Məhkəmə qərarları › İş №e-2(008)-1499/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1499/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1499/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən maddi zərər kimi ******* manat pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı tələblərini onunla əsaslandırmışdır ki, 2015-ci ildə Salyan rayon sakini Cavabdeh3 ilə tanış olmuşdur. Cavabdehlə ilk dövrlər münasibətləri normal olmuş, sonuncu iddiaçıdan borc alıb qaytarmaqla bir neçə il ərzində iddiaçının etibarını qazanmağa nail olmuşdur. Cavabdeh3 təxminən 2019-ci ilin aprel-may aylarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.V.Salamzadə küçəsində yerləşən “Qızıl Gül” restoranında iddiaçı ilə görüşərək, iddiaçıya Sabail rayonu, Salyan şossesi 12 ünvanında müxtəlif şəxslərə məxsus 3-4 hektar ölçüdə torpaq sahələrinin olduğunu bildirmiş, həmin torpaq sahələrini vətəndaşlardan ucuz qiymətə satın almağı və yaxınlıqda yerləşən şirkətlərə baha qiymətə satmağı təklif etmişdir. Bundan sonra, Cavabdeh3la birlikdə Səbail qəsəbəsinə gedib alınacaq torpaq sahələrinə baxdıqdan sonra iddiaçı Cavabdeh3 inanaraq, həmin torpaq sahələrinin satın alınması təklifini qəbul etmişdir. İddiaçının Cavabdeh3la növbəti görüşlərində iddiaçının işçiləri Elməddin Alıyev və Ramin Qədirov da iştirak etmişlər. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə iddiaçı hissə-hissə özü və bəzi vaxtlarda işçisi Ramin Qədirov vasitəsi ilə ümumilikdə 1.350.000 manat pul vəsaitini Cavabdeh3 vermişdir. Bundan sonra, Cavabdeh3 iddiaçıya bildirmişdir ki, digər Cavabdeh2 geniş əlaqələri vardır, satın alınan torpaq sahələrini sonuncuya məxsus Cavabdeh1 firmasının adında rəsmiləşdirmək lazımdır. İddiaçı da Cavabdeh3 inandığı üçün onunla razılaşmış və heç bir problemin olmadığını bildirmişdir. Bundan sonra, Cavabdeh3 təşkilatçılığı ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahərinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılmış və Cavabdeh1 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmışdır. Sonradan iddiaçı bilmişdir ki, Cavabdeh3 Cavabdeh1 firmasının sahibi Cavabdeh2 750.000 manat borc pul almışdır. Cavabdeh3 iddiaçıdan xahiş etmişdir ki, bir neçə dəfə onun əvəzinə kredit borcunu ödəsin, torpaq sahələri satıldıqda sonra həmin borcu geri qaytaracaqdır. İddiaçı da bir neçə dəfə həmin borcu hissə-hissə ödəmiş, lakin Cavabdeh3 onu aldatdığını anlayandan sonra həmin krediti ödəməkdən imtina etmiş və sonuncudan ona ödədiyi pul vəsaitlərinin geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdehlər tərəfindən iddiaçıya nə ödədiyi pul vəsaiti, nə də həmin pul vəsaitinin bir hissəsinə alınmış və Cavabdeh1 firmasının adına rəsmiləşdirilmiş torpaq sahələri geri qaytarılmamışdır. Bununla əlaqədar, İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və Cavabdeh3 barəsində cinayət işi başlanılmışdır. Araşdırmalar nəticəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və məhkum olunmuşdur Qeyd etməliyik ki, həmin dövrdə Cavabdeh3 tərəfindən iddiaçıya dəyən zərərin 56.000 manat məbləğində hissəsi ödənilmiş, qalan 1.294.000 (bir milyon iki yüz doxsan dörd min) manat hissəsi isə hazıra qədər iddiaçıya ödənilməmişdir. Cavabdehlərin istintaq və məhkəmə araşdırmaları zaman vermiş olduqları etirafedici ifadələr, məhkəməyə təqdim ediləcək reyestrdən çıxarışlar və müqavilələr, şahid ifadələri iddianın tamamilə əsaslı olduğunu təsdiq edir. Hazırda, iddiaçı hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən, müştərək qaydada, ona dəymiş maddi zərər kimi 1.294.000 (bir milyon iki yüz doxsan dörd min) manat pul vəsaiti ona qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən iddianın təmin edilməsi xahiş olunur. İlk iddia üzrə Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 443000 manat pulun və ödənilmiş 733 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o işlə əlaqədar Vüsala onun təklifi və razılığı ilə ******* manat pul verərək Elturan MMC-də 10 %-lik payı hissə aldılar. Bunun 5% onun, 5 % is Vüsalın olacaqdı. İlkin olaraq payı faktiki onların olsa da, rəsmiyyətdə Mahir Qarayevin adında qalmalı idi. Bundan bir neçə ay sonra həmin 10 faiz payı Vüsal pul ehtiyacı olduğuna görə 600000 manata satmaq istəyirdi, lakin o həmin payı ucuz satmağa icazə vermədi və baha qiymətə alıcı taparaq Vüsalın yanına gətirdi və Vüsal alqı-satqı danışığı apararaq 1.250.000 manata razılaşaraq həmin adama satdı. Bundan sonra həmin məbləğndən 304.000 manat maya kimi balans çıxıldı və 946.000 qazanc qaldı. Həmin 946.000 məbləğ yarı-yarıya bölünəndə 473.000 manat hər birinin payına pul düşürdü. Özünün payına düşəcək 473000 manat puldan onun qoyduğu 100000 manata görə 30000 manat qazanc kimi pulun sahibinə vermiş və 304000 manat məbləğində olan mayadan 100000 manat götürərək pulun sahibinə geri qaytarmışdır. Hazırda 473.000-30000= 443000 manat ona borcu qalmışdır. Pulu istəyəndə isə müxtəlif bəhanələrlə guya zərər edib və sair bəhanələrlə pulu verməkdən boyun qaçırdır. Bundan əlavə, onun ona başqa məbləğlərdə xeyli miqdarda borcu vardır. Bu səbəbdən hesab edir ki, İddiaçı ona borclu olduğu halda ondan əsassız olaraq pul tələb edir. halbuki, özünün ona yox, onun ona pul borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən iddianın təmin edilməsi xahiş olunur. İlk iddiaçı və nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia tələblərini müdafiə edərək iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İlk iddia üzrə Cavabdeh2 iddianın ona aid olan hissəsini qəbul etməyərək göstərmişdir ki, onun aldığı torpaqların Vüsal ilə Elvinə heç bir əlaqəsi yoxdur. Onların aralarında mübahisənin ona heç bir aidiyyatı yoxdur. İlk iddia üzrə cavabdeh və nümayəndəsi (vəkili) məhkəmə iclasında ilk iddia tələblərini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddianı isə müdafiə edərək təmir edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək ilk iddiaçının iddia müddətini ötürməsini, bu səbəbdən də iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmalı olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Vüsal onun dostudur, həm də o onun işçisidir. 2009-cu ildə birlikdə işləmişlər, Elvin Vüsala təklif etmişdir ki, ucuz qiymətə torpaqlar alıb, bir neçə ay sonra baha qiymətə sata bilərlər. Hər dəfə pul alındıqca o notariusda iştirak edirdi. Dost olduqlarına görə sənədsiz pulları verirdi, lakin pulların verilməsində o iştirak edirdi. Elvinə pul verilən zaman o da orada olmuşdur. Vüsal özü əmlakları satıb, o torpağa qoyurdu. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, o həm Vüsalın qohumu, həm də işçisidir. Vüsalın hesabatlarını aparır. Şıxov əraisində Vüsal tərəfindən torpaq alınırdı, bu işdə vasitəçi isə Elvin idi. Alınan torpaqlar bələdiyyə sənədləri var idi. Elməddin, Raminin adına rəsmiləşdirilirdi. Torpağın alınması üçün Vüsal pulu ya Kamranın, ya Elməddin vasitəsilə Elvinə verirdi. Pullar şəxsə Elvinə də, Elvinin ayrı-ayrı adamlarına da verilirdi. Ümumilikdə milyondan çox pul verilib, amma geri qaytarılmayıb. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Baş Prokurluğunun müstəntiqi Z.N.Səməndovun xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, zərərçkmiş şəxs İddiaçı müracətində göstərdiyi Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahələrinin alınması məqsədi idə tanışı Cavabdeh3 ona məxsus 1.294.000 manat pul və daşınmaz əmlakını saxta sənəddən istifadə və dələduzluq yolu ilə ələ keçirməsi xüsusatı üzrə sonuncunun əməlində cinayət tərkibinin olması sübuta yetirilmədiyi üçün həmin hissədə Cavabdeh3 əməlində Azərbaycan Respublikasının CM-nin 178 və 320-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarla İddiaçıa tanışı Cavabdeh3 torpaq sahələrinin satın alınması ilə bağlı verdiyi pulların geri qaytarılmasını tələb etməsi faktı mülki xarakterli olub məhkəmə araşdırması predmetinə aid olmaqla həmin pulun sonuncudan alınması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4, 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4-cü maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh3 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Cavabdeh3 qeyd edilən maddələr ilə cəza təyin edilməmiş, Cavabdeh3 qəti olaraq təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən ediliş, təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X7 (onun adından X6) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,08 ha torpaq sahəsini 30000 manata satmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 (onun adından X13) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30000 manata satmışdır - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X11 (onun adından X13) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30000 manata satmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X3 (onun adından X13) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 30000 manata satmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X4 (onun adından İddiaçı) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,04 ha torpaq sahəsini 30000 manata satmışdır. - xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X8 ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini 60000 manata satmışdır. - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X1 (onun adından X9) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Badamdar qəs. 3-cü yaşayış massivi sahə 338s ünvanında yerləşən 0,06 ha torpaq sahəsini 300000 manata satmışdır. - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki X12 (onun adından X9) ilə Cavabdeh1 (MMC-nin adından Cavabdeh2) satıcı MMC-yə Səbail rayonu, Badamdar qəs. 3-cü yaşayış massivi sahə 332s ünvanında yerləşən 0,06 ha torpaq sahəsini 300000 manata satmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. İlk iddia tələbindən görünür ki, Cavabdeh3 təşkilatçılığı ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahərinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılmaqla, Cavabdeh1 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmasına baxmayaraq Cavabdeh3, Cavabdeh2 onu aldatmış, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə işçisi Ramin Qədirov vasitəsi ilə Cavabdeh3 verdiyi 1.350.000 manat pul vəsaiti ona qaytarılmamışdır. Yalnız hüquq mühafizə orqanlarına müraciətindən sonra dəyən zərərin 56.000 manat məbləğində hissəsi ödənilmiş, qalan 1.294.000 (bir milyon iki yüz doxsan dörd min) manat hissəsi isə hazıra qədər ona ödənilməmişdir. İlk iddia üzrə Cavabdeh3 ilk iddianı qəbul etməyərək, eyni zamanda qaldırdığı qarşılıqlı iddiasında İddiaçı ona 443000 manat pul borcu olmasını iddia etmişdir. Digər Cavabdeh2 da ilk iddianın ona heç bir aidiyyatı olmamasını, alqı-satqı müqavilələri əsasında aldığı torpaqların Vüsal ilə Elvinə heç bir əlaqəsi olmamasını bildirmişdir. İlk iddiaçının tələbinin maddi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin normaya əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunvericilikdə zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ölçüsü 3 hektara qədər olan torpaq sahəsinin alınması məqsədi ilə iddiaçı hissə-hissə özü və bəzi vaxtlarda işçisi Ramin Qədirov vasitəsi ilə ümumilikdə 1.350.000 manat pul vəsaitini Cavabdeh3 verməsi, onun da təşəbbüsü ilə ayrı-ayrı şəxslərin adlarına satın alınmış torpaq sahərinin bir hissəsinə dair notariusda vətəndaşlarla müqavilələr bağlanılması və Cavabdeh1 firmasının adına Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmasına dair dəlilləri heç bir mötəbər və tutarlı sübut növləri ilə təsdiqini tapmamışdır. Əksinə Cavabdeh2 bildirdiyinə görə Cavabdeh1 firmasının adına alınmış torpaqlarla bağlı tərəflərin heç biri ilə əvvəlcədən razılaşmalar olmamış, alqı-satqı müqavilələri torpaq sahiblərinin özləri və ya nümayəndələri vasitəsilə əvəzili və könüllü surətlə, digər şərt olmadan bağlanmış və torpaqlar hazırda firmanın mülkiyyətində olmaqla digər heç kimə hər hansı aidiyyatı yoxdur. Məhkəmə iddiaçı tərəfin vəsatəti üzrə dindirilmiş şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, cavabdehin işçiləri olan şahidlərin verdiyi ifadələrinə tənqidi yanaşararaq hesab edir ki, onların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün sübut növü kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş, cavabdehin işçiləri olan şahidlərin həm də onunla yaxın münasibətdə (qohum və dost) olmalarını da diqqətə çəkir və verilən ifadələri iddiaçının maraq və mənafeyinə uyğun verilmiş ifadə kimi də qiymətləndirir. Məhkəmə xüsusilə vurğulayır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış hökmündən görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində təqsirləndirilən şəxs Cavabdeh3la barışmasını, ona vurulmuş ziyanın tam şəkildə ödənilməsini və nəticədə onun Cavabdeh3 qarşı heç bir şikayət və tələbinin olmamasını göstərmiş halların nəzərə alınaraq təqsirləndirilən şəxs Cavabdeh3 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Hökmdə əksini tapmış İddiaçı ifadəsinin məzmunu hazırki iddia tələbinin məzmunu ilə eynilik təşkil edir. Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, ilk iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və öz iddia tələblərinin əsaslı olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə eyni halların və istinad olunun maddi hüquq normalarının tələblərinin də qarşılıqlı iddiaya da şamil olunmasını qeyd edir və hesab edir ki, Cavabdeh3 da İddiaçı ona 443000 manat pul ödəməli olmasına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, hər iki iddiaçının irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair ilk iddiası və Cavabdeh3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd olunmalıdır. QƏT ETDİ: İddiaçı Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair ilk iddiası və Cavabdeh3 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar