Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1469/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş 2000 manat məbləğində maddi zərərin və 1500 manat məbləğində mənəvi zərərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun və işə baxılan zaman hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 100 manatın, ümumilikdə 3656 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı "cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş 2000 manat məbləğində maddi zərərin və 1500 manat məbləğində mənəvi zərərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun və işə baxılan zaman hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 100 manatın, ümumilikdə 3656 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında almış, torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra məlum olmuşdur ki, həmin torpaq sahəsindən Cavabdeh istifadə edir. O, aldığı torpaq sahəsini hasarlamaq qərarına gəlmiş, aprelin 26-dan 27-nə keçən gecə tikdirməkdə olduğu hasarın söküldüyünün şahidi olmuş, qonşular bunun Cavabdeh göstərişi ilə olduğunu demiş, xx.xx.2023-cü ildə görüş zamanı cavabdeh tikintiyə imkan verməyəcəyini söyləmişdir. Bundan sonra o, yenidən hasarın tikintisinə başlamış, lakin xx.xx.2023-cü ildə hasarın sökdürüldüyünü öyrənmişdir. Söküntü nəticəsində ona dəymiş ziyan 500 manat məbləğini əhatə edirdi. O, xx.xx.2023-cü ildə söküntünü bərpa edib hasarın hörgüsünü başa vurmuş, iyulun 5-dən 6-na keçən gecə yenə hasar sökülmüşdür. Eyni zamanda, o, hər dəfə cavabdehin qanuna zidd hərəkətləri nəticəsində sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır, bunun nəticəsində ona mənəvi zərər dəyir. Bütün bu qeyd edilənlərə əsasən, o, əmlakına, cavabdehin qanunsuz hərəkətləri nəticəsində işləri ilə məşğul ola bilmədiyinə görə ona dəyən maddi zərəri 2000 manat, mənəvi zərəri 1500 manat dəyərində qiymətləndirir. İşin ərazi aidiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir: "Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz." Məhkəmə sadalanan prosessual hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq bu qənaətə gəlir ki, daşınmaz əşyanın sökülməsi və ya dağıdılması nəticəsində vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış 2(102)-3468/2023 nömrəli oxşar mülki işdə də aidiyyətlə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri tətbiq edilmişdir. İşdən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı ünvan ünvan 1kı mülki işə baxılması Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. İşin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmasına imkan verən digər aidiyyət qaydalarının da şərtləri mövcud deyil. Göründüyü kimi, hazırkı iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına aidiyyət qaydalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, hazırkı iş cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmağa verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: İddiaçı Cavabdeh qarşı "cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş 2000 manat məbləğində maddi zərərin və 1500 manat məbləğində mənəvi zərərin, həmçinin iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun və işə baxılan zaman hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 100 manatın, ümumilikdə 3656 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi" barədə iddiasına dair mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmağa verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №e-2(008)-1469/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1469/2024
16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver