Məhkəmə qərarları › İş №e-2(007)-576/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-576/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-576/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** FE *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə 01.11.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6429,32 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1157,28 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 27.11.2019cu il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 7586,60 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 3533,06 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən sığortalıya qalıq məbləğ olan 4053,54 manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya 4053,54 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh subroqasiya qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 4053,54 manat sığorta ödənişinin, ödənilmiş 60,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddinın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, zərər aktında ziyanın məbləği düzgün göstərilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 235564 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2000-ci il buraxılışlı, **-FE-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 02MD3676, ban nömrəsi W0L0TGF********** olan "OPEL ASTRA" minik markalı avtomobil Cavabdeh mülkiyyətindədir. - AC 353386 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 2014-cü il buraxılışlı, **-JH-*** dövlət qeydiyyat nişanlı "İVECO CREALİS" markalı avtobus "xxxx" MMC-nin mülkiyyətindədir. -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, “İveco CREALİS” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 iyun 2019-cu il saat 00:00-dan 31 may 2020-ci il saat 23:59-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 50000 manat, sağlamlığa vurulan zərərə görə 50000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi, azadolma məbləği 1000 manat nəzərdə tutulmuşdur; -"xxxx" MMC-nin 01 noyabr 2019-cu il tarixli zərər aktından görünür ki, “İveco CREALİS” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin həcmi 7586,60 manat təşkil edir; - Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 08 noyabr 2019-cu il tarixli, 078- 32814 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 01 noyabr 2019-cu il tarixdə saat 08:40-da Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh mülkiyyətində olan ** FE *** dövlət qeydiyyat nişanlı, "Opel Astra" minik markalı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. - Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Tətqiqat şöbəsinin 08 noyabr 2019cu il tarixli qərarından görünür ki, yol nəqliyyat hadisəsi barədə toplanmış 11K-1/782 saylı material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 27 noyabr 2019-cu il tarixli sığorta aktından görünür ki, zərər dəymiş əmlaka (** JH *** dövlət qeydiyyat nişanlı “İveco CREALİS” markalı avtobus) görə sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına 7586,60 manat pul köçürülmüşdür. -17 yanvar 2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 7586,6 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 11 fevral 2020ci il tarixli bildirişdən görünür ki, cavabdeh həyata keçirilən 4053,54 manat sığorta ödənişini ödəməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşdur; - 22 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60,54 manat dövlət rüsumu ödənilmişdir, bu zaman 0,40 manat xidmət haqqı tutulmuşdur; Məhkəmə iclasında müəyyən edildi ki, ** JH *** dövlət qeydiyyat nişanlı “İveco CREALİS” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh 01 noyabr 2019-cu il tarixdə ** FE *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili idarə edərkən Bakı şəhəri, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş və ** JH *** dövlət qeydiyyat nişanlı “İveco CREALİS” markalı avtobusa zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7586,60 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Hadisə ilə bağlı Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin "xxxx" ASC-yə təqdim etdiyi 08 noyabr 2019-cu il tarixli, 078-32814 saylı arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 3533,06 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. İddiaçının qalan 4053,54 manat pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh mülkiyyətində olan ** FE *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtobusla 01 noyabr 2019-cu il tarixdə toqquşmuş, həmin avtobusa maddi ziyan vurulmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, qüsur aktına əsasən maddi ziyanın və ödəniləcək sığorta məbləğinin həcmi 7586,60 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ ödənilmişdir. Daha sonra isə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 3533,06 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Bununla da, iddiaçının qalan 4053,54 manatı cavabdehdən tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 4053,54 manat sığorta ödənişinin, 60,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi 4053,54 manat sığorta ödənişinin, 60,54 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar