Məhkəmə qərarları › İş №e-2(007)-3808/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3808/2024

25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3808/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Məhəmmədli oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh Məhəmmədli oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, əldən çıxmış faydanın, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhəmədəli oğlundan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* saylı, 05 mart 2018-ci il tarixli Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.10137 ha torpaq sahəsində olan ümumi sahəsi 871,7 kv.m qeyri-yaşayış sahəsinin boşaldılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 05 mart 2018-ci il tarixdən boşaldıldığı tarixədək hər ay üçün əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pul, maddi ziyana görə 10000 manat pul, mənəviziyana görə 10000 manat pul, dövlət rüsumunun əvəzi olaraq 500 manat məbləğində pulcavabdehdən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizənin məhkəmə icraatının mümkün hesab edilməsini və onun qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin fərdi sahibkar olub-olmaması haqqında onda məlumat yoxdur. Hazırkı iddianın əsası əmlakın boşaldılmasıdır və həmin iddia kommersiya mübahisəsi deyil. İddiaçı 2018-ci ildən əmlakından məhrum olması nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olub, həmçinin ona maddi və mənəvi ziyan dəyib. Cavabdehin VÖEN-i olsa belə, tərəflər arasında sahibkarlıq münasibəti yoxdur. Məhkəmə iclasında Cavabdeh Məhəmmədli oğlu bildirdi ki, o, 2005-ci ildən əmlakı Nizami Bələdiyyəsindən icarəyə götürüb. Həmin əmlak 2030-cü ilədək onun istifadəsinə verilib, o, 600000-700000 manat pul xərcləyərək, həmin ünvanda 850 kv.metrlik obyekt tikib. Obyekt hazırda da fəaliyyət göstərir, o dövlətə vergi də ödəyir. Ona 100000-150000 manat pul təklif edilsə də, o, həmin məbləğlə razılaşmır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin mümkünlüyü məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, hazırda cavabdeh mübahisəli əmlaka qeydiyyata düşüb. Bakı İnzibati Məhkəməsinin icraatında qeydiyyatın mübahisələndirilməsi ilə bağlı müvafiq iş vardır. Məhkəmə tərəfləri dinləyib, hesab edir ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hüquqi şəxs (VÖEN:**********), Cavabdeh Məhəmmədli oğlu (VÖEN: **********) fərdi sahibkar olmaqla aralarında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, iddiaçı tələbində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılmasını və s. tələb etmiş, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh fərdi sahibkar kimi ünvan 2 ünvanda qeydiyyata alınmışdır. İş materiallarına əsasən tərəflər arasındakı mübahisə həmin əmlakla bağlıdır. Hazırkı iş üzrə tərəflər arasında yaranan hüquq münasibətləri xarakterinə görə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlərə uyğun gəlir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-153, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh Məhəmmədli oğluna qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, əldən çıxmış faydanın, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr ilə bağlı qanunvericiliyin müvafiq tələblərinə əməl etdikdən sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar