Məhkəmə qərarları › İş №e-2(008)-112/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-112/2024

06.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-112/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 18 aprel 2017-ci il tarixdə ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzil tikintisi haqqında 121 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsinin ölçüsü 203 m təşkil edir, bu sahənin ümumi dəyəri 160000 (yüz altmış min) manat həcmində müəyyənləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq 090 saylı kassa mədaxil orderi ilə 160000 (yüz altmış min) Cavabdeh MTK-nın hesabına ödənilmişdir. Buna dair iddiaçıya 18 aprel 2017-ci il tarixli Arayış və kassa mədaxil orderinin qəbzi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.2-ci bəndinə əsasən, kooperativ ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi 203 m təşkil edən 4 otaqlı mənzili iddiaçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, iddiaçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq kooperativ qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasını inşa etmiş və mənzili tikib iddiaçıya təhvil vermişdir. Cavabdeh MTK ilə İddiaçı arasında 18 aprel 2017-ci il tarixdə bağlanmış müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ yaranmışdır. Mənzilin alqı-satqısı sənədləşdirilərkən alqı-satqı müqaviləsi, kassa mədaxil orderinin qəbzi və mənzilin dəyərinin tam ödənilməsi barədə arayış ona verilmiş, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) isə verilməmişdir. Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarı olmadığı üçün həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 04 avqust 2021-ci il tarixli, daha sonra xx.xx.2021-ci il tarixli ərizələrinə DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsindən imtina verilmişdir. Aldığı həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) verilməsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, sonradan qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə yenidən baxılmağa başlanılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlə iş materiallarına əlavə edilmişdir). Cavabdeh MTK ********** VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh MTK-ya verilmiş yaşayış binası kompleksinin istismarına xx.xx.2019-cu il tarixli İcazədən görünür ki, Cavabdeh MTK tərəfindən Bakı şəhəri İH-nin adı çəkilən sərəncamına əsasən ünvan 2 ünvanında blok A və B-dən ibarət, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli və 1 girişli, 15 (+mansarda) mərtəbəli yaşayış binaları inşa edilmiş və istismara qəbul edilmişdir. İddiaçı («Payçı») ilə Cavabdeh MTK («Kooperativ») arasında 18 aprel 2017-ci il tarixli 121 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bakı şəhəri İH-nin 247 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir; 1.2-ci bəndinə əsasən ünvan 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi layihə üzrə 203 km metr təşkil edən 4 otaqlı mənzil «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; 5.1-ci bəndində mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən elə həmin gün, yəni xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6828/2022 №-li iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X3, İddiaçı, X2 qarşı Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2017- ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4135/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4324/2023 №-li xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin ona verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin ona verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılmasını istəyir. Aşağıda qeyd olunan hüquqi əsaslara görə məhkəmə iddianının əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənzil tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənziltikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6-cı maddələrinə əsasən daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi biansında yaşayış(qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), 8.0.9.2 və 8.0.10.1-ci maddələrinin mənasına əsasən müvafiq olaraq xx.xx.2013-cü il tarixədək inşa edilmiş çoxmənzilli binalara münasibətdə digər sənədlərlə yanaşı istismara qəbul aktı, xx.xx.2013-cü il tarixdən sonra inşa edilmiş həmin binalara dair tikinti obyektinin istismarına icazə əsas hesab olunur. Yəni, hər-hansı bir MTK-nın hər-hansı bir payçısı tərəfindən mənzilinə dair Çıxarışın alınması üçün binanın istismarına icazə verildikdən sonra yol verilir və bu zaman payçıya maliyyə araryışı, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh MTK-ya verilmiş yaşayış binası kompleksinin istismarına İcazə xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilə dair tərəflər arasında müqavilə bağlanmış, cavabdeh tərəfindən İddiaçı həmin mənzilinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmiş, lakin iş materiallarından mənzilin iddiaçıya verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin ona verilməsi görünmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-ya tapşırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsi Cavabdeh MTK-ya tapşırılsın. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar