Məhkəmə qərarları › İş №e-2(007)-419/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-419/2024

01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-419/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 24000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 162 manatın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və münasibətdə olduğu Cavabdeh aralarında olan şifahi razılaşmaya əssasən “Reno Megan” markalı avtomobil almış və hər gün 20 manat ödəmək şərti ilə ümumilkdə 24.000 manat pul ödəmişdir. Həmin pulu Cavabdeh ödəniş terminallları vasitəsi ilə göndərmiş və həmin qəbzləri işə əlavə etmişdir. Sonradan sözügedən ödənişlərdə 5 gün gecikmə olmuş və 5 gündən sonra həmin gecikməni də ona ödəmişdir. Bu səbəbdən cavabdeh onu Bakı şəhərinə çağırmış və avtomobili əlindən almışdır. Həmin vaxt yanında şahidləri də olmuşdur. Bundan sonra onun ona ödədiyi pulu dəfələrlə tələb etməsinə baxmayaraq hər dəfə bir bəhanə ilə qaytarmaqdan yayınmışdır. Beləliklə cavabdehin ona 24.000 manat məbləğində borcu yaranmışdır. Bir neçə dəfə cavabdehə pulu ödəməsini tələb etsə də, o, ona yalan vədlər vermiş və onu aldatmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.

İş materialları :

3. İş materiallarına İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ödəniş edildiyini təsdiq edən xeyli sayda qəbzlər əlavə edilmişdir.

4. İş materiallarına cavabdeh tərəfindən əl yazısı ilə yazılan iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləği vəs. əks olunmuş vərəqə əlavə edilmişdir. Həmin vərəqədə cavabdeh iddiaçı tərəfindən ona maşına görə 17600 manat məbləğində pul vəsaitinin ödənildiyi, maşının 10000 manata alındığı barədə qeydlər edilmişdir.

5. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sisitemindən çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir.

6. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Ağcəbədi Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizədən görünür ki, Cavabdeh VAZ 21214 minik, istehsal ili: 2014, mühərrik nömrəsi 0581917, BAN nömrəsi XTA212140E2182678, dövlət qeydiyyat nişanı **-HJ-*** olan avtomobilin cavabdehlər X3 və İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə çıxarılması ilə bağlı Ağcəbədi Rayon Məhkəməsinə müraciət etmişdir.

7. Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(017)-198/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı “VAZ 21214 minik” markalı, istehsal ili 2014, mühərrik nömrəsi 0581917, BAN nömrəsi XTA212140E2182678, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1183 nömrəli rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş qəbzlər üzrə İddiaçı tərəfindən Cavabdeh kart hesabına köçürülən pulun məbləği 21.689,00 manat məbləğində müəyyən edilmişdir. 20062844 nömrəli kart hesabına – 21.319 manat 4203 xxxx xxxx 3039 nömrəli kart hesabına- 370 manat.

9. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatından görünür ki, Cavabdeh mülkiyyətində 11 nəqliyyat vasitəsi vardır.

10. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatından görünür ki, Cavabdeh adına xx.xx.2023-cü il tarixdə VÖEN açılmışdır. Fəaliyyət istiqaməti avtomobillərin komisyon agentləri tərəfindən pərakəndə satışı olaraq müəyyən edilmişdir.

11. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatından görünür ki, İddiaçı adına xx.xx.2016-cı il tarixdə VÖEN açılmışdır. Fəaliyyət istiqaməti baytarlıq məmulatlarının pərakəndə satışı olaraq müəyyən edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 162 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı X5 cavabdehdən iki maşın almışdır. O hər iki maşını onda qalması şərti ilə almışdır. Hər iki maşına görə ilkin ödəniş qismində 1500 manat pul ödəmişdir. Avtomobilləri alarkən avtomobillərin dəyəri tərəflər arasında qiymətləndirilməmişdir. Avtomobilin alqı-satqısı zamanı tərəflər 30 ay müddətinə hər gün 20 manat ödəmək şərti ilə razılaşmışlar. Lakin qiymət müəyyən edilməmişdir. 30 ay müddət qurtardıqdan sonra həmin avtomobillər iddiaçıda qalmalı idi. O, ilkin olaraq “Reno” markalı avtomobili almış, 2-3 ay sonra, fevral ayında isə “Niva” markalı avtomobili almışdır. İddiaçı “Reno” markalı maşını özü sürmək üçün almış, “Niva” markalı maşını isə atası üçün almışdır. “Niva” markalı maşından əsasən ova getmək üçün istifadə etmişlər. İkinci maşın xarab olduğu üçün iddiaçı maşını dəyişmişdir. İddiaçı “Reno” markalı maşını “dvatçat” adlanan kruqda Anarın dediyi Taryel adlı şəxsə təhvil vermişdir. İddiaçı tərəfindən cavabdehin kart hesabına pul köçürülmüş və ekspert rəyindən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehin kart hesabına 22000 manat pul köçürülmüşdür. Həmçinin cavabdeh tərəfin qeyd etdiyi təmir xərci qismində 1230 manat pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh müdafiəçisi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı tərəf tərəflər arasında alqı-satqı olduğunu qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişlər. O qeyd etmişdir ki, əgər şəxs maşını alarkən pulu tam şəkildə ödəyə bilməmişdirsə, bu zaman tərəflər arasında ilkin alqı-satqı müqaviləsi bağlana bilərdi. İddiaçı maşını cavabdehdən günü 20 manat ödəmək şərtilə istifadə üçün götürmüşdür. Daha sonra isə cavabdeh digər maşını da iddiaçıya istifadə üçün vermişdir. İddiaçı özü maşını Bayılda Taryel adlı şəxsə təhvil vermişdir. İddiaçı maşını qaytarmamışdan qabaq cavabdehə maşının ön hissəsində nasazlıqlar olduğunu, həmin nasazlıqları təmir etmək üçün 1300 manata ehtiyac olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya maşını təmir etdirmək üçün vaxtı olmadığını, buna görə də təmir puluna görə 1230 manat pulu onun kartına göndərəcəyini və maşını təmir etdirməsini söyləmişdir. Həmin pul vəsaiti cavabdeh tərəfindən iddiaçının kart hesabına köçürülmüşdür. İddiaçı maşını gətirib təhvil verdikdən sonra cavabdeh maşını maşını sürəndə maşında hələ də nasazlıqların olduğunu görmüş və iddiaçıya zəng edərək maşında hələ də nasazlıqların olduğunu demişdir. İddiaçı maşını təmir etdirdiyini bildirərək maşında nasasızlıqların olması ilə razılaşmamışdır. Tərəflər Elit ticarət mərkəzinin həyətində görüşmüşlər. Maşına usta baxdıqdan sonra məlum olmuşdur ki, maşında heç bir təmir işləri aparılmamışdır. Cavabdeh iddiaçıdan ona təmir pulu üçün pul köçürtdüyünü buna baxmayaraq nə üçün maşında təmir işlərinin aparılmamasını soruşmuşdur. Cavabdehin iddiaçıda daha bir maşını olması səbəbindən o, münasibəti daha da gərginləşdirmək istəməmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ilə Taryel adlı şəxs vasitəsilə tanış olmuşdur. Belə ki, o, Taryelə gündəlik qazanc əldə etmək və qazancın bir hissəsini vermək şərti ilə maşın vermişdir. İddiaçı ondan dekabr ayında ”Reno” markalı, fevral ayında isə “Niva” markalı maşını götürmüşdür. O iddiaçıya hər iki maşını onda qalmaq şərtilə, deyil gündəlik 20 manat ödəmək şərtilə vermişdir. Həmçinin o, izahatında qeyd etmişdir ki, Sənan maşınlar üçün ilkin ödəniş etməmişdir. İddiaçı “Niva” markalı maşını götürərkən onun yanına Şəmistan adlı şəxslə gəlmişdir. İddiaçı Şəmistan adlı şəxsin onun tanışı olduğunu və “Niva” markalı maşını ona verməyini istəmişdir. O, həmin maşını vermiş Şəmistana vermiş, Şəmistan maşını 2-3 ay sürdükdən sonra iddiaçı ona zəng edərək Şəmistan ilə onun münasibətlərinin pisləşdiyini qeyd edərək maşını iddiaçının özünə verməsini xahiş etmişdir. Bundan sonra o, “Niva” markalı maşını iddiaçının özünə vermişdir. Həmçinin qeyd etmişdir ki, maşının ön hissəsini düzəltmək üçün o, iddiaçıya 1200 manat pul göndərmiş, bundan 2-3 gün sonra Taryel ona zəng edərək Sənanın maşını gətirib ona verdiyini bildirmişdir. O Taryeldən Sənanın maşını nə üçün geri qaytarmasının səbəbini soruşduqda isə Taryel bildirmişdir ki, Sənanın ona maşının qaytarılmasını səbəbini Anarın bildiyini demişdir. O, maşını Taryeldən götürdükdən sonra sürdüyü zaman maşında nasazlıqlar olduğunu aşkar etmiş və Sənana zəng edərək maşında hələ də nasazlıqlar olduğunu bildirmiş, Sənan isə bunun mümkün ola bilməyəcəyini söyləmişdir. Onlar “Elit” ticarət mərkəzinin həyətində maşını ustaya göstərmişlər və maşında nasazlıqlar olduğunu aşkar edilmişdir. O, Sənandan nə üçün onu aldatdığını soruşduqda Sənan orada səs-küy salaraq çıxıb getmişdir. Onun digər maşını da Sənanda olduğu üçün o, Sənan ilə mübahisə etmək istəməmiş və bu səbəbdən 1230 manat pulu geri tələb etməmişdir. Həmçinin qeyd etmişdir ki, o, əvvəllər maşınları icarəyə verməklə məşğul olsa da, indi məşğul olmur. Onun adında bir neçə maşın var. Həmin maşınları taksi fəaliyyəti göstərmək üçün müxtəlif şəxslərə gündəlik ödəniş etməklə vermişdir. Lakin taksilərlə bağlı yeni qaydalar qəbul edildiyi üçün artıq bu işlə məşğul olmur. Maşınları geri aldıqdan sonra isə satmışdır. İndi onun mülkiyyətində 5-6 maşın var. Qeyd etmişdir ki, o, maşınları icarə verərkən icarə müqaviləsi bağlamamışdır, gündəlik 20 manatdan maşınları icarəyə verirmişdir. Sənan ilk öncə “Reno” markalı maşın üçün gündəlik 20 manat ödəmiş, “Niva” markalı maşını götürdükdən sonra isə hər iki maşın üçün birlikdə 40 manat ödəmişdir. O, ödənişi gecikdirdiyi vaxtlarda gecikdirilmiş ödənişləri birlikdə ödəyib. Bəzən o bir gün 30 manat ödəniş etdikdə, o biri gün 50 manat ödəniş etmişdir. Həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş əlyazma ona məxsusdur. “Maşın alındı” yazısı, maşının onun tərəfindən hansı qiymətə alnması ilə bağlıdır. Həmçinin qeyd etmişdir ki, onun adına olan VÖEN onun müraciəti sasında açılmamışdır. Onun adına Vöen açılmasından 3-5 aydır ki, məlumatı olmuşdur. O, mülkiyyətində olan avtomobilləri satdığını, lakin alan şəxslər tərəfindən həmin maşınlar öz adlarına keçirilmədiyi üçün maşınların onun adında qaldığını bildirmişdir.

Şahid İfadələri:

16. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid izahatında bildirmişdir ki, o, Anarı 3 ildir ki, tanıyır. O, iddiaçıdan 3-4 ildir ki, maşın götürüb sürmüşdür. O, Anardan maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. O, Anardan 2 ildir ki, “Hyundai” markalı maşını gündəlik 20 manata ödəniş etmək şərtilə götürmüşdür. Anar ona əvvəlcə 1 illik müddətinə etibarnamə vermiş, sonra isə etibarnamənin müddəti 1 il də uzadılmışdır. O, maşını taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. Taksi fəaliyyəti ilə qeyrirəsmi məşğul olur. Onu Anarla ortaq dostları tanış etmişlər. Sənan ilə Anarı o tanış etmişdir. O, Sənanı şəhərdə taksi şoferi kimi işlədiyi vaxt tanımışdır. Sənan həmin vaxt taksi fəaliyyəti ilə məşğul olurdu. Rəşad adlı şəxs onun maşını icarəyə götürdüyünü bildiyi üçün ona, Sənanın da icarəyə maşın götürmək istədiyini bildirmişdir. Bundan sonra o, Rəşad və Sənan ilə Anarın yanına getmişlər. O, Anara Sənanında ondan onun kimi, yəni eyni şərtlər ilə maşın götürmək istədiyini bildmirşdir. Onlar öz aralarında razılaşmışlar. Sonradan necə razılığa gəlmələri barədə məlumatı yoxdur. Lakin tərəflər arasında alqısatqı olmamışdır. Maşın Sənana sürmək üçün verilmişdir. Sənan maşını qaytaranda, həmçinin Sənana etibarnamə verilən zaman notariusda o da iştirak etmişdir. İddiaçının cavabdehə hər hansı ilkin ödəniş edib-etməməsi haqda məlumatı yoxdur. Sənan maşını qaytardığı zaman ona Anarın özünün bildiyini demişdir. Sənan maşını qaytardıqdan sonra Anara zəng edib Sənanın maşını geri qaytardığını bildirmişdir. Anar ondan maşını götürüb sürəndə maşında nasazlıqlar olduğunu aşkar etmişdir. “Elit” Ticarət Mərkəzinin qarşısında tanış ustalara maşını göstərdikdə usta maşında olan nasazlıqları düzəltmək üçün 1700 manat vəsait lazım olduğunu bildirmişdir. Sənan isə maşın yaxşı vəziyyətdə olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, “Elit” Ticarət Mərkəzinin qarşısında olarkən tərəflər arasında Anarın Sənana maşının təmiri üçün ödənilmiş pul vəsaiti ilə bağlı danışıqlar olması onun yadında deyil.

İşin faktiki halı :

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı X5 ilə Cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır.

18. İddiaçı X5 tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsinin bağlandığını iddia edir, Cavabdeh isə tərəflər arasında yaranan münasibətlərin icarə müqaviləsindən irəli gəldiyini iddia edir.

19. İddiaçı tərəfindən məhkəməyə sübut qismində Cavabdeh kart hesabına köçürülən pul vəsaitləri ilə bağlı qəbzlər təqdim edilmişdir.

20. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasın iş materiallarına əlavə edilmiş qəbzlər üzrə Cavabdeh 20062844 nömrəli kart hesabına – 21.319 manat, 4203 xxxx xxxx 3039 nömrəli kart hesabına- 370 manat olmaqla, cəmi 21.689,00 manat məbləğində pul vəsaiti köçürülməsi müəyyən edilmişdir.

21. Cavabdeh tərəfindən iddiaçı X4 mübahisə obyekti olan “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir.

22. Həmin etibarnaməyə 2023-cü ilin may-iyun ayında xitam verilmiş və həmin tarixlərdə də avtomobil iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır.

23. İddiaçı X5 tərəfindən Cavabdeh “Renault Logan” minik markalı avtomobil götürüldükdən sonra, 2021-ci ilin fevral ayında “Niva” markall avtomobil də götürülmüşdür.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Əşyanının hissə-hissə ödənilməsi şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın:

- 2-ci bəndinə görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. -Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2- ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.

Məhkəmənin mövqeyi :

28. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

29. İddiaçı X5 Cavabdeh qarşı olan 24000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini tərəflər arasında bağlanmış əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır.

30. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

32. İşin faktiki hallarından göründüyü kimi iddiaçı X5 Cavabdeh ilə aralarında əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yarandığını iddia edir.

33. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin alqısatqı müqaviləsinə dair müddəaları nəzərdən keçirilməli və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək iddiaçının iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığını yoxlanılmalıdır.

34. İddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə alqı-satqı müqaviləsinə əsaslanan tələbi əsassız edir. iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dipozisiya şərtlərinə uyğun olubolmaması yoxlanılmalıdır.

35. İddiaçı X5 iddia tələbinin faktiki halları qismində məhkəməyə onun Cavabdeh ilə aralarında əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqı müqaviləsi bağlandığını, onun həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə 24 000 manat məbləğində pul vəsaiti ödədiyini, lakin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək nəqliyyat vasitəsini onun mülkiyyətinə verməkdən imtina edərək onun əlindən aldığını bildirmişdir.

36. Mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbnləğini ödəməyi öhdəsinə götürür (MM 567m). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyəta keçirilməlidir (MM 600.1m). Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir (MM 600.3m). Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM 441.2m).

37. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

38. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

39. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

40. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllə, maddə 405.1).

41. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbləri baxımından hazırki iddia tələbi üzrə 2 hala qiymət verməyi zəruri hesab edir .

42. İlkin olaraq işin faktiki hallarından göründüyü kimi iddiaçı cavabdeh ilə nəqliyyatvasitəsinin hissə-hissə ödənilməsi şərti ilə nisyə alqı-satqısına dair müqavilə bağladığını iddia edir.

43. Mülki qanunvericiliyə əsasən daşınar əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (MM 650m). Daşınmaz əmlaka mülkiyyət və digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, başqasına keçəməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır (MM 139.1m). Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (MM 144.1m). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir.

44. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlılığı üçün mütləq iki şərtin mövcudluğu - əqdin yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi tələb olunur.

45. Qanunvericiliyin tələbindən göründüyü kimi nəqliyyat vasitələri rəsmi reyetrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, nəqliyyat vasitələrinə mülkiyyət hüququnun başqa şəxsə keçməsinə dair müqavilələr, o cümlədən alqı-satqı müqaviləsi yazılı formada bağlanaraq notarial qaydada təsdiq edildiyi halda etibarlı olur və həmin əqd üzrə hüquqi nəticələrin yaranmasına səbəb olur.

46. İkinci hal isə ondan ibarətdir ki, mülki qanunvericiliyə əsasən əşyanının hissə-hissə ödənilməsi şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

47. İşin məhkəmə tərəfindən araşdırılan faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən nəqliyyat vasitəsini əşyanının hissə-hissə ödənilməsi şərti ilə nisyə aldığını qeyd etsə də, tərəflər arasında nəqliyyat vasitəsinin qiyməti barədə razılaşma əldə edilməmişdir. Halbuki əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsinin əsas şərtlərindən biri əşyanın qiyməti barədə razılaşma əldə edilməsidir.

48. Məhkəmə iclasında iştirak edən zaman iddiaçıdan cavabdeh ilə avtomobilləri hansı qiymətə almağa razılaşması, məbləğ ilə bağlı suallar verilsə də, o suallara dəqiq və qəti cavab verə bilməmişdir.

49. Belə ki, iddiaçı X5 məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən zaman verdiyi izahatda, o cümlədən məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında telefon vasitəsi ilə əlaqə saxlanılan zaman tərəflər arasında nəqliyyat vasitəsinin qiyməti barədə razılaşma olmadığını, cavabdeh ilə nəqliyyat vasitəsinin alqı-satqısına dair razılaşmanın 30 ay müddətinə hər gün 20 manat ödəməkdən ibarət olduğunu bildirmişdir.

50. İddiaçı cavabdeh ilə aralarında alqı-satqı münasibətləri yarandığını sübut etmək üçün cavabdehə ilkin ödəniş olaraq 1500 manat məbləğində pul vəsaiti verdiyini bildirməsinə baxmayaraq qeyd edilən halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

51. Həmçinin iddiaçı “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh tərəfindən onun əlindən alındığını bildirməsinə baxmayaraq işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyən edilmişdir ki, iddiaçı həmin nəqliyyat vasitəsini özü cavabdeh tərəfə təhvil vermişdir (öz izahatı ilə təsdiq edilir).

52. Belə ki, o izahatında qeyd etmişdir ki, cavabdeh ilə 30 ay müddətinə hər gün 20 manat ödəniş edərək sonda nəqliyyat vasitəsinin onun mülkiyyətinə keçirilməsinə dair razılaşma əldə etmişdir. Razılıq üzrə də 30 ay hər gün 20 manat ödəniş etmiş, lakin cavabdeh sonuncu ay razılaşmanı pozaraq onunla 36 ay müddətinə razılaşdığını bildirmişdir. Daha sonra qeyd etmişdir ki, o Anara həmin avtomobilin 7000 min manata qiymətləndirilməklə Anarda olan “S Class” markalı maşınla dəyişdirilməsini təklif etmiş, Anar razılaşdıqdan sonra həmin avtomobili gecə Taryelə təhvil vermişdir. Səhər isə Elit Ticarət mərkəzinin həyətində ustaya göstərmək barədə razılaşmışlar, orada Anar maşını onu əlindən almışdır.

53. Belə olan halda məhkəmədə sual yaranır ki, əgər 24 min manat həmin nəqliyyat vasitəsinin alqı-satqısı üçün pul verilmişdirsə, həmçinin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozaraq ondan əlavə pul istəmişdirsə, nə üçün iddiaçı qeyd edilənlərə baxmayaraq cavabdehə həmin avtomobilin həm 7000 manata qiymətləndirilməsini, həmçinin yenidən cavabdehə etibar edərək eyni şərtlərlə daha bahalı avtomobil əldə etməyi təklif edir.

54. Məhkəmədə həmçinin belə bir sual da yaranır ki, əgər tərəflər arasında hər iki avtomobil cavabdehdən alqı-satqı müqaviləsi əsasında əldə edilmişdirsə və hazırki mübahisə yalnız “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə bağlıdırsa, nə üçün iddiaçı Ağcabədi rayon Məhkəməsində cavabdehin ona qarşı irəli sürdüyü iddia tələbi üzrə həmin avtoqnəliyyat vasitəsi ilə bağlı tərəflər arasında olduğunu iddia etdiyi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qarşılqılı iddia irəli sürməmişdir və ya həmin nəqliyyat vaitəsi üçün ödənilmmiş pula dair tələb irəli sürməmişdir.

55. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı X5 Cavabdeh ilə aralarında əşyanın hissə-hissə ödənilməsi şərtilə nisyə alqı-satqı müqaviləsi bağlandığını iddia etsədə, iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

56. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

58. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

60. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.

61. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.

62. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

63. Hazırki işdə tərəflər arasında belə bir müqavilənin mövcudluğu müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsi ilə bağlı normalarının tətbiqi mümkün deyildir.

64. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki halı isə ondan ibarətdir ki, Cavabdeh tərəfindən iddiaçı X4 xx.xx.2020-ci il tarixdə “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2025-ci il tarixədək nəqliyyat vasitəsini istifadə hüququ haqqında etibarnamə verilmişdir. Qeyd edilən nəqliyyat vasitəsi 2023-cü ilin may-iyun ayınadək iddiaçının istifadəsində olmuşdur. Həmçinin qeyd edilən nəqliyyat vasitəsindən başqa cavabdeh tərəfindən iddiaçıya 2021-ci ilin fevral ayında “VAZ 21214” minik markalı, 99HJ759 dövlət nömrə nişanlı avtomobilə dair istifadə hüququ verilmişdir.

65. Məhkəmə qeyd dir ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

66. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1183 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı X5 tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi 21689 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

67. İddiaçı Niftəliyev Sənan həmin pul vəsaitinin “Renault Logan” minik markalı 99LX428 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üçün ödənildiyini qeyd etsə də, cavabdeh həmin pul vəsaitinin hər iki maşın üçün ödənildiyini qeyd etmişdir.

68. Məhkəmə iclasında tədqiq edilmiş iş materialarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin dekabr ayından fevral ayınadək gündəlik 20 manat ödənilmiş fevral ayından isə 40 manat ödənilmişdir . Bu isə onu deməyə əsas verir ki, ödənilmiş vəsait hər iki maşına görə ödənilmiş vəsaitdir.

69. İddiaçı həmin pul vəsaitinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ödənildiyini qeyd etsə də, Cavabdeh isə onunla iddiaçı arasında yaranan öhdəlik münasibətlərinin alqı-satqı müqaviləsindən deyil, icarə müqaviləsindən irəli gəldiyini, qeyd edilən pul vəsaitlərinin gündəlik 20 manat ödəmək şərtilə iddiaçının istifadəsinə verdiyi hər iki nəqliyyat vasitəsinə görə ödənilən vəsait olduğunu bildirmişdir.

70. Məhkəmə qeyd edir ki, müki qanunvericiliyə əsasən icarə müqaviləsinə görə icarəyə verən icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

71. Göründüyü kimi qanunvericilikdə icarə müqaviləsinin bağlanılması üçün məcburi forma tələbi müəyyən edilməmişdir.

72. İşin faktiki hallarından görünür ki, iddaçı və cavabdeh arasında hər gün 20 manat ödənilməsinə dair razılıq əldə edilmişdir. İddiaçı tərəf bunun alqı-satqı müqaviləsindən irəli gəldiyini iddia etməsinə baxmayarq sübut edə bilməmişdir, cavabdeh tərəf isə bunun icarə müqaviləsindən irəli gəldiyini iddia edir. Məhkəmə qeyd edir ki, işin faktiki halları baxımından tərəflər arasında yaranan münasibətlər icarə münasibətlərinə daha yaxındır.

73. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində bir çox avtonəqliyyat vasitəsi vardır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, onun fəaliyyəti əvəllər nəqliyyat vasitələrini icarəyə verilməsi ilə bağlı olmuşdur. Mülkiyyətində olan nəqliyyat vasitələrini o, icarəyə vermişdir. Lakin taksi fəaliyyəti ilə bağlı qəbul edilmiş yeni qaydalar ilə əlaqədar hazırda həmin nəqliyyat vasitələrini satmışdır. Adın olan VÖEN ilə bağlı isə qeyd etmişdir ki, onun adına VÖEN onun müraciəti əsasında açılmamışdır. Adına açılmış VÖEN olmasından onun da 3-4 ay olar ki, məlumatı olmuşdur. Qeyd edilən hala iddiaçının nümayəndəsi aydınlıq gətirmişdir ki, vergi orqanlarında şəxsin adına bir neçə avtomobil olduqda araşdırma aparılır və avtomotik VÖEN açılır.

74. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd dir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər.

75. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə həmin pul vəsaitinin alqı-satqı müqaviləsi əsasında ödədiyini sübut edə bilməmişdir. Lakin işin müəyyən edilmiş halı odur ki, iddiaçı tərəfindən cavabdehə pul vəsaiti ödənilmişdir. Lakin həmin pul vəsaiti hesabına cavabdeh əsassız varalanmamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. İşin müəyyən edilmiş halı ondan ibarətir ki, nəqliyyat vasitəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur, iddiaçı həmin nəqliyyat vasitəsindən yaralanmışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçının istifadəsinə verdiyi nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən ödənilən pul vəsaiti cavabdehin əssassız varlanmasına səbəb olmur.

76. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur.

77. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

79. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

80. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

81. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

83. Beləliklə, iddiaçı cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmasını, həmin alqı-satqı müqaviləsi üzrə ödənişlər edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin nəqliyyat vasitəsinin onun əlindən alındığını və ödənilən pul vəsaiti hesabına cavabdehin əsassız varlandığını sübut edə bilməmişdir.

Məhkəmə xərcləri :

84. İddiaçı tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

85. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

86. Həmçinin iddiaçının vəsatəti əsasında iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələblərinə əsasən X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Nəticə :

87. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh onun xeyrinə 24000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi rədd edilməlidir.

88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh onun xeyrinə 24000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar