Məhkəmə qərarları › İş №e-2(008)-1078/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1078/2023

17.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1078/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2, ilkin iddia tələbi üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və X8 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və X8 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və X6 ona məxsus Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda 0.04 ha torpaq sahəsində yerləşən bağ evini Cavabdeh2 xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra isə o, bağ evinə dair mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh bir neçə ay müddətinə özü üçün alacağı evə köçəcəyi müddətədək ona möhlət verməyini xahiş etmişdir. O da ona bir neçə ay müddətinə möhlət verməyə razı olmuşdur. Hazırda xeyli müddət keçməsinə və dəfələrlə evi tərk etməsini tələb etməsinə baxmayaraq cavabdeh evi ona təhvil vermir. Bununla yanaşı o həmin ünvana ailə üzvlərini, yəni digər cavabdehlər arvadı Cavabdeh1, anası Cavabdeh3, övladları X3 və X9 da qanunsuz gətirmiş və oradan çıxarmır. Onların bu hərəkətlərini onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 və X6 ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda yerləşən bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəbiyev X4 Ceyhun Nuhi oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı ona məxsus torpaq sahəsində yerləşən bağ evindən onun, anası Cavabdeh3, həyat yoldaşı Cavabdeh1 Böyükağa qızının, uşaqları X5, X7 çıxarılması barədə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. O, “İCAEALAND CAMAL LTD” şirkətində işləyəndə əmək haqqını anasının xəstə olmasına sərf etdiyinə görə az miqdarda olmaqla borcları yaranmış, şirkət bundan məlumatlı olduğu halda ona heçnə deməmiş, 2020-ci ildə ona 7000 manat borcu yarandığını bildirmiş, sonradan onun şirkətə 17000 manat borcu olsa da, şirkət ona 15000 manata razı olduğunu bildirmişdir. Onun şirkətə olan borcu özünün hesablamasına görə 12000-13000 manatdır. Borcunu ödəmək üçün bankdan kredit almaq istəmiş, lakin bank ona kredit verməmişdir. Ceyhun ona bildirmişdir ki, evi onun mülkiyyətinə keçirsin, o həmin evin əsasında bankdan kredit alsın, onun borcunu bağlasınlar. Borc ödənildikdən sonra evi yenidən onun mülkiyyətinə qaytaracaqdır. O da razılaşmış, onunla xx.xx.2020-ci ildə “Alqı-satqı” müqaviləsini bağlamış, müqavilədə bağ sahəsinin qiyməti 6000 manat göstərilmişdir. İddiaçı 6000 manatı banka qoymuş, o həmin pulu götürüb Ceyhuna qaytarmış, bütün xərcləri Ceyhun özü çəkmişdir. Lakin 2022-ci ildə Ceyhun ona şirkətə olan borcu ödəməyini, daha sonra evdən çıxmağını bildirmiş və aralarında mübahisə yaranmışdır. Çünki o, evini Ceyhuna satmamış, aralarında razılaşma olmuşdur. Maştağa qəsəbəsində 0,01 ha torpaq sahəsi 8000 manat olduğu halda, onun 0,04 ha bağ sahəsini İddiaçı 6000 manata satmağı mümkünsüz idi, ev barədə onunla ümumiyyətlə söhbət olmamışdır. Onların bağladığı “Alqı-satqı” müqaviləsi alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqddir. Şirkətə olan borcunu ödəyə bilmədiyinə görə razılaşmış, evi ona vermək, satmaq fikri olmamışdır. Əslində şirkətə borcunu ödəmək üçün Ceyhunun onun evinə görə bankdan borc alıb ödəməsi üçün “alqı-satqı”, yəni formal olaraq müqavilə bağlamışdır. Bu səbəbdən Sabunçu rayon, Maştağa qəsəbəsi 556 G ünvanda 0,04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixli “Alqı-satqı” müqaviləsinin etibarsız, xx.xx.2021-ciil tarixli “Çıxarış”ın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, qarşılıqlı iddia tələbini etiraf etmədi və etirazını onunla əsaslandırdı ki, tərəflər arasında alqı-satqı müqaviləsi tam qanuni şəkildə bağlanmışdır, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 iddia tələbini etiraf etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2, ilkin iddia tələbi üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh3 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, ev Cavabdeh2 mülkiyyətində olmuşdur, oğlu Zahid ona 6000 manat borcunun olduğunu, lakin borcunu qaytarmaq üçün bankdan ona pul vermədiklərini, evi Ceyhunun mülkiyyətinə keçirəcəyini bildirmişdir. Zahid borcunu qaytarmaq üçün evlə bağlı Ceyhunla razılaşmışdır, Zahidin evi satmaq niyyəti olmamışdır. İlkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 8-9 ildir tanıyır, Maştağada qonşudur. İddiaçı isə Cavabdeh2 satış müdiri kimi tanıyır. Cavabdeh2 vəkilinin verdiyi sorğuları “İCELAND CAMAL LTD” şirkətinə təqdim edəndə orada onu əməkdaşlar qəbul etdi, daha sonra İddiaçı gəldi, onu ilk dəfə orada gördü. Ceyhundan Zahidin ona nə qədər borcu olduğunu soruşanda ona 39000 manat, daha sonra isə 42000 manat borcu olduğunu bildirdi. Zahid şirkətin dondurma soyuducularını mağazalara təhvil verirdi, işlədiyi dövrdə Ceyhuna borcu yaranmışdır. Zahid Ceyhuna olan borcunu ödəmək üçün öz evini Ceyhunun adına keçirtdi, bankdan pul götürdü. Zahidin yoldaşının heç xəbəri olmamışdı, gedib müqaviləyə imza eləmişdi. Sonra onun müdiri dedi ki, Zahid ona 15000 manat pul versin, evi satışdan geri qaytarsın. Zahidin borcunu süni şəkildə artırdılar ki, onun evini əlindən alsınlar. Əslində Zahidin o qədər borcu yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ilkin olaraq qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilkin iddianın təmin edilməsini istisna edəcəkdir. Məhkəmə qeyd edir ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünmüşdür: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Əqdlərin etibarlılıq şərtləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqe aşağıdakı kimidir: “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş hallarından görünür ki, ünvan ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 əsl niyyəti torpaq sahəsini satmaq deyil, Cavabdeh2 müxtəlif şəxslər qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, İddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirməsini, sonuncunun da torpaq sahəsini banka ipotekaya qoyub kredit alaraq Cavabdeh2 verməsini, Cavabdeh2 borcunu ödədikdən sonra evini qaytaracağını təklif etmişdir. Cavabdeh2 də İddiaçı təklifi ilə razılaşmışdır. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti Cavabdeh2 borcunun məbləğinə uyğun formal olaraq 6.000 manat göstərilmişdir. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yatarmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə Cavabdeh2 dəlillərinin inandırıcı olmasına dəlatət edir. Bundan başqa, məhkəmə, Cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 dəlilini əsassız hesab edir. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı”nda formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər”. Hazırkı iş üzrə də Cavabdeh2 qarşılıqlı iddiası torpaq sahəsinin alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız olduğundan İddiaçı etibarsız əqd əsasında əldə etdiyi əmlakdan Cavabdeh2 və onun ailə üzvlərinin çıxarılması” tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və X8 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiası rədd edilməli, Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, ünvan ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və X8 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. ünvan ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar