Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-71/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qeyri-yaşayış sahəsinin özbaşına tikilmiş hissəsinin sökülməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin özbaşına tikilmiş hissəsinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin özbaşına tikilmiş hissəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli ETİ-12/22 saylı obyektin tikintisinə icazə sənədinə əsasən yenidən qurulmasına icazə verildiyi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli 04/4325 inventar nömrəli texniki pasportu ilə müəyyən olunmuş qabarit ölçülərindən kənara çıxan en, uzunluq və hündürlük hissələrinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak mülkiyyət hüququ ilə ona məxsusdur. Bu evdə qohumları ilə birlikdə yaşayır. Mənzili binanın ikinci mərtəbəsində yerləşir. Yaşadığı binanın divarına bitişik formada yerləşən və ünvan 3 ünvanı kimi qeydiyyata alınmış bir mərtəbəli qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur. Bu daşınmaz əmlakı xx.xx.2018-ci ildə cavabdehin qardaşı X9 ona bağışlamışdır. Cavabdehin sözügedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyriyaşayış sahəsinin hündürlüyü binanın ikinci mərtəbəsinə qədər idi. 2022-ci ilin dekabr ayından etibarən qeyri-yaşayış sahəsində tikinti işləri başlamışdır. İddiasına əlavə etdiyi fotolardan da göründüyü kimi, mövcud qeyri-yaşayış sahəsi ortada qalmaqla, onun çölündən yeni divarlar inşa olundu və hündürlüyü də artırılmışdır. Nəticədə, əvvəlki qeyriyaşayış sahəsindən böyük yeni bina inşa olundu. Bu obyektin hündürlüyü artıq mənzilinin pəncərəsinin yuxarı çərçivəsi səviyyəsindədir. Obyektin dam örtüyü pəncərəsindən olan görüntünü demək olar ki, tam məhdudlaşdırmışdır. Bundan başqa, obyektin dam örtüyü tamamilə mənzilinin divarına bitişikdir. Dam örtüyünün üstünə yığılmış toz-torpağın mənzilə daxil olmaması üçün mənzilinin həmin qeyri-yaşayış sahəsi tərəfdə yerləşən pəncərəsini artıq istifadə etmək mümkün deyildir. Eləcə də, dam örtüyünün evin divarı ilə bitişik hissəsində yığılan yağış suları, qar da mənzilin divarında əlavə rütübutən yaranmasına səbəb olur. Bütün bunlar isə mənzildə yaşayanların, o cümlədən, azyaşlı uşaqların sağlamlıqlarına pis təsir edir. Bunlardan başqa, binanın və mənzilimin divarına bitişik şəkildə qeyri-yaşayış sahəsinin inşası yanğın riskini və mənzilə kənar şəxslərin qanunsuz daxil olması təhlükəsini də artırır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli ETİ-12/22 saylı obyektin tikintisinə icazə sənədi ilə Cavabdeh ünvan 1 ünvanında sözügedən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. Bu sənədə görə, cavabdehə mövcud qeyri-yaşayış binasının yenidən qurulmasına, yəni, mövcud tikilinin texniki pasportunda müəyyən olunmuş qabarit ölçülərinin dəyişdirilmədən yenidən qurulmasına icazə verilmişdir. Lakin, iddiaya əlavə etdiyi fotolardan da göründüyü kimi, cavabdeh icazə sənədində ona verilmiş icazədən kənara çıxaraq, mövcud tikilinin en, uzunluq və hündürlük ölçülərini artıraraq, mövcud tikilindən böyük yeni tikili inşa etmişdir.
İş materialları :
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
4. xx.xx.2018-ci il tarixli, 402044 nömrəli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X9 ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 153.7 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh bağışlamışdır.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-35-1/2-2050/2023 saylı məktubdan görünür ki, Məcəllənin 75-ci maddəsinə uyğun olaraq tikintiyə icazə icraatı prossesində dövlət aidiyyəti qurumlarından, o cümlədən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Yanğın Nəzarət Xidməti, Respublika Giqiyena və Epidemiologiya Mərkəzinin, X1, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 müsbət rəyləri verilmiş və qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən səlahiyyətləri çərçivəsində qabarit ölçüləri dəyişdirilmədən ünvan 5 ünvanında istifadəsində olan torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan mövcud qeyriyaşayış binasının yenidən qurulmasına xx.xx.2022-ci il tarixli ETl-12/22 nömrəli “Obyektin tikintisinə icazə” sənədi təqdim edilmişdir. İddiaçı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciəti əsasında dövlət şəhərsalma nəzarəti çərçivəsində müvafiq əraziyə baxış keçirilmiş, əməkdaşları tərəfindən qeyriyaşayış obyektinin tikintisi zamanı hündürlük səviyyəsinin 1 metr artırmaqla layihə sənədlərindən kənarlaşmaya yol verilməsi müşahidə edilmiş və bununla əlaqədar olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə xx.xx.2022-ci il tarixli MİHO/2.1.1-2-2022-5263 nömrəli məktub ünvanlanmışdır.
6. xx.xx.2022-ci il tarixli, ETİ-12/22 saylı “Obyektin tikintisinə icazə”dən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasının yenidənqurulmasına icazə verilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 089572 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-yə “Tikintisinə icazə olunan tələb və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini” həyata keçirməsinə icazə verilmişdir.
8. İş materiallarına "xxxx" MMC-yə “Tikintisinə icazə olunan tələb və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi” fəaliyyət növü üzrə verilmiş lisenziya əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı əlavə edilmişdir.
9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 185435 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 21 saylı evin 31.0 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı, 4 saylı mənzili X3 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1140 saylı reyestr kitabında 171315 səhifə, qeydə alma № 30/5647, xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır.
10. AZ-İİ seriyalı, 210419 nömrəli “nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1921 nömrə ilə qeyd edilmişdir. Ərə Cabbarov, arvada Cabbarova soyadı verilmişdir.
11. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-cü il tarixli məktubundan görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı ünvan 6 ünvanında Cavabdeh tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ETİ- 12/22 nömrəli icazə sənədi əsasında inşa edilən qeyri-yaşayış obyektinin hündürlük səviyyəsinin 1 metr artırmaqla layihə sənədlərindən kənarlaşmaya yol verilməsi müşahidə edilmişdir.
12. İş materiallarına ünvan 8 ünvanında mövcud ticarət obyektinin rekonstruksiyasına dair işçi layihə əlavə edilmişdir.
13. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli, 136 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 21 saylı binanın ikinci mərtəbəsində yerləşən 4 saylı mənzilin fasad divarına bitişik inşa edilmiş qeyri-yaşayış obyektinin dam örtüyünün hündürlüyü tikinti-norma və qaydalarının tələblərinə uyğun deyildir. Qərara əsasən sözügedən dam örtüyünün hündürlüyü 4 saylı mənzilin döşəməsinin hündürlüyündən çox olmamalıdır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 21 saylı binanın ikinci mərtəbəsində yerləşən 4 saylı mənzilin fasad divarının aşağı hissəsinə bitişik inşa edilmiş qeyri-yaşayış obyekti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin “Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”nin tələblərinə uyğun inşa edilməmişdir.
15. İş materiallarına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2018-ci il tarixli, 04/4325 inventar nömrəli texniki pasportun surəti əlavə edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3817 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, mübahisə predmeti olan tikilinin (ticarət obyektinin) faktiki hündürlüyünün 4.35 metr təşkil etdiyini nəzərə alaraq həmin tikilinin faktiki hündürlüyünün iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 04/4325 invertar nömrəli “Texniki Pasport” sənədində və "xxxx" MMC tərəfindən tərtib edilmiş “İşçi Layihə” sənədlərində qeyd olunan hündürlük ölçüsü ilə üst-üstə düşmədiyi müəyyən olunur. Belə ki, 04/4325 invertar nömrəli “Texniki Pasport” sənədində və "xxxx" MMC tərəfindən tərtib edilmiş”İşçi Layihə” sənədlərində mübahisə predmeti olan tikilinin hündürlüyünün 3.30 metr təşkil etdiyi qeyd olunmuşdur.
17. İş materiallarına həmin qeyri-yaşayış binasına aid fotoşəkillər əlavə edilmişdir.
18. Bakı İnzubati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-6062/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (3-cü şəxs Cavabdeh) “icazənin ləğv edilməsi” tələbi təmin edilməmişdir.
İşin faktiki halları :
19. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 21 saylı evin 4 saylı mənzili İddiaçı, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyekti Cavabdeh xüsusi mülkiyyətindədir.
20. Cavabdehin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yenidənqurulmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ETİ-12/22 saylı icazə verilmişdir.
21. Cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində qeyri-yaşayış obyektinin hündürlüyü “texniki pasport” və “işçi layihə” sənədlərində müəyyən edilmiş 3.3 metr hündürlükdən kənara çıxmaqla 4.35 metr səviyyəsinə qaldırılmışdır.
22. Cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində qeyri-yaşayış obyektinin dam örtüyü ara məsafəsi saxlanılmadan iddiaçıya məxsus mənzilin yataq otağının pəncərəsinin alt hissəsinə bitişik inşa edilmişdir.
23. İddiaçı cavabdehdən tikilinin müvafiq hissəsinin sökülməsini tələb etsə də, cavabdeh tərəfindən həmin hissə sökülməmişdir.
Tərəflərin izahatları :
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, həmin özbaşına tikili pəncərəyə bitişikdir. İş materiallarında olan şəkil və mütəxəssis rəyindən göründüyü kimi mənzilə tam bitişikdir. Dam örtüyünün binaya birləşən hissəsi hazırda iddiaçının pəncərəsinin 10 sm aşağısındadır. Bunun nəticəsində isə yığılan yağış suları, qar mənzilin daha da rütubətli olmasına səbəb olur. Bu isə azyaşlı uşaqların sağlamlığına pis təsir edir. Həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən hündürlük aşağı salınmamışdır. Getdikcə dam qalxır. 5-ci mərtəbənin divarından başqa heçnə görünmür. Köhnə tikili qala-qala, indiki yeni tikilini artırılmışdır. Köhnə tikili indiki yeni tikilinin içərisindədir. Tikintiyə icazə qabarit ölçüləri çərçivəsində verilsə də, tikili uzunluq və hündürlük baxımdan kənara çıxmışdır.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mübahisəli tikili yeni tikili deyildir. Əvvəlki tikili sökülməklə, cavabdeh tərəfindən yeni, müasir tikili inşa edilmişdir. Əvvəlki tikili istinad divarına bitilşik olmuş, lakin indiki tikili isə 60 sm aralı tikilmişdir. İndiki tikilidə çardaq hissəsi bir qədər hündür olub, ondan sonra Venera xanımgiletirazlarını bildiriblər. Sahibkarda deyibki qoşuluq naminə çardağı sökərəm. Sonra tərəflər arasında hallaşma olmuşdur. Daha sonra Venera xanım yenidən məhkəməyə iddia ilə müraciət etmişdir. Bügunkü gündə iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə bağlı əsaslandırılmış sənədlər yoxdur. Hündürlük istinad divarından 7 metr sonra gözə çarpır. Həmin hissə iddiaçının hüquqlarını məhdudlaşdırmır. Əgər bu iddiaçının hüquqlarının məhdudlaşdırırsa, nə üçün daha əvvəl müraciət etməmişdir.
Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi:
69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi;
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2914-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”:
5-ci bənd. Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. 6-cı bənd. Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. 9-cu bənd. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.
31. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30 noyabr 2021-ci il tarixli, 3 saylı qərarına əsasən”Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qanun:
7.1.13. Binaya bitişik inşa edilən obyektin dam örtüyünün yükdaşıyan konstruksiyalarının odadavamlılıq həddi R 45-dən və yanğın təhlükəliyi sinfi K0-dan aşağı olmamalıdır. Yaşayış binasının ona bitişik inşa edilmiş obyektə tərəf açılan pəncərələri olduğu halda, kəsişmə yerlərində dam örtüyünün səviyyəsi binanın yaşayış otaqlarının döşəməsinin səviyyəsindən hündür olmamalıdır. Dam örtüyünün istilik qatı yanmayan materiallardan olmalıdır.
Məhkəmənin mövqeyi :
32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
33. İddiaçı tərəfindən Cavabdeh qarşı olan “qeyri-yaşayış sahəsinin özbaşına tikilmiş hissəsinin sökülməsi” tələbi cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektində cavabdeh tərəfindən aparılan yenidənqurma işləri nəticəsində qeyri-yaşayış obyektinin dam örtüyünün onun mənzilinə bitişik inşa edilməsi, dam örtüyünün hündürlüyünün artırılaraq onun pəncərəsinin yuxarı çərçivə səviyyəsinə qaldırılması nəticəsində onun mülkiyyətindən istifadayə maneə yaranması ilə əsaslandırılmışdır.
34. Məhkəmə ilk növbədə iddia tələbi üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.
35. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
36. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. İşin mübahisəsiz halı odur ki, cavabdeh tərəfindən onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektində iddiaçının mülkiyyətində olan mənzilə bitişik yenidənqurma işləri aparılmışdır.
39. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
40. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçınun birinci hüququ, məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
41. Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.).
42. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi nəzərdə tutur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
43. Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.
44. Beləliklə, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
45. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin qeyri-yaşayış obyektində xx.xx.2022-ci il tarixli, ETİ-12/22 saylı icazəyə əsasən yenidənqurma işləri həyata keçirilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən yenidənqurma işləri nəticəsində qeyriyaşayış obyektinin hündürlük səviyyəsi 1 metr artırılmaqla layihə sənədlərindən kənarlaşmaya yol verilmişdir.
46. Belə ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10/3817 saylı xx.xx.2025-ci il tarixli rəyə əsasən ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan tikilinin (ticarət obyektinin) faktiki hündürlüyünün 4.35 metr təşkil etdiyi nəzərə alınaraq həmin tikilinin faktiki hündürlüyünün iş materiallarında olan xx.xx.2018-ci il tarixli, 04/4325 invertar nömrəli “Texniki Pasport” sənədində və "xxxx" MMC tərəfindən tərtib edilmiş “İşçi Layihə” sənədlərində qeyd olunan hündürlük ölçüsü ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, 04/4325 invertar nömrəli “Texniki Pasport” sənədində və "xxxx" MMC tərəfindən tərtib edilmiş”İşçi Layihə” sənədlərində mübahisə predmeti olan tikilinin hündürlüyünün 3.30 metr təşkil etdiyi qeyd olunmuşdur.
47. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, idarənin əməkdaşları tərəfindən dövlət şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilmiş və qeyri-yaşayış obyektinin tikintisi zamanı hündürlük səviyyəsinin 1 metr artırılmaqla layihə sənədlərindən kənarlaşmaya yol verilmişdir.
48. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “X8” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 136 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 21 saylı binanın ikinci mərtəbəsində yerləşən 4 saylı mənzilin fasad divarına bitişik inşa edilmiş qeyri-yaşayış obyektinin dam örtüyünün hündürlüyü tikinti-norma və qaydalarının tələblərinə uyğun deyildir. Qərara əsasən sözügedən dam örtüyünün hündürlüyü 4 saylı mənzilin döşəməsinin hündürlüyündən çox olmamalıdır. Bakı şəhəri, Bəhruz Nuriyev küçəsi, 21 saylı binanın ikinci mərtəbəsində yerləşən 4 saylı mənzilin fasad divarlanın aşağı hissəsinə bitişik inşa edilmiş qeyri-yaşayış obyekti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin “Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”nin tələblərinə uyğun inşa edilməmişdir.
49. Beləliklə, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən aparılan yenidən qurma işləri nəticəsində şəhərsalma və tikinti normaları və qaydalarının tələbləri pozulmuşdur. Belə ki, müəyyən edilmişdir ki, tikinti işləri aparılan zaman lahiyədən kənara çıxmağa yol verilmiş, həmçinin ara məsafəsi saxlanılmadan tikinti işləri aparılmışdır.
50. Hazırda isə qiymət verilməli olan məsələ cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti işlərinin iddiaçının öz sahəsindən istifadə etməkdə ona maneçilik yaradıbyaratmaması və ya hüququnun əhəmiyyətli dərəcədə pozub-pozmamasıdır.
51. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilin yataq otağının pəncərəsinin alt hissəsinə bitişik dam örtüyünün inşa edilməsi iddiaçının mənafeyinə uyğun olmamaqla, onun öz sahəsindən istifadəyə maneçilik yaradır.
52. Məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 136 nömrəli mütəxəssis rəyinə əsasən qeyri-yaşayış obyektində aparılmış konstruktiv dəyişikliklər nəticəsində mənzil sahibinin pəncərəsinin önü kobud şəkildə kəsilmiş, ərazinin müşahidə edilməsinin qarşısı qismən alınmışdır. 4 saylı mənzilin yataq otağından sözügedən qeyri-yaşayış sahəsi istiqamətinə 1 ədəd 2 laylı pəncərəsi vardır. Pəncərə oyuğunun alt hissəsi qeyriyaşayış sahəsinin dam örtüyündən təxminən 10-15 sm hündürdə yerləşməklə su novu birbaşa fasad divarına birləşdirilmişdir. Eyni zamanda obyektin birbaşa binaya bitişik olması, ara məsafəsinin saxlanılmaması, obyektin damının mənzil sahibinin pəncərəsinin altına bitişik olması yolverilməzdir ki, bunun nəticəsində damın üzərinə yığılmış toz-torpaq külək nəticəsində, eləcə də atmosfer çöküntülərindən yaranmış yağıntıların pəncərənin altına yığılaraq oradan da birbaşa mənzilin daxilinə keçir. Belə olduğu halda mənzil sahibi pəncərədən istifadə zamanı müəyyən problemlərlə üzləşir.
53. Müəyyən edilmişdir ki, iddiaçının mənzilinin qeyri-yaşayış obyektinin dam örtüyünə bitişik olduğu pəncərəsi yataq otağında yerləşir. Belə olan halda dam örtüyünün pəncərəyə bitişik olması təbiidir ki, yataq otağının havalandırılmasının qarşısını almaqla və tozun otağa daxil olmasına səbəb olmaqla pəncərədən təyinatı üzrə istifadə edilməsinə maneçilik yaradır. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərə əsasən müəyyən edilir ki, iddiaçının ərazini müşahidə etmək imkanlarını da məhdudlaşdırır. Həmçinin qeyri-yaşayış obyektinin dam örtüyünün iddiaçıya məxsus mənzilin pəncərəsinə bitişik olması iddiaçıya məxsus mənzilə kənar şəxslərin daxil olması riskini, o cümlədən qeyri-yaşayış obyektində baş verə biləcək yanğın halında mənzil üçün yanğın riskini yaradır.
54. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən qiymət verilməli olan digər məsələ isə iddiaçı tərəfindən cavabdeh tərəfindən yenidənqurma işlərinin aparılması zamanı onun hüquqularının pozulması aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi etiraz edilibedilməməsidir.
55. İşin tədqiq edilmiş halları o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən aparılan yenidən qurma işlərinin iddiaçının hüquqlarını pozmasına dair iddiaçı tərəfindən etiraz edilmişdir.
56. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən edilmişdir ki, yenidənqurma işlərinə dair icazə xx.xx.2022-ci il tarixdə verilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ara məsafəsi saxlanılmadan qeyri-yaşayış obyektinin tikintisinə dair Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsinə müraciət edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış obyektinin tikintisinə verilmiş icazə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahat əsasən tərəflər arasında tikili ilə bağlı danışıqların olduğu müəyyən edilir. Cavabdeh iddiaçının tikilinin aparılmasına icazə verdiyini, tikinti işləri qurtardıqdan sonra sökülməsini tələb etdiyini bildirsə də, qeyd edilən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Əksinə müəyyən edilmişdir ki, qeyd edilən tikinti işləri ilə bağlı tərəflər arasında mübahisəli vəziyyət mövcud olmuşdur. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, dam örtüyünün hündürlüyü ilə bağlı iddiaçı tərəfindən cavabdehə etirazlar bildirilmiş, cavabdeh isə qeyd etmişdir ki, qonşuluq naminə həmin hündür olan hissəsni sökərəm. Lakin hündür olan hissənin sökülməsi ilə bağlı hal müəyyən edilməmişdir.
57. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilmiş qeyriyaşayış obyektinin xx.xx.2018-ci il tarixli 04/4325 inventar nömrəli texniki pasportu ilə müəyyən edilmiş qabarit ölçülərindən kənara çıxan en, uzunluq və hündürlük hissələrinin sökülməsi barədə tələb irəli sürülsə də, işin tədqiq edilmiş halları ilə cavabdeh tərəfindən yenidən inşa edilmiş qeyri-yaşayış obyektinin faktiki hündürlüyünün “texniki pasport” və “işçi layihə” sənədlərində müəyyən edilmiş hündürlük ölçüsü ilə üst-üstə düşmədiyi müəyyən edildiyindən, həmçinin qeyd edilən tikilinin iddiaçının mənafeyinə uyğun olmadığı, hüququqlarını pozduğu aşkar edildiyindən, iddia tələbi tikilinin hündürlüyünün sökülməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin ediməməlidir.
58. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən aparılan yenidənqurma işləri nəticəsində qeyri-yaşayış obyekti ortada qalmaqla sadəcə kənardan əlavə tikililər quraşdırılmışdır.
59. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının öz sahəsindən məqsədli təyinatına uyğun şəkildə istifadə etməməsi ilə cavabdehə məxsus qeyri-yaşayış obyektinin dam örtüyünün layihədən kənara çıxan hündür hissəsinin sökülməsi tərəflərin hüquq və mənafeləri baxımından müqayisə edildikdə, cavabdehə məxsus qeyri-yaşayış obyektinin layihədən kənara çıxan hündür hissəsinin sökülməsi qanunçuluğun tələbinə cavab verməklə yanaşı, iddiaçının hüquq və mənafeyinin müdafiəsi məqsədi məqsədilə tətbiq edilməklə, qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnmir.
Məhkəmə Xərcləri:
60. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Republikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə :
61. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh qarşı olan “qeyri-yaşayış sahəsinin özbaşına tikilmiş hissəsinin sökülməsi”nə dair iddia tələbi qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan qeyri yaşayış obyektinin faktiki hündürlüyünün xx.xx.2018-ci il tarixli, 04/4325 nömrəli inventar nömrəli "texniki pasport" və "xxxx" MMC tərəfindən tərtib edilmiş “İşçi layihə” sənədlərində müəyyən edilmiş 3.30 metrdən hündür olan hissəsi sökülməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan qeyri yaşayış obyektinin faktiki hündürlüyünün xx.xx.2018-ci il tarixli, 04/4325 nömrəli inventar nömrəli "texniki pasport" və "xxxx" MMC tərəfindən tərtib edilmiş “İşçi layihə” sənədlərində müəyyən edilmiş 3.30 metrdən hündür olan hissəsi sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Tədqiqatın dəyəri olan 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva