Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-720/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35600 (otuz beş min altı yüz) manat və 16000 (on altı min) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki tanıyır. 2019-cu ildə Cavabdeh Facebook sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlamış və onlar görüşmüşdür. Həmin görüşdə cavabdeh Rabitə Nazirliyində işlədiyini bildirmişdir. Söhbət əsnasında Cavabdeh irəli vəzifəyə keçmək üçün ondan bir ay müddətinə qaytarmaq şərtilə 5000 manat pul istəmiş, həmyerli olduqları üçün həmin məbləği Tamaraya Rabitə Nazirliyinin qarşısında vermişdir. Həmin vaxt Cavabdeh maaşının yüksək və əlavə gəlir yerinin olduğunu bildirmişdir. Bununla bağlı, ondan özünün biznesini genişləndirmək üçün borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 2019-cu ilin sentyabr-dekabr ayları ərzində Tamaraya dostu vasitəsilə 6000 ABŞ dolları, Yeni Günəşli qəsəbəsində 3000 ABŞ dolları, 2000 manatı Nəsimi rayonu K.Səfərəliyeva küçəsində yerləşən gözəllik salonunun qarşısında, 6000 ABŞ dolları və 500 manat Mərkəzi Univermağın qarşısında, 2000 manat gözəllik salonuna gedəndə, 12000 manat Səməd Vurğun bağının qarşısında, 10000 manat Neft Emalızavodunun qarşısında, 2000 manat Səməd Vurğun bağında, 1000 ABŞ dolları və 300 manat Mərkəzi Univermaqla üzbəüz qutab satışı dükanının qarşısında, 2000 manat Səməd Vurğun bağının yanında maşının içərisində, 1800 manat Nəsimi rayon ərazisində verərək ümumi bütün verdiyi pullar 35600 (otuz beş min altı yüz) manat və 16000 (on altı min) ABŞ dolları təşkil edir. Bir müddət sonra pulunu istəməyə başlamış, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək aldığı borc pulları qaytarmırdı. Bu səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Uzun müddətdir ki, öz pullarını ala bilmir. O, məcburən polis orqanlarına müraciət etmiş, polis orqanları tərəfindən aparılmış araşdırma nəticəsində, Cavabdeh ona 35600 manat və 16000 ABŞ dolları məbləğındə borcu olduğu öz təsdiqini tapmışdır. Lakin, buna baxmayaraq cinayət işinin rədd edilməsi barədə qərar verilmiş və borclarının qaytarılması üçün mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdilər. Əlavə olaraq qeyd etdilər ki, qarşı tərəf cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan şikayət verməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər ilə də cavabdehin borcunun olması öz təsdiqini tapmışdır. Onlar ödənilən dövlət rüsumunun iddiaçıya aid edilməsinə etiraz etmirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia ərizəsi ilə tanış deyildir və tanış olmaq üçün də vaxt verilməsini, bundan başqa Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məhkəmə iclasında iştirak etməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə İddiaçı DİN-in 102 xidmətinə və Bakı şəhər Baş Polis İdarəsinə müraciət ünvanlayaraq bildirmişdir ki, əvvəllər tanıdığı Cavabdeh müxtəlif adlarla ondan 37000 manata yaxın pul almış lakin geri qaytarmamışdır. O, Cavabdeh ondan götürdüyü pulların qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar ilə toplanmış təhqiqat materialından müəyyən olunmuşdur ki, İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul vermişdir. Təhqiqatın gedişatında Cavabdeh ətraflı izahatı alınması üçün polis şöbəsinə dəvət olunsa da gələcəyini bildirmiş lakin gəlməsə də, İddiaçı təhqiqata təqdim etdiyi Whatsapp mesajlaşma proqramı yazışmalarında Cavabdeh İddiaçı 38500 manat pul borc almasını və qaytarmaq öhdəliyi götürdüyünü etiraf etdiyi aydın şəkildə görünür. Hansı ki, iş materiallarına da əlavə edilmiş Cavabdeh adına olan ***-***-**-** mobil nömrəsi ilə olan Whatsapp yazışmalarına əsasən iddiaçı cavabdehə iş yerinin qarşısında 5000 manat, ÇUM-un qarşısında 500 manat, kurs üçün 300 manat, kart balansına 200 manat, salona dırnağa gedəndə 2000 manat, 28 Mayda iş yerinin yanında 12000 manat, SOCAR-dan götürdükləri 10000 manat, Təzə idarənin qabağında 2000 manat, maşında 2000 manat, Rəvanın 3 aylıq hazırlıq pulu olan 1800 manat, onun deməsi əsasında İlkin adlı şəxsin cavabdehə verdiyi 6000 ABŞ dolları, ÇUM-un qarşısında 6000 ABŞ dolları, Günəşliyə gedəndə 3000 ABŞ dolları, Manqaliyada 1000 ABŞ dolları və 300 manat verməsi daxil olmaqla ümumilikdə 36100 manat və 16000 ABŞ dolları borcunun olduğunu demiş, cavabdeh də qeyd etdiklərinin doğru olduğunu, borcunu ödəyəcəyini bildirmiş və borcların ödəniləsi üçün vaxt verilməsini istəmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehə verdiyi pul vəsaitindən 35600 manat və 16000 ABŞ dolları məbləğində pulun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə İddiaçı tanışı Cavabdeh qaytarması şərtilə 2019-cu ilin sentyabr və dekabr ayları arasındakı müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 35800 (otuz beş min səkkiz yüz) manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi, Whatsapp yazışmaları əsasında isə 36100 manat və 16000 (on altı min) ABŞ dolları pul verməsi müəyyən edilmiş və həmin məbləğin cavabdeh tərəfindən alınması etiraf edilmişdir. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, hazırda iddiaçı tərəfindən cavabdehdən 35600 manat və 16000 (on altı min) ABŞ dolları məbləğ tələb edildiyindən, həmin vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 35600 (otuz beş min altı yüz) manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 (on altı min) ABŞ dolları vəsait tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 279 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 35600 (otuz beş min altı yüz) manat və məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manat məzənnəsi nəzərə alınmaqla 16000 (on altı min) ABŞ dolları vəsait tutulsun. Məhkəmə xərcləri qismində ödənilmiş 279 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-720/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-720/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver