra 2000 manat məbləğində pulu borc olaraq alıb. Samirəyə olan borcunu xx.xx.2023-cü il tarixdə tam şəkildə ödəyəcəyinə söz vermişdir. - 28.07.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı yaranmış problemli məsələnin həlli məqsədilə mülki qaydada məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. - 27.09.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 124 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2022-ci il tarixdə Cavabdeh yazılı müqavilə bağlamadan 5000 avro və 2000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Cavabdeh iddia tələbini qəbul edir və İddiaçı olan borcunu qismən etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi tərəflər qanunvericiliyin tələbinə əməl etməmişlər 5000 avro və 2000 manat məbləğində pul vəsaitini yalnız şifahi qaydada iddiaçının cavabdehə olan etibarı və vicdanlılıq prinsipi əsasında cavabdehlə razılığa gələrək borc vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-də verdiyi izahatından görünür ki, İddiaçı 5000 avro və 2000 manat məbləğində borc pul almışdır. Həmçinin xx.xx.20224-cü il tarixdə məhkəmənin baxış iclasına audio konfrans vasitəsi ilə qoşulmuş Cavabdeh İddiaçı 5000 avro və 2000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə riayət edilməməsi və tərəflər arasında yazılı borc müqaviləsinin olmaması tərəflər arasında yaranmış faktiki borc münasibətlərini istisna etmir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətləri qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etmədən yaranmışdır. Beləliklə, Cavabdeh bağladığı şifahi kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında cavabdeh iddiaçıya 500 manat məbləğində ödəniş etdiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 avro və 2000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə avro ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 124 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı qismən etiraf etməsini də nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 avro (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 124 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 avro (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 124 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-319/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-319/2024
09.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver