Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1682/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ondan 12.000 manat əsas borc, 24.000 manat vurulmuş ziyan, 320 manat vəkilə ödənilən xidmət haqqının və 200 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36.520 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, 2012-ci ildə tanışı, iş üzrə Cavabdeh ilə razılaşaraq, Bakı şəhəri, Görədil qəsəbəsində yerləşən, cavabdehə məxsus 12 sot torpaq sahəsini bir sotu 1000 manatdan olmaqla, 12.000 manata almışdır. Bununla əlaqədar, cavabdeh həmin torpaq sahəsinə dair onun adına 30 il müddətinə baş etibarnamə vermişdir. 2016-cı ildə o, yaxın adamı olan X6 ilə şifahi qaydada razılaşaraq, həmin torpaq sahəsini ona satmışdır. X6 həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün oraya təqribən 8 maşın mişar daşı gətirmişdir. Həmin şəxs 2016-cı ildə torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət orqanına rəsmi qaydada müraciət etmiş, lakin qeyd olunan torpaq sahəsinin başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunaraq, ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. O, bununla bağlı cavabdehlə görüşmüş, danışmaq istəmiş, lakin cavabdeh ona məhəl qoymamışdır. Bundan sonra o, yaranmış mübahisə ilə bağlı cavabdehin adından onun verdiyi etibarnamə əsasında Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbinin yüksək ehtimalla təmin olunacağını görmüş, qeyd olunan torpaq sahəsinə dair onun adına verdiyi baş etibarnaməni ləğv etmiş və onun adından məhkəməyə verdiyi iddia tələbi üzrə inzibati işə qoşularaq, həmin məhkəmə prosesini özü davam etdirmişdir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona satdığı həmin torpaq sahəsini baha qiymətə, yəni bir sotunu 3000 manata digər şəxsə satmışdır. Cavabdeh tərəfindən aldadıldığını başa düşdükdən sonra hüquqlarının müdafiəsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Onun şikayəti Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırılmış, lakin cavabdeh onun çağırışına gəlməmişdir. Təhqiqatçı tərəflər arasındakı münasibətlərin mülki xarakterli olduğu, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin ötdüyü qənaətinə gələrək, xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasını rədd etmişdir. 2012-ci ildən hazırkı vaxtdadək, yəni 12 ildən artıqdır ki, cavabdeh onun pul vəsaitini qanunsuz olaraq özündə saxlamış, bununla bağlı ona əlavə ziyan vurmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı bazar qiyməti ilə həmin ərazidə, həmin məbləğə 12 sot torpaq sahəsi almaq mümkün deyildir. Buna görə də hesab edilir ki, əsas məbləğlə yanaşı, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan ziyan da tutularaq ona ödənilməlidir. Cavabdehin ona vurduğu əlavə ziyanın həcmi 24.000 manat məbləğində dəyərləndirilir. Buna görə də, hesab edir ki, cəmi 36.000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsi təmin edilməlidir. Həmin torpaq sahəsinin satılması ilə bağlı Elman Əliyevin ona verdiyi 12.000 manatı maddi vəziyyəti ilə əlaqədar, sonuncuya qaytarmamışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddiaçının izahatında qeyd olunanları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, onun dostudur, onlar hazırda da teztez görüşüb söhbət edirlər. 2012-ci ildə iddiaçı pula ehtiyacı olduğu üçün ona torpağını 12.000 manata satdığını demişdir. Həmin torpağı 12.000 manata Cavabdeh İddiaçı satmış, o da həmin qiymətə sonuncudan almışdır. O, torpağı aldıqdan sonra tikinti aparmaq üçün oraya 9.000-10.000 manat dəyərində daş tökmüşdür. Cavabdehin iddiaçıya verdiyi etibarnaməni və bağlar idarəsinin sərəncamını görəndə torpağa çıxarış ala biləcəyini düşünmüşdür. Lakin çıxarış almaq üçün həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə torpağa təqdim etdikdə, orada ona sənədlərin düz olmadığını, həmin torpaq sahəsinin başqasının torpaq sahəsi ilə üst-üstə düşdüyünü, çıxarışın verilməsinin mümkün olmadığını demişlər. Daha sonra o, bununla bağlı Rafiqlə görüşmüşdür. Bildirir ki, Rafiqin həmin torpağı 12.000 manata Ələskərə satmasından xəbəri olmuşdur. Bu barədə həm Ələskər, həm də Rafiq ona bildirmişlər, lakin o, Ələskərin Rafiqə pul verdiyini görməmişdir. Bu məsələlərlə bağlı Ələskərin uzun illər əziyyət çəkməsi səbəbindən, torpağı almaq üçün verdiyi 12.000 manatın qaytarmasını ondan tələb etməmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun atasıdır. O, 2012-ci ildə atası ilə birlikdə Nərimanov rayonundakı ofislərində mühasib işləmişdir. Həmin ərəfədə sözügedən torpağın satılması ilə bağlı razılaşma olmuşdur. Belə ki, Cavabdehlə atası İddiaçı torpağın alqı-satqısı ilə bağlı razılığa gəlmiş, bununla bağlı Nərimanovdakı ofisdə atası 2000 manat və 10.000 manat olmaqla, Cavabdeh cəmi 12.000 manat pul vermişdir. O, həmin pulun verilməsinə bilavasitə şahidlik etmişdir. Daha sonra atasından torpağın sənədləşməsi ilə bağlı problem yarandığını, torpağın yüklü olduğunu eşitmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatı İnkişaf və İstismarı Birliyinin direktoru ilə Cavabdeh arasında bağlanmış Goradil ərazisindəki 1751 nömrəli bağın istifadəyə verilməsi haqqında 37332 saylı, xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Binəqədi rayonu, Goradil ərazisindəki 0,12 hektar sahəsi olan 1751 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçi Cavabdeh verilir və istifadəçi həmin bağı istifadəsinə götürülür. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətində bağlanılır. - Cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı 30 il müddətinə verilmiş etibarnamədən görünür ki, yuxarıda qeyd olunan müqaviləyə əsasən, Binəqədi rayonu, Goradil ərazisində yerləşən sahəsi 0.12 ha olan 1751 nömrəli bağ sahəsinin özəlləşməsi ilə əlaqədar Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında və digər aidiyyəti orqanlarda, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsininin müvafiq rayon şöbəsində onun nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, ona məxsus olan evin və torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, özəlləşdirdikdən sonra zəruri sənədləri və arayışları (Forma №1) almağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan onun adından sənədləri təqdim etməyi və ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, koorparativ və ictimai təşkilatlarda, müvafiq icra hakimiyyəti orqanlarında onun adından ərizə verməyi, arayışlar toplamağı və təqdim etməyi, onun adına reyestrdən çıxarış, texniki pasport, kadastr Planı almağı, adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün digər hərəkətləri etməyi etibar etmişdir. - İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verdiyi xx.xx.2018-ci il tarixli iddia ərizəsindən görünür ki, xx.xx.2016-ci il tarixli məktubun (bildiriş) qanunsuz hesab edilib, JN-29651 saylı şəhadətnamənin ləğv edilməsinə dair müvafiq məhkəmə qərarını çıxarılması, xx.xx.2006cı il tarixli, 37332 saylı müqavilə üzrə ona verilmiş 0.12 hektar torpaq sahəsinə mülkiyyət hüququnun ona verilməsi barədə müvafiq məhkəmə qərarını qəbul edib, həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edəcək çıxarışın ona verilməsi üçün cavabdeh orqanın üzərinə müvafiq öhdəliyin (məcbur edici vəzifənin) qoyulması barədə müvafiq məhkəmə aktını qəbul edib mülkiyyət hüququnu iddiaçının adına tanınmasının müəyyənləşdirilməsi xahiş olunmuşdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilərək, xx.xx.2006-cı il tarixli, 37332 saylı müqavilə üzrə iddiaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində Cavabdeh mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı ərizə ilə şöbəyə müraciət edərək bildirmişdir ki, 2012-cı ildə Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsindən 1 sotu 1000 manat olmaqla 12.000 manat ödəyib 12 sot torpaq sahəsi almışdır. 2018-ci ildə həmin torpaq sahəsinə çıxarış sənədi almaq istədikdə, məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yüklüdür. Bu barədə Rafiqlə danışmaq istədikdə, sonuncu, ondan qaçmağa başlamışdır. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə işlər onun xeyrinə getməkdə idi. 2016-cı ildə o, sözügedən torpaq sahəsini yaxını Əliyev Elmana şifahi razılıq əsasında satmış və sonuncu da orada tikinti işləri aparmaq üçün 8 maşın daş tökdürmüşdür. Lakin məhkəmənin son mərhələsində ona məlum olmuşdur ki, Cavabdeh ona verdiyi torpaq sahəsinə dair 30 illik etibarnaməni ləğv etdirib, bir qədər baha qiymətə, yəni bir sotunu 3000 manatdan başqa bir şəxsə satmaq istəmişdir. Torpaq sahəsinin ona geri qaytarılmasında köməklik edilməsini və Cavabdeh barəsində qanuni tədbi görülməsini xahiş etmişdir. İddiaçı şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh, onunla Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 37332 nömrəli müqaviləyə əsasən, sahibliyində olan Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 1751 nömrəli bağ sahəsini xx.xx.2012-ci il tarixli etibarnamə ilə İddiaçı satmışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun alqı-satqısı notariat qayada müqavilə bağlamaqla deyil, cavabdehin iddiaçıya 30 illik müddətə verdiyi etibarnamə əsasında həyata keçirilmişdir. Ona görə də, həmin torpağın alınması ilə bağlı iddiaçının cavabdehə verdiyi pul məbləği yazılı formada rəsmiləşdirilməmişdir. Daha sonra iddiaçı həmin torpaq sahəsini tanışı Elman Əliyevə satmışdır. Sonuncu, 2018-ci ildə həmin torpaq sahəsinə çıxarış almaq istədikdə, məlum olmuşdur ki, sözügedən torpaq sahəsi yüklüdür, cavabdeh həmin torpağı baha qiymətə digər şəxsə satmışdır. İddiaçının tələbinə baxmayaraq, cavabdeh torpaq sahəsini alması üçün verdiyi pulu iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən, iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etməli olmuşdur. İddiaçı həm təhqiqat orqanına, həm də məhkəmədə verdiyi izahatlarında həmin torpağın alınmasına görə, 2012-ci ildə cavabdehə 12.000 manat verdiyini bildirmişdir. Cavabdeh isə, nə məhkəmənin, nə də ibtidai istintaq orqanının çağırışlarına məhəl qoyaraq, çağırışlara gəlməmiş, iddiaçının dəlillərinə hər hansı formada münasibətini bildirməmişdir. Belə olan halda, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq, qeyd edir ki, həmin dəlilləri şübhə altına alacaq məqam aşkar edilməmişdir. İş üzrə dindirilmiş şahidlər də tələb olunan 12.000 manat pulun məbləği və onun yaranma səbəbləri barədə məhkəməyə ətraflı ifadə vermişlər. Cavabdehin həmin pulu qaytarması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud deyildir. Ona görə də, iddia həmin hissədə sübuta yetirilmiş hesab edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh torpaq satması adı ilə İddiaçı 12.000 manatını götürüb qaytarmamaqla, əsassız olaraq iddiaçının hesabına varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən ona verdiyi 12.000 manatı tələb etməkdə haqlıdır. Həmin tələblə bağlı iddiaçının təqdim etdiyi sübutlar işin faktiki halları ilə uzlaşıb, iddianın həmin hissədə təmin edilməsi üçün mötəbər və yetərli hesab olunmalıdır. Lakin iddiaçı cavabdehin ona 24.000 manat məbləğində ziyan vurduğunu bildirsə də, bununla bağlı sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi istehlak qiymətlərinin indeksi barədə Dövlət Statistika Komitəsinin arayışı cavabdehin ona 24.000 manat məbləğində ziyan vurduğunu təsdiq edən sübut hesab edilə bilməz. Məhkəmə bununla bağlı Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 12 ildir ki (2012-ci ildən), İddiaçı 12.000 manat pulunu torpaq satışı adı ilə götürüb qaytarmadığından, Mülki Məcəllənin qeyd olunan normasının tələbinə görə, həmin məbləğə illik beş faiz tətbiq edilməklə, cavabdehdən 7200 manat (12.000 manat x 5%=600 manat, 600 manat x 12 il=7200 manat) pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə sübuta yetirilmədiyindən, rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan "xxxx" QSC-nin Əməliyyatın təfərrüatı adlı sənəddən görünür ki, iddiaçı tərəfindən məhkəmədə hazırkı iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 330 manat məbləğində pul ödənilmişdir. Həmçinin iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 200 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 330 manat xidmət haqqının və ödənilmiş 200 manat dövlət rüsumunun 147,60 manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12.000 (on iki min) manat məbləğində pul vəsaiti və illik beş faiz tətbiq edilməklə hesablanmış 7200 (yeddi min iki yüz) manat borc olmaqla, cəmi 19.200 (on doqquz min iki yüz) manat məbləğində pul vəsaiti tutulmalı, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat xidmət haqqı və ödənilmiş 200 manat dövlət rüsumunun 147,60 (yüz qırx yeddi manat altmış qəpik) manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 12.000 (on iki min) manat və illik beş faiz tətbiq edilməklə hesablanmış 7200 (yeddi min iki yüz) manat borc olmaqla, cəmi 19.200 (on doqquz min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 (üç yüz iyirmi manat) manat xidmət haqqı və dövlət rüsumunun 147,60 (yüz qırx yeddi manat altmış qəpik) manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-1682/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1682/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver