Məhkəmə qərarları › İş №e-2(007)-4042/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4042/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4042/2021 13.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** ND *** dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** JO *** dövlət qeydiyyat nişanlı “Zaz Sens TF55YO” markalı avtonəqliyyat vasitəsinə 07.11.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh2 barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini idarə edən zaman etibarnaməsi olmamışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JO *** dövlət qeydiyyat nişanlı “Zaz Sens TF55YO” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 4229,37 (dörd min iki yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 18.01.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyan üzrə 4229,37 (dörd min iki yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 4229,37 (dörd min iki yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlərə dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4229,37 (dörd min iki yüz iyirmi doqquz manat otuz yeddi qəpik) manat sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, o, mülkiyyətində olan ** ND *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsini tanışı olan Cavabdeh2 nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamə əsasında vermişdir. ** ND *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsinə dair verilmiş etibarnamənin müddətinin keçməsi ilə əlaqədar dəfələrlə Cavabdeh2 məlumat verərək bildirmişdir ki, bəhs olunan etibarnamənin müddəti keçmişdir və avtonəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Sonuncu dəfə 2020-ci ilin noyabr ayında Cavabdeh2 xəbərdar etmişdir ki, etibarnaməni yeniləyənədək avtomobili idarə etməsin. Lakin, Cavabdeh2 işlərini əsas gətirərək etibarnaməni yeniləməyə vaxtının olmadığını bildirmişdir. Avtomobili hazırda idarə etmədiyini, imkan tapan kimi etibarnaməni yeniləmək üçün əlaqə saxlayacağını bildirmişdir. 07 noyabr 2020-ci il tarixdə ona məxsus Cavabdeh2 tərəfindən idarə edilən ** ND *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı avtonəqliyyat vasitəsi ilə ** JO *** dövlət qeydiyyat nişanlı “Zaz Sens TF55YO” markalı avtonəqliyyat vasitəsi arasında yolnəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən sürücü Cavabdeh2 barəsində inzibati tənbeh vermə haqqında qərar tətbiq olunmuş, sürücü cərimə edilmişdir və məlum olmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etmişdir. "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli sığorta aktına əsasən 4229,37 manat məbləğində sığorta ödənişini zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və zərər ödənilmişdir. Daha sonra "xxxx" ASC ödədiyi məbləğin subroqasiya qaydasında ondan və Cavabdeh2 tutulması barədə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qismində onun da göstərilməsi qanunsuz və əsassızdır. Buna görə də, iddia tələbinin ona aid hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddinın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, o, iddia tələbini ümumiyyətlə qəbul etmir, iddiaçı tərəfindən tələb olunan pul məbləğinə gəldikdə isə tamamilə şişirdilmiş məbləğdir. Belə ki, nəqliyyat vasitəsinin “VAZ 21074” markalı nəqliyyat vasitəsinin sadəcə qanad hissəsinin rənglənməsinə 800 manat pul hesablanıb, hansı ki, bu məbləğ məntiqə sığmır. Çünki o, öz şəxsi istifadəsində olan “Prado” markalı nəqliyyat vasitəsinin ümumilikdə rənglənməsinə 1200 manat pul ödəmişdir. Buna görə də, etirazında qeyd etdiklərini nəzərə alaraq, ona münasibətdə əsassız iddianın təmin edilməməsini xahiş eti. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, cavabdehin etirazını mülki işin materialları ilə birlikdə araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kürdəmir RPİ-nin DYPB-nin əməkdaşı tərəfindən tərtib edilmiş 09 noyabr 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “VAZ 21074” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən Cavabdeh2 07 noyabr 2020-ci il tarixdə saat 17:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 09 noyabr 2020-ci il tarixli qərarla törədilmiş inzibati xətaya görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir; -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin kasko sığorta şəhadətnaməsinin surətindən görünür ki, “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02 fevral 2020-ci il saat 00:00-dan 01 fevral 2021-ci il saat 23:59-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi, azadolma məbləği 100 manat nəzərdə tutulmuşdur; -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 yanvar 2021-ci il tarixli sığorta aktından görünür ki, ** ND *** dövlət qeydiyyat nişanlı “VAZ 2107 minik” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh2 07 noyabr 2020-ci il tarixdə “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 4229,37 manat müəyyən edilmişdir; -"xxxx" MMC-nin 15 yanvar 2021-ci il tarixli qüsur aktından görünür ki, “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 4329,37 manat təşkil edir; -27 yanvar 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 4329,37 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 11 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, onlar həyata keçirilən 4229,37 manat sığorta ödənişini ödəməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar; -AB seriyalı 658279 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ND *** dövlət qeydiyyat nişanlı “VAZ 21074” markalı minik avtomobilinin sahibi Cavabdeh1dur; -AC seriyalı 824902 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi "xxxx" QSC-dir; - 10 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0,40 manat xidmət haqqı tutulmuşdur; Məhkəmə iclasında müəyyən edildi ki, “VAZ 21074” markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobill mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh2 07 noyabr 2020-ci il tarixdə saat 17:10 radələrində etibarnamə olmadan həmin avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun barəsində 09 noyabr 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin tarixli qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin qüsur aktına əsasən “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 4329,37 manat məbləğində hesablanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta aktına əsasən sığortalı ** ND *** dövlət qeydiyyat nişanlı “VAZ 21074 minik” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh2 07 noyabr 2020-ci il tarixdə toqquşduğu “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 4229,37 manat müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh2 Cavabdeh1 mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına qüvvədə olan etibarnaməsi olmadan idarə etdiyi ** ND *** dövlət qeydiyyat nişanlı “VAZ 2107 minik” markalı avtomobillə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kasko sığorta müqaviləsinə əsasən sığortalanmış “ZAZ SENS TF55YO” markalı ** JO *** dövlət qeydiyyat nişanlı avtomobillə 07 noyabr 2020-ci il tarixdə toqquşmuş, həmin avtomobilə maddi ziyan vurulmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 4229,37 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. Bununla da, iddiaçının cavabdehlərdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 4229,37 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 4229,37 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar