Məhkəmə qərarları › İş №e-2(007)-68/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-68/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-68/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əsassız varlanma, iddia müddəti, qızıl-zinət əşyalarının qanunsuz sahiblikdən qaytarılması”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkil-nümayəndəsi Vəkil2, Cavabdehin vəkil-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “pul və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 38000 manat pulu və bir ədəd 8000 manat dəyərində olan brilyant qaşlı üzüyü, hər birinin qiyməti 300, 200 manat olmaqla digər üzükləri, bir ədəd dəyəri 2000 manat qızıl qolbağı və bir ədəd dəyəri 1500 manat olan 15.5 qram, 585 əyar boyunbağının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitinin, dəyəri 8000 manat olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük, dəyəri 2000 manat olan 750 əyarlı, çəkisi 14.5 qram qızıl italyan qolbağı, dəyəri 1500 manat olan 585 əyarlı, çəkisi 15.5 qram qızıl boyunbağını, dəyəri 300 manat olan 585 əyarlı, çəkisi 2 qram qızıl üzük və dəyəri 200 manat olan 585 əyarlı, çəkisi 1.5 qram qızıl üzüyün alınaraq ona qaytarılması, qaytarılması mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 38000 (otuz səkkiz min) manat məbləğində pul vəsaitinin, dəyəri 8000 manat olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük, dəyəri 2610 manat olan 750 əyarh, çəkisi 14.5 qram qızıl italyan qolbağı, dəyəri 2092,5 manat olan 585 əyarh, çəkisi 15.5 qram qızıl boyunbağını, dəyəri 300 manat olan 585 əyarlı, çəkisi 2 qram qızıl üzük və dəyəri 200 manat olan 585 əyarlı, çəkisi 1.5 qram qızıl üzüyün alınaraq ona qaytarılması, qaytarılması mümkün olmayan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın qohumu olan Cavabdeh onun xahişi ilə hissə-hissə 38000 manat pul vermişdir. Bundan başqa Cavabdeh toyda istifadə etmək üçün ondan 12000 manat dəyərində qızıl-zinət əşyalarını almış və qaytarmamışdır. Onlar yaxın qohum olduğuna görə o, ondan borc müqaviləsi bağlamağı tələb etməyə utanmışdır. Cavabdeh ondan aldığı 38000 manat pulu Lənkəran şəhərindəki evini satdıqdan sonra qaytaracağına söz vermişdir. Cavabdeh həmin evini 2022-ci ildə satmış, lakin onun pulunu qaytarmaqdan boyun qaçırmağa başlamışdır. Dəfələrlə tələb etdikdən sonra 38000 manat puldan 2022-ci ildə ona 600 ABŞ dolları qaytarmışdır. Onun verdiyi 600 ABŞ dolları manata dəyişərkən məlum olmuşdur ki, verdiyi saxtadır. Bu səbəbdən həmin pulları Bakı şəhəri polis şöbəsinə təhvil vermişdir. Fakt üzrə başlanmış cinayət işi hazırda dayandırılmışdır. Eyni zamanda Cavabdeh əsassız olaraq qızıllarını geri qaytarmayaraq onun hesabına əsassız varlanmışdır, o səbəbdən də həmin pulu geri qaytarmalıdır.

5. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbində “Cavabdeh 38000 (otuz səkkiz min) manat pulu və bir ədəd dəyəri 8000 manat olan brilyant qaşlı qızıl üzüyü, hər birinin qiyməti 200, 300 manat olmaqla digər üzükləri, bir ədəd dəyəri 2000 manat olan qızıl qolbağı və bir ədəd dəyəri 1500 manat olan 15.5 qr, 585 əyar boyunbağını Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 735/2024 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Keçirilmiş sonuncu məhkəmə iclasında ekspert rəyi ilə tanış olmuşdur. Ekspert rəyinə qəti şəkildə etiraz edirlər. Bildirir ki, ekspert rəyində yalnız bir qızıl-zinət əşyasının dəyəri müəyyənləşdirilmişdir. Ekspert rəydə qeyd etmişdir ki, 4 adda zərgərlik məlumatlarının kütləsi, əyarı göstərilməmişdir. Bununla bağlı bildirir ki, hələ ekspertiza təyin edilməmişdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəkili olmuş Kənan İsmayılova qızıl-zinət əşyalarının xarakteristikası, dəqiq çəkisi, əyarı və s. barədə yazılı şəkildə bildirmiş və danışıq zamanı bu məlumatları məhkəməyə təqdim etməsini xahiş etmişdir. Lakin, rəylə tanış olan zaman vəkili Kənan İsmayılova bildirdiyi məlumatları məhkəməyə təqdim etmədiyinə, habelə iddia tələbini dəqiqləşdirmədiyinə görə ekspert tərəfindən yalnız bir qızıla münasibət bildirilmiş, qalan qızıl-zinət əşyaları barədə qiymətləndirmə aparılmamışdır. Halbuki, bununla bağlı vəkilinə hələ ekspertiza təyin edilməmişdən əvvəl məlumat vermişdir. Vəkili Kənan İsmayılovun səhlənkarlığı nəticəsində bu cür rəy verilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Qeyd olunanları nəzərə alınaraq hüquqlarının pozulmasının qarşısının alınması üçün iddia tələbinin dəqiqləşdirilməsi, tələb olunan qızıl-zinət əşyalarının əyarı, çəkisi və digər məlumatların qeyd edilməsi zərurəti yaranmışdır.

6. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 735/2024 saylı qərrardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/65 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində

1. 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbağı - 2030 manat,

2. 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı - 1783 manat,

3. 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük - 230 manat,

4. 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük - 173 manat olmaqla, ümumilikdə 4216 manat qiymətləndirilmişdir. Lakin, 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük barəsində qiymətləndirmə aparılmamışdır. Ekspert sonuncu qeyd olunan qızıl-zinət əşyası ilə bağlı rəy vermədiyi, habelə rəy verilmiş qızıl-zinət əşyalarının dəyərinin orta bazar qiyməti kifayət qədər aşağı hesablandığı üçün "xxxx" MMC-yə müraciət olunmuşdur. Meyar Ekspertiza” MMC tərəfindən verilmiş “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki:

1. 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.50 sot olan 20 ədəd səpmə şəklində sibir brilyant qaşlı üzük – 6789.5 manat

2. 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbağı -2610 manat,

3. 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı – 2092.5 manat,

4. 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük - 270 manat,

5. 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük – 202.5 manat olmaqla, ümumilikdə 11965 (on bir min doqquz yüz altımış beş) müəyyən edilmişdir. Hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, tələb olunan qızıl-zinət əşyalarının dəyəri ekspert, mütəxəssislər tərəfindən verilmiş rəylərlə müəyyənləşdirilmişdir.

Cavabdehin etirazı:

7. Cavabdeh vəkil-nümayəndəsi tərəfindən iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edilərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ilə müraciət etmişdir. İddiaçı qeyd etmişdir ki, qohumu olan Cavabdeh onun xahişi ilə hissə-hissə 38000 manat pul vermiş, həmçinin toyda istifadə üçün 12000 manat dəyərində qızıl-zinət əşyaları almış və qaytarmamışdır. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və o, təmin edilə bilməz. Həmçinin o qeyd edir ki, Cavabdeh iddiaçının qızıllarını qaytarmayaq onun hesabına əsassız olaraq varlanmışdır. Lakin, bu doğru deyildir. İddiaçı qızılları cavabdehə deyil, cavabdehin qızına vermişdir. Qızıda həmin qızılları geri qaytarmışdır. İddianın cavabdehi X3 ola bilməz. Əgər iddiaçının qeyd etdiyi kimi olsa belə, bu halda da müddət ötürülmüşdür.

İş materialları :

9. İş materiallarına Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami RPİ-nin İŞ tərəfindən İddiaçı ilə Cavabdeh arasında aparılmış üzləşdirmə istintaq hərəkətinə dair xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolu əlavə edilmişdir.

10. İş materiallarına cavabdeh tərəfindən “whatsapp” mobil tətbiqində aparılan yazışmalara dair 9 ədəd fotoşəkil əlavə edilmişdir.

11. İş materiallarına 1 ədəd CD disk əlavə edilmişdir.

12. İş materiallarına 7 ədəd fotoşəkil əlavə edilmişdir.

13. Nizamı rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı cinayəti törədən şəxs müəyyən edilənədək dayandırılmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-1/2-4/797-4/798 nömrəli ekspert rəyindən görünür ki, adından eyniləşdirici tədqiqat tələb olunan Cavabdeh eksperimental səs və nitq nümunəsi ekspertiza tədqiqatına təqdim olunmadığından ekspert qarşısında qoyulmuş 1-cü sual (təqdim olunan CD diskdə olan 02 dəqiqə 16 saniyədən ibarət səs yazısında Cavabdeh danışıqları vardırmı?) üzrə tədqiqat (eyniləşdirici tədqiqata yararlılıq dərəcəsinin müəyyən edilməsi və eyniləşdirici tədqiqat) aparılmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd Bingo markalı, DVD-R tipli diskdə olan mübahisəli fonoqramda situasiya ilə əsaslanmayan, yarımçıq söz və ifadələr, diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, danışıqlarda sözlərarası və cümlələr arası məntiqi rabitənin pozulması, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi montaj əlamətləri müəyyən olunmamışdır. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmaması müəyyən etmək mümkün olmamışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4067 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iş materiallarına qeyd edilən 15.5 qr kütləli, 585 əyarlı boyunbağının 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1318.0 manat müəyyən edilir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1295-4/1347 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/65 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında qeyd edilən zərgərlik məlumatlarının 2024-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4216.0 manat müəyyən edilmişdir. Digər 01 adda zərgərlik məlumatının üzərində olan brilyant qaşların keyfiyyəti, ölçüsü və.s barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

18. İş materiallarına 1 ədəd mobil telefon əlavə edilmişdir.

19. "xxxx"nın xx.xx.2025-ci il tarixli 0243 saylı hesabatdan görünür ki, təqdim olunan siyahı və fotoşəkillərə əsasən 5 adda qızıl-zinət əşyasının satış qiyməti və istifadə nəticəsində yaranan aşınma nəzərə alınmaqla hal-hazırda nəzəri qaydada ümumi dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində satış qiyməti 11965 manat, aşınması nəzərə alınmaqla, 11140 manat müəyyən edilmişdir.

20. "xxxx"nın xx.xx.2025-ci il tarixli 0243 saylı hesabatdan görünür ki, təqdim olunan siyahı və fotoşəkillərə əsasən 5 adda qızıl-zinət əşyasının satış qiyməti və istifadə nəticəsində yaranan aşınma nəzərə alınmaqla hal-hazırda nəzəri qaydada ümumi dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində satış qiyməti 10590 manat, aşınması nəzərə alınmaqla, 9190 manat müəyyən edilmişdir.

21. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 36 manat dövlət rüsumu ödənilmişdir.

22. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 204 manat dövlət rüsumu ödənilmişdir.

23. xx.xx.2025-ci il tarixli, **********12 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 5 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

24. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş sübutlar və məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olması müəyyən edilmişdir. Qızılların verilməsini təsdiq edən sübutlar olsa da, qaytarılmasını təsdiq edən heç bir sübut yoxdur. Pulun verilməsi ilə bağlı şahid ifadələri vardır ki, 2 dəfə 15 min manat olmaqla 30 min manat borc verilmişdir. Bundan əlavə pulun verilməsi ilə bağlı səs yazıları vardır. Bütün bu qeyd olunanlar və təqdim edilmiş sübutlarla iddianın əsaslı olması təsdiq edilir. İddia müddəti ilə bağlı bildirir ki, iddia müddəti keçməmişdir. Mülki Məcəllənin 380-ci maddəsiinə əsasən şəxs etiraf edirsə, bu zaman iddia müddətinin axımı dayanır. Buna görə də iddia müddəti ötürülməmişdir. Bundan əlavə təqdim etdikləri rəyi verən müəssisənin qanuni fəaliyyət göstərməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir.

26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, cavabdeh qızılları qaytardığından hansı qızılların olduğunu bilmir, xatırlamır. Tərəflər bir neçə dəfə qızıl götürmüş və qaytarmışlar. İddiaçının cavabdehə 2 dəfə böyük məbləğlərdə pul verməsi qeyri-mümkündür. Belə ki, iddiaçının sosial vəziyyəti baxımından bu cür yüksək məbləğlərin verilməsi qeyri-mümkündür.

Şahid ifadəsi:

27. Məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilən X1 izahatında bildirmişdir ki, o cavabdehin iddiaçıdan pul almasını görmüşdür. Cavabdeh iki dəfə iddiaçıdan pul alıb. İddiaçı ilə cavabdeh arasında olan borc məsələsinə görə onun cavabdehlə münasibəti pozulub. Cavabdeh 2021-ci ilin yanvar ayında gəlib iddiaçıdan 15 min manat, fevral ayında da 15 min manat pul almışdır. Cavabdeh iddiaçıdan pul alanda iddiaçının evində olmuşdur. O tək olduğu üçün daim iddiaçının evində olur. Ona görə bu borc məsələsinin şahidi olmuşdur. Həmçinin bildirmişdir ki, cavabdeh pulları alanda onu tutduqları üçün pul lazım olduğunu bildirmişdir. Cavabdeh döyülmüş vəziyyətdə idi, iddiaçıya bildirdi ki pul ver qaytaracam. O, pulu alarkən evi satıb iddiaçının pulunu qaytaracağını bildirmiş, lakin aralarında müddətlə bağlı danışıq olmamışdır. İddiaçının xahişi ilə o, borcun verilməsindən uzağı bir il keçdikdən sonra gedib pulu istəmiş, lakin verməmişdir. Daha sonra biliblər ki, cavabdeh evi satmışdır. Tərəflər arasında əvvəllər borc münasibətləri olmasından xəbərim yoxdur. İddiaçının anasından qalan qızıllar var idi, cavabdeh həmin qızılları taxmaq üçün götürmüşdür.

28. Məhkəmə iclasında (xx.xx.2025) şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, o, 2018-ci ildə əmisi oğlunun toy məclisində istifadə etmək üçün qızıllar götürmüş və taxdıqdan sonra qızılları geri qaytarmışdır. Uşağa görə özü gedə bilmədiyi üçün həmin qızılları geri qaytarması üçün anasına vermişdir. Anası da hamısını iddiaçıya qaytarmışdır. O, iddiaçıdan qızılları özü götürsə də, nə qədər qızıl alması yadında qalmamışdır. O, özü 3 ədəd qızıldan istifadə etmişdir. İstifadə etdiyi qızıllar-qaşlı üzük, klonlu sep və qolbaq olmuşdur. Anasının iddiaçıdan borc olaraq pul vəsaiti alması barədə məlumatlı, olsa da detalları barədə məlumatı yoxdur. Bundan əvvəl də qızıl alıb taxdıqları olmuşdur. Həmişəki kimi bu dəfədə alıb qaytarmışlar. Qızılları ancaq taxmaq üçün almış, lombarda qoymamışdır. Daimi olaraq qızıl və paltar götürmüş və istifadə etdikdən sonra geri qaytarmışlar. İşin faktiki halı :

29. İddiaçı ilə cavabdeh qohumdurlar, cavabdeh iddiaçının xalasıdır.

30. Cavabdeh iddiaçıdan borc olaraq pul vəsaiti almışdır. İddiaçı cavabdehə 38000 manat məbləğində pul vəsaitini borc olaraq verdiyini iddia edir, cavabdeh isə iddiaçıya 10000 manat məbləğində pul vəsaiti borcu olduğunu bildirir.

31. Cavabdehin qızı toy məclisində istifadə etmək üçün iddiaçıdan qızıl-zinət əşyaları götürmüşdür. Həmin qızıl-zinət əşyaları cavabdehin qızı tərəfindən cavabdehə verilmişdir.

32. Həmçinin cavabdehin vəkil-nümayəndəsi tərəfindən “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edilərək, aralarında yaranmış münasibətin 2018-ci ilə aid olduğunu bildirməklə hər iki tələb üzrə iddia müddətinin ötürüldüyünü və AR MM-nin 375.2-ci maddəsinə əsasən iddiadan imtina barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Məhkəmənin mövqeyi :

36. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməməlidir.

37. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı olan iddia tələbi faktiki olaraq aşağıdakı hissədən ibarət olduğundan hər bir tələbə ayrı-ayrılıqda qiymət verilməlidir:

1. 38000 manat məbləğində pul vəsaitinin tutulması.

2. qızıl-zinət əşyalarının qaytarılması, olmadığı halda dəyərinin ödənilməsi.

İddia tələbinin “pul vəsaitinin tutulması” hissəsi ilə bağlı:

38. İddiaçı tərəfindən Cavabdeh qarşı olan iddia tələbinin “38000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi cavabdeh tərəfindən borc müqaviləsi üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırılmışdır.

39. Həmçinin hazırki iddia tələbi üzrə Cavabdeh vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən tərəflər arasında yaranmış münasibətin 2018-ci ilə aid olduğu və üç illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

40. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

41. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin vəkil-nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

42. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

44. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

45. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır.

46. Belə ki, iddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdehə 2021-ci ilin yanvar ayında 15000 manat, fevral ayında 15000 manat, daha sonra 2000, 3000 manat məbləğində pul vəsaitini borc olaraq vermişdir. Cavabdeh tərəf isə bildirmişdir ki, tərəflər arasında 2018-2019-cu illərdə borc münasibətləri yaranmış və cavabdeh iddiaçıdan faizlə qaytarmaq şərti ilə borc olaraq pul vəsaiti almış, lakin həmin məbləği tam şəkildə ödəmişdir.

47. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

48. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.

49. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini üç min manatdan çox məbləğin təşkil etdiyi borc müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun yazılı formada bağlanmalı olduğu müəyyənləşdirilmişdir.

50. Hazırki işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında predmeti 3000 manatdan yuxarı olan şifahi borc müqaviləsindən irəli gələn borc münasibətləri yaranmışdır.

51. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmamışdır,çünkü Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa, müqavilə yazılı formada bağlanmalıdır.

52. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

53. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

54. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

55. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.

56. Etibarsız borc müqaviləsinin olması o deməkdir ki, tərəflər arasında bağlandığı andan hər hansı müqavilə yoxdur və bu baxımdan iddiaçıdan aldığı və qaytarmadığı pul vəsaiti miqdarında cavabdeh əsassız varlanmışdır.

57. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “əsassız varlanma” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

58. Mülki qanunvericiliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

59. Belə olan halda hazırki mülki iş üzrə məhkəmə tərəfindən qiymət verilməli olan hal cavabdehin iddiaçının hesabına əsassız varlandığı və cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı olan pul vəsaitinin miqdarı ilə bağlıdır. 60 Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş pul vəsaitinin miqdarı və verildiyi müddət (il) hazırki mülki işin mübahisəli, yəni tərəflərin mübahisələndirdikləri hallarıdır.

61. İlk növbədə iddiaçının məhkəməyə bildirdiklərinə münasibətdə qeyd edək ki, iddiaçı cavabdehə 2021-ci ildə borc olaraq 38000 manat məbləğində pul vəsaitini verdiyini bildirsə də, qeyd edilən halları sübuta yetirə bilməmişdir.

62. Ümumiyyətlə iddiaçının nə məhkəmə iclasında vediyi izahatlara, nə də iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokoluna əsasən iddiaçının borc olaraq cavabdehə 38000 manat məbləğində pul vəsaitini verməsi müəyyən edilməmişdir.

63. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolunda iddiaçı bildirmişdir ki, o, cavabdehə 2019-cu ildə 7000 manat, 2021-ci ilin yanvar ayında 15000 manat, bir ay sonra isə 15000 manat məbləğində pul vəsaitini vermişdir. Məhkəmə iclaslarında verdiyi izahatında isə bildirmişdir ki, o, cavabdehə 2021-ci ilin yanvar ayında 15000 manat, fevral ayında 15000 manat, daha sonra isə 2000, 3000 manat məbləğində pul vəsaiti vermişdir. Beləliklə, iddiaçının iddia etdiyi 38000 manat məbləğində pul vəsaitinin yaranma əsası (yəni izahatlarında ümumi olaraq 35000, 37000 manat verdiyini bildirməsinə baxmayaraq necə 38000 manat borc yaranması) müəyyən edilməmişdir.

64. İddiaçı tərəfindən qeyd edilən halları, yəni 2021-ci ildə iddiaçı tərəfindən cavabdehə 38000 manat borc verməsi faktını təsdiq etmək üçün məhkəməyə təqdim edilmiş şahidin verdiyi ifadə məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilməmişdir.

65. Nəzərə alınmalıdır ki, şahid ifadəsi o halda mötəbər sübut qismində qiymətləndirilə bilər ki, şahidin verdiyi ifadə şübhədən kənar olsun və işin müəyyən edilmiş digər faktiki halları ilə üst-üstə düşsün. Hazırki mülki iş üzrə isə şahid məhkəmə iclasında verdiyi izahatında işin mübahisəsiz halı olan iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehin qızına verməsi faktı barədə ziddiyyətli izahat verərək qızılın iddiaçı tərəfindən onun yanında cavabdehin özünə verildiyini bildirmişdir. Qeyd edilən halda onun verdiyi ifadənin mötəbərliyini şübhə altına alır.

66. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 2021-ci ildə 38000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsinə dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

67. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin bildirdiklərinə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının hesabına 10000 manat pul vəsaiti məbləğində əsassız olaraq varlanmışdır və tərəflər arasında olan münasibətlər isə 2019-cu ildən əvvəl yaranmışdır.

68. Belə ki, cavabdehin vəkil-nümayəndəsi iddia tələbinə etiraz ərizəsində bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər 2018-ci ilə aiddir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolunda cavabdeh bildirmişdir ki, onun iddiaçıya 10000 manat borcu vardır. Məhkəmə iclasında tədqiq edilmiş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarda cavabdeh bildirmişdir ki, iddiaçıdan 8 il əvvəl faizlə qaytarmaq şərti ilə, hər ay 500 manat ödəmək şərtilə 5000 manat məbləğində pul vəsaiti, həmin məbləği götürdükdən 2 ay sonra yenidən eyni şərtlərlə 5000 manat məbləğində pul vəsaiti götürmüşdür. Birinci götürdüyü məbləği 2019cu ildə tam şəkildə ödəmişdir.

69. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan 10 000 manat məbləğində pul vəsaitini alması işin mübahisəsiz halı olduğundan həmin pul vəsaitinin iddiaçıya qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür.

70. Cavabdehin vəkil-nümayəndəsi cavabdehin 10000 manat məbləğində pul vəsaitini iddiaçıya tam şəkildə ödədiyini bildirsə də, məhkəməyə həmin məbləğin ödənilməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

71. Cavabdehin vəkil-nümayəndəsi tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

72. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1).

73. Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından görünür ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər və bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

74. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Qərarındakı hüququ mövqe baxımından hazırki işdə iddia müddəti Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq 1 il təşkil etməlidir.

75. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi qismən əsaslı olsa da, iddia tələbi təmin edilməməlidir.

76. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

77. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 illik müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?

78. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmadığını, iddia müddətinin axımının cavabdehin polis idarəsində borclu olduğunu etiraf etdiyi tarixdən yenidən başlandığnı bildirmişdir.

79. Mülki Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu öhdəliyini ağlabatan müddətdə icra etmədikdə, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirildikdə borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur. Məcəllənin 377.3-cü maddəsinə müvafiq olaraq icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

80. Həmçinin Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, istinad olunan maddədə göstərilən halların yalnız iddia müddəti bitmədən baş verməsi iddia müddətinin axımını kəsə bilər. Əgər bu hallar baş verənədək artıq iddia müddəti keçibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.

81. Beləliklə, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur.

82. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən kreditorun öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin də axımı başlayır. İddia müddətinin axımının davam etdiyi dövr ərzində borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə də iddia müddətinin axımı həmin andan yenidən başlanır.

83. Qanunverici əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir.

84. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).

85. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur.

86. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır.

87. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan münasibətlərin yaranma vaxtını dəqiq müəyyən etmək mümkün olmadığından, iddiaçı tərəfindən 2021-ci ildə yarandığı bildirilməsinə baxmayaraq sübuta yetirilə bilmədiyindən, cavabdeh tərəfindən etiraz ərizəsinə əsasən tərəflər arasında münasibətlərin 2018-ci ildə yarandığı bildirildiyindən tərəflər arasında münasibətlərin yaranma vaxtı olaraq 2018-ci il götürülməlidir.

88. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə cavabdehin vəkil-nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi haqqında ərizə hər iki tərəfin məhkəməyə bildirdikləri baxımından yoxlanıldıqda iddiaçı tərəfindən məhkəməyə bir illik müddət ötürülməklə müraciət edilmişdir.

89. İlk növbədə iddiaçı tərəfin məhkəməyə bildirdiklərinə əsasən qeyd edək ki, iddiaçı tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, pul vəsaitini cavabdehə onun təcili pula ehtiyacı olduğu üçün vermişdir və verərəkən cavabdeh evi satıb borcu qaytaracağını bildirdiyindən ona qısa müddət üçün vermişdir.

90. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahid ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən pul qısa müddət üçün verilmişdir. Borc verilərkən evin satılıb qısa müddət ərzində borcun qaytarılacağı bildirilmişdir. Dəqiq yadında qalmasa da borcun verildiyi vaxtdan, yəni 2021-ci ilin yanvar, fevral ayından 6 ay, ən uzağı bir il keçdikdən sonra iddiaçı ondan xahiş etmişdir ki, o, cavabdehdən pulu tələb etsin.

91. Yəni iddiaçı tərəfindən məhkəməyə bildirilən o, olmuşdur ki, pul vəsaiti qısa müddət üçün verilmişdir. İddiaçı tərəfin məhkəməyə bildirdiyi faktiki hallar baxımından yoxlanıldıqda 2021-ci il yanvar, fevral ayında borc verilmişdirsə, iddiaçı artıq 2022-ci ildə hüququnun pozulduğunu bilirdi. Nəzərə alınmalıdır ki, iş materiallarında olan üzləşdirmə protokolu, cinayət işi üzrə icraatın dayandırılmasına dair qərara əsasən müəyyən edilir ki, iddiaçı cavabdehdən 2021-ci ilin oktyabr ayında pulu tələb etmiş, tərəflər arasında pul vəsaitinin qaytarılması ilə bağlı mübahisələr isə artıq 2022-ci il əvvəlindən başlamışdır. Hətta iddiaçı tərəfin məhkəməyə bildirdiyi əsasla, cavabdeh tərəfindən borcun etiraf edilməsi iddia müddətinin axımının yenidən başlanması müddəti olaraq müəyyən edilsə belə, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş bir illik müddət keçmişdir.

92. Cavabdeh tərəfin məhkəməyə bildirdiklərinə münasibətdə isə qeyd edək ki, cavabdeh tərəf bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər 2018-ci ilə aiddir. Cavabdeh iddiaçıdan qeyd edilən kimi 2021-ci ildə pul vəsaiti borc almamışdır. .

93. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cavabdeh bildirmişdir ki, onun tərəfindən iddiaçıdan 8 il əvvəl faizlə qaytarmaq şərti ilə, hər ay 500 manat ödəmək şərtilə 5000 manat məbləğində pul vəsaiti, həmin məbləği götürdükdən 2 ay sonra yenidən eyni şərtlərlə 5000 manat məbləğində pul vəsaiti götürmüşdür. Birinci götürdüyü məbləği 2019-cu ildə tam şəkildə ödəmişdir. O, borcdan sonuncu ödənişi 2021ci ilin oktyabr ayında etmişdir.

94. Məhkəmə qeyd edir ki, cavabdehin həmin qərardakı izahatına əsasən cavabdeh tərəfindən iddiaçıya hər ay qeyd etdiyi kimi ödəniş etdiyini, sonuncu ödənişi isə 2021-ci ilin oktyabr ayında etdiyini qəbul etsək və iddiaçı tərəfindən cavabdehə hər ay hissə-hissə ödəmək üçün möhlət verildiyini qəbul etsək belə, iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 illik müddət ötürülmüşdür.

95. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında artıq 2022-ci ilin əvvəlində pul vəsaitinin qaytarılması ilə bağlı mübahisə olmuşdur. Nəzərə alınmalı əsas məqam ondan ibarətdir ki, üzləşdirmə protokolunda iddiaçının izahatından görünür ki, o izahatında artıq 2021-ci ilin oktyabr ayında cavabdehdən pulu tələb etdiyini bildirmişdir.

96. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

97. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

98. Məhkəmə cavabdeh tərəfindən “iddia müddətinin tətbiqinə dair ərizə”yə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

100. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddia tələbinin rədd olunması üçün əsas təşkil edir.

İddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması, olmadığı halda dəyərinin tutulması” hissəsi:

101. İddiaçı iddia tələbinin “qızıl-zinət əşyalarının qaytarılması, olmadığı halda dəyərinin tutulması” hissəsini cavabdehə toy məclisində istifadə etməsi üçün qızıl-zinət əşyalarını verməsi, lakin cavabdeh tərəfindən qaytarılmaması ilə əsaslandırmışdır.

102. Cavabdeh vəkil-nümayəndəsi iddia tələbinə etiraz ərizəsində iddiaçı tərəfindən qızıl-zinət əşyalarının Cavabdeh deyil, qızı X2 verildiyindən iddia tələbinin düzgün cavabdehə qarşı yönəlmədiyini bildirməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

103. Həmçinin Cavabdeh vəkil-nümayəndəsi tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddiaçı tərəfindən bildirildiyi kimi qızıl-zinət əşyaları cavabdehə verilmiş olsa belə əsassız varlanma ilə bağlı qanunvericilikdə müəyyən edilmiş iki illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

104. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

105. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin vəkil-nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

106. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

107. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

108. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

109. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı qızılzinət əşyalarını Cavabdeh deyil, cavabdehin qızı X4 toy məclisində istifadə etmək üçün götürmüşdür.

110. İddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehin istifadə etməsi üçün verildiyi, cavabdehə təqdim etmək üçün onun qızına verildiyi bildirilsə də, qeyd edilən hallara dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir.

111. İşin mübahisəsiz halı odur ki, qızıl-zinət əşyalarını iddiaçı ona məxsus olan mənzildə cavabdehin qızına təqdim etmişdir. Lakin daha sonra həmin qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyinə keçmişdir.

112. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş “üzləşdirmə protokolu”na əsasən məyyən edilir ki, cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyalarını iddiaçı təxminən 3-4 il bundan əvvəl istifadə etməsi üçün onun qızına vermişdir, lakin həmin qızıl-zinət əşyalarını o, şəxsən iddiaçıya qaytarmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin qızı X4 izahatında bildirmişdir ki, iddiaçı toyda istifadə etməsi üçün qızıl-zinət əşyalarını ona vermiş, o isə iddiaçıya qaytarması üçün anasına vermişdir.

113. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

114. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdehin qızı arasında əvəzsiz istifadə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaransa da, həmin qızılzinət əşyaları cavabdehin qanunsuz sahibliyinə keçmişdir.

115. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

116. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

117. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır

118. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

119. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

120. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:

1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;

2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;

3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

121. Məhkəmə qeyd edir ki, hazırki mülki işdə qeyd edilən normanın dispozisiya şərtlərinin hər biri mövcuddur.

Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

122. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının iddiaçıya məxsus olçası, onun mülkiyyətində olması işin mübahisəsiz halıdır.

123. Belə ki, ilk növbədə tərəflər arasında aparılmış xx.xx.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair “üzləşdirmə protokolu”ndan görünür ki, iddiaçı izahatında onun tərəfindən 12000 manat qiymətində olan 3 ədəd brilliant qaşlı qızıl üzük, 01 ədəd 750 əyarlıq qızıl qolbaq, 01 ədəd 12-13 qram çəkidə olan boyunbağını cavabdehə verdiyini bildirmiş, cavabdeh isə izahatında iddiaçıdan o yox, onun qızının iddiaçının qeyd etdiyi 3 ədəd brilliant qaşlı qızıl üzüyü, 01 ədəd qolbaq, 01 ədəd boyunbağını istifadə etmək üçün aldığını, daha sonra şəxsən həmin qızıl-zinət əşyalarını iddiaçıya qaytardığını bildirmişdir.

124. Yəni qeyd edilən izahata əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı tərəfindən bildirilən qızıl-zinət əşyaları tələbinə münasibətdə yeganə etirazı həmin qızılların ona deyil qızına verilməsi və həmin qızıl-zinət əyalarının onun tərəfindən qaytarılması olmuşdur. Həmin qızıl-zinət əşyalarının sayı, növü, əyarı, qramı, məbləğinə münasibətdə hər hansı bir etiraz bildirilməmişdir. Cavabdehin izahatından görünür ki, o izahatında “iddiaçının qeyd etdiyi 3 ədəd brilliant qaşlı üzük” qeyd etməklə, iddiaçı tərəfindən təqdim edilən qızıl-zinət əşyalarının brilliant qaşlı olmasını da təsdiq etmişdir. Məhkəmə icraatı zamanı da cavabdeh tərəf bunun əksi bildirməmiş və əksini təsdiq edən sübut təqdim etməmişdir.

125. Həmçinin məhkəmə icraatı zamanı cavabdehin vəkil-nümayəndəsinin qızıl-zinət əşyaları tələbinə münasibətdə yeganə etirazı onların cavabdehə deyil, onun qızına verilməsi olmuşdur. Məhkəmə tərəfindən cavabdehin vəkil-nümayəndəsi ilə cavabdehin iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarına etirazı olub-olmaması aydınlaşdırıldıqda o, bildirmişdir ki, cavabdeh həmin qızıl-zinət əşyalarının bəzilərini xatırladığını bildirmiş, bəzilərini isə tanımadığını bildirmişdir. Cavabdehin iştirakı ilə dəqiqləşdirmə aparmaq üçün məhkəmə baxış iclası təxirə salınsa da cavabdeh iştirak etməmiş, cavabdeh ilə məhkəmə iclasında telefon ilə əlaqə saxlanılmağa çalışılsa da mümkün olmamışdır.

126. Eyni zamanda şahid qismində məhkəmə iclasında dindirilmiş cavabdehin qızı X4 izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarını iddiaçıdan o 2018-ci ildə məclisdə istifadə etmək üçün almışdır. Qızılları özü götürsə də, amma nə qədər qızıl alması yadında qalmamışdır. Toy məclisində onun özü 3 ədəd qızıldan- qaşlı üzük, klonlu sep və qolbaqdan istifadə etmişdir.

127. Məhkəmə tərəfindən şahidə iş materiallarında olan fotoşəkillər təqdim edilən zaman şahid izahatında dəqiq xatırlamadığını, götürdüyü qolbağın şəkildəki qolbağa oxşadığını, onun götürdüyü üzüyün qaşlı üzük olduğunu, sepdə klon olduğunu bildirmişdir. Yəni şahid fotoşəkildə olan qızılların həmin qızıllar olduğunu xatırlamadığnı, bəzisinin oxşadığını bildirmiş, yəni etiraz bildirməmişdir ki, qızıllar həmi qızıllar deyil.

128. Beləliklə, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması, iş materiallarında olan fotoşəkildəki qızılların deyil, başqa qızılların onlara təqdim edilməsi cavabdeh tərəf tərəfindən mübahisələndirilməmişdir.

Əmlakın cavabdehin sahibliyində olması:

129. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları cavabdehin sahibliyindədir.

130. Belə ki, qeyd etdiyimiz kimi işin mübahisəsiz halı odur ki, qızıl-zinət əşyaları iddiaçı tərəfindən toy məclisində istifadə etmək üçün cavabdehin qızına verilmişdir. Cavabdehin qızı tərəfindən isə həmin qızıl-zinət əşyaları cavabdehə verilmişdir. Qeyd edilən hal cavabdehin üzləşdirmə protokolunda olan izahatı, cavabdehin qızının ifadəsi, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı ilə öz təsdiqini tapmışdır.

131. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısının cavabdehə məxsus olması cavabdehin vəkil-nümayəndəsi tərəfindən mübahisələndirildiyi üçün məhkəmə tərəfindən məhkəmə fonoskopik ekspertizası təyin edilməklə ekspert rəyi alınmışdır.

132. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1295-4/1347 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli optik diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesi üçün xarakterik siqnalın olması, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmamışdır.

133. Belə olan halda məhkəmə qeyd edir ki, qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasını sübutemə yükü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən məhkəməyə qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasına dair sübut təqdim edilməmişdir.

134. Cavabdehin vəkil-nümayəndəsi qeyd etmişdir ki, səs yazısında olan qızıl-zinət əşyalarına dair danışıq tərəflər arasında əvvəl alınmış qızıl-zinət əşyaları ilə bağlı aparılan danışıqdır.

135. İlk növbədə cavabdehin vəkil-nümayəndəsinin qeyd edilən izahatı məhkəmə tərəfindən qızıl-zinət əşyalarının qaytarılmasından boyun qaçırmaq üçün verilmiş izahat olaraq qiymətləndirilmişdir.

136. Digər tərəfdən də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, həmin səs yazısında olan danışığı daha əvvəl alınmış qızıl-zinət əşyaları ilə bağlı aparılmış danışıq olaraq qiymətləndirsək belə, cavabdeh iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyalarını, hansıki üzləşdirmə protokolunda öz əksini tapmışdır, iddiaçıya qaytarmasına dair məhkəməyə sübut təqdim etməmişdir.

137. O da nəzərə alınmalıdır ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı mübahisə yarandıqdan sonra, iddiaçı tərəfindən cavabdehə yenidən qızıl-zinət əşyalarıın verilməsi real olmadığından tədqiq edilən səs yazısı elə mübahisə obyekti olan qızıl-zinət əşyaları ilə bağlıdır.

138. Beləliklə, cavabdeh tərəf məhkəməyə cavabdeh tərəfindən qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması ilə bağlı sübut təqdim etmədiyindən, qızıl-zinət əşyaları cavabdehin sahibliyindədir.

Cavadbehin əmlaka sahibliyinin qanunsuz olması:

139. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət əşyalarının istifadə etmək üçün cavabdehə verdiyini bildirsə də sübuta yetirə bilmədiyindən, cavabdeh qızıl-zinət əşyalarının iddiaçı tərəfindən ona deyil, onun qızına verildiyini bildirdiyindən, işin tədqiq edilən halları ilə qızıl-zinət əşyalarının cavabdehin qızı tərəfindən cavabdehə verildiyi müəyyən edildiyindən həmin qızıl-zinət əşyalarına cavabdehin sahibliyi qaununsuz sahiblik olaraq qiymətləndirilməlidir. Yəni cavabdehin qızıl-zinət əşyalarına dair hər hansı hüququ yoxdur, əmlakın hazırda onun sahibliyində olmasının qanuni əsası mövcud deyil.

140. Buna görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

141. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz

142. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edəcəkdir.

143. Yuxarıda qeyd etdiyimiz kimi cavabdeh nümayəndəsi və vəkili məhkəməyə idda müddətinin tətbiqi barədə ərizə verərək məhkəmədən əsassız varlanma ilə bağlı qanunvericilikdə müəyyən edilmiş iki illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

144. Məhkəmə cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə 2 illik iddia müddətinin tətbiq edilməli olmasına dair ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməli olmasına dair etirazı əsassızdır.

145. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyətçinin və ya digər sahibin hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir (Mülki Məcəllə maddə 384.0.4 ).

146. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən qızıl-zinət əşyaları cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır.

147. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir

148. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/65 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, qərardadda qeyd edilən zərgərlik məmulatlarının hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq – 2030 manat (140x14.5), 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı – 1783 manat (115x15.5), 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük – 230 manat (115x2), 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük -173 manat (115x1.5). Digər 01 adda zərgərlik məmumatının üzərində olan brilyant qaşların keyfiyyəti, ölçüsü və.s barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

149. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə alaraq qeyd edir ki, 2030 manat dəyərində olan 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq, 1783 manat dəyərində olan 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı, 230 manat dəyərində olan 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük və 173 manat dəyərində olan 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzüyün cavabdehdən alınaraq iddiaçıya verilməsi mümkün olmadıqda dəyəri tutularaq iddiaçıya ödənilməlidir.

150. Məhkəmə iddiaçı tərəfindən tələb edilən 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.5 sot olan 20 ədəd səpmə şəklində sibir qaşlı üzüyə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin qızıl-zinət əşyasına münasibətdə iddiaçı tərəfindən üzükdə olan qaşların sibir qaşı olması ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, lakin cavabdehin “üzləşdirmə protokolu”ndakı izahatına əsasən verilən üzüyün brilliant qaşlı olduğu mübahisəsiz olduğundan, məhkəmə iclasında üzüyün şəkli cavabdehin qızına təqdim edilərkən oxşadığı bildirildiyindən və ekspert tərəfindən qeyd edilən üzüyə dair hissədə rəy verilməsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində mütəxəssis tərəfindən fotoşəkil əsasında üzüyə dair hissədə rəy verildiyindən məhkəmə qeyd edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün, vicdanlılıq prinsipi (həmçinin anasından yadigar qalması nəzərə alınmaqla) əsas götürülməklə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində müəyyən edilmiş sadə brilliant qaşın qiyməti (2.5 karatx1000=2500, 0.50x20=150manat), qızıl qramının qiymətinə münasibətdə isə ekspert rəyi ilə müəyyən edilmiş qiymət əsas götürülməklə üzüyün qiyməti 3604.5 (8.3x115+2500 manat+150 manat) manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri :

151. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98.2 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

152. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə aparılmış məhkəmə-fonoskopik ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsait Cavabdeh tutulmalı, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat mələğində vəsait tərəflər arasında bərabər şəkildə bölünməli, ümumilikdə 350 manat məbləğində vəsait Cavabdeh, 50 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

153. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq etmək üçün təqdim edilmiş CD diskdə olan səs yazısının cavabdehə məxsus olduğu (cavabdehə məxsus olduğu məlum olduğu halda) cavabdehin vəkil-nümayənsəsi tərəfindən mübahisələndirildiyi üçün iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. İş üzrə keçirilmiş birinci məhkəmə-fonoskopik ekspertizası rəyində ekspert tərəfindən səs yazısında montaj əlamətlərinin olmaması müəyyən edilsə də, cavabdehə məhkəmə tərəfindən ekspert vəsatəti barədə məlumat verilsə də, eksperimental səs və nitq nümunəsinin ekspertiza tədqiqatına təqdim etmək üçün yaxınlaşmadığından həmin hissədə rəy verilməsi mümkün olmamışdır. Bu səbəbdən həmin hissədə rəy verilməsi üçün yenidən ekspertiza tədqiqatı aparılmış və müvafiq ekspert rəyi məhkəməyə təqdim edilmişdir. İşin qeyd edilən faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-fonoskopik ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

Nəticə :

154. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3604.5 manat dəyərində olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.5 sot olan 20 ədəd səpmə şəklində brilliant qaşlı üzük, 2030 manat dəyərində olan 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq, 1783 manat dəyərində olan 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı, 230 manat dəyərində olan 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük, 173 manat dəyərində olan 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük alınaraq İddiaçı qaytarılmalı, həmin qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadığı halda qızıl-zinət əşyalarının dəyərini təşkil edən 7820.5 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

155. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3604.5 manat dəyərində olan 583 əyarlı, çəkisi 8.3 qram ortasında 2.5 karat olan 5 ədəd, qıraqlarında 0.5 sot olan 20 ədəd səpmə şəklində brilliant qaşlı üzük, 2030 manat dəyərində olan 750 əyarlı, çəkisi 14.5 qram italyan qızıl qolbaq, 1783 manat dəyərində olan 585 əyarlı, çəkisi 15.5 qram türk qızıl boyunbağı, 230 manat dəyərində olan 585 əyarlı, çəkisi 2 qram türk qızıl üzük, 173 manat dəyərində olan 585 əyarlı, çəkisi 1.5 qram türk qızıl üzük alınaraq İddiaçı qaytarılsın, həmin qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadığı halda qızıl-zinət əşyalarının dəyərini təşkil edən 7820.5 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 98.2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 350 manat məbləğində vəsait Cavabdeh və 50 manat məbləğində vəsait İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar