Məhkəmə qərarları › İş №e-2(007)-3285/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3285/2023

27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3285/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı olan “əmək kitabçasının birinci bölməsində yazılan adın doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsində yazılan adla eyni şəxs olması faktının müəyyən edilməsinə” dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək kitabçasının birinci bölməsində yazılan adın doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsində yazılan adla eyni şəxs olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ********* nömrəli şəxsiyyət vəsiqəsində yazılan X5, 315368 nömrəli doğum haqqında şəhadətnaməsində yazılan X5, 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X5, 813556 nömrəli ölüm haqqında şəhadətnamədə yazılan X5, ******* nömrəli hərbi biletdə yazılan X5, ******* nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X5 əmək kitabçasının birinci bölməsində yazılan X2 eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizəçinin həyat yoldaşı X6 xx.xx.1958-ci il tarixdə Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur. Ərizəçi Quliyeva (Ağcayeva) Nazilə Yunis qızı 24 yanvar 1984-cü il tarixdə ilə onunla nikah bağlayıb ailə qurmuş, nikahdan sonra ərizəçi Quliyeva soyadını seçmişdir. Onların nikahları Tovuz rayonunun X11 qeydiyyata alınmışdır. Birgə nikahlarından 3 övladı doğulmuşdur. Ərizəçinin həyat yoldaşı X6 04 iyun 2016-cı il tarixdə vəfat etmişdir.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göstərilən hüquq normasının tələblərinə uyğun olaraq həyat yoldaşı X5 vəfat etməsi ilə əlaqədar onun ailə başçını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ancaq vəfat etmiş həyat yoldaşı X5 adına 1979-cu ildə yazılan əmək kitabçasının birinci bölməsində (rekvizitləri rus dilində yazılmış bölməsində) adı səhvən Şəmsəddin, ikinci bölməsində (rekvizitləri azərbaycan dilində yazılmış bölməsində) isə tam doğru olaraq Şəmşəd yazılmışdır. Onun əmək kitabçasında yazılmış adda uyğunsuzluq ailə başçısını ititməyə görə pensiya almaq hüququna mane olur. Mərhum həyat yoldaşının əmək kitabçasının birinci və ikinci bölməsində adı ilə əlaqədar yazılmış səhv aradan qalırılmalıdır. Bu yanlışlıq yanlız məhkəmə qətnaməsi ilə aradan qaldırılmalıdır. Ərizəçi məhkəmənin nəzərinə çatdırır ki, həyat yoldaşı vəfat etməsi ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə müvafiq sənədləri, o cümlədən həyat yoldaşı X5 əmək kitabçasının təsdiq olunmuş kserosurətini Dövlət Sosial Müdafiəsi Fondunun 3 saylı DOST Mərkəzinə təqdim etmişdir. Ancaq həyat yoldaşının əmək kitabçasında yazılmış adda olan uyğunsuzluq buna mane olduğuna görə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ailə başçısını İtirməyə görə əmək pensiyası təyin edilməsi üçün uyğunsuzluğun aradan qaldırılması tövsiyyə olunmuşdur.

4. Daha sonra, yəni 16 dekabr 2022-ci il tarixdə o, ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək həyat yoldaşının digər sənədlərində və əmək kitabçasının ikinci bölməsində yazılan X5 əmək kitabçasının birinci bölməsində yazılan X2 eyni şəxs olması faktının müəyyən edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Ancaq Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-599/2023 saylı qərardadı ilə ərizəyə dair mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Eyni zamanda aidiyyəti orqana müraciət etmək izah edilmişdir. Qərardadda qeyd edilmişdir ki, əmək kitabçasında olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) barədə müraciəti müvafiq orqan tərəfindən mövcud sənədlər əsasında araşdırılmamış və araşdırma üzrə hər hansı qərar qəbul edilməmişdir. Belə olan halda ərizəminin hazırkı məhkəmədə baxılmalı olmaması götərilmişdir. İş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməli, ərizəçiyə aidiyyəti orqana müraciət etməli olması izah edilməlidir.

5. Bundan sonra həyat yoldaşı X5 adına yazılmış əmək kitabçasında, adında olan uyğunsuzluğun aradan qaldırılması məqsədilə: Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumlarının dövlət reyestrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (cavabı Ədliyyə Nazirliyi vermişdir); Azərbaycan Respublikasının Dövlət arxivinə müraciət edilmişdir. Qeyd edilən dövlət qurumlarından müsbət cavab verilməmişdir. X1 adına əmək kitabçasını yazmış 1979-cu ildən fəaliyyət göstərmiş və təxminən 1997-ci ildə fəaliyyətini dayandırmış Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyinin 3 saylı Tikinti Quraşdırma Trestinin 34 saylı Tikinti İdarəsinin hüquqi vəziyyəti (ləğvi və başqa müəssisəyə çevirilməsi, hal- hazırda fəaliyyət göstərməsi, arxiv sənədlərinin saxlanılması və s.) haqqında bizə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Ancaq əmək kitabçasında adda mövcud olan uyğunsuzluğun aradan qaldırılması mümkün olmamışdır. Yəni Azərbaycan Respublikası Sənaye Tikintisi Nazirliyinin 3 saylı Tikinti Quraşdırma Trestinin 34 saylı Tikinti İdarəsi haqqında hər hansı bir məlumatın əldə edilməsi mümkün olmamışdır. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə müvafiq dövlət qurumlarından aldığı sənədləri və digər sənədləri ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün o təkrar Dövlət Sosial Müdafiə Fondunun 3 saylı DOST Mərkəzinə müraciət etmiş ancaq həyat yoldaşının əmək kitabçasında yazılmış adda olan uyğunsuzluga görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mənə 3-17-7/2-Q- 217372/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.

6. Odur ki, ********* nömrəli şəxsiyyət vəsiqəsində yazılan X5; 315368 nömrəli doğum haqqında şəhadənaməsində yazılan X5; 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X5; 813556 nömrəli ölüm haqqında şəhadənaməsində yazılan X5; ******* nömrəli hərbi biletdə yazılan X5 və ******* nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X5 əmək kitabçasının birinci bölməsində vazılan X3 eyni səxs olması faktı məhkəmə qaydasında müəyyən olunmalı və bununla əlaqədar qətnamə qəbul edilməlidir.

Tətbiq edilən hüquq :

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə.

8. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı :

1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

9. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

10. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

11. Belə ki, ərizədən görünür ki, ərizəçi : 002291540 nömrəli şəxsiyyət vəsiqəsində yazılan X5; 315368 nömrəli doğum haqqında şəhadətnamədə yazılan X5; 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X5; 813556 nömrəli ölüm haqqında şəhadətnamədə yazılan X5; 3311910 nömrəli hərbi biletdə yazılan X5 ; 0390014 nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X5 əmək kitabçasının birinci bölməsində yazılan X4 eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqi əhəmiyyətli faktlar isə məhkəmə qaydasında o halda müəyyən edilir ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmadığından sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

13. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin iddia ərizəsində qeyd etdiyi sənədlərdə (doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsi) yazlan X5, əmək kitabçasının birinci bölməsində yazılan X4 eyni şəxs olması faktının müəyyən edilməsinə yol verilmədiyindən, həmçinin eyni şəxs olma faktının müəyyən edilməsi halı hüquqi nəticə doğurmayacağından ərizə iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.

14. Məhkəmə həmçinin bildirir ki, mülki prossesual qanunvericiliyin tələblərinə əsasən “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə haqqında” işlərə xüsusi icraat qaydasında baxılır. Lakin ərizəçi məhkəməyə ümumi əsaslarla müraciət etmişdir.

15. Həmçinin məhkəmə hesab edir ki, maraqlı şəxs tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD – 305013264; qəbz nömrəsi: 10783; büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2023, saat: 11:48) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.

Nəticə :

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı olan “əmək kitabçasının birinci bölməsində yazılan adın doğum haqqında şəhadətnamə, nikahın bağlanması haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, hərbi bilet və əmək kitabçasının ikinci bölməsində yazılan adla eyni şəxs olması faktının müəyyən edilməsinə” dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD – 305013264; qəbz nömrəsi: 10783; büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2023, saat: 11:48) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Nizami rayon məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar