Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3769/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili- Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili X1 və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilə bitişik torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında Cavabdeh mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsindən 20 faiz artıq olmaqla yeni mənzilin İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, ona hər ay üçün 400 (dörd yüz) manat pulun iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MTK-nın nümayəndəsi və vəkili X5 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilin (154 kv.m sahəli) boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında Cavabdeh mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsi ilə eyni sahəli və əlavə 20 faiz artıq sahəsi olmaqla yeni mənzilin İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, ona hər ay üçün 500 (beş yüz) manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi istifadəyə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamına əsasən yuxarıda qeyd olunan ünvana dair sərəncam və 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. ünvan 1, 1 saylı mənzil cavabdehə məxsusdur. Həmçinin cavabdeh Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli 729 saylı sərəncamı əsasında mənzilin sahəsinin artırılmasını aparmışdır, mənzilə dair çıxarışda həmin sahə nəzərə alınmışdır. Mənzilə dair cavabdehin adına olan 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 154,0 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019cu il tarixli qərarına əsasən: “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respüblikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 26 saylı evin sökülməsi qərara alınmışdır. Binanın sokülməsi və yerində yeni binanın tikintisi İddiaçı tərəfindən həyata keçirilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, şirkətin nümayəndələri dəfələrlə cavabdehin ünvanına getmişlər, lakin cavabdeh onların etdiyi təkliflə razılaşmır, hal-hazırda həmin ünvandan köçürülməmiş iki vətəndaş qalmışdır. MTK mənzilin ümumi sahəsini müəyyən edərək, həmin sahənin 20 faizi miqdarında əlavə sahə verir. Onlar cavabdehə təmir işləri apararkən onun özünün təklif etdiyi materiallardan istifadə etmələrinin mümkün olmasını da bildirmişlər. Bundan əlavə, onlar bina sakinlərinin bəzilərinə evin hər kvadrat metrini ***-**** manata, bəzilərinə isə hazır mənzil təklif etmişlər. O cümlədən, cavabdehin əmlakına görə 750.000 manat məbləğində pul vəsaitini tələb etməsi orta bazar qiyməti ilə uyğunluq təşkil etməməklə yanaşı, ağlabatan deyil və əsassız varlanma məqsədi daşıyır. Cavabdehə isə hazır təmirli mənzil və hər ay 500 manat kirayə pulu təklif edirlər. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi X6 iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, o, cavabdehin əridir. ünvan 1, 1 saylı mənzil cavabdehə məxsusdur. Həmçinin, cavabdeh Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli, 729 saylı sərəncamı əsasında mənzilinin sahəsinin artırılmasını aparmışdır, mənzilə dair çıxarışda həmin sahə nəzərə alınmışdır. Mənzilə dair cavabdehin adına olan 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, mənzilin sahəsi 154,0 kv.m göstərilmişdir. Lakin texniki pasportda ərazi 240 kv.m qeyd edilmişdir. Digər qonşularda olan şərait isə onda olan şəraitə uyğun deyil. Qonşulara 42 kv.m sahənin əvəzinə 80 kv.m sahəli mənzil verildiyinə görə MTK ilə razılığa gəlmişlər. O, MTK-nın etdiyi təkliflə ona görə razı deyil ki, onun evi birinci mərtəbədə olduğu üçün obyekt kimi istifadəyə uyğundur, çünki o, həm iş şəraiti, həm də yaşayışı üçün bütün şəraiti yüksək səviyyədə özü üçün tikib, qurmuşdur. Onun evi 240 kv.m təşkil edir, 2005-ci ildə evini müasir standartlara uyğun olaraq təmir etdirmişdir. O, mənzilin sahəsinin 1 kvadrat metrini 3000 manatdan hesablayır, ona görə ki, onun evi birinci mərtəbədə olduğu üçün, gələcəkdə MTK həmin yeri obyekt kimi istifadə edəcək. O, əmlakının müqabilində MTK-dan 750.000 manat pul tələb edir, lakin MTK-nın nümayəndələri onun bu təklifi ilə razılaşmır. Buna görə də, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən, 70,8 kv.m yaşayış sahəsi və 83,2 kv.m yardımçı sahə olmaqla, ümumilikdə 154,0 kv.m ümumi sahədən ibarət 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına 26 dekabr 2013-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır; -Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamının surətindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 08 aprel 2014-cü il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə tapşırılmışdır; -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1063 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 1,9276 hektar torpaq sahəsi yaşayış binalarının tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir; -Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 05 mart 2018-ci il tarixli, 104 saylı sərəncamının surətindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" Mənzil Tikinti Kooperativinin 21 fevral 2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı Mənzil Tikinti Kooperativinin adına rəsmiləşdirilmişdir; -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İddiaçı MTK-ya ünvanladığı 10 iyun 2021-ci il tarixli, XO-02-2021-01671 saylı məktubdan və ona əlavə edilmiş 10 iyun 2021-ci il tarixli Tİ-53/21 nömrəli tikintiyə icazə sənədinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400-cü məhəllədə inşası nəzərdə tutulan yaşayış (Baş plan üzrə 3 saylı) binasının tikintisinə dair verilmiş 10 iyun 2021-ci il tarixli Tİ-53/21 nömrəli tikintiyə icazə sənədinin surəti İddiaçı MTK-ya təqdim edilmişdir. Tikintiyə icazədə nəzərdə tutulmuş məlumatlar Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilmişdir, tikintiyə icazə sənədinin surəti nəzarət və məlumat üçün müvafiq qurumlara göndərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan X4 mülkiyyətindəki ünvan 3 saylı evin 1 saylı mənzilinin yerləşdiyi, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı Mənzil Tikinti Kooperativinə tapşırılmışdır. İddiaçı MTK Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən yaşayış binasının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün binanın əksər mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etsə də, cavabdeh X7 iddiaçı ilə razılığa gələ bilməmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən ünvan 1, 1 saylı 154 kv.m sahəli mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında cavabdehin mənzilinin sahəsi ilə eyni sahəli və əlavə 20 faiz artıq sahəsi olmaqla yeni mənzilin cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə ona yeni mənzil təqdim edilənədək, hər ay üçün 500 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2 və 4.2.1-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi ifadəsindən göründüyü kimi, iddiaçı cavabdehə onun 154,0 kv.m təşkil edən 1 saylı mənzilinin sökülərək ünvan 3 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni yaşayış binasında, 20 faiz əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 500 manat kirayə haqqı ödənilməklə, cavabdehin 1 saylı mənzilindən çıxarılmasını bildirməklə faktiki olaraq cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi ünvan 3 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir. Buradan da müəyyən olunur ki, cavabdehin ünvan 3 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh ünvan 3 saylı evin 1 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 6-cı bəndinə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). X3 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 29-cu maddəsinin 5 və 6-cı bəndlərinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinin 2-ci bəndinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli qərarında “Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və onun protokollarının təfsir və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıdığına görə Azərbaycan Respublikasının yurisdiksiyası altında olan insanların “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqların təmin edilməsi” məhkəmələrə tövsiyyə olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmusdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). X10 Hüquqları Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, Mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uygun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə onu da nəzərə alır ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 3 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzili sökülməli, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsindən 20% artıq sahəli təmirli mənzil verilməli, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzili boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzili sökülsün, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsindən 20% artıq sahəli təmirli mənzil verilsin. Yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3769/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3769/2021
18.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver