Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1694/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X4 yetkinlik yaşına çatmayan oğlu X1 vurduğu maddi zərərə görə 5440 (beş min dörd yüz qırx) manat məbləğində pulun, vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 122 manatın, ümumilikdə 10562 (on min beş yüz altmış iki) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X9 xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında döyülərək xəsarətlər almışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə ona evdən zəng edilərək oğlu Rəsulun döyüldüyü və al-qanın içində olduğu bildirilmişdir. Bu məlumatı aldıqdan sonra evə qayıtdıqda yetkinlik yaşına çatmayan oğlu Rəsulun sol üz nahiyyəsinin qan içində olduğunu və oğlunun halsız vəziyyətdə olduğunu görmüşdür. Oğlunun əynində olan ağ köynəyi də qan içində idi. Oğlundan onu kimin bu hala saldığını və harada döyüldüyünü soruşduqda, bildirmişdir ki, yaşadığı evin qarşısında 2 nəfər şəxs tərəfindən döyülmüşdür. Həmin şəxslərin kimi olduqlarını soruşsa da, oğlu həmin şəxslərin kim olduqlarını dəqiq deyə bilməmişdir. Ona görə də məcbur olub baş vermiş hadisə barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Araşdırma zamanı oğlu X9 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdən bacısı Aysellə birgə çıxaraq bərabər repititor yanına gedib aylıq ödəniş etməli imiş. Lakin yaşadığı evin küçəsinə çıxaraq bacısı Ayseli gözləyən zaman küçədə 2 nəfər ondan təqribən yaşca balaca olan şəxslər velosiped sürərək biri onun ünvanına nalayiq hərəkətlər edərək ona söyüş söymüşdür. O, həmin vaxt həmin şəxsi yanına çağıraraq sual vermişdir ki, “sən nalayiq hərəkətləri və söyüşü kimə söyürsən?”, həmin vaxt həmin şəxs ona etdiyi hərəkətləri və söyüşü danmağa başlamış və onlar söhbət edən zaman həmin şəxslə birgə velosiped sürən oğlan ona yaxınlaşaraq bildirmişdir ki, “o səndən balacadır və sözün-söhbətin varsa mənlə et”. Oğlu həmin şəxsə bildirmişdir ki, “sən mənə qarşı söyüş söyməmisən və mənə qarşı nalayiq hərəkət etməmisən, ona görə də mənim səninlə danışmaq niyyətim yoxdur” və əli ilə həmin şəxsi kənara çəkmişdir. Buna baxmayaraq həmin oğlan ona öz etirazını bildirərək onun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vuraraq onu döyməyə başlamışdır. Onların aralarında dava-dalaş olan zaman boydan balaca olan oğlan onu vurmamışdır. Həmin şəxslərlə bir məktəbdə oxusa da həmin şəxslərin adını bilməmişdir. Həmin şəxs anidən onun üz nahiyyəsinə yumruq zərbəsi vurmuş, o özünü itirmiş və həmin an həmin şəxs ona bir neçə dəfə də yumruq zərbələri vurmuşdur. O, həmin şəxsin əlindən zorla qaçaraq yaşadığı evə girmiş və evdə üzünü yuyan zaman üz nahiyyəsindən qan gəldiyini görmüş və başının fırlandığım hiss etmişdir. Onun döyülərək xəsarət almasını ilk olaraq bacısı Aysel görmüş, sonra isə anası və digər bacısı Nuray görərək atası Əliyə (ona) qonşuluqda yaşayan Gülşənin telefonu ilə zəng edərək döyülməyi barədə məlumat vermişlər. Sabunçu RPİ-nin İŞ-də aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, oğlumu döyərək xəsarətlər yetirmiş şəxs yetkinlik yaşına çatmayan X6 olmuşdur. Məhkəmə-tibbi ekspertizanın 1710 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə oğlum X7 əng sümüyünün sol ön və orbital (gözyuvası) divarında yerdəyişən, qəlpəli sınığı və sol gözyuvasıətrafı-sol yanaq nahiyəsinin əzilmiş yarası-hematoması, sol göz almasının ağlı qişasına qansızma müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, X6 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətsə də, 23 avqust 2009-cu il tarixdə anadan olmaqla 13 yaşı vardır. Göstərilən əsasla, X6 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığından, onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X4 törətdiyi cinayət əməli nəticəsində oğlu X2 az ağır dərəcədə pozulmuş, bununla da onlara həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Belə ki, oğlunun sağlamlığını bərpa edilməsindən ötrü məcburən müxtəlif tibb müəssisəslərinə (“Qələndər” Klinikasına və X8) müraciətlər etmişdir. Oğlu müxtəlif tibbi müayinələrə və əməliyyata məruz qalmışdır. Tibbi müayinələrin bir hissəsinə çəkdiyi xərclər 1190 (bir min yüz doxsan) manat təşkil edir. Oğlunun əməliyyatı üçün isə 1800 (bir min səkkiz yüz) manat məbləğində xərc çəkmişdir. Bundan başqa oğlunun müalicəsinə və s. xərclərə əlavə olaraq 2450 (iki min dörd yüz əlli) manat xərc çəkilmişdir. Hazırda da müalicəsi davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı X6 izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmuş və ünvan 3 ünvanında yaşamışdır. xx.xx.2023-cü il tarixdə o, sinif yoldaşı Rəvan Quliyevlə birgə yaşadığı küçədə velosiped sürərək ev ünvanının yaxınlığında yerləşən “Səhram” marketin qarşısından keçərək velosipedlə qabaqda getmiş, sinif yoldaşı, həm də dostu Rəvan Quliyev ondan bir qədər geridə gəlmişdir, lakin, o, həmin vaxt arxasına çönüb baxan zaman görmüşdür ki, dostu Rəvan orada bir nəfər şəxslə mübahisə edirmiş, həmin vaxt Rəvanın yanında onun sinif yoldaşları Mirkamil və İsmayıl olmuşdur. Rəvan həmin şəxslə söhbət edən zaman sinif yoldaşları həmin şəxslərə qarışmamışdır. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq bildirmişdir ki, “nəyə görə mübahisə edirsən”, lakin, həmin oğlan onu itələyərək bildirmişdir ki, “sən mənim işimə qarışma”. Lakin, həmin vaxt həmin şəxs onu kobud itələyərək ona kobud cavab verdiyinə görə o, həmin şəxsə etirazını bildirən zaman həmin şəxs ona 2 dəfə yumruq ataraq onu vurmaq istəmişdir. Lakin, o, ilk olaraq dalaşmaq istəməsə də məcbur olub həmin şəxslə dalaşmışdır. Bundan sonra onların arasında dava-dalaş olan zaman o, həmin şəxsin göz nahiyyəsinə yumruq zərbəsi vurduqda həmin şəxsin sol gözünün alt hissəsindən qan gəlməyə başlamışdır. Bundan sonra o, idarə etdiyi velosipedinə əyləşərək oradan uzaqlaşan zaman həmin vaxt Rəsulun anası evdən çölə çıxan zaman həmin şəxs yenidən ağlayaraq söyüş söysə də o, həmin şəxsə sözlə cavab verərək bildirmişdir ki, “söyüşə görə pis olacaq", bunu demiş və həmin yerdən uzaqlaşmışdır. Dava-dalaşın səbəbi onun sinif yoldaşı Rəvana görə olmuşdur, çünki, həmin Rəsul adlı şəxs həmin şəxsi vurmaq istəyən zaman o, araya keçib həmin şəxsi fikrindən daşındırmaq istəmişdir, lakin, Rəsul həmin şəxsə yumruq atdığına görə məcbur olmuş, həmin şəxslə dalaşmış vurmuşdur. O, Rəsul ilə eyni məktəbdə təhsil almış, lakin, onların aralarında indiyədək heç bir mübahisə və dava-dalaş olmamışdır. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, X6 Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də xx.xx.2009-cu il tarixdə anadan olmaqla 13 yaşı vardır. Odur ki, X5 xəsarət alması faktı ilə əlaqədar olaraq X4 cinayət məsulliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün onun barəsində onun baraəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmiş Məhkəmə-tibbi ekspertizasının 1710 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, oğlum X7 əng sümüyünün sol ön və orbital (gözyuvası) divarında yerdəyişən, qəlpəli sınığı və sol gözyuvasıətrafı-sol yanaq nahiyəsinin əzilmiş yarası-hematoması, sol göz almasının ağlı qişasına qansızma müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. N190723-18A nömrəli qəbzin surətindən görünür ki, 1800 manat "xxxx" MMC-nin hesabına X11 üz nahiyəsində sol almacıq sümüyünün əməliyyatı üçün İddiaçı tərəfindən ödənilmişdir. “Dİaqnoz Tibb Mərkəzinin qəbzlərinin surətindən görünür ki, xəstə Oruclu Rəsulun oftomotoluq konsiltitusiyası üçün xx.xx.2023-cü il tarixdə 40 manat, Kəllə-KT üçün xx.xx.2023-cü il tarixdə 90 manat, laboratir analizlər üçün xx.xx.2023-cü il tarixdə 250 manat, Beyin MRT üçün xx.xx.2023-cü il tarixdə 130 manat, Kəllə kt üçün xx.xx.2023-cü il tarixdə 90 manat və Kəlla KT üçün xx.xx.2023-cü il tarixlərdə 90 manat iddiaçı tərəfindən ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Məhkəmə araşdırılması zamanı habelə iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından da görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində cavabdehin övladı olan xx.xx.2009-cu il təvəllüdlü X6 qəsd ilə törətmiş olduğu əməl nəticəsində iddiaçının övladının sağlamlığına az ağır zərər dəymişdir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu ödəniş qəbzlərindən görünür ki, iddiaçı övladının sağamlığınə dəyən zərərin aradın qaldırılması üçün müxtəlif vaxtlarda 1800 manat, 40 manat, 90 manat, 250 manat, 130 manat, 90 manat və 90 manat olmaqla cəmi 2490 manat məbləğində xərclər çəkdiyindən, iddia tələbi maddi ziyan hissəsində qismən sübut olduğu məbləğ həddində 2490 manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, baş vermiş hadisə nəticəsində yəni iddiaçının övladının sağlamlığına cavabdehin övladı tərəfindən vurulmuş zərər nəticəsində iddiaçının mənəvi zərər və iztirab çəkməsi labüt olduğundan, cavabdeh tərəfindən övladının əməli nəticəsində iddiaçının keçirmiş olduğu mənəvi zərərin əvəzi iddiaçıya ödənilməlidir. Lakin məhkəmə cavabdehdən tutulmalı olan mənəvi zərərin 5000 manat deyildə, 1000 manat məbləğində qiymətləndirilməsini daha ədalətli hesab etdiyindən, iddia tələbi mənəvi zərər hissəsində də qismən təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2490 (iki min dört yüz doxsan) manat məbləğində maddi zərər və 1000 (bir min) manat məbləğində mənəvi zərər cəmi 3490 (üç min dört yüz doxsan) manat pul və 54.9 (əlli dört manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1694/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1694/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver