Məhkəmə qərarları › İş №e-2(007)-474/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-474/2024

22.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-474/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 3400 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat olmaqla cəmi 3959 manat məbləğində pul vəsaitini Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaxın münasibətdə olduğu, anası ilə bir rayonda yaşadığı Cavabdeh 2023-cü ilin fevral-mart aylarında ondan uşağının, daha sonra həyat yoldaşının xəstə olduğunu deyərək hissə-hissə cəmi 3400 manat borc pul almışdır. Daha sonra öyrənib ki, Vüsal pulu yalan danışaraq alıb ondan. O, Vüsaldan pulunu tələb etdikdə Vüsal ona bir neçə dəfə yalan vaxtlar deyərək pulunu verməmişdir. Daha sonra Vüsal telefonunu söndürərək gizlənmiş, onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Vüsal qazi olduğu üçün heç kimdən qorxmadığını və ürəyi nə istəyirsə, edə biləcəyini bildirir. Ailəsi də Vüsalın düzgün yolda olmadığını pulu hara xərclədiyini bilmədiklərini bildirir. Buna görə də onun məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır.

Tərəflərin izahatları:

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan məbləği cavabdehə bir neçə dəfəyə vermişdir. Nə zaman dəqiq xatırlamır birinci dəfə 2000 manat, ikinci dəfə 1400 manat pul vermişdi. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi, iddiaçıdan faizlə 2000 manat pul götürmüşdür. Faizini artıqlaması ilə ödəyib, əsas borcu isə qalıb. Bank kartı iddiaçıda idi 168 manat təqaüdünü hər ay çıxardırdı. Əsas borcu da ödəməyə etiraz etmir 2000 manatı. Qarabag müharibəsi iştirakçısıdır əməliyyat olunub. Hazırda borcunu tam ödəyə bilmir lakin hər ay 50 manat ödəyə bilər. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil bildirdi ki, iddia tələbini qismən qəbul edir.

İş materialları:

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 59 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

8. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh borca pul vermişdir. Lakin borcun məbləği ilə bağlı tərəflər arasında mübahisə vardır. Cavabdeh iddiaçıdan faizlə 2000 manat pul götürdüyünü etiraf etmişdir. Cavabdeh borc pulu qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Hazırda iddiaçı vurulmuş maddi ziyana görə 3400 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat olmaqla cəmi 3959 manat məbləğində pul vəsaiti tələb edir.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

10. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

12. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndi:

İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.

16. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

17. İddiaçı cavabdehə 3400 manat borc verdiyini iddia etsə də məhz 3400 manat verməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə 2000 manat borc aldığını etiraf edir.

18. Belə olan halda məhkəmə iddiaçının cavabdehə verdiyi borc məbləğinin 2000 manat olduğu qənaətinə gəlir.

19. Göründüyü kimi tərəflər arasında Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən bağlanmış şifahi borc müqaviləsinin predmeti olan 2000 manat məbləğində pul vəsaitini iddiaçı cavabdehə olan etibarı və vicdanlılıq prinsipi əsasında cavabdehlə razılığa gələrək borc vermişdir.

20. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddiaçıdan 2000 manat məbləğində borc pul aldığını yazılı şəkildə etiraf etmişdir.

21. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsinin olmaması tərəflər arasında yaranmış faktiki borc münasibətlərini istisna etmir və tərəflər arasında mülki hüquq münasibətləri yaranmışdır.

22. Beləliklə, Cavabdeh bağladığı şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur.

23. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 500 manat pul məbləğinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu tələbini sübut edə bilməmişdir.

24. Göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir.

25. Məhkəmə qeyd edir ki, İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, ona mənəvi ziyan dəyməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 59 manat dövlət rüsumunun 30 manatı cavabdehə, 29 manatı iddiaçıya aid edilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 59 manat dövlət rüsumunun 30 manatı cavabdehə, 29 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar