Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-721/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı1, İddiaçı2 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı2, İddiaçı1 və X4 arasında 0,016710 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224,90 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı2 mülkiyyət hüququ xx.xx.2022-ci il tarxdə, İddiaçı1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə, X2 mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********03-10301 nömrə ilə qeydə alınmışdır. ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçiləri İddiaçı2, İddiaçı1 və X3 məxsus fərdi evin faktiki sxemi tərtib edilmişdir. Daha sonra, İddiaçı2, İddiaçı1 və X4 ərizə ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək, onlara məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 224,90 kv.m olan fərdi yaşayış evinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 97 nömrəli, xx.xx.2022-ci il tarixli Rəyinə əsasən, İddiaçı2, İddiaçı1 və X3 məxsus ünvan 1 ünvanda yerləşən, onlara məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X1 Texniki Komissiyanın 97 nömrəli, xx.xx.2022-ci il tarixli Qəbul Aktına əsasən, İddiaçı2, İddiaçı1 və X3 məxsus ünvan 1 ünvanda yerləşən, onlara məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 204 nömrəli, xx.xx.2022-ci il tarixli “Vətəndaşlar F.R.Səfərova, İddiaçı2 və İddiaçı1 məxsus fərdi yaşayış evinin ölçülərinin dəqiqləşdirilməsi və qeyriyaşayış sahəsinə keçirilməsi barədə” Sərəncamla İddiaçı2, İddiaçı1 və X3 məxsus ünvan 1 ünvanda yerləşən, həmin şəxslərə məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, ümumi sahəsi 268,20 m olan qeyri-yaşayış binası İddiaçı2, İddiaçı1 və X2 ümumi birgə mülkiyyətində, həmin qeyri-yaşayış binasının yerləşdiyi tikilialtı 0,016710 ha torpaq sahəsi isə dövlətin mülkiyyətində olmaqla mülkiyyətçilərin daimi istifadəsindədir. Göründüyü kimi, İddiaçı2, İddiaçı1 və X3 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyətçilərin istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Yəni onların xüsusi mülkiyyətində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsi üzərində onların daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə həmin qeyri-yaşayış binasına dair texniki pasportda tərtib edilmişdir. Lakin buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı2, İddiaçı1 və X3 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sonuncuların icarəsinə verilməsi barədə xx.xx.2022-ci il tarixdə 4049 nömrəli müqavilə bağlamışdır. Bildirir ki, İddiaçı2, İddiaçı1 və X4 Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məcburiyyət qarşısında qoyularaq, əhəmiyyətli vacib yanıltma təsiri altında həmin icarə müqaviləsini bağlamışlar. Belə ki, birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və X4 mülkiyyətlərində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsini özəlləşdirmək istəmiş, bununla bağlı cavabdeh Əmlak Məsələlri Dövlət Xidmətinə müraciət etmişlər. İddiaçıların müraciətinə cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin özəlləşdirilməsinə razı olduqlarını, lakin bundan əvvəl həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı2, İddiaçı1 və X6 2 oğlu arasında icarə müqaviləsinin bağlanmalı olduğunu bildirmişlər. İddiaçı2, İddiaçı1 və X4 da Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinə inanaraq, məhz mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin özəlləşdirmək məqsədilə hazırda mübahisələndirdikləri icarə müqaviləsini bağlamışlar. Burdan da görünür ki, İddiaçı2, İddiaçı1 və X4 xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsini məcburiyyət qarşısında qalaraq əhəmiyyətli vacib yanıltma təsiri altında imzalamışlar. Lakin icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə və İddiaçı2, İddiaçı1 və X4 torpaq sahəsini özəlləşdirməyə cəhd göstərmələrinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti torpağı özəlləşdirməkdən imtina etmişdir. Bundan sonra İddiaçı2, İddiaçı1 və X4 başa düşmüşlər ki, onlar yanılmış və bu yanılma nəticəsində əvəzli icarə müqaviləsi imzalamışlar. İddiaçılar İddiaçı2, İddiaçı1 və X4, mülkiyyətlərində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsinin özəlləşdirilməsindən Əmlak Məsələləri Dövlət Xidməti imtina edəcəyini bilsə idilər, onlar torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsini bağlamazdılar. Çünki, torpaq sahəsi üzərində artıq istifadə hüququ qeydə alınmış şəxlərlə və bu qeydiyyat qüvvədə ola-ola əlavə olaraq əvəzli olmaqla yanaşı, həm də istifadə hüququndan məhdud icarə hüququna dair icarə müqaviləsinin də bağlanmasına zərurət olmamışdır. Cavabdeh dövlət orqanı olaraq öz üstün inhisarçı mövqeyindən çıxış edərək, həmin icarə müqaviləsinin bağlanmasına iddiaçıları məcbur etmişdir. İddiaçılar bu müqavilənin bağlanmasında aldadılmışlar. Bundan başqa, hazırda iddiaçılara məxsus qeyri-yaşayış sahəsi yuxarıda qeyd olunduğu kimi, əvvəllər fərdi yaşayış evi olmuş və iddiaçıların paylı mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsi də iddiaçıların qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan iddiaçıların həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi olmuş və bu gözlənti real olmuşdur.
Tərəflərin izahatları :
3. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında e-2(007)-721/2024 saylı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə razı olmadığını bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında e- 2(007)-721/2024 saylı mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
Tətbiq edilən hüquq :
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
6. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
7. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
9. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
10. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilən sorğu məlumatından görünür ki, İddiaçı1 sahibkarlıq subyektidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlamışdır.
11. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, tərəflər arasında yaranmış hazırki mübahisə müqavilə münasibətlərindən irəli gələn mahiyyət etibarı ilə iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan hazırki iddiaya ümumi məhkəmədə baxıla bilməz.
Nəticə :
12. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qaldırılmış iddia müqavilə münasibətlərindən irəli gələn iqtisadi məzmunlu mübahisə olduğundan mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı1, İddiaçı2 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair e-2(007)-721/2024 saylı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva