Məhkəmə qərarları › İş №e-2(007)-64/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-64/2025

17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-64/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi ziyan, pul tələbi, ziyan vurulması və s.) X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının vəkil-nümayəndəsi Vəkil1, Cavabdehin vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyan olaraq 4000 (dörd min) manat və 60 (altmış) manat ödədiyi dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, T.Abbasov küçəsi, 39a saylı evin 2 otaqlı 8-ci mənzil onun mülkiyyətindədir. Cavabdeh onun üst qonşusudur. Cavabdehin vanna otağından və mətbəxtindən uzun müddətdir ki, təmiz və çirkablı suları onların mənzilinə axıdılır. O dəfələrlə cavabdehə irad bildirsə də heç bir nəticəsi olmamış, hal-hazırda yenə də təmiz və çirkab suların axıdılması davam edir. Belə ki, mənzil sahibi orada yaşamır, həmin mənzili müxtəlif təbəqədən olan insanlara kirayə verib pul qazanır. Özü isə heç nə olmamış kimi heç bir tədbir görmür. Nəticədə onun mənzilinin dəhlizində, vanna otağında, mətbəxdə, eyvanın tavanında, divarlarda catlar əmələ gəlmişdir. Mənzildə olan mebellər (mətbəxt mebelləri) xarab olmuş, elektrik avadanlıqları sıradan çıxmışdır. O bundan sonra müvafiq qurumlara şikayət etmiş, onlar da ona kömək etməmiş və bu barədə məhkəməyə müraciət etməyi izah olunub. Axırıncı dəfə xx.xx.2023-cü ildə 28 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzillərinə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üst mənzildən təmiz və çirkab suları axıdılır, mənzilinin eyvanın tavanında, dəhlizi, mətbəxi, vanna otağının tavanları, mənzilin divarları, mətbəxt mebelləri xarab olub sıradan çıxmış, elektrik avadanlıqları yararsız hala düşmüşdür. Mənzilin tam təmirə ehtiyacı vardır. Hesab edir ki, cavabdehin mənzilindən təmiz və çirkab sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətin qəsd edən hərəkətlərin qarşısı alınmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tam həcmdə onun xeyrinə ödənilməsi, 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertin xx.xx.2024-cü il tarixli rəyi ilə mənzilimə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 610 manat müəyyən edilmişdir. Bu məbləğ həddindən artıq aşığıdır və hazırkı bazar qiymətlərinə və usta haqqına uyğun deyildir. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən mənzilinə su axıdılması nəticəsində mətbəx mebelinə dəymiş maddi ziyan və onun aradan qaldırılması üçün görülən işlərin dəyərinin müəyyən edilməsi barədə vəsatət vermişdir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçının mənzilinə 4000 manata yaxın ziyan dəymişdir. Birinci ekspertizada 610 manat, ikinci ekspertizada isə Legal Prime 1060 manat zərər müəyyən etdi. Birinci ekspertiza rəyi çox azdır. 4000 manat pulun tutulmasını, ekspertiza xərcinin də cavabdehdən alınmasını xahiş edirlər. İş üzrə iki ekspertiza keçirilmişdir və ekspertiza rəyləri var. Qonşunun pəncərəsindən su gəlməmişdir. Mütəxəssis gəlib müəyyən etmişdir. Suyun haradan nə formada axdığı iş materiallarında var. Şəkilləri təqdim etmişdir. Suyun cavabdehdən axdığı buradan müəyyən olunur. Hazırkı bazar qiymətinə uyğun olaraq iddia tələbini 4000 manat qoymuşlar. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onların mənzilindən suyun sızması barədə iş materiallarında sübut yoxdur. İş materiallarında 3 rəy var. Ümumiyyətlə rəyləri qəbul etmirlər. Ekspert müəyyən etməmişdir ki, su sızma onların mənzildəndir, ya başqa səbəbdəndir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, T.Abbasov küçəsi, ev 39A mənzil 10-da yaşayan sakin Cavabdeh vanna otağı və mətbəxdən alt qonşu 8-ci mənzildə yaşayan İddiaçı 2 otaqdan ibarət olan mənzildə mətbəxə, vanna otağına və eyvana uzun müddətdir ki, təmiz, çirkablı su axıdılır. Dəfələrlə mənzil sahibinə xəbərdarlıq edilməsinə baxmayaraq bu hal yenə də davam edir. Belə ki, mənzil sahibi özü orada yaşamır. Həmin mənzili müxtəlif təbəqədən olan insanlara kirayə verir, pul qazanır, özü isə heç nə baş verməmiş kimi heç bir tədbir görmür. Nəticədə alt qonşuya ziyan dəymişdir. Dəhlizdə, vanna otağında, mətbəxdə və eyvanda tavanda, divarlarda çatlar əmələ gəlmişdir. Evdə olan mebellər xarab olmuş, elektrik avadanlıqları sıradan çıxmışdır. Bu barədə akt tərtib edilərək Nizami rayon MKİS-nin rəisi Məhəmməd Quliyev, mühəndis Fürdovsi Əsgərov və sahə nəzarətçisi Gülağa Əhmədov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 107704 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2i rayonu, T.Abbasov küçəsi, 39A saylı evin, 8 saylı mənzil ünvanında yerləşən mənzil xx.xx.2002-ci il tarixdə 36/181742 nömrə ilə qeyd edilməklə İddiaçı mülkiyyətindədir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 60 manat dövlət rüsumu ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2i rayonu, T.Abbasov küçəsi, ev 39a, mənzil 10 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 iyul 2024-cü il tarixli 3-16-16/2-10/923 nömrəli rəyindən görünür ki, 8 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililətinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, ünvan 2i rayonu, T.Abbasov küçəsində yerləşən 39a saylı evin 8 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 10 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. Lakin cavabdehin mənzilinin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində heç bir qüsur aşkar olunmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 8 saylı mənzilə su sızması 10 saylı mənzilin su-kanalizasiya boru xətlərinin və ya mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 2i rayonu, T.Abbasov küçəsində yerləşən yaşayış binasının 8 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 610 manat müəyyən olunmuşdur. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 aprel 2025-ci il tarixli 10/7756-9/8038 nömrəli rəyindən görünür ki, ünvan 2i rayonu, T.Abbasov küçəsində yerləşən 39a saylı evin 8 saylı mənzilin üst mərtəbəsində yerləşən 10 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır və bu səbəbdən də 8 saylı mənzilə su sızmanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. ünvan 2i rayonu, T.Abbasov küçəsində yerləşən 39a saylı evin 8 saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Qeyd edilmişdir ki, Mühəndis-texniki ekspertizasının rəyinə əsasən mənzildə su sızması nəticəsində 3.45 paqon metr ölçüdə, açıq qəhvəyi rəngli, işlənmiş mətbəx mebelinin müxtəlif hissələrində (əsasən birləşmə hissələri) rütubət çəkdiyindən qabarmalar, çatlamalar, rəng qopuqları əmələ gəlmişdir. Həmçinin qabarmalar (şişmələr) nəticəsində mebelin qapıları normal şəkildə bağlanmır. Qeyd edilən mətbəx mebelinin təmir-bərpasına çəkiləcək xərclər (sıradan çıxmış hissələr yenisi ilə əvəz edilməklə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis (mütəxəssislər) tərəfindən müəyyən edilə bilər. Məhkəmənin qərardadına əsasən "xxxx" MMC tərəfindən keçirilmiş əmlakın qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli, LP-136/2025 saylı rəyindən görünür ki, 1 ədəd mətbəx mebelinə dəymiş zərərin və yenisi ilə əvəz olunması üçün tələb olunan məbləğ 1060 manat təşkil edir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş fotoşəkillər, işində 05 ədəd video və 23 ədəd fotoşəkil olan 01 ədəd fləş yaddaş iş materiallarına əlavə edilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, İddiaçı məxsus yaşayış sahəsinə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının yaşayış sahəsində qüsurlar yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir. Məhkəmə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində ziyan dəymişdir. Məhkəmə bundan başqa qeyd etməyi zəruri hesab edir ki, cavabdehin vəkili və nümayəndəsi məhkəmənin sonrakı iclaslarında iddia tələbini qəbul etmədiyini bildirsə də, məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında göstərmişdir ki, cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi qismində 800 manat verməyi təklif etmiş, bundan başqa ziyanın aradan qaldırılması üçün təmir məqsədilə ustasını göndərməklə bağlı iddiaçıya müraciət etmişdir. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin iddia tələbinə etirazına münasibətdə qeyd edir ki, o məhkəmənin sonrakı iclaslarında iddiaçının mənzilində baş vermiş su sızmasının cavabdehin istifadə etdiyi mənzilə bağlı olmadığını, su sızmanın konkret nədən qaynaqlandığının bilinmədiyini bildirmişdir. Lakin bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş 04 iyul 2024-cü il tarixli 3-16-16/2-10/923 nömrəli ekpert rəyi ilə, 8 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini, iddiaçının mənzilin tikililətinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar olduğunu nəzərə alaraq, ünvan 2i rayonu, T.Abbasov küçəsində yerləşən 39a saylı evin 8 saylı mənzilinə, həmin mənzil ilə eyni proeksiyada yerləşən 10 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. Məhkəmə tərəfindən vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı nə qədər vəsaitin sərf edilməsinin müəyyən edilməsi, işin obyektiv və qərəzsiz araşdırılması baxımından iş üzrə ekspertiza təyin edilmiş və iddiaçı tərəfindən tələb edilən 4000 manat pul məbləğinin ehtiyac olan və ekspert tərəfindən müəyyən edilmiş ümumi ziyan məbləği olan 1670 manat pul məbləğindən yüksək olması müəyyən edilmişdir. Məhkəmə bu sıradan olan işlər üzrə mövcud məhkəmə təcrübəsini nəzərə alaraq qeyd edir ki, "xxxx" MMC tərəfindən keçirilmiş əmlakın qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli, LP-136/2025 saylı rəyi və Məhkəmə ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-10/923 nömrəli rəyi hazırki iş üzrə mötəbər hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, məhkəmə 04 aprel 2025-ci il tarixli 10/7756-9/8038 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək qeyd edir ki, rəydə məhkəmənin ekspert qarşısından qoyduğu suallara tam cavab verilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Belə ki, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Beləliklə məhkəmə təqdim edilmiş ekspertiza və müstəqil qiymətləndirmə rəyini nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi ziyanın əvəzi qismində 610 manat təmir bərpa xərci və 1060 mebelə dəymiş ziyanın əvəzi olmaqla, 1670 manat məbləğində pul tutulmalıdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, yerdə qalan 30 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş ümumilikdə 200 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilməlidir. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2i rayonu, T.Abbasov küçəsi, 39 a saylı evin 10 saylı mənzilindən ünvan 2i rayonu, T.Abbasov küçəsi, 39 a saylı evin 8 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh 610 manat təmir xərci və mebelə dəymiş ziyanın əvəzi olan 1060 manat pul məbləği olmaqla, ümumilikdə 1670 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi iddiaçıya aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş ümumilikdə 200 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. ünvan 2i rayonu, T.Abbasov küçəsi, 39 a saylı evin 10 saylı mənzilindən ünvan 2i rayonu, T.Abbasov küçəsi, 39 a saylı evin 8 saylı mənzilə suyun axıdılması nəticəsində vurulmuş maddi ziyana görə Cavabdeh 610 manat təmir xərci və 1060 manat mebelə dəymiş ziyanın əvəzi olmaqla, ümumilikdə 1670 manat pul və ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş ümumilikdə 200 manat pul Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE********************, büdcə təsnifatının kodu, 142595, büdcə səviyyə kodu: 3, SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, Bankın VEÖN-ü **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod 512565, hesab AZE30AZRT********************, SWİFT kod: AZRT AZ22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar