Məhkəmə qərarları › İş №e-2(008)-1698/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1698/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1698/2024 07.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi **-LC-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Prius” markalı minik avtomobilinə 1/2 hissədə payının müəyyən edilərək, avtomobilin hərracda satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölüşdürülməsi və eyni zamanda birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 588A ünvanında yerləşən bağ evinin 1/2 hissəsinə payının müəyyən edilərək, əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə hərracda satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış akt qeydləri kitabında 252 nömrə ilə qeyd edilmiş nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi əsasında pozulmuş, AZ-İ № 452655 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlaklar vardır ki, bunlardan biri də **-LC-*** dövlət qeydiyyat nömrə nişanlı, “Toyota Prius” markalı minik avtomobili və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 588A ünvanlı, 0.12 ha həyətyanı torpaq sahəsindən ibarət olan bağ evidir. Həmçinin xx.xx.2023-cü il tarixdə avtomobilin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulması haqqında müvəqqəti təminat tədbiri barədə ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsi e-16(008)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə ərizəsi təmin edilmişdir. Avtobilin təxmini bazar dəyərinə gəlincə isə analoji avtomobillərin satış qiyməti 9000 (doqquz min) manat olduğunu müəyyən edilmişdir. Eyni zamanda, bağ evinin hazırki bazar dəyəri isə təxmini olaraq 45000 (qırx beş min) manata bərabərdir. xx.xx.2024-cü il tarixində iddiaçı dəqiqləşdirmə barədə ərizə verərək, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ** LC *** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı minik avtomobilinə ½ hissədə payın müəyyən edilərək, avtomobilin hərracdan satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölüşdürülməsi və ünvan 2 ünvanında yerləşən evin ½ hissəsinə payının müəyyən edilərək, əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə, hərracda satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Toyota Prius” markalı minik avtomobilinə ½ hissədə payın müəyyən edilərək, avtomobilin hərracdan satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh “Toyota Prius” markalı minik avtomobilini satdığını, üçüncü bir şəxsin mülkiyyətində olduğunu və iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarına istinad: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-xx-xx/248280/2024 nömrəli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin cavab məktbuna əsasən, “Toyota Prius” markalı ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilə əsasında X1 8000 manata satılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesyri publik hüquqi şəxsi 1 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-13540/2024 nömrəli, cavab məktubuna əsasən, Cavabdeh adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 588 nömrəli bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin 0,0235 ha hissəsi xx.xx.2024-cü il tarixdə qeydə alındığı və hazırda mülkiyyətində olması barədə cavab verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 650 Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli “Toyota Prius” minik markalı ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin mülkiyətində deyil həmin nəqliyyat vasitəsinə iddiaçının ½ hissədə payının müəyyən edilməsi ilə bağlı iddia tələbi təmin olunmamalıdır. Belə ki, nəqliyyat vasitəsi artıq üçnücü bir şəxsin mülkiyyətində olduğu halda iddia tələbinin həmin nəqliyyat vasitəsinə ½ hissədə payın müəyyən edilməsi deyil, nəqliyyat vasitəsinin satışından əldə olunmuş pul məbləğinin bölünməsi ilə bağlı qaldırılacaq iddianın uğurluluq ehtimalı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsaslanaraq, Q Ə T E T D İ: “Toyota Prius” markalı minik avtomobilinə ½ hissədə payın müəyyən edilərək, avtomobilin hərracdan satılaraq, pul məbləğinin paylarına mütənasib surətdə bölünməsi tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzaliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar