Məhkəmə qərarları › İş №e-2(007)-570/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-570/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-570/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Gökce Mustafaya qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Gökce Mustafaya qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Gökçe Mustafa idarə etdiyi ** SV *** dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 24.09.2019-cu il tarixində cavabdeh Gökçe Mustafa idarə etdiyi ** SV *** dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 vurmuş və piyada az ağır xəsarət yetirmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh Gökçe Mustafa avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASC-nin 21.01.2020-ci il tarixli sığorta aktına əsasən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin qanunun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlər Gökçe Mustafa və Cavabdeh1 tutulmalıdır. Buna görə də, cavabdehlər Gökçe Mustafa və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Gökçe Mustafa və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində ziyanın və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun və 0,40 manat xidmət xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddinın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisəni törətdiyi zaman cavabdeh Gökce Mustafanın sürücülük vəsiqəsi olmuşdur. Belə ki, X6 Respublikasının vətəndaşı olduğu üçün avtomobili Türkiyə Respublikasının verdiyi sürücülük vəsiqəsi ilə idarə etmişdir. Hadisə baş verdikdən sonra istintaq mərhələsində cavabdeh X3 Respublikasının verdiyi sürücülük vəsiqəsinin Azərbaycan istifadə edilməsini təsdiq edən sənəd onlardan tələb edilmiş və onlar da istintaqa təqdim etmişlər. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Gökce Mustafa məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD 526128 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2010-cu il buraxılışlı, 90SV642 dövlət qeydiyyat nişanlı, “Renault Megane” minik markalı avtomobil Cavabdeh1 mülkiyyətindədir. - Cavabdeh1 tərəfindən 14 iyun 2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilin mülkiyyətiçi Cavabdeh1 Gökçe Mustafaya etibarnamə üzrə aşağıdakı səlahiyyətləri vermişdir: sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər. - İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, Sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Sığortalanan X4 arasında 02 aprel 2019-cu il tarixdə PPA********** №-li müqavilə bağlanmışdır. ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 aprel 2019-cu il saat 15:13:29dan 02 aprel 2020-ci il saat 15:13:28-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. - Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 28 dekabr 2019-cu il tarixli, 055-26441- 1209 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 24 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində Mərdəkən qəsəbəsi, S.Yesenin küçəs 44 ünvanının qarşısında yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 mülkiyyətində olan ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan X5 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 yanvar 2020-ci il tarixli sığorta aktından görünür ki, ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobili hüququ olmadan idarə edən Gökce Mustafa 24 sentyabr 2019-cu il tarixdə X1 vurmuş və piyadaya az ağır xəsarət yetirmişdir. Zərərçəkənşəxsə dəymiş zərərin və sığorta ödənişinin yekun məbləği 1500 manat müəyyən edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış 29 yanvar 2020-ci il tarixli bildirişdən görünür ki, onlar həyata keçirilən 1500 manat sığorta ödənişini ödəməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-65/2020 saylı 20 fevral 2020-ci il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - 20 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Gökce Mustafa 24 sentyabr 2019-cu il tarixdə saat 13 radələrində etibarnamə olmadan həmin avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq piyada X1 vurmuş və piyada az ağır xəsarət yetirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-65/2020 saylı 20 fevral 2020-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X1 vurmuş zərərin həcmi 1500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 21.01.2020-ci il tarixli sığorta aktına əsasən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 4 avqust 2012-ci il tarixli, Q16-001-12 saylı Qərarının 6.10-2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Təlimatın 6.1-6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh1 mülkiyyətində olan ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobil "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 24.09.2019-cu il tarixində cavabdeh Gökce Mustafa Cavabdeh1 mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına qüvvədə olan etibarnaməsi olmadan idarə etdiyi ** SV *** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində piyada X1 vurmuş və piyada az ağır xəsarət yetirmişdir. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, ödəniləcək sığorta məbləğinin həcmi 1500 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. Bununla da, iddiaçının cavabdehlərdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdehlər isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 1500 manat ödənişinin, 35 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Gökce Mustafadan müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 1500 manat ödənişinin, 35 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Gökce Mustafadan müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar