Məhkəmə qərarları › İş №e-2(007)-342/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-342/2024

26.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-342/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şirinzadə Orxan (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 may 2022-ci il tarixdə iddiaçı Şirinzadə Orxanla (Shirinzadə Orkhan) cavabdeh "xxxx" MTK arasında 109 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MTK, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş Şirinzadə Orxana (Shirinzadə Orkhan) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 54-də olan qeyri-yaşayış sahəsinin söküntüsünü aparmağı və əvəzində MTK ona təmirli, müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşaayış sahəsi verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1 bəndində nəzərdə tutulmuşdur ki. "xxxx" MTK mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışı köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu qeyri-yaşayışı "xxxx" MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 (üç min beş yüz) AZN məbləğində icarə haqqı ödəyir. Mülkiyyətçi tərəfindən müqavilə bağlanan gün qeyri-yaşayış sahəsi "xxxx" MTK-ya təhvil verilmişdir. Lakin MTK-ya dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif bəhanələrlə icarə haqqını ödəmək öhdəliyini yerinə yetirmir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə MTK-ya yazılı pretenziya göndərilmişdir, lakin həmin müraciətə cavab verilməmişdir. Müqavilənin 2.1.1-ci bəndinə görə aylıq icarə haqqı 3500 (üç min beş yüz) AZN təşkil edir. Müqvilənin 13 may 2022-ci ildə bağlandığını və qeyri-yaşayış sahəsinin MTK-ya həmin gün təhvil verildiyini nəzərə aldıqda icarə haqqının ödənilməsi 17 (on yeddi) ay icra edilməmiş və borc (17 x 3500=59 500) əlli doqquz min beş yüz manat təşkil edir. Borcun gecikdirilməsinə görə illik beş faiz hesablandıqda "xxxx" MTK Şirinzadə Orxana (Shirinzadə Orkhan) əlavə 2975 (iki min doqquz yüz yetmiş beş) manat ödəməlidir. Beləliklə, MTK tərəfindən Şirinzadə Orxana (Shirinzadə Orkhan) 62 475 (altmış iki min dörd yüz yetmiş beş ) manat ödənilməlidir. Bundan başqa "xxxx" MTK-dan Orxan Şirinzadənin xeyrinə 278 manat dövlət rusumu və 200 ( iki yüz) manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" MTK-dan iddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) xeyrinə 13 may 2022-ci il tarixli 109 nömrəli müqavilənin 2.1.1-ci bəndinə əsasən gecikdirilmiş 59 500 (əlli doqquz min beş yüz ) manat icarə haqqı tutulması, cavabdeh "xxxx"MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödənişin gecikdirilməsinə görə 2 975 (iki min doqquz yüz yetmiş beş) manat faiz, cəmi "xxxx" MTK-ın üzərinə Şirinzadə Orxana 62 475 (altmış iki min dörd yüz yetmiş beş ) manat pul vəsaiti ödəmək öhdəliyinin qoyulması, cavabdeh "xxxx" MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödədiyi 278 manat dövlət rusumunu və 200 (iki yüz) manat hüquqi yardım haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, iddiaçının həmin ünvanda obyekti olmuş, cavabdeh isə orada qeyri-yaşayış sahəsi tikməyə başlamışdır. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini əldə etmiş, tikilib təhvil verilməsinə və 3500 manat icarə haqqı ödənilməsinə söz vermişdir. Onların arasında 2022-ci il tarixdə icarə haqqı ödənilməsini nəzərdə tutan müqavilə bağlanmışdır. Lakin cavabdeh icarə haqqının ödənilməsini gecikdirmiş, öz öhdəliyini yerinə yetirməkdən yayınmış və birbaşa kirayə haqqının ödənilməsi öhdəliyini icra etməmişdir. Uzun müddətdir ki, iddiaçıya icarə haqqı ödənilmir. Buna görə də, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, X2 "xxxx" MTK-ya qarşı mülkiyyətdə olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və iddia icraatı məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Bundan sonra "xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə, Şirinzadə Orxana qarşı “əvəzləşdirmə müqaviləsinin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab edilməsi və digər məzmunda dəyişdirilməsi” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia icraatı da məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən həmin iki mülki iş üzrə iddia tələblərinin təmin olunduğu halda icarə haqqı məbləği dəyişəcəkdir. Buna görə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində göstərilən mülki işlər üzrə yekun məhkəmə aktı çıxarılana qədər hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsində hazırki mülki iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 13 may 2022-ci il tarixli, 109 nömrəli əvəzləşdirmə müqaviləsinin surətindən görünür ki, "xxxx" MTK ilə Orxan Şirinzadə arasında əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 1 ünvanında yerləşən “Mülkiyyətçi”-yə məxsus faktiki sahəsi 1-ci mərtəbə - 155 m2, 2-ci mərtəbə (mansard) - 10 m2, zirzəmi - 45 m2 olan obyektin əvəzinə divaraltı sahə ilə birlikdə faktiki sahənin ölçü parametrlərinə uyğun olaraq güzəştli şərtlərlə "xxxx" MTK-nm inşa etdiyi yiiksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi -005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 m2 Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 m2 qeyri-yaşayış sahəsini və ölçüsü 40 m2 olmaqla bir qarajı “Mülkiyətçi”-yə verməyi öhdəsinə götürür. 1.2ci bəndinə əsasən, obyekt təhvil verildikdən sonra Çıxarış ilə Müqavilə arasında fərq yaranarsa tikinti şirkəti hər 1 m2 sahəyə görə mülkiyyətçiyə 15000 (on beş min) AZN ödəməyi öz öhtəsinə götürür. 2.1.1-ci bəndinə əsasən, mülkiyyətçini yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışı köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin edir, həmçinin, sahibi olduğu qeyri-yaşayışı Cavabdeh MTK-ya təhvil verdiyi gündən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 ( üç min beş yüz ) AZN məbləği ödəyir. 2.4.-cü bəndinə əsasən, "xxxx" MTK tərəfindən yeni inşa edilmiş binada “Mülkiyyətçi”-yə məxsus olan Azadlıq Prospekti 54 ünvanında 230 m2-dən ibarət təmirli qeyri-yaşayışı və ölçüsü 40 m2 olmaqla bir ədəd qarajı tələb etmək, yaşayış üçün təhlükəli olan mövcud binalardakı qeyri-yaşayışdan köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin olunmasını, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 3500 ( üç min beş yüz ) AZN məbləğində kirayə pulu tələb etmək mülkiyyətçinin hüquqlarıdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN: **********) ünvan 2 ünvanında qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 65.1 kv.m olan 3 otaqlı mənzil X2 (1 otaq) və X3 (2 otaq) paylı mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 04/3220 inventar nömrəli, xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, müqavilə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 54 ünvanında yerləşən 17 saylı ərzaq mağazasıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 54 ünvanında yerləşən, ümumi sahəsi 111.80 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmaqla, Şirinzadə Orxanın xüsusi mülkiyyətindədir. -05 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan və məktub və bağlamaların çatdırılması üzrə qəbzin surətindən görünür ki, iddiaçı Orxan Şirinzadənin vəkili və nümayəndəsi Nümayəndə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı cavabdeh "xxxx" MTK-ya müraciət etmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(006)- 5191/2023 saylı qərardadın surətindən görünür ki, X1 cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyətdə olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2(006)- 1218/2024 saylı qərardadın surətindən görünür ki, iddiaçı "xxxx" MTK-nın mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 cəlb edilməklə, cavabdeh Şirinzadə Orxana qarşı “əvəzləşdirmə müqaviləsnin 1.1 və 2.1.1-ci bəndlərinin etibarsız hesab edilməsi və sair” tələbinə dair ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. -09 oktyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 278 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı ilə Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş, bu qərarın icrası ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 05 sentyabr 2016-cı il tarixli müqavilə bağlanmış və "xxxx" MTKya Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Mirəli Qaşqay və Ruhulla Axundov küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirmək həvalə olunmuşdur. "xxxx" MTK söküntüsü nəzərdə tutulmuş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq 54 ünvanında yerləşən Şirinzadə Orxanın xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsi güzəştli şərtlərlə "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi -005 səviyyəsində 1.3 oxları ilə 3.7 oxlarının kəsişməsində və oxlardan kənarlarda 230 kv.m Azadlıq prospekti ilə Plotnikov küçələrinin kəsişməsində təmirli yeni inşa ediləcək binanın Azadlıq Prospekti küçəsinə baxmaq şərti ilə 230 m2 qeyri-yaşayış sahəsini və ölçüsü 40 kv.m olmaqla bir qarajı Şirinzadə Orxana verməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 350 (üç min beş yüz) manat məbləöində kirayə pulu verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Şirinzadə Orxan 09 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MTK-dan iddiaçının xeyrinə 13 may 2022-ci il tarixli 109 nömrəli müqavilənin 2.1.1-ci bəndinə əsasən gecikdirilmiş 59 500 (əlli doqquz min beş yüz ) manat icarə haqqının tutulması, cavabdeh "xxxx"MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödənişin gecikdirilməsinə görə 2 975 (iki min doqquz yüz yetmiş beş) manat faiz olmaqla, cəmi 62 475 (altmış iki min dörd yüz yetmiş beş ) manat pul vəsaitini Şirinzadə Orxana ödəmək öhdəliyinin "xxxx" MTK-ın üzərinə qoyulması, cavabdeh "xxxx" MTK-dan iddiaçı Şirinzadə Orxanın xeyrinə ödədiyi 278 manat dövlət rusumunu və 200 (iki yüz) manat hüquqi yardım haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya ödəməli olduğu icarə haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də icarəçi cavabdeh müqavilə üzrə icarəyə verəniddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, icarəçi cavabdeh yaranmış borc məbləğini ödəməlidir. Belə olan halda, iddia tələbi müqavilə üzrə gecikdirilmiş icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 467-ci madəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır, tərəflər arasında bağlanmış müqavilədə də bununla bağlı hər hansı razılaşma mövcud deyil, buna görə də borcun gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla iddiaçıya ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Məhkəmə, cavabdeh tərəfin məhkəmə iclasında icraatın dayandırılması ilə bağlı göstərdiklərinə münasibətdə isə hazırkı halda icraatın dayandırılması üçün əsasların mövcud olmadığı qənaətinə gəlmiş və 26 yanvar 2024-cü il tarixdə vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MTK-dan 59.500 manat məbləğində pul tutularaq iddiaçı Şirinzadə Orxana (Shirinzadə Orkhan) ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etdiyindən, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş iddiaçı tərəfindən ödənilmiş 278 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 200 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 59.500 (əlli doqquz min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Şirinzadə Orxana (Shirinzadə Orkhan) ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 278 (iki yüz yetmiş səkkiz) manat dövlət rüsumu və 200 (iki yüz) manat hüquqi görə ödənilmiş pul vəsaiti cavabdeh "xxxx" MTKdan tutularaq iddiaçı Şirinzadə Orxanın (Shirinzadə Orkhan) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar