Məhkəmə qərarları › İş №e-2(007)-40/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-40/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-40/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1942,00 (bir min doqquz yüz qırx iki) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtonəqliyyat vasitəsilə ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində Quba rayonu, Heydər Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən fərdi yaşayış evinə zərər dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Tərtib olunmuş zərər aktlarına əsasən dəymiş ziyanın ümumi miqdarı 1942,00 (bir min doqquz yüz qırx iki) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən 1942,00 (bir min doqquz yüz qırx iki) manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, onun qohumubacısı oğlu X2 xx.xx.2018-ci il tarixində Mercedes Benz-240 markalı avtomobilini Quba rayon sakini X5 Şirvan şəhəri notariat kontorunda baş etibarnamə ilə satmış, bacısı oğlunun şəhər qeydiyyatı olmadığı və şəhərə tez-tez gəldiyinə görə o, **-NM-*** nömrəsini alıb maşını da baş etibarnamə ilə ona vermişdir. Notariat qanununa görə maşının sahibi Cəfərov Şəhriyar ondan izin almadan maşını sata və ya hədiyyə verə bilər. Bir ildən sonra etibarnamənin vaxtı qurtardığından xx.xx.2019-cu ildə X5 maşını öz adına keçirmək üçün baş etibarnamə vermiş, xx.xx.2020-ci il tarixində Orucov Dəyanətin atası heç bir etibarnaməsi olmadan avtomobili idarə edərək hadisə törətmişdir. O, Orucov Dəyanətin atası Cavabdeh2 tanımır və görməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. O, ekspertizanın aparılmasından imtina edilməsinə münasibətdə bildirdi ki, əməkdaşlar az olduğundan və iş yükünün çoxluğundan onlar rayonlara səfər edə bilmirlər. Buna görə də ekspert baxış keçirərkən orada iştirak edə bilməmişlər. O, xx.xx.2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olduğunu qeyd etdi. Həmçinin bildirdi ki, daşınmaz əmlaka və “VAZ 21074” markalı avtomobilə sərbəst ziyan aktlarında 1768 manat məbləğində ziyan göstərilmiş, ziyanla bağlı "xxxx" MMC tərəfindən daha atrıq zərər müəyyən edilməsinə baxmayaraq, onların razılaşması ilə məbləğ 1100 manata endirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizələr ünvanlayaraq bildirmişdir ki, onun 81 yaşı var. O, xx.xx.2022-ci il tarixdə nəvəsini məktəbdən gətirdiyi zaman idarə etdiyi maşının sol arxa krilasını arxadan gələn maşın vurub səkinin solunda olan evin divarına çırpmışdır. O və nəvəsi bərk qorxmuşdur. Onun nəvəsinin qışqırığına və onun həyəcanına görə yoldan keçən sakinlər kömək edib onları sakitləşdirmişlər. Sonra isə onun avtomobilini cərimə meydançasına aparmışlar. Digər şəxs isə öz avtomobilinə minib getmişdir. O, evi sahibini və sürücünü bu günə kimi tanımır. Həmin maşının sol kriladan başqa heç yeri əzilməmişdir. Deyilənlər yalan və böhtandır. Əgər, maşın əzilmişdirsə, cərimə meydançasına aparılmalı idi. Onun həmin hadisədə heç bir günahı olmamışdır. O, çağırışlara gəlməməyinin səbəbi barədə qeyd etmişdir ki, o, ev şəraitində müalicə alır, onun gözləri çox zəif görür, bərk əsəb keçirmişdir. Onun səhhəti gəlməyinə imkan vermir. O, 100-200 metr məsafə belə gəzə bilmir. Bütün bunlara görə gələ bilmir və məhkəmədən üzr istəyir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etmədiyini, iddia tələbində qeyd olunan məbləğ ilə, xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı etibarnaməmin vaxtı bitdiyindən cərimələnmiş və onun tərəfindən cərimə məbləği ödənilmiş, etibarnamə əsasında aldığı maşını artıq satmışdır. O, nəvəsini məktəbdən gətirərkən arxadan başqa bir avtomobil onun avtomobilini vurmuşdur. Hadisə vaxtı nəvəsi də yanında olmuş və başı ona qarışmışdır. O, Cavabdeh1 tanımır, hadisə bir il bundan öncə olmuş və o, heç kəs pul ödəməmişdir. Yaşayış evinin təkcə suvağı düşmüşdür. Saatda 50 ilə gələn maşın məni vurub və maşın o cür divara çırpıla bilməz. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, bu hadisədən xəbəri olmamış, maşını etibarnamə ilə başqa qohumuna vermiş, hadisədən sonra yeni etibarnamə verilmişdir. O, sürücü Cavabdeh2 tanımır, Cavabdeh2 oğlu Orucov Dəyanətə öz adına keçirmək üçün etibarnamə vermiş, həmin avtomobili etibarnamə əsasında başqa şəxsə satmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixində ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtomobil ilə yolnəqliyyat hadisəsi törədərək ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə və Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən yaşayış evinə zərər vurulmuşdur. Hadisə zamanı Cavabdeh2 müddəti bitmiş etibarnamə ilə avtomobili idarə etmiş, xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokola əsasən Cavabdeh2 İXM-nin 327.1-ci, 332.1-ci, 327.2-ci, 332.2-ci və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktı ilə ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 1768 manat müəyyən edilsə də, "xxxx" ASC tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə hesabat və onun tərəfindən tərtib edilmiş sığorta aktı ilə zərər məbləği və sığorta ödənişi 1012 manat qeyd edilmiş, sığorta ödənişi zərərvurulmuş avtomobilin sahibinə ödənilmişdir. Eyni zamanda Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanına dəymiş ziyanın hesablanması barədə xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair müstəqil ekspert rəyi ilə həmin ünvana 930 manat zərər dəyməsi müəyyən olunmuşdur. Hazırda iddiaçı tərəfindən qeyd olunan 1942 manat məbləğ və 30,40 manat dövlət rüsumun cavabdehlərdən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 9/8600 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1991-ci il buraxılışlı ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1708,50 manat müəyyən edilmişdir. Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanına dəymiş ziyan məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubdan görünür ki, iş üzrə tərəflər təyin olunan yerə gəlmədiklərindən tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi, həmin obyektə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə ilk öncə iddia tələbinin “Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında pulun tutulması” hissəsinə münasibətdə bildirir ki, ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtomobil Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə 1 il müddətinə Cavabdeh2 oğlu X1 məqsədi ilə etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə hadisə baş verdiyi anda avtomobil Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunduğundan və onun tərəfindən hadisə törədildiyindən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır və ona aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfində idarə edilən ** NM *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 240” markalı avtomobil vasitəsilə ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə və Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən yaşayış evinə zərər vurulmuşdur. Hadisə zamanı Cavabdeh2 müddəti bitmiş etibarnamə ilə avtomobili idarə etmişdir. İddiaçı tərəfindən ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə dəymiş ziyan üçün 1012 manat, Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən yaşayış evinə dəymiş ziyan üçün 930 manat ödəniş edilmişdir. ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, bununla bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə hazırda hesab edir ki, avtomobilə dəymiş zərərin məbləği müəyyənləşdirilərkən iddiaçının iddia tələbində qeyd olunan məbləğ nəzərə alınmalıdır. Məhkəmə Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən yaşayış evinə dəymiş ziyana münasibətdə bildirir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, ekspert tərəfindən rəy verilməsindən tərəflər baxış zamanı iştirak etməmələri səbəbindən imtina edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş materiallar və sənədlər ilə həmin evə 930 manat zərər vurulduğu müəyyən edilmişdir. Bütün bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə Quba rayonu, H.Əliyev prospekti, Azadlıq 23 ünvanında yerləşən yaşayış evinə dəymiş ziyana görə 930 manat və ** KM *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı avtomobilə dəymiş ziyana görə 1012 manat olmaqla cəmi 1942 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30,40 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh2 tutularaq məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat vəsait Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 1942 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 1942 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100,00 manat pul Cavabdeh2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar