Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-794/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, 23 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X7 arasında 07 avqust 2017-ci il tarixdə 69971 manat pulun faizsiz borc verilməsinə müqavilə bağlanıb. Müqavilənin 1-ci bəndinə əsasən, borcverən borc alana xx.xx.2017-də 11400 manat, xx.xx.2017-də 3560 manat, xx.xx.2017-də 6500 manat, xx.xx.2017-də 8500 manat, xx.xx.2017-də 9975 manat, xx.xx.2017-də 15000 manat, xx.xx.2018-də 8500 manat və xx.xx.2018-də 6500 manat olmaqla cəmi 69975 manat pul verməyi öhdəsinə götürüb. Müqavilənin 2-ci bəndinə əsasən 31 yanvar 2020-ci il tarixədək cavabdeh həmin məbləği qaytarmağı öhdəsinə götürsə də, bu günədək borc öhdəliyi icra olunmayıb.Onlarda olan məlumata görə, X7 08 iyul 2020-ci ildə vəfat edib. Cavabdehlərdən Rəhim Rəhimov borc alanın oğlu, Nəhidə Rəhimova isə arvadıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 50 saylı notariat ofisindən daxil olan 01 iyul 2021-ci il tarixli 1666 sayı məktuba əsasən X1 miras qalan əmlaklara dair vərəsəlik işi açılıb və ondan miras qalan əmlaklara mirası qəbul edən vərəsələri, arvadı- Cavabdeh1 və oğlu-Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilib. 29 dekabr 2022-ci il tarixdə cavabdehlərə pretenziyalar göndərilib. Qeyd olunanları nəzərə alıb 07 avqust 2017-ci il tarixli borc müqaviləsi üzrə 69975 manat borcun və ödənilmiş 300.45 manat dövlət rüsumunun, Azərbaycan Respublikası Mərkəzi Bankıın uçot faiz dərəcəsinə uyğun olaraq hesablanan 19740,7 manatın, cəmi 90016,18 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçının nümayəndəsi bildirir ki, mərhum X4 İddiaçı MMC ilə xx.xx.2017-ci il tarixində guya bağladığı “Faizsiz borc” müqaviləsinə əsasən ümumlikdə 69975 manat əvvəlcədən müəyyənləşdirilən cədvəl üzrə pul vəsaiti verilməli idi, sonra guya həmin vəsait verilib və mərhum Vaqif Rəhimov guya həmin borcu götürüb, lakin müəyyənləşdirilmiş müddət ərzində qaytarmayıb. Qeyd etmək istəyir ki, mərhum Vaqif Rəhimov xx.xx.2020-ci il tarixində dünyasını dəyişib. Həmin müqavilə haqqında onun vərəsələri nə mərhumun sağlığında özündən eşitməmişlər, nə də ki, onun vəfatından sonra da iş üzrə olan iddiaçı tərəfindən hər hansı bir xəbərdarlıq və ya digər formada bu borc münasibətlərinin olmasından məlumatlı olmamışlar. Halbuki, mərhum Vaqif Rəhimov bu məbləğdə kiminsə qarşısında borc öhdəliyi olmuş olsaydı, o ailə üzvlərinə mütləq məlumat verərdi.Ümumiyyətlə qeyd etmək istəyir ki, vərəsələrin mərhum Vaqif Rəhimovun İddiaçı MMC-ilə 69975 manat məbləğində “Faizsiz borc” müqaviləsinin imzalamasından və onun əsasında müxtəlif dövrlərdə hissə-hissə borca verilmiş pulu götürülməsindən heç bir zaman məlumatları olmayıb. Əgər bu belə olsaydı, cavabdehlər onun doğmaları olaraq bu iddianın verilməsini gözləmədən özləri könüllü olaraq bu borcu ödəyərdilər və onlara qarşı irəli sürüləcək iddianı gözləməzdilər. Amma bu böhtan, şər və yalandan başqa bir şey deyildir. Maraqlısı odur ki, əgər həqiqətən də tərəflər arasında bu borc müqaviləsi imzalanmış olsaydı və müqavilədə nəzərdə tutulan pul mərhum Vaqif Rəhimov götürmüş olsaydı, müqavilənin xx.xx.2020-ci il tarixədək qüvvədə olması nəzərdə tutulduğundan, məhz o tarixə qədər borclu tərəfindən icra olunmalı olduğu halda, icra olunmadığından Vaqif Rəhimova hər hansı bir xəbərdarlıq göndərilərdi, təbii ki, cavabdehlərin də bu haqda məlumatı olardı. Amma təbii ki, bunların heç biri həqiqətdə olmayıb. Onu da qeyd etmək istəyiri ki, mərhum Vaqif Rəhimovun maliyyə vəziyyəti hər zaman stabil və problemsiz olub və 69975 manat pul vəsaitinin xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər hissə-hissə götürməsinə onun heç bir ehtiyacı da olmayıb. Bu müqavilə Vaqif Rəhimov tərəfindən imzalanmayıb və iddiaçı tərəfindən təqdim edilmiş məxaric qəbzləri də ciddi hesabat blanklar hesab olunmamaqla, hətta Vaqif Rəhimov tərəfindən imzalansaydıı belə, heç bir anlama gəlmir. Bu uydurma və saxta sənədlərdir. İddiaçı bu iddianı cavabdehlərə qarşı irəli sürməklə, yəqin ki, Vaqif Rəhimovun cavabdehlərə qoyduğu xoş xatirəni mənfi hisslərlə əvəz elətdirmək məqsədi daşıyıb. Amma bütün bunlar onlara doğma, əziz olan və həmişə yaddaşlarında və qəlblərində əbədi qalan Vaqif Rəhimovun xoş xatirəsini korlaya bilməz.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: 23 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X7 arasında 07 avqust 2017-ci il tarixdə sadə yazılı formada bağlanmış “Faizsiz borc Müqaviləsi”nə əsasən borcverən borcalana 69971 manat pulu hissə-hissə ödəməyi,borcalan isə 31 yanvar 2020-ci il tarixdə borcu tam olaraq qaytarmağı öhdəsinə götürmüşlər. Müqavilənin 1-ci bəndinə əsasən, borcverən borc alana xx.xx.2017-də 11400 manat, xx.xx.2017-də 3560 manat, xx.xx.2017-də 6500 manat, xx.xx.2017-də 8500 manat, xx.xx.2017-də 9975 manat, xx.xx.2017-də 15000 manat, xx.xx.2018-də 8500 manat və xx.xx.2018-də 6500 manat olmaqla cəmi 69975 manat pul verməyi öhdəsinə götürüb. Borcverən tərəfindən müqaviləni “müəssisənin nizamnaməsinə əsasən fəaliyyət göstərən direktoru” X5 imzalamışdır. Müəssisə tərəfindən X6 01 saylı, 11 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 11.400.00 manat, 02 saylı 18 avqust 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 3560.00 manat, 03 saylı 13 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat, 04 saylı 27 sentyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 05 saylı, 23 oktyabr 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 9975.00 manat, 07 saylı 2017-ci il tarixli məxaric xəzinə orderi ilə 15000,00 manat, 08 saylı,12 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 8500.00 manat, 09 saylı 30 yanvar 2018-ci il tarixli məxaric xəzinə orderi ilə 6500.00 manat pul verilməsi qeyd olunur. Bakı şəhərindəki 50 saylı Notariat Ofisindən 13 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 31 mart 2023-cü il tarixli,701 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 qalmış əmlaklara dair həmin notariat ofisində vərəsəlik işi açılmışdır. Ondan miras qalmış əmlaklara dair vərəsələri,arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Həmin məktuba əlavə olunmuş qanun üzrə şəhadətnamələrdən görünür ki,miras əmlaklar aşağıdakılardır: 1.Kamaz 55112 yük markalı,** RU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
2. MOESLEİN Qoşqu markalı,** ZC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
3. SCHMİTZVARİM QOŞQU markalı,** ZC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 4.DAF YÜK markalı,** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 5.İVEKO ASTRA HD8 YÜK markalı,** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
6. İVEKO ASTRA HD8 YÜK markalı,** RN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 7.Mersedes Benz E220 minik markalı,** SO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
8. Mersedes Benz E240 minik markalı,** SO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
9. "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paydan ibarət olan 100%-lik təsisçilik hüququ üzrə pay;
10. "xxxx" MMC-nin nizamnamə kapitalındakı 10 paydan ibarət olan 100%-lik təsisçilik hüququ üzrə pay;
11. "xxxx" MMC-nin nizamnamə kapitalındakı 16 paydan ibarət olan 80%-lik təsisçilik hüququ üzrə pay; 12."xxxx" MMC-nin nizamnamə kapitalındakı 33.3%-lik təsisçilik hüququ üzrə pay; 13.Bakı şəhəri Xəzər rayonu,Türkan qəsəbəsində 298 saylı bağ sahəsi;
14. Bakı şəhəri Xəzər rayonu,Türkan qəsəbəsində 297 saylı bağ sahəsi;
15. “MAZ 9397” Yarımqoşqu markalı,** AZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi; 16.Bakı şəhəri Nizami rayonu Əli Vəliyev küçəsindəki 9A ünvanda yerləşən,ümumi sahəsi 37 kv/m olan qeyri-yaşayış sahəsi;
17. “MAN” YÜK markalı,** LE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
18. ünvan 2 ünvandakı ümumi sahəsi 221.3 kv.m olan 267 saylı mənzil. İddiaçı bildirir ki, onunla X7 arasında 07 avqust 2017-ci il tarixdə sadə yazılı formada bağlanmış “Faizsiz borc Müqaviləsi”nə əsasən borcverən borcalana 69971 manat pulu hissə-hissə ödəməyi, borcalan isə 31 yanvar 2020-ci il tarixədək borcu tam olaraq qaytarmağı öhdəsinə götürmüşlər. xx.xx.2020-ci il tarixdə X7 vəfat etmişdir. Hazırda iddiaçı borcu onun vərəsələrindən tələb edir. 23 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, müəssisə 16 yanvar 2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçiləri 60% paya sahib olan X8 və 40 % paya sahib olan X2r. Nizamnamənin 3-cü bəndində qeyd olunur ki, “Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə,o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növlrəi ilə yalnız müvafiq icazəni(lisenziyanı)aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri barədə 2 saylı Əlavənin 16.1 və 16.2-ci bəndlərindən görünür ki, bank fəaliyyəti,eləcə də bank olmayan kredit təşkilatı fəaliyyəti üçün lisenziya tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı borc müqaviləsi sadə yazılı formada bağlansa da,həmin müqavilənin həqiqiliyini şübhə altına alan bir-neçə amillər mövcuddur. Belə ki,işin hallarından göründüyü kimi, X3 iddiaçı müəssisə ilə hər hansı bağlılığı yoxdur.Həmin müəssisədə işləməyib,onun təsisçisi deyil. Borc verən təşkilat onunla heç bir əmək münasibətləri olmayan şəxsə uzun müddətə,kifayət qədər yüksək məbləğdə pulu faizsiz olaraq hansı səbəblərə görə verdiyini əsaslandırmamışdır. İşə əlavə olunan məxaric xəzinə orderlərinin sıra nömrələrinə diqqət yetirdikdə görünür ki, 11 avqust 2017-ci il tarixdən 30 yanvar 2018-ci il tarixinədək borcalana 1-dən 9-dək orderlərlə(6 istisna olunmaqla) müxtəlif məbləğdə pullar verilmişdir.Burda diqqət çəkən məqam ondan ibarətdir ki, həmin müddət ərzində müəssisə yalnız X6 borc verərkən məxaric xəzinə orderlərindən istifadə etmişdir. Belə çıxır ki,təqribən 2 il ərzində müəssisə yalnız X6 borc verməklə öz vəsaitini xərcləmiş, başqa bir məxaric əməliyyatları aparmamışdır. X1 qalmış miras əmlakların siyahısına diqqət yetirdikdə məlum olur ki, o, kifayət qədər imkanlı bir şəxs olmuşdur. Belə olan halda, onun bank fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və heç bir əmək münasibətinə girmədiyi bir müəssisədən borc alması inandırıcı görünmür. X7 hal hazırda həyatda olmadığından müqavilənin onun tərəfindən imzalanıbimzalanmamasını müəyyən etmək mümkün olmadı. Lakin cavabdehlərin məhkəməyə təqdim etdikləri etiraz ərizəsindən,onun nümayəndəsinin verdiyi izahatdan da görünür ki,onlar mərhumla ilə kifayət qədər möhkəm ailə münasibətlərində olmuşlar və ailə başçısı tərəfindən bu məbləğdə borc götürülsəydi mütləq onların xəbəri olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil. Cavabdehlər isə iddianı qəbul etmirlər.İddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Mirzəyev