Məhkəmə qərarları › İş №e-2(007)-572/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-572/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-572/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” barədə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1020 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06.09.2019-cu il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Ə.Topçubaşov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Veracruz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Mercedes-Benz 300” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai Veracruz”’ markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 09.08.2019-cu il tarixindən 09.08.2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 05.11.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 1020 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmişdir. 20.10.2019-cu il tarixli Nəsimi RDYPŞ-nin YNH-nin təfərrüatları barədə 082-41691-1219 saylı arayışından və AP ******* nömrəli inzibatı xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayışdan görünür ki, təqsirli olan “Hyundai Veracruz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1, hadisə baş verdiyi anda sürücüsü Cavabdehdir. İş materialında olan "xxxx" ASC-nin 04.11.2019-cu il tarixli, PXA52783 saylı sığorta aktından görünür ki “Hyundai Veracruz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1020 manat məbləğində ziyan dəymişdir. İş materialında olan "xxxx" ASC-nin 10.07.2019-cu il tarixli, PXA ********** nömrəli icbari sığorta müqaviləsindən görünür ki, “Hyundai Veracruz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materialında olan 01.06.2017-ci il və 01.03.2020-ci il dövr üçün Hesabdan Çıxarışdan görünür ki, PXA52783 saylı sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 1020 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Nəsimi RDYPŞ tərəfindən tərtib edilmiş AP ******* nömrəli inzibatı xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş materiallarında olan 17.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan-fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. 25.1.8-ci maddəsinə əsasən icbari sığorta bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Məhkəmə tərəfindən işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə əsasında “Hyundai Veracruz” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili, 06.09.2019-cu il tarixdə, saat 13:00 radələrində idarə edərkən Bakı şəhəri, Ə.Topçubaşov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes-Benz 300” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Ona 260 manat məbləğində zərər vurmuş və Nəsimi RDYPŞ tərəfindən tərtib edilmiş AP ******* nömrəli inzibatı xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.2-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsinin sahibi mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli bilinən sürücü Cavabdeh inzibati xəta törətdiyinə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə sığorta ödənişi vermiş sığortaçı "xxxx" ASC-nin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC-də sığortalanmış “Hyundai Veracruz” markalı, **- CO-*** dövlət qeydiyyat nişanlı avtomobilə, təqsirli bilinən şəxs Cavabdeh tərəfindən inzibatə xəta törətdiyi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə etdiyi, “Mercedes-Benz 300” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə, "xxxx" ASC tərəfindən ödənilmiş 1020 manat məbləğində sığorta ödənişi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1020 (bir min iyirmi) manat sığorta ödənişi məbləğinin və 30 (otuz manat) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar