Məhkəmə qərarları › İş №e-2(008)-158/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-158/2024

01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-158/2024 01.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən inşa edilmiş hasarın cavabdehlərin hesabına sökülməsi və qoyulmuş darvazaların plan sxemə uyğun olan yerinə köçürülməsinə, Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının mənim hasarımdan sökülməsinə, müdafiəçiyə hüquqi yardım üçün verdiyi 500 manat və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Moskva prospekti 73/3 mənzil 44-də qeydiyyatda olsa da, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 42 nömrəli bağ evində yaşayırdı. Qonşuluqda yaşayan 40 saylı evin sahibi, Cavabdeh2 təxminən 1-2 il olar ki, onun hasarı boyu ümumi istifadə üçün nəzərdə tutulmuş yolun təxminən 3 sot hissəsini zəbt edərək darvazasını onun darvazanın yaxınlığına qoymuşdur. Bundan sonra digər qonşusu isə Cavabdeh1 da yolun qalan hissəsini zəbt edərək darvazasını düz onun darvazasının yanına qoydu. Beləliklə, darvazasının qarşısı dalana çevrildi. O, əvvəlcə qonşu olduğu üçün buna fikir vermədi, lakin sonralar aralarında bir sıra problemlər yaratmağa başladı. Belə ki, qonşuları özlərinə məxsus maşınları darvazalarının ağzında saxlayanda o, öz maşını ilə həyətinə girib-çıxa bilmir. Cavabdeh isə istər elektrik sayğacını, istərsə də qaz sayğacını hasarına quraşdırıblar və o, bu yaxınlarda darvazanın qabağını abadlaşdırmağa başlayanda Etibar ona bildirdi ki, nə qədər ki onun sayğacları onun hasarına quraşdırılmış, o hasarın təmirinə icazə verməyəcək. İstifadəsində olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur və o, sxemdə göstərilən formada və ölçüdə torpaq sahəsini artıq uzun illərdir ki, hasara almışdır. Daha doğrusu atasının sağ vaxtı hasara alıb. Cavabdeh2 darvazası faktiki olaraq onun darvazasından təxminən 20-25 metr aralıda yerləşməlidir. Digər qonşusu Cavabdeh1 darvazası isə ümumiyyətlə onun bağının arxa tərəfində olmalıdır. Lakin Cavabdeh2 yuxarıda qeyd etdiyi kimi ümumi istifadədə olan yolun bir hissəsini qanunsuz olaraq zəbt edib, digər Cavabdeh1 da yolun qalan hissəsini zəbt edib və bu halhazırda bu ona bir sıra problemlər yaradır və o, öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir. Cavabdehlərin bu hərəkətləri yanğın təhlükəsizlliyi qaydalarına da ziddir. Əgər cavabdehin evində yanğın baş verərsə, yaxud onun evin arxa tərəfində yanğın baş verərsə, yanğınsöndürən maşının nə onun evinə getməsi mümkün olmayacaq, nə də onun evin arxa tərəfinə keçməsi. Çünki cavabdehlər ümumi istifadədə olan yolu qanunsuz zəbt ediblər. Əgər qonşuda yanğın baş verərsə, onda yanğınsöndürən maşınlar onun evini söndürmək üçün həyətinə daxil olmalıdırlar. İddiaçının evində yanğın baş verərsə, dayanıb gözləməlidirlər ki, yanğın bu tərəfə də keçsin ki, söndürsünlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə еdərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayənfədi və vəkili Vəkil Əyyub oğlu iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi, 42 saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Vişnyovka-2 (Albalılıq-2) bağ sahəsi ünvanında yerləşən 40 saylı bağ evi (təqdim olunan forma 2 arayışına əsasən H.Sultanov küçəsi, bina 47, ev 97 ünvanında qeydiyyatda olan 1948-ci il təvəllüdlü) Cavabdeh2 adına xx.xx.1999-cu il tarixdə qeydiyyatda alınmışdır, hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 39 saylı bağ evi xx.xx.2005-ci il tarixli 4648 saylı müqavilə və keşmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitesi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixdə 16672 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh1 (xx.xx.1954-cü il təvəllüdlü) oğlunun adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsidə mülkiyyətdə olan 0.111906 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.06 kv.m yaşayış sahədən ibarət 39 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 4301 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5326 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/398 nömrəli ekspert rəylərinə əsasən aşağıdakılar müəyyən edilmişdir:

1. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 42 saylı bağ evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahpsində yerləşən 42 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınıb;

2. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahpsində yerləşən 40 saylı bağ sahəsi evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir;

3. Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 39 saylı bağ evi sənədlər toplusunda təqdim edilmiş texniki pasporta uyğun deyildir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 2 bağ sahəsində yerləşən 39 saylı bağ sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınıb;

4. Cavabdeh2 və Cavabdeh1 oöluna məxsus bağ sahələrinin ərazisinə giriş-çıxış hissəsində dəyişiklik edilmişdir, ilkin verilmiş texniki sənədlərə uyğun deyildir. İddiaçı bağ sahəsinin konfiqurasiyası və giriş-çıxış qapısı ilkin verilmiş sənədlərə uyğundur. Müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 42 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evin qonşuluğunda olan Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 40 nömrəli ev Cavabdeh2, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka 2 bağ sahəsində yerləşən 39 nömrəli ev isə Cavabdeh1 mülkiyyətindədir. Toplanmış materiallar, ekspertiza rəyi və məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunan hallar birlikdə səciyyələndirilərək məhkəmə aşağıdakı qanunvericilik normaların istinad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Rеspublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. İş üzrə təqdim edilmiş sənədlərdən, keçirilmiş yerli baxışdan və ekspertin rəyindən görünür ki, cavabdehlər tərəfindən texniki pasporta uyğun olmayan şəkildə dəyişiklik edilmişdir. Cavabdehlərin darvazaları açıq-aşkar şəkildə plan sxemə uyğun olmayaraq ümumi istifadə üçün nəzərdə tutulmuş yola i keçirilmişdir. Yerli baxış zaman həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus işıq və qaz sayğacları iddiaçının hasarında quraşdırılmışdır. Həmçinin müəyən olunmuşdur ki, cavabdehlər ümumi istifadədə olan yolu zəbt etməklə iddiaçının həyətindən giriş-çıxış hissəni kifayət qədər məhdudlaşdırmışlar. Göstərilənlər İddiaçı mülkiyyət hüquqlarını pozduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qanunsuz inşa edilmiş hasarlar cavabdehlərin hesabına sökülməli və qoyulmuş darvazaların plan sxemə uyğun olan yerinə köçürülməli, Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının iddiaçını hasarından sökülməlidir. Həmçinin, işə baxılması ilə əlaqədar olaraq göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat xidmət haqqı cavabdehdən tutulması hissəsi təmin edilməməlidir. Çünki, məhkəməyə qeyd olunan məbləğin ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixlil 2652 nömrəli mədaxil qəbzi ilə 100 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş ekspertizalarının xərcləri, yəni 150 manat məbləğində vəsait cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Vəkilə ödənilmiş xərcin ödənilməsi hissəsində isə iddia təmin olunmur, çünki vəkilə ödəniş edilməsi barədə qəbz iş materiallarına əlavə olunmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hasarlar müvafiq olaraq cavabdehlərin hesabına sökülsün və qoyulmuş darvazalar plan sxemə uyğun olan yerinə köçürülsün. Cavabdeh1 məxsus işıq və qaz sayğaclarının İddiaçı hasarından sökülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 150 manat еkspеrt xərci tutularaq, Dövlət Xəzinədarlığı Agеntliyi, KOD 210005, VÖЕN **********, müxbir hеsab AZ 41 NABZ******************** SWİFT Bik CTRЕAZ 22, Məhkəmə Еkspеrtiza Mərkəzi, VÖЕN **********, AZ34CTRЕ******************** hеsabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar