Məhkəmə qərarları › İş №e-2(007)-518/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-518/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-518/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X6 maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü həyat yoldaşı X12 2012-ci ildən etibarən ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, həyat yoldaşı X15 ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuşdır. Rəsmi nikahları Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 116 saylı akt qeydi ilə qeydə alınmışdır. Nəzərə çatdırır ki, həyat yoldaşı X15 işləmək məqsədilə 2000-ci ildə xarici ölkəyə getmişdir. Lakin daha sonra 2012-ci ildə Rusiya Federasiyasından telefonla onlara zəng edilmiş və onun ölməsi, kimsəsizlər qəbiristanlığında dəfn olunmasına dair məlumat verilmişdir. Həmin vaxtdan etibarən də ümumiyyətlə onunla əlaqəsi kəsilmişdir. Onun harada dəfn olunmasına ilə bağlı araşdırma aparsa da, aydınlaşdırmağa çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Artıq 10 ildən çoxdur ki, onun yaşamaması barədə ona məlumat verildiyindən həyat yoldaşı X12 sağ olmasında şübhə doğurmur. O, uzun illərdir ki, həyat yoldaşından heç bir xəbər əldə edə bilmir. Həmçinin, sənədləşdirmə prosesi aparılarkən, ailə tərkibi ilə bağlı hər hansı bir razılıq tələb olunduğu zaman onu tapa bilmədiyi üçün bir sıra hüququndan məhrum olur. Belə ki, azyaşlı övladının xarici ölkəyə aparılması zamanı həyat yoldaşının razılığı tələb olunur. Göründüyü kimi, həyat yoldaşının razılığının olmaması səbəbindən yalnızca o deyil, övladı da qanunla müəyyən olunan bir sıra hüquqlarını realizə edə bilmir. Bundan başqa, həyat yoldaına dair ölüm haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxs 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, ərizənin təmin edilməsinin mümkün olmaması və bununla bağlı olaraq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanları əsas götürərək, xx.xx.1971-ci il təvəllüdlü həyat yoldaşı X12 2012-ci ildən etibarən ölmüş elan edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X7 ərizəsini müdafiə edib, ərizənin dəlillərinə uyğun, eyni məzmunlu izahat verdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X6 ərizəsini müdafiə edib izahat verərək bildirmişdir ki, X8 həyat yoldaşıdır. Onu axrıncı dəfə 2000-ci ilə görmüşdür. Əri ilə 1996-cı ildə evləndikdən sonra o, 2000-ci ilin axrında iş tapmaq üçün Rusiya Federasiyasına getmişdir. Bundan sonra ondan xəbər almamış, 2012-ci ildə isə ərinin qohumunu tapmış və qohumunun verdiyi məlumata əsasən əri vəfat etmişdir. Onu evsiz şəxs kimi dəfn etmişlər. Həmçinin, onun pasportunu itirdiyini də demişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X11 ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. X15 ərizəçinin əridir. Onu təxminən 20 ildir ki, görmür. Bildiyinə görə o, 1999-2000-ci illərdə Rusiya Federasiyasına işləməyə getmişdir. Onun Rusiya Federasiyasında qohumları var idi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X8 atasıdır. O, atasını xatırlamır. Qohumları onlara demişdir ki, ataları vəfat etmişdir. Atasını ancaq şəkillərdə gömüşdür. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vİ-жг seriyalı 433483 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, X15 ilə X5 19 mart 1996-cı il tarixdə Bakı şəhəri Nizami Rayon VVAQ şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 116 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mustafin, arvada Mustafina soyadı verilmişdir; - 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən X3 və X9 ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-2533/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Dövət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli 33/831 saylı məlumatından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X12 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2002-ci il tarixdə çıxışı qeydə alınmış, giriş qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-12/2-40268/2023 saylı məlumatından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X15 itkin düşən şəxs kimi axtarışda olması barədə Azərbaycan Respublikası Daxili İşlər Naziliyində məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 12/2-64145/2023 saylı məlumatından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X12 Azərbaycan Respublikası ərazisində cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi X6 ilə X15 19 mart 1996-cı il tarixdə Bakı şəhəri Nizami Rayon VVAQ şöbəsində nikahlarını bağlamışlar. X15 xx.xx.2002-ci il tarixdə ölkədən çıxmış, həmin vaxtdan ölkəyə geri qayıtmamışdır. Onun barəsində axtarış işi açılmamış, Azərbaycan Respublikası ərazisində cinayət təqibi və məhkumluğu barəsində DİN-in müvafiq uçotlarında məlumat mövcud deyil. Hal-hazıradək ailəsi onun haqqında məlumat əldə edə bilməmişlər. Hazırda X12 arvadı onun ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən hesab edir ki, ərizəçi X4 əri X12 ölməsi faktı məhkəmədə tədqiq edilmiş yuxarıda istinad edilən sənədlərlə öz təsdiqini tapır. Məhkəmə hazırkı baxılan məsələ tədqiq edilmiş həmin sənədləri mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, bu sənədlər qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Uzun illərdir ki, ailəsi X10 hər hansı bir məlumat etməmiş, X15 artıq 20 ildən çoxdur ki, ölkəni tərk etmiş və onun haqqında heç bir məlumat əldə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə ərizənin əsaslı olması tam təsdiq edilir, habelə işin faktiki hallar ilə müəyyən olunur ki, ərizəçinin X12 ölməsi faktını təsdiq edən müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün yaşadığı yerin məhkəməsinə müraciət etmişdir, bu hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ərizəçiyə sənədləşmə işlərinin aparılması üçün lazımdır. Məhkəmə həmçinin, qeyd edir ki, ərizəçi əri X12 2012-ci il tarixdən etibarən ölmüş elan edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Hazırda isə iş materialları ilə X12 məhz 2012-ci ildə ölməsi halı iş materilları ilə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə göstərilən hissədə təmin edilməməli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə uyğun olaraq ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X12 ölüm günü sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə qismən təmin edilməli, ərizəçi X1 əri X15 ölmüş elan edilməli, ölmüş elan edilmə haqqında qətnamənin qanuni qüvvəyə mindiyi gün X12 ölüm günü sayılmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə X12 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 21 fevral 1971-ci il tarixdə anadan olmuş X15 ölmüş elan edilsin, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün sayılsın. Hazırkı qətnamə X12 ölüm haqqında akt qeydinin tərtib edilərək bu barədə şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu X3 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar