Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1130/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2-ə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binada Cavabdeh mülkiyyətinə 47.30 kv.m və onun 20% hissəsi olan 9.46 kv.m əlavə edilməklə 56.76 kv.m olan 2 saylı mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 161 saylı Sərəncama əsasən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə Cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin texniki pasportuna əsasən mənzilin ümumi sahəsi 47.30 kv.m təşkil edir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m-nə uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 13 sentyabr 2023-cü il tarixdə MS/XS/0094 saylı məktubla dəvət edilmiş və o, məktubu rəsmi olaraq qəbul etmişdir. Lakin hazırda cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir. Tərəflər arasında razılaşma olmadığından, hesab edirlər ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılsın və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etsin. Lakin cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. İddiaçı üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması Azərbaycan Respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Odur ki, iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A1 saylı binada Cavabdeh mülkiyyətinə 47.30 kv.m və onun 20% hissəsi olan 9.46 kv.m əlavə edilməklə 56.76 kv.m olan 2 saylı mənzillə təmin olunması və həmçinin, iddiaçı tərəfindən ona aylıq olaraq 400 (dörd yüz) manat miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilsin. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2-ə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada Cavabdeh mülkiyyətinə 52.5 kv.m və 20% əlavə edilməklə 63 kv.m olan 2 saylı mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbində iddiaçı binaların istismar keyfiyyətinin aşağı səviyyədə, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi, binaların dayanıqlığına mənfi təsir göstərdiyini, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyini, istər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətdiyini, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olmasını bildirmişdir. Mülkiyyət hüquqları üzrə mülkiyyətçi öz mülkiyyətindən istifadə və sahibliyi istənilən formada həyata keçirə bilər və bu günə kimi hər hansı şəxsə istifadədə ziyanın və ya iddiada qeyd edilən təhlükənin baş verdiyi hal ortada yoxdur. Əgər ev təmirsizdirsə mülkiyyətçi onu təmir edə və ya yaranmış problemi istənilən formada aradan qaldıra bilər. Bundan başqa, elektron məhkəmə informasiya sisteminə əlavə edilən “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” məlumatdan da göründüyü kimi iddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. İddiaçının lahiyəsində nəzərdə tutulan ərazidə tikinti, maddi-texniki işlərə, kompensasiya və s. hallara görə təxminən milyonlarla manat dəyərində xərc tələb edildiyi halda, onun nizamnamə kapitalının cəmi 10 manat olması onun iddiasının gələcək icrası mexanizmini sual altında qoyur. Məhkəmə iddia tələbini təmin edərsə, məhkəmənin çıxardığı qətnamə əsasında söküntü işləri və s. hallar baş verərsə nizamnamə kapitalında demək olar pul olmayan iddiaçı müflis halında, hər hansı digər hallarda cavabdehə dəymiş ziyanı aradan qaldıra bilməyəcəkdir. İddiaçının iddia tələbindən də göründüyü kimi o, söküləcək mənzilin yerində inşa olunacaq mənzillə 20 faiz əlavə ilə əvəz etmək istəyir. Hesab edir ki, bu hal gələcəkdə nəzərdə baş verməsi ehtimalı olan haldır. Həmçinin, cavabdeh mübahisənin hazırkı tələbini riskli hesab edir və düşünür ki, hazırda faktiki mövcud olan 88.50 kv.m sahədə yaşamaq ona daha uyğun və əlverişlidir. İddiaçı cavabdehi nağd şəkildə razılaşdırmaq yolu ilə də mübahisəyə son verə bilərdi, yəni qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 051794 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsində yerləşən 22 nömrəli yaşayış evinin 4 nömrəli mənzili xx.xx.1997-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Cavabdeh şəxsi mülkiyyətində olan mənzilin texniki pasportundan görünür ki, mənzilin ümumi sahəsi 47,30 kv.m-dir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq olunmuş plan sxem ölçülərindən görünür ki, Aşıq Alı küçəsi ev 22-də yerləşən sözügedən mübahisəli mənzilin ümumi sahəsi 52,50 kv.m-dir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. - EL-744/2022 nömrəli xx.xx.2022-ci il tarixli lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə "xxxx" MMC-nə icazə vermişdir. - EL-744/2022/1 nömrəli xx.xx.2022-ci il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-nə tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi və binaların “torpaqda divar” üsulu ilə tikilməsi, enmə quyularının və kessonların qurulması, beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndis-kommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexniki işlər, sualtı texniki işlər, dambaların (torpaq bəndlərin) tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər (qaz anbarları), elektrik ötürücü xətləri, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. - Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə 15187 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Aşıq Alı küçəsində yerləşən 9 (22) saylı yaşayış binası 1961-ci ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 16 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 52,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olundu. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmışdır. Pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcuddur. Dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olundu. Sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edilmişdir. Tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmişdir. Yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırılmışdır. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmışdır. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsinin 735 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Aşıq Alı 9 - Aşıq Alı küçəsi ev 22-dir. - "xxxx" MMC-nin MŞ/XS/0094 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ərazidə qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X1 hesabına 450 manat məbləğində oktyabr ayı kompensasiya ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X3 hesabına 400 manat məbləğində 2023-cü ilin noyabr ayı kirayə haqqı ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X3 hesabına 800 manat məbləğində kompensasiya ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X2 hesabına 400 manat məbləğində oktyabr ayı kirayə haqqı ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X2 hesabına 400 manat məbləğində kompensasiya ödənişi ödənilmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 2000 manat məbləğində kompensasiya ödənişi ödənilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 118 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 22 ünvanında inşa edilmiş tikililər qanunsuzdur. Həmin tikililərə dair heç bir hüquqi sənəd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, «... Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). ... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. ... Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir». Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «...qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir». Həmin qərardan göründüyü kimi, işin tam və hərtərəfli tədqiq olunması üçün vətəndaşın mübahisəli tikintinin aparılması üçün müvafiq icazə alıb-almaması məhkəmələr tərəfindən araşdırılmalı, tikintinin sifarişçisi olan Rayon İcra Hakimiyyəti işə üçüncü şəxs qismində cəlb edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə” 15187 nömrəli xx.xx.2021-ci il tarixli Rəyə əsasən mübahisəli ünvanda yerləşən yaşayış binasının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadı. Binanın istismar keyfiyyəti aşağı səviyyədədir. Yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binanın dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparılmışdır. Tikililər əsaslandırılmamış şəkildə inşa edilmişdir. Divar və örtük elementləri müxtəlfcinsli materiallardan yerinə yetirilmiş, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilməmişdir. İstər yaşayış binasına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binası və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. 4.1-ci və 4.2-ci maddələrinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra mədəni irs obyektləri) qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016- cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti, bu Qərarın 1 -ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqe ondan ibarət olmuşdur ki, «...mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır». Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin 52.5 kv.m təşkil edən 4 saylı mənzilinin sökülərək əvəzində onu Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada sahəsi 63 kv.m olan 2 saylı mənzillə təmin etməklə və yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə cavabdehə hər ay 400 manat kirayə haqqı ödəməklə, onun mülkiyyət hüququndan məhrum etmir. Belə ki, cavabdehə məxsus mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir və binanın hazırkı vəziyyətdə istismarının davam etdirilməsi orada yaşayan sakinlərin həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükəlidir. Artıq iddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi binada yaşayan sakinlərin köçürülməsinə başlanılmışdır. Lakin cavabdehlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin (sakinlərin) hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Digər tərəfdən, cavabdehə məxsus mənzilin sökülməsi onun mülkiyyət hüququndan məhrum edilməsi ilə nəticələnməyəcəkdir. Belə ki, cavabdehin Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi 22 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri Sabunçu rayonu Aşıq Alı küçəsi 22 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsi 52.5 kv.m-dir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə artırmalar etmişdir, lakin sözügedən artırmalara dair qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 52.5 kv.m + 20 faiz (yəni 10,50 kv.m) mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 63 kv.m mənzil ədalətli hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2-ə dair mülkiyyət hüquqlarına xitam verilməli, Cavabdeh və onunla birgə yaşayan şəxslər Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Alı küçəsi ev 22 mənzil 4-dən çıxarılmalı, ünvan 2-ün əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada Cavabdeh 52.5 kv.m və 20% əlavə edilməklə, cəmi 63 kv.m olan 2 saylı mənzillə təmin olunmalı və Cavabdeh mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2-ə dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh və onunla birgə yaşayan şəxslər ünvan 2-dən çıxarılsınlar. ünvan 2-ün əvəzi olaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan A2 saylı binada Cavabdeh 52.5 kv.m və 20% əlavə edilməklə 63 kv.m olan 2 saylı mənzillə təmin olunsun və Cavabdeh mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 400 (dörd yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1130/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1130/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver