Məhkəmə qərarları › İş №e-2(007)-458/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-458/2025

27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-458/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı Aftandil qızının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Aftandil qızının Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında ** CG *** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobili əldə etmişdir. Həmin avotomobilin mülkiyyət hüququ ilə bağlı iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Əldə edildikdən sonra həmin avtomobil Cavabdeh icarəyə verilmişdir. Lakin cavabdeh sonradan həmin avtomobili yoxa çıxarmış, özü zəngləri açmamış və icarə haqqını ödəməkdən yayınmışdır. Avtomobili tələb etdikdə isə geri qaytarmaqdan boyun qaçırmışdır. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, İddiaçı Aftandil qızının mülkiyyətində olan ** CG *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata" markalı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınıb İddiaçı Aftandil qızına təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında mübahisə predmeti olan avtomobili əldə etmişdir. Həmin avtomobilin mülkiyyəti hüququ ilə bağlı iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. ƏLdə edildikdən sonra həmin avtomobil Cavabdeh icarəyə verilmişdir. Lakin cavabdeh sonradan həmin avtomobili göstərməmiş, zəngləri açmamış və icarə haqqını ödəməkdən yayınmışdır. Avtomobili tələb etdikdə isə onu geri qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı avtomobilin mülkiyyətçisidir, lakin icarə ilə bağlı danışıqları onun anası aparmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib bildirdi ki, o, ümumiyyətlə İntizar xanımı tanımır. Yalnız anası Vəfa xanımı tanıyır. Onun pula ehtiyacı olduğu üçün Əhməd adında şəxs onları tanış etmişdir. O, 9000 manat borc qarşılığında avtomobili onun adına keçirmişdir. O isə 500 manat “şapqa pulu” çıxaraq, 8500 manat pul vermişdir. Özü isə 450 manat sənədləşmə işləri üçün pul xərcləmişdir. Məhkəməyə təqdim etdiyi yaddaş kartında səs yazıları mövcuddur. O, hər ay 565 manat olmaqla 3 ay ödəniş etmişdir. Ödənişin vaxtına bir gün qalmış xanım ona səs atmış, o da ödəniş etmişdir. Vəfa xanımın anası xərçəng xəstəsi olduğu üçün başı ona qarışmış, onun da başı qarışıq olduğu üçün yadından çıxmış və ödənişi 7 gün gecikdirmişdir. Vəfa xanım da zəng edərək niyə ödənişi gecikdirdiyini soruşmuş, o isə unutduğunu, hazırda ödəniş edə bilmədiyini, yalnız saat 6 və ya 7-də ödəyəcəyini demişdir. Vəfa xanımın 16-17 yaşlı oğlu telefonu alaraq ona saat 2-ə qədər vaxt verdiyini deyib, onunla kobud danışdığı üçün, o, telefonu söndürərək Vəfa xanımı “qara siyahıya” salmışdır. Əsəbi vaxtda pis danışmamaq üçün 2-3 gün nömrəni həmin siyahıda saxlamış, bundan sonra Vəfa xanım danışmaq üçün ofisə gəlmişdir. O isə telefonu oğluna verməklə, ona söyüş söyməklə səhv etdiklərini bildirib, onları məhkəməyə verəcəyini demişdir. Hazırda onların Xətai Rayon Məhkəməsində prosesləri davam edir. Avtomobil onun balduzunun oğlunun adına olduğundan, həmin adamın adından iddia ilə məhkəməyə müraciət edilmişdir. Bu söhbətlər 3-4 ay öncə olmuş, Vəfa xanım telefonda nalayiq ifadələr işlətmiş, ona 9000 manat pul verdiyini, bunu alacağını demişdir. Lakin o, 3 aya 1695 manat ödəniş etmişdir. 9000 manatı faizi ilə 13000 manat olaraq qaytarmalı idi. O, borcunu qaytarmaq istəyir. Lakin hazırda məbləğ deyə bilmir. Vəfa xanım faizə pul verir, ona borc müqaviləsi bağlamağı desə də, o, vergi ödəməmək üçün buna razı olmamışdır. O isə çətin vəziyyətdə olduğu üçün buna razılaşmışdır. Ehtiyacı olduğu üçün borc götürmüşdür. Vəfa xanım Əhməd ilə birlikdə atasının yanına bağa getmişdir. O, olmadığı üçün məsələni başqa cür danışmışdır. Atası ona borcu qaytarmadığı üçün əsəbiləşmişdir. Amma səs yazısına qulaq asdıqdan sonra, gəlini barədə dediklərini eşitdikdən sonra özü onlara zəng edib əsəbi danışmışdır. O, iddia tələbini qəbul etmir. Avtomobil onun özünə məxsus olmuşdur, icarəyə verilməmişdir. İddiaçının anası ona faizə pul vermişdir. Onlar avtomobili yox, pulu tələb etməlidirlər. Xətai Rayon Məhkəməsində olan işə baxılmış və iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BB542235 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir və onun adına xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. -“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, banın tipi “sedan”, ban nömrəsi “KMHEB41CBCA381766”, avtomobilin modeli “Hyundai Sonata minik”, rəngi “ağ mirvari”, istehsal ili “2011”, verilmə tarixi xx.xx.2024-cü il, dövlət qeydiyyat nişanı “** CG ***” olan nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh tərəfindən təqdim edilmiş iş materiallarına əlavə edilmiş 01 ədəd fləş yaddaşda olan: -01 ədəd ********* saylı qəbzin surətindən görünür ki, 416973******5007 nömrəli kartdan 523915******1299 nömrəli karta, qəbul edən VƏ******** M*******, xx.xx.2024-cü il tarixdə 465 manat məbləğində pul köçürülmüşdür. -01 ədəd 1-8467745 saylı qəbzin surətindən görünür ki, 416973******5007 nömrəli kartdan 523915******1299 nömrəli karta, qəbul edən VƏ******** M*******, xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul köçürülmüşdür. -44 ədəd Whatsapp Audio səs yazılarından müəyyən edilir ki, “Cavabdeh” ilə “Vəfa” arasında dialoqlar olmuşdur. Cavabdeh özünə məxsus avtomobili 9000 manat “əl krediti” götürərək Vəfa xanımın adına keçirdiyini və 3 ay ərzində 1695 manat ödəniş etdiyini, avtomobili özünün aldığını, avtomobilin onda olduğunu, yalnız 6850 manat borcu olduğunu və həmin pulu verdikdən sonra avtomobili Vəfanın adından öz adına keçirməyi, Vəfanın ondan 8400 manat tələb etməsini və bunun borcdan artıq olduğunu, 450 manat qeydiyyat zamanı ödədiyini, 250 manat sığorta üçün pul ödədiyini, bundan başqa məhkəməyə müraciət edəcəyini qarşı tərəfə bildirmiş, “Vəfa” isə İlqara 9000 manat pul verməsini, onun 3 ay aylıq pul ödəməsini təsdiq edərək, avtomobilin 4 aydır İlqarda olduğunu bildirmiş, avtomobilin onun özünün olduğunu, “əl krediti” vermədiyini, İlqarın ona avtomobili idarə etmək üçün aylıq ödəniş etməli olduğunu, bu ödənişləri gecikdirdiyini qeyd etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh idarə edilməsi üçün verilmiş, sonuncu da bunun üçün aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin ödənişləri vaxtında etmədiyi üçün onların arasında olan razılaşma pozulmuş, avtomobil isə cavabdehdə qalmış, avtomobilin mülkiyyətçisi olan iddiaçıya qaytarılmamışdır. Hazırda iddiaçı qeyd olunan nəqliyyat vasitəsinin mülkiyyətində olmasına baxmayaraq, cavabdehin qanunsuz sahibliyində olmasını və nəqliyyat vasitəsinin sonuncudan alınaraq ona verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2-ci maddəsinə əsasən, qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 181.4-ci maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. 365.2-ci maddəsinə əsasən, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. 366.3-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. İddiaçının iddiasının əsasını təşkil edən hal ondan ibarətdir ki, o, cavabdehə nəqliyyat vasitəsini idarə etməsi üçün vermiş, sonuncu nəqliyyat vasitəsini idarə etməyə görə aylıq pul ödəməyi öhdəsinə götürsə də, ödənişləri etməmiş, nəqliyyat vasitəsini isə iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iddianın dəlillərini və iddia tələbinə münasibətdə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, mübahisə predmeti olan “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir, sonuncu nəqliyyat vasitəsinin icarə münasibətləri əsasında şifahi razılaşaraq idarə etmək üçün Cavabdeh vermiş, cavabdeh isə aylıq ödənişləri gecikdirmişdir. İddia tələbinə aid hissədə qeyd edilməlidir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsinə, habelə məhkəməyə təqdim etdiyi audio yazılarına münasibətdə qeyd edir ki, iddiaçının anası olduğu qeyd edilən “Vəfa” adlı şəxs ilə aralarında olan pul mübahisəsi hazırki iddia tələbinin predmeti deyildir. Belə ki, həmin səs yazısında sonuncu ilə cavabdeh arasında olan 9000 manat məbləğində borcun hansı hissəsinin ödənilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. Lakin hazırki iddia tələbinin əsası İddiaçı mülkiyyətində olan avtomobilin cavabdehdə olması və mülkiyyətçiyə geri qaytarılmaması ilə bağlıdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq, İddiaçı verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Hyundai Sonata minik” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq, İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar