Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3276/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25.09.2019-cu il tarixdə özünə məxsus 22 ton taxılı Cavabdeh satmışdır. Cavabdeh 22 ton taxılı qəbul etsə də taxılın pulundan 2500 manatını ödəməyərək onu səhvən başqasına ödədiyini bildirmişdir. Bunun ona aidiyyatının olmadığını, səhvən məsuliyyətinin onun üzərinə düşdüyünü bildirsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh 2500 manatı ödəməkdən imtina edir. Maddi zərər 2500 manat əsas borcdan, pul öhdəliyinin icra edilməməsi səbəbindən 22 ay üçün 230 manat əldən çıxmış faydadan ibarətdir. Mənəvi zərərin vurulması cavabdehin öhdəliyini yerinə yetirməməsi iddiaçıya mənəvi iztirab verir, həmçinin səhhətinə mənfi təsir edir. O, qanunsuz əməli ilə mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Nəticədə ona mənəvi zərər vurulmuşdur. Cavabdehin törətdiyi hüquq pozuntusu üzrə ona vurulmuş mənəvi zərəri maddi ölçülərlə ifadə etmək əlbəttə ki, mümkün deyildir. Bununla belə hazırkı iddianın məqsədləri üçün vurulmuş mənəvi zərər 1000 manat həcmində qiymətləndirilir. Qeyd olunanlara əsasən Cavabdeh 2730 manat maddi zərərin, 1000 manat mənəvi zərərin əvəzinin, dovlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun olaraq izahatında bildirdi ki, alıcını Ruslan və Musa adlı şəxslər tapıblar. Eyni zamanda satıcıya da alıcı olmasını bildirib taxılı Oğuzdan Bakıya gətizdirmişlər. 22 ton taxılın tonununu 360 manatdan razılaşmışlar. Razılaşma Ruslan və Musa ilə olmuşdur. İddiaçı adı çəkilən şəxsləri tanımırdı. Mal Neftçilərdə taxıl satışı olan yerə boşalanda iddiaçının nümayəndələri olub taxılın yanında Ruslan deyib: “mən qiyməti aşağı salacam siz yaxın gəlməyin” ona görə iddiaçının yaxılnarı alıcı ilə ünsiyyətdə olmayıblar. Yol gəldikləri üçün kafeyə çay içməyə gediblər. Taxıl boşalandan sonra iddiaçının taxılı gətirən adamları yaxınlaşıb pulu istəyəndə məlum olub ki, taxıl İddiaçıdir. Malın hamısı cavabdehdə olduğu üçün Ruslan və Musaya ödənilmiş 2730 manat maddi zərərin, 1000 manat mənəvi zərərin əvəzini, dovlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25 oktyabr 2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir, o, Ruslan və Musa adlı şəxslərlə razılaşıb. Musa ona zəng edib mobil telefon vasitəsilə taxıl satdığını bildirib. O, nümunə istəyib onlar da ona nümunə gətiriblər. Sonra 22 ton taxılı, tonu 360 manatdan almağa razılaşıblar. Danışılan vaxtda taxılı Neftçilərdə yerləşən taxıl anbarına gətiriblər. Təxminən yarısı boşaldıqdan sonra deyiblər: “işimiz var təcili pul lazımdı 2500 manat ver mal boşalsın bitənə kimi gəlib qalan məbləği də götürərik”. O, da 2500 manat pulu vermiş onlara. Hər bir halda taxıl boşalırdı heç bir şübhəli durum yox idi. Ona lazım olan taxıl anbara boşalırdı taxılı da onlar gətirmişdi taxılın başqa adamın olub olmamasını neçə bilərdi. İlqar adlı şəxsi 2,3 gün sonra Polis Bölməsində görüb və vicdanlı adam kimi onunla orada razılaşıb, təxmini 3,4 gündən sonra pulun qalan hissəsini 5640 manatı İlqara verib. Bu barədə akt tərtib ediblər. İlqarla çox mehriban səmimi ayrılıblar. Birdən birə onu məhkəməyə verməsini anlamayıb. O, vicdanlı insan və alıcı kimi heç kimi aldatmayıb nə də qanunsuz hərəkət etməyib. Əgər kimisə aldatmaq fikri olsa idi qalan 5640 manatı da verməzdi. Taxıl alveri demək olar ki, adətən belə qaydada olur yəni şifahi razılaşırlar sonra da alırlar. Ona görə də iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhər BPİ-nin Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 01.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X1 şikayət ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası DİN Bakı Şəhər BPİ-nin Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 01.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh izahatında bildirmişdir ki, 21.09.2019-cu il tarixdə özünü Musa kimi təqdim edən şəxs ona ***-***-**-** nömrəsindən zəng edərək taxıl satdığını demişdir. Cavabdeh də Musa adlı şəxsə nümunə göndərməsini bildirmişdir. 21.09.2019-cu il tarixdə təxminən saat 18 radələrində Musa adlı şəxs Cavabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq nümunəni göndərməyini demiş, Cavabdeh işdə olmadığını nümunəni yaxınlıqda yerləşən kafeyə qoymağını bildirmişdir. 22.09.2019-cu il tarixdə Cavabdeh nümunəni kafedən götürərək baxmış, nümunə Cavabdeh qane eləmiş, Cavabdeh Musa adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq buğdanın tonunu 360 manat məbləğində pula razılaşmışdır. 23.09.2019-cu il tarixdə Cavabdeh Musa adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamış, Musa adlı şəxs buğdanı yola salmağını demiş, təxminən saat 18 radələrində Musa adlı şəxs Cavabdehlə əlaqə saxlayaraq taxılın anbarına gəlməyini bildirmişdir. Sonra Cavabdeh özünü Musa adlı şəxsin oğlu kimi təqdim edən Ruslan adlı şəxs ***-***-**-** nömrəsindən zəng edərək anbarın yerini soruşmuş, Cavabdeh yolu Ruslana izah etmiş və onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən anbara gəlmişlər. Onlar taxılı boşaldarkən Musa Cavabdehlə telefon vasitəsilə əlaqə saxlayaraq Ruslana pulun bir hissəsini verməsini xahiş etmiş, Cavabdeh də Ruslana 2500 manat məbləğində pul vermiş, təxminən 1 saat sonra Cavabdeh çölə çıxdıqdan sonradan adını bildiyi İlqar adlı şəxsi görmüş, İlqardan kim olmasını soruşduqda İlqar Cavabdeh taxılın sahibi olduğunu demiş, Cavabdeh isə 2500 manat məbləğində pulu Ruslan adlı şəxsə verməyini bildirmişdir. İş materiallarında olan 13.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş aktdan görünür ki, o, həqiqətən də Ruslan adlı şəxslə bir tonu 360 manata razılaşaraq 22 ton buğda almağa razılıq vermişdir. Qeyd olunan mal anbara boşaldılan zaman 2500 manatı Ruslan adlı şəxsə malın dəyərinin bir hissəsi kimi ödəmişdir. Mal anbara boşaldılandan sonra məlum oldu ki, malın sahibi İddiaçıdur. 25.09.2019-cu il tarixdə İddiaçı ilə bir tonu 350 manat razılığa gələrək, malın pulunun qalan hissəsini yəni 5640 manatı ona ödəmişdir. Pul İddiaçı X2 şahidliyi ilə verilmişdir. “Mən İddiaçı 5640 manatı qəbul etdim. Ruslana ödənilmiş 2500 manatı öz aramızda müzakirə edəcəyik”. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Ruslan və Musa adlı şəxslərlə bir tonu 360 manata 22 ton buğda almağa razılaşmışlar. Cavabdeh malın dəyərini vicdanla tam ödəmişdir. İddiaçının nümayəndəsi məhkəmənin verdiyi suala cavab olaraq bildirdi ki, “taxıl Oğuzdan gətirilən zaman iddiaçının adamları da Neftçilərdə taxıl boşaldılan yerdə olmuşlar, lakin Ruslan mən qiyməti aşağı salacam siz yaxın gəlməyin demiş” Göründüyü kimi şifahi razılaşma Ruslan adlı şəxslə olsa da iddiaçının taxılını gətirən ona yaxın adamlar taxıl təhvil verilərkən orada olmuşlar. Alıcıya nümüna göstərilmiş və o, da işgüzar adətlərə əsasən şifahi olaraq bir tonunu 360 manata almağa razılaşmış. Müəyyən olunmuş vaxtda 22 ton taxıl razılaşdırılmış yerə çatdırılmışdır. Göründüyü kimi heç bir şübhəli durum olmamışdır. Alıcı taxılın kimə məxsus olmasını müəyyən etməli deyildi və qeyd olunan şəraitdə müəyyənləşdirə də bilməzdi. Cavabdeh Ruslan və Musa adlı şəxslərin saxta satıcı olmalarını heç cür bilə-bilməzdi. Taxılın yarısı boşaldıqdan sonra müəyyən olunub ki, taxıl İddiaçı məxsusdur. Cavabdeh izahatında bildirdi ki, İlqar adlı şəxsi heç görməmişdi, ilk dəfə onu hadisədən 2,3 gün sonra Polis Bölməsində görmüşdür. Buna baxmayaraq pulun qalan hissəsini yəni 5640 manatı 3,4 gün sonra vicdanlı və dürüst alıcı olaraq İddiaçı ödəmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, taxıl satışı adətən şifahi razılaşma əsasında işgüzar adətlərdən irəli gələn qaydalara uyğun baş verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanmış şifahi əqd onların nəinki rəftarından görünür, hətda bağlanmış əqd əsasında tərəflərin öhdəlikləri də icra olunmuşdur. Beləliklə məhkəmə cavabdehin hər hansı qanunsuz hərəkəti və ya hüquq pozuntusu nəticəsində iddiaçıya zərər vurmaması qənaətinə gəlir. Prosessual qənaət prinsipi baxımından məhkəmə iddia tələbinin “dəymiş mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi əsas yəni “dəymiş maddi zərərin ödənilməsi” hissəsindən törəmə tələb olduğundan və həmin tələb təmin edilmədiyindən məhkəmə həmin hissədə iddia tələbini təmin etməməkdə haqlıdır. Tələbin vəkilə ödənilmiş xidmət haqqının iddiaçının xeyrinə tutulması hissəsində iddiaçı vəkillə bağlanmış müqaviləyə dair heç bir sübut (qəbz, müqavilə) təqdim etməmişdir bu səbəbdən tələbin qeyd olunan hissəsi də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü cavabdehin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri yəni Musa və Ruslan adlı adamların onun işçilərinin olmamasını, onun tapşırığı olmadan taxılın Bakı şəhərinə gətirilməsini sübut edə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-3276/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3276/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver