Məhkəmə qərarları › İş №e-2(008)-126/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-126/2025

19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-126/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin onun vəsaiti hesabına boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 406 və 406a №-li bağ sahələrinə keçid yolunun bərpa olunması, əmlaklarından istifadə etməyinə yaradılan maneələrin qanunsuz hesab edilməsi və həmin maneələrin yenidən törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunması, pozulmuş hüquqlarının bərpası üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 406 və 406a №-li bağ sahələri onun xüsusi mülkiyyətindədir. 406 №-li bağ sahəsi cavabdehə məxsus olan 407 №-li bağ sahəsi ilə həmsərhəddir. Cavabdeh ona məxsus olan sahədən daha artıq sahə zəbt etmiş, nəticədə mülkiyyətində olan bağ sahələrinə olan keçid yolunu bağlamışdır. Cavabdehin mövcud olan keçid yolunun qanunsuz bağlaması səbəbindən o, xüsusi mülkiyyətində olan əmlaklarından istfadə edə bilməyərək hüquqlarından məhrum olmuşdur. Cavabdehə müraciət edərək zəbt etdiyi sahəni boşaldaraq keçid yolunun bərpa edilməsini tələb etsə də, bunların nəticəsi olmamışdır. Cavabdeh X.Şükürova zəbt etdiyi torpaq səhəsini könüllü boşaltmayaraq keçid yolunu bərpa etmədiyindən zəbt olunmuş sahə məhkəmə qaydasında boşaldılaraq keçid yolu bərpa edilməli, yaradılmış həmin maneələr qanunsuz hesab edilməklə yenidən törədilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. İş üzrə məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim ediləndən sonra iddiaçının xahişi ilə əsl olmayan cavabdeh əsl olan Cavabdeh ilə əvəz edilmiş, iddiaçı tərəfindən ona qarşı aşağıdakı iddia tələbi irəli sürülmüşdür: Cavabdeh tərəfindən mişar daşları ilə hasara alınmış 0.0577 ha-dan ibarət torpaq sahəsi üzrə ekspert və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 sayl Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən iddiaçının mülkiyyətində olan Naradaran qəsəbəsi, 406 və 406a №-li bağ sahələrinə cənub tərəfdən X- 414738.9716 Y-4490267.7606 X-414739.0394 Y- 4490232.4225 X-414736.0415 Y- 4490232.3110 X-414735.4852 Y-4490267.4528 koordinatlar üzrə 3.50 metr, dalan tərəfdən isə 3.50 metr ölçülərdə daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, həmin hissədən nəzərdə tutulmuş 0.0123 ha-dan ibarət sahənin Cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçının bağ sahələrinə keçid yolunun bərpa edilməsi və pozulmuş hüquqlarının bərpası üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə. Sonuncu məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində iki tikilinin inşa edilməsinə başladığı məlum olmuşdur. Bundan sonra iddiaçı tərəfindən aşağıdakı məzmunda artırılmış tələb irəli sürülmüşdür: Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindəki 406 və 406a saylı bağ sahələrinin cənub hissəsində zəbt edilmiş 0.0577 ha.dan ibarət torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin, o cümlədən ekspert və DƏDRX-nin 1 sayl Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəylərindəki kordinatlar (əvəllki tələbindəki) və müəyyən olunmuş ölçülər üzrə mülkiyyətindəki həmin bağ sahələrinə keçid yolu kimi qeyd edilmiş həmin sahədə inşa edilmiş 2 (iki) tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi haqqında. İddiaçı Cavabdeh qarşı iddiasını onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2024-cü il tarixli mütəxəssis və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən 412 №-li bağ sahəsi 407 №-li bağ sahəsi ilə birləşdirildiyi, 407 №-li bağ sahəsi özəl sahə kimi cavabdeh X4 məxsus olması; 406 və 406a №-li bağ sahələrinə keçid yolu cənub hissədən digər fiziki şəxs tərəfindən tutularaq hasara alınması, keçid yolunun həmin qeydiyyatdan keçməmiş həmin sahədən verilməsi bildirilmiş və bununla bağlı kordinatları əks etdirən izahlı sxem də təqdim edilmişdir. Bağ sahələrinə cənub hissədən keçid yolu isə Cavabdeh tərəfindən zəbt olunmuş və həmin sahə mişar daşı ilə qanunsuz olaraq hasara alınmışdır. Tərtib edilmiş bölgü sxemindən əvvəl bağ sahələrinə gediş-gəliş yolu həmin yerdən olmuşdur. İddiaçının mülkiyyətində olan bağ sahələrindən maneəsiz, sərbəst istifadə olunmasının təmin edilməsi məqsədilə Cavabdeh tərəfindən zəbt olunaraq hasara alınmış sahənin rəylərə əlavə olunan sxemdə (planda) qeyd olunmuş ölçü və koordinatlar üzrə daş hasar Cavabdeh vəsaiti hesabına sökülməli və bağ sahələrinə keçid yolu bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, o, gənc yaşlarından gecə-gündüz işləyib həmin torpaq sahəsini almış və üzərində ev inşa etdirmişdir. Maddi imkanı çıxarışlı torpağın alınmasına yol vermədiyindən həmin torpaq sahəsini bələdiyyədən almış, bələdiyyədə vergi ödəyicisici kimi qeydiyyata alınmış, bələdiyyənin işçiləri gəlib həmin torpaq sahəsini ölçüb ona təhvil vermişlər. İddiaçı öz evini inşa etdirən zaman onun evi artıq mövcud olmuş və iddiaçı ilk göstərdiyi yoldan gediş-gəliş üçün istifadə etmiş, inşaat materiallarını məhz həmin yoldan gətirib-aparmışdır. Sonradan həmin qonşu çıxış yolunu bağlamış və iddiaçı hazırda onun torpağından yol istəyir. Onun torpağının eni 14 metrdir, ev inşa edilib 10 metr sahədə, onun topağından 3,50 metr kəsildiyi zaman inşa ediləsi hasar onun evinə birləşəcək. O, körpə uşağı ilə orada yaşayır. O, Google Maps vasitəsilə mübahisəli ərazinin 2017-2024-cü illər üzrə xəritəsini çıxartmış, həmin xəritədən görünür ki, iddiaçı 2017-ci ildən 2024-cü ilədək başqa yoldan istifadə etmiş, cavabdeh 2019-cu ildə inşaata başlamış, həmin vaxt iddiaçının tikilisi mövcud olmamış və o, başqa oyldan torpaq sahəsinə getmək üçün keçiddən istifadə etmiş, 2021-ci ildə iddiaçı evini inşa etdirmiş və həmin zaman da qeyd olunan keçid mövcud olmuş və yalnız 2024-cü ildə həmin keçid bağlanmışdır, cavabdeh heç kimin torpaq sahəsini zəbt etməmiş, özünə məxsus sahədə ev inşa etdirmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı mülkiyyətində Sabunçu rayon, Nardaran qəsəbəsində yerləşən iki həmsərhəd bağ sahəsi var: Sahəsi 0,12 ha olan 406a №-li (daşınmaz əmlakın reyestr nömrəsi **********76, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020); Sahəsi 0,12 ha olan 406 №-li bağın 5/24 hissəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021). Əvəz edilmiş cavabdeh X3 xüsusi mülkiyyətində 406a №-li bağ sahəsi ilə həmsərhəd 0,25 ha ölçüdə olan 407 №-li bağ sahəsi olmuşdur (daşınmaz əmlakın reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020). xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 №-li Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının ərizəsinə əsasən «bölgü sxemi daşınmaz əmlakın qeydiyyata alınması üçün əsas deyil» qeydi ilə bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemindən görünür ki, hər üç bağ sahəsinin yola çıxması üçün keçid nəzərdə tutulmuşdur. Lakin sonradan X5 onun mülkiyyətində olan 407 №-li bağ sahəsinə bitişik keçid kimi nəzərdə tutulmuş, ölçüsü 0,1096 ha olan sahəni 412 №-li bağ sahəsi kimi öz mülkiyyətinə keçirtmiş (daşınmaz əmlakın reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) və daha sonra hər iki bağ sahəsini (407 və 412 №-li) vahid əmlak kimi, sahəsi 0,3596 ha olan 407 №-li bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi **********43 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixdə qeydiyyata aldırmış və bununla da iddiçının yola çıxışı bağlanmış və iddiaçının bağ sahəsi digər torpaq sahələrinin arasında qaldığından iddiaçı yola çıxmaq imkanından məhrum olmuşdur. Məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəyləri alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 №-li Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən 406, 406a və 407 №-li bağ sahələrinin faktiki yerləşməsi vahid elektron kadastr baza məlumatlarına uyğundur, kənarlaşma yoxdur, qeyd olunan 406 və 406a №-li bağ sahələrinə keçid yolu cənub hissədə digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahədən verilə bilər, iddiaçının sözlərinə görə əvvəldə gediş-gəliş yolu buradan olmuş, iddiaçının həmin sahədə hovuzu olmuş, 406 və 406a №-li bağ sahələrinə keçidin cənub tərəfdən verilməsi mövcud dalan daha yaxın olması ilə üstünlük təşkil edir. Mütəxəssis rəyinə 406 və 406a №-li bağ sahələrinə mövcud vəziyyətdə nəzərdə tutula biləcək keçidə dair baş planı hazırlanmış, digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahə»nin koordinatları göstərilmiş (X-414738.9716 Y-4490267.7606 X-414739.0394 Y- 4490232.4225 X-414736.0415 Y-4490232.3110 X-414735.4852 Y-4490267.4528), ölcüsünün 0,0577 ha olduğu müəyyən edilmiş, həmin sahədən nəzərdə tutulan 3,50 metr eni və 35,34 metr uzununda keçidin sxemi tərtib edilmişdir (faktiki olaraq 0,12369 ha). İddiaçı mütəxəssis və ekspert rəylərində «cənub hissədə digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahə»nin sahibini araşdırarkən həmin sahənin hazırki Cavabdeh istifadəsində olduğunu müəyyən etmiş və məhz bu səbəbdən cavabdehin Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Cavabdeh onun istifadəsində olan torpaq sahəsinə dair aşağıdakı sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh ilə Nardaran Bələdiyyəsi arasında «Sabunçu rayonu Nardaran Bələdiyyəsi ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında» xx.xx.2019-cu il tarixli 783 №-li müqavilə bağlanmışdır. Həmin müqavilədə vergiyə cəlb olunası torpağın sahəsi 510 kv metr, fərdi yaşayış evinin sahəsi 173 kv metr, ödəniləcək torpaq vergisinin 3,06 manat, əmlak vergisinin 45,76 manat olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə Nardaran Bələdiyyəsi tərəfindən Cavabdeh «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamə» verilmiş, həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin yerləşmə yeri göstərilmişdir. Nardaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 80120 №-li arayışa əsasən Cavabdeh istifadəsində olan Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində 510 kv metr torpaq sahəsi və bağ evinə görə 2020-ci ilə qədər Nardaran Bələdiyyəsinə vergi borcu olmamışdır. Cavabdeh ilə «Azəriqaz» İB arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanılmış, eyni zamanda abonent kimi "xxxx" ASC-də qeydiyyata alınmışdır. Hazırda Cavabdeh istifadəsində olan torpaq sahəsində digər tikililər inşa etdirməyə başlamışdır. Məhkəmə tərəfindən mübahisə obyektinə yerində baxış keçirilmiş, baxışda iştirak edən İddiaçı bildirmişdir ki, o, bağ sahəsində evini inşa etdirərkən qeyd olunan bolgü sxemində göstərilən keçiddən istifadə etmiş, işçilər həmin keçiddən keçərək inşaat materiallarını gətirmiş, evi hazır olduqdan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 407 bağ sahəsinin mülkiyyətçisi həmin keçidi bağlamış, bu əsasdan onun tərəfindən hazırki iddia verilmiş və işin gedişatından həmin keçidin artıq xüsusi mülkiyyətdə olduğunu bilmişdir. Məhkəmə hazırlıq iclasında işin hallarına izah verən cavabdeh istifadəsində olan torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 0,0577 ha təşkil etməsinin səbəbələri barədə məlumatının olmadığını, bələdiyənin əməkdaşları tərəfindən həmin torpaq sahəsinin ona ölçülüb verildiyini, artıq olan 0,0067 ha sahəsinin verilməsinə etiraz etmədiyini bildirmişdir. Lakin, məhkəmə baxış iclasında cavabdeh torpaq sahəsinin ölçülərini təqdim etmiş, həmin çizgidən torpaq sahəsinin 0,051 ha olduğu müəyən olunur. Hazırda iddiaçı yola çıxışı Cavabdeh istifadəsində olan torpaq sahəsindəki daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, həmin hissədən nəzərdə tutulmuş 0.0123 ha-dan ibarət sahənin Cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçının bağ sahələrinə keçid yolunun bərpa edilməsini, inşa edilmiş tikililərin sökülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, Cavabdeh onun qanuni keçid üçün nəzərdə tutulan 0.0123 ha-dan ibarət sahəni zəbt etdiyindən həmin keçidi bərpa etməli, bunun üçün öz vəsaiti hesabına qanunsuz inşa edilmiş hasarları sökdürməli və yeni hasar inşa etdirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı hazırda iddia etdiyi torpaq sahəsinin onun qanuni keçidi olmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Qeyd edildiyi kimi, iddiaçı evini inşa etdirərkən başqa bir keçiddən istifadə etmiş, həmin zaman və sonradan iddiaçı əmlakını dövlət qeydiyyatına aldırtdığında Cavabdeh evi mövcud olmuş və buna dair iddiaçının hər-hansı bir iradı olmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh həmin torpaq sahəsini zəbt etməmiş, inzibati orqan sayılan Nardaran Bələdiyyəsi onun həmin torpağa olan hüququnu tanımışdır. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid-olmamasına dair cavabdeh məsuliyyət daşımır. “İnzibati icrat haqqında» Azərbaycan Respublikası Qanununun «Etimad hüququnun qorunması prinsipi» adlanan 13-cü maddəsinə əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qeyd edildiyi kimi, cavabdeh onun istifadəsində olan torpaq sahəsi və inşa etdirdiyi evə dair vergi ödəyicisi kimi qeydiyyata alınıb və qanunda nzərdə tutulan vergiləri ödəyir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qorunmalıdır, belə ki, onun etimadı qanunsuz hərəkətlərə əsaslanmır. Mülki Məcəllənin: 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Göründüyü kimi, cavabdeh iddiaçının əvvəlki hərəkətinə (yəni, iddiaçı başqa bir keçiddən istifadə edərək torpaq sahəsinə girib-çıxmışdır) güvənərək rahatlıqla öz istifadəsində olan torpaq sahəsində inşaat aparmışdır və hazırda iddiaçı cavabdehdən torpaq sahəsini istəməklə ona ziyan vurur, bu da yolverilməzdir. Cavabdeh tərəfindən Google Maps vasitəsilə mübahisəli ərazinin 2017-2024-cü illər üzrə xəritəsi çıxarılmışdır. Həmin xəritədən görünür ki, iddiaçı 2017-ci ildən 2024-cü ilədək başqa yoldan istifadə etmiş, cavabdeh 2019-cu ildə inşaata başlamış, həmin vaxt iddiaçının tikilisi mövcud olmamış və o, başqa oyldan torpaq sahəsinə getmək üçün keçiddən istifadə etmiş, 2021-ci ilda iddiaçı evini inşa etdirmiş və həmin zaman da qeyd olunan keçid mövcud olmuş və yalnız 2024-cü ildə həmin keçid bağlanmışdır. Cavabdehin istifadəsində olan torpaq sahəsi 0,051 ha olsa da, mütəxəssis rəyinə əsasən həmin sahə 0,0577 ha təşkil edir. Məhkəmə bu ziddiyyətin araşdırılmasını zəruri hesab etməmişdir, belə ki, artıq olan 0,0067 ha sahəsi iddiaçını qane etmir. Lakin, məhkəmə qed etmək istəyir ki, iddiaçının da hazırda hüquqları pozulub, o mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, belə ki, onun yola olan çıxışı bağlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı servitut hüququndan istifadə edərək qonşularnının birindən servitut istəyə bilər. Belə ki, Mülki Məcəllənin: 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, qanunun mənasına görə servitutun verilməsinin qanuniliyi üçün həmin servitut daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlakdan verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iş üzrə ekspertiza iddiaçı tərəfin vəsatəti əsasında keçirilmişdir. Odur ki, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutulmaqla, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bundan başqa, iddiaçı 100 manat dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçının bu xahişi rədd olunmalıdır. Belə ki, həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar