Məhkəmə qərarları › İş №e-2(007)-3455/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3455/2025

19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3455/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul, əsassız varlanma”) İddiaçı Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Həmidulla oğlundan 9700 (doqquz yeddi yüz) manat, avtomobilə çəkdiyi 800 (səkkiz yüz) manat pulu, cəmi 10500 (on min beş yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 122 (yüz iyirmi iki) manat ödənilmiş dövlət rüsumu alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə avtomobil almaq məqsədi ilə Sumqayıt maşın bazarına gedib. Maşın axtarırdı, orada Cavabdehlə rastlaşıb. Onun satdığı “MERCEDES BENZ E240” minik markalı Ban nömrəsi WDB2100611A817310 olan avtomobili bəyənib və onu almaq qərarına gəlib Сavabdeh Cavabdeh ona həmin avtomobili 9700 (doqquz min) manata satıb, o da həmin məbləği ödəyib. Onunla maşının alqı-satqını rəsmiləşdirilməsi üçün notariat ofisinə gədiblər, lakin iş günü olmadığından alqı-satqını rəsmiləşdirə bilməyiblər. Mobil notariat vasitəsi ilə cavabdeh ona baş etibarnamə verib. 02 sentyabr 2025-ci ildə DYP-yə sənədləşmə üçün gedəndə DYP-dən ona maşının motoru və Ban nömrəsinin dəyişdirildiyi bildirilib. O, həmin avtomobilə 800 (səkkiz yüz) manat məbləğində xərc də çəkib. Belə ki, salon hissəsinə monitor, oturacağın üzlüyü və 4 ədəd təkər (600 manatdan) alıb. Cavabdeh onun pulunu qaytarmaqdan yayınır. Pulunu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehdən etibarnamə ilə avtomobil alıb. İddiaçı cavabdehə 9700 manat məbləğində pul ödəyib. 02 sentyabr 2025-ci ildə DYP-ə sənədləşmə üçün gedəndə X12 İdarəsindən iddiaçıya bildiriblər ki, avtomobilin mühərriki və Ban nömrəsi dəyişilib. Polis iddiaçının şəxsiyyət vəsiqəsini alıb və bu məsələnin aydınlaşdırılacağını bildirib. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə müraciət edib. Araşdırma Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Baş istintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin rəsi polis polkovniki Vüqar Əhədov tərəfindən aparılıb. Lakin iddiaçının müraciəti nəticəsiz qalıb, cinayət işi açılmayıb, sadəcə vətəndaş izahat verib. İddiaçı avtomobilə 800 manat xərc çəkib, avtomobilin təkərlərini dəyişib. Avtomobil üçün ehtiyat hissəsi, təkər alanda pulu nağd şəkilində ödəyirlər. Amma avtomobilin əvvəlki fotoşəkillərində salonun dağınıq, sökük vəziyyətdə olması görünür. Bu barədə fotoşəkillər, videoçəkiliş mövcuddur. Cavabdeh avtomobili başqa şəxsdən 11000 manat məbləğə aldığı halda, iddiaçıya 9700 manat məbləğinə satması avtomobilin problemli olduğunu göstərir. Avtomobilin mühərriki və Ban nömrəsi dəyişildiyinə görə hazırda Baş X11 İdarəsi avtomobili cərimə meydançasında saxlanılır. İddaçı avtomobili cavabdehdən alıb, cavabdeh isə avtomobili başqa şəxsdən etibarnamə ilə alıb. Cavabdeh iddiaçıdan 9700 manat almasını özü də qəbul edir. Səs yazıları, videogörüntülər də var.

5. Məhkəmə baxış iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında gəlməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahat verərək bildirmişdir ki, o, avtomobili bazardan alıb. Avtomobili aldığı adam tanıdığı şəxsdir. Mübahisə predmeti olan avtomobili 7 ay öncə satıb. İddiaçıdan 9700 manat pulu alıb, özünə xərcləyib.O, avtomobili aldığı şəxsdən pulu istəyib ki, iddiaçıya qaytara bilsin. Həmin şəxsdən pulu alsa, iddiaçıya qaytaracaq. İddiaçı ona 9700 manat pul verib, özü avtomobili 11000 manata alıb. Avtomobilin sahibi qonşudur, bazardan alıb. İddiaçının avtomobilə xərc çəkməsindən məlumatlı deyil. Avtomobilin problemlərinin olduğunu bilməyib, əgər bilsəydi, bu avtomobili almazdı. Onun iddiaçıya pul qaytarmağa imkanı yoxdur. O, avtomobili aldığı şəxsdən pulu alsın ki, iddiaçıya qaytara bilsin. Avtomobildə belə problemlər avtomobil alıcının adına rəsmiləşdiriləndə ortalığa çıxır. Avtomobilin cərimə meydaçasından götürülməsi üçün onlarla əlaqə saxlamağa çalışıb. O, avtomobili aldığı şəxsə zəng edib, nə edəcəyini soruşub. Onlar da razılaşdılar ki, avtomobili versinlər, onlar satsınlar. Avtomobil duracaqdadır.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək bildirmişdir ki, o, 1 il 25 gün əvvəl, yəni xx.xx.2024-cü ildə avtomobili Şahin adlı şəxsə satıb. Bu müddət ərzində onu məhkəməyə veriblər ki, avtomobilin Ban və motor nömrəsi səhvdir. O, avtomobili satandan sonra avtomobil 3 nəfərdə olub, 3 nəfər üçün etibarnamə dəyişib. Sadəcə avtomobili satdığı Şahin adlı şəxsi tanıyır. Şahin adlı şəxs Bərdə rayonunda yaşayır. O da avtomobili Bakı və Talış sakinlərinə satıb. O, avtomobili satanda əla vəziyyətdə idi. Hətta servisdə də yoxlanılıb. 2 ay olar ki, Şahin adlı şəxs ona zəng edərək avtomobildə problem olduğunu bildirib. O, həmin problemləri qəbul etmir, çünkü avtomobil onda olan zaman belə bir problem olmayıb. O, Yevlax Qeydiyyat-imtahan və texniki baxış şöbəsində (MERO) avtomobili öz adına rəsmiləşdirib. Avtomobil hazırda Baş X11 İdarəsindədir.

İş materialları:

8. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2025-ci il tarixli Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X7 “Mercedes Benz E240” minik markalı, WDB2100611A817310 Ban nömrəli, **********5512 mühərrik nömrəli, 1998-ci il buraxılışlı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh səlahiyyətlərini ötürüb, sonuncu da İddiaçı etibarnamə üzrə aşağıdakı səlahiyyətləri verib: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq. Etibarnamə xx.xx.2025-ci il, sat 23:59-dək qüvvədədir.

9. Din Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə Nömrə nişanı: 90KB530, Şəhadətnamə: BD262927, Markası: MERCEDES BENZ E240, B/ili: 1998, Rəngi: Tünd göy yaşıl metallik, Mühərrik: **********5512, Ban: WDB2100611A817310, Sahibi: X7. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında nəqliyyat vasitəsini təkrar qeydiyyat işlərin aparılması məqsədilə DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət etmişdir. Avtomobilin texniki müayinədən keçirilərkən ban nömrələrinin ətrafında qaynaq işlərinin aparılması, mühərrik nömrəsinin **********5488 olması tərəfilərindən aşkarlanıb. Göstərilənlər barədə avtomobilə müvafiq akt tərbb olunaraq AR DİN Baş X11 İdarəsinin "Siqnal" İLİİ-in mühafizə olunan duracağına saxlanılması üçün təhvil verilib.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Tətqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Daxil olmuş material üzrə aparılıb. “Mercedes Benz E240” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat sənədlərindən göründüyü kimi avtomobil 1998-ci il buraxılışlı olmaqla 27 ildir ki, istismar olunur. İddiaçı izahatında göstərmişdir ki, “Mercedes Benz E240” minik markalı, 9G-KB-530 dövlət qeydiyyat nişanlı, sedan tipli, **********5512 mühərrik nömrəli, WDB2100611A817310 ban nömrəli, tünd göy yaşıl metallik rəngli, 1998-ci il buraxılışlı avtomobil 11 may 2025-ci ildə Sumqayıt şəhərindən avtomobil bazarından avtomobilə etibarnamə əsasında sahib olan X1 9700 manata etibarnamə əsasında alaraq istismar edib. Avtomobili istismar etdiyi müddət ərzində avtomobilin gövdəsində heç bir dəyişiklik aparılmayıb. 02 sentyabr 2025-ci ildə avtomobili adına qeydiyyat etdirmək üçün BDYPİ-nin Qİİ-nə müraciət edib. Avtomobilə texniki baxış keçirilib və bu zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması və mühərrikin dəyişdirilməsi bildirilib, qeydiyyat hərəkətləri aparılmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 30 oktyabr 2025-ci il tarixli 3-13-11/2-12512/2025 nömrəli məktubundan görünür ki, BDYPİ-nin Siqnal İLİİ idarəsinin 15 saylı cərimə meydançasında olan “Mercedes Benz E240” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarını və mühərrik bölümünü açmaq mümkün olmadığından baxıs keçirib, tədqiq etmək mümkün olmayıb. Araşdırma zamanı müəyyən edilib ki, BDYPİ-nin texniki nəzarətçiləri tərəfindən avtomobilə baxış keçirilən zaman avtomobilin izlənilən detalı olan ban nömrəsi vurulması nəzərdə tutulan hissəyə, ban nömrəsinə müdaxilə edilməsi və ban nömrəsinin ətrafında qaynaq işləri aparılması, həmçinin mühərrikin dəyişdirilməsi aşkar edilib. Qəbul edilmiş standartlara əsasən avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Araşdırma zamanı avtomobilin mühərrk nömrəsinin kustar üsulla silindiyi müəyyən edilib. Araşdırma zamanı avtomobilin özünün və quraşdırılmış ehtiyyat hissələrinin cinayət yolu ilə əldə olunması faktı aşkar edilməyib. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin səlahiyyətlərinə daxildir. Göründüyü kimi “Mercedes Benz E240” minik markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin izlənilən detalı olan ban nömrəsi göstəricisinə müdaxilə edilib, həmçinin mühərrik dəyişdirilib. Avtomobildə ban nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır.

11. X2 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli AVU000417 saylı nisyə alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı X3 ilkin ödənişsiz aylıq 84 (sonuncu ay 80 manat) manat olmaqla, 6 ay müddətində 500 manat dəyərində avtomobil aksesuarı alıb.

12. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2025-ci il tarixli AVU000417 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən 500 manat ödəniş edilib.

13. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı etibarnamə əsasında “Mercedes Benz E240” minik markalı, WDB2100611A817310 Ban nömrəli, **********5512 mühərrik nömrəli, 1998-ci il buraxılışlı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 9700 manata alıb, sonuncu da həmin avtomobili başqa şəxsdən alıb, avtomobilin hazırki mülkiyyətçisi X6r. İddiaçı avtomobili öz adına rəsmiləşdirmək üçün BDYPİ-nin Qİİ-nə müraciət edib. Avtomobilə texniki baxış keçirilib və bu zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması və mühərrikin dəyişdirilməsi bildirilib, qeydiyyat hərəkətləri aparılmayıb. Bu səbəbdən iddiaçı hazırda avtomobilin alınması üçün ödədiyi 9700 manat və 800 manat avtomobilə əlavə çəkdiyi xərcin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edib. Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə, tərəflərin izahatlarını dinləyib nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir.

19. Əsassız varlanmanın baş verməsi üçün əsassız varlanan şəxsin başqa şəxsin hesabına əmlak əldə etməsi ilə yanaşı, bu əmlakı heç bir qanuni əsas və ya müqavilə əsası olmadan əldə etməsi də müəyyən edilməlidir. İşin halların ilə müəyyən edilir ki, hazırda tərəflər arasında “Mercedes Benz E240” minik markalı, WDB2100611A817310 Ban nömrəli, **********5512 mühərrik nömrəli, 1998-ci il buraxılışlı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı müqavilə olmayıb, avtomobil faktiki olaraq iddiaçıya satılsa da, bununla bağlı müəyyən edilmiş formaya əməl edilməyib.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Həmin Məcəllənin 337.4.-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Göründüyü kimi, tərəflər öz arasında bağlanmış şifahi alğı-satqı müqaviləsini cavabdeh tərəfindən iddiaçıya avtomobilə dair baş etibarnamə verilməklə pərdələyiblər. Buna görə də, bu cür rəsmiləşdirmə onlar üçün heç bir hüquqi nəticə yaratmır. Buna baxmayaraq, işin təsdiq olunan hallarından biri iddiaçının cavabdehə mübahisəli avtomobili almaq üçün 9700 manat verməsi faktıdır. Cavabdeh həmin halı mübahisələndirməyərək, etiraf etmişdir.

23. Müəyyən edilmişdir ki, İddiaçı etibarnamə əsasında “Mercedes Benz E240” minik markalı, WDB2100611A817310 Ban nömrəli, **********5512 mühərrik nömrəli, 1998-ci il buraxılışlı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 9700 manata alıb, sonuncu da həmin avtomobili başqa şəxsdən alıb, avtomobilin hazırki mülkiyyətçisi X6r. İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyatdan keçirərkən, onun ban və mühərrikin dəyişdirildiyi aşkar olunmuş, avtomobil ondan alınaraq, cərimə meydançasına təhvil verilmişdir.

24. Məhkəmə qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, mübahisəli avtomobilin satılmasının lazımı forma və qaydasına riayət olunmadığı, habelə, onu üçüncü şəxslərin hüquqlarından azad şəkildə iddiaçıya vermədiyi üçün, cavabdeh iddiaçıdan aldığı pul məbləğinə münasibətdə əsassız varlanmış şəxsdir və buna görə də, aldığını olduğu kimi ona qaytarmalıdır. Belə ki, cavabdeh etibarnamə ilə ona verilmiş səlahiyyətləri olduğu kimi iddiaçıya ötürüb, müvafiq qeydiyyat orqanında lazımı şəkildə hər hansı alğısatqı proses baş tutmayıb. Odur ki, iddia avtomobilin dəyəri kimi ödənilmiş pulun tutulması hissəsində təmin edilməli, cavabdehdən 9700 manat alınaraq, iddiaçıya ödənilməlidir.

25. Məhkəmə iddia tələbinin “avtomobilə çəkilmiş 800 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbindən avtomobil üçün salon hissəsinə motor, oturacaq üzlüyü və 4 ədəd təkər aldığını qeyd edib və məhkəməyə X2 ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixli AVU000417 saylı nisyə alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədləri təqdim edib. Həmin sənədlərlə müəyyən edilir ki, iddiaçı X3 ilkin ödənişsiz aylıq 84 (sonuncu ay 80 manat) manat olmaqla, 6 ay müddətində 500 manat dəyərində avtomobil aksesuarı alıb və 500 manat ödəniş edilib.

26. Göründüyü kimi, həmin müqavilənin predmeti avtomobil aksesuarları olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Hazırda avtomobil aksesuarlarına hansı əşyaların daxil olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməsə də, iddiaçının ərizədə göstərdiyi əşyalar avtomobilin ayrılmaz hissələri hesab edilmir və iddiaçı həmin əşyaların dəyərinin tələb edilməsi üçün hazırki halda əsaslar müəyyən edilməyib. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9700 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 122 manat dövlət rüsumu ödənilmişdir.

31. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumunun 112,70 manatı cavabdehə, 9,3 manatı iddiaçının özünə aid edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 9700 manat məbləğində pul və ödənilmiş 112,70 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 9,3 manatı İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar