Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1699/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8600 manat borcun və 106 manat dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ilk dəfə 2014-cü ilin dekabr ayının əvvəllərində İndira adlı rəfiqəsinin ad günündə tanış olmuşdur. Həmin vaxtdan müxtəlif ad günü və tədbirlərdə görüşmüşlər, onun mağaza işlətdiyini bilmişdir. Cavabdeh ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istəmiş, lakin borclu qaldığı olmamış, qısa müddətdə qaytarmışdır. İddiaçı onun həm “28 Mall” ticarət mərkəzi ilə üzbəüz yeraltı keçiddə ayaqqabı satışı, həm də “Əcəmi” metrostansiyası ərafında geyim satışını təşkil etdiyini bilmişdir. Cavabdeh 2018-ci ilin dekabr ayında ona müraciət edərək bildirmişdir ki, “28 May” metrostansiyası ətrafındakı keçiddə mağaza götürmüş, mağazanın 3 illik icarəsi 50.000 manat müəyyən edilmiş və pul əvvəldən istənilmiş, buna görə ona 25.000 manat borc lazım olmuşdur. Cavabdeh 3 il ərzində hər ay borcu qaytaracağını bildirmişdir. Əlavə olaraq mağazanın içində əlavə yer qalır ki, cavabdeh oranı da istəsə iddiaçının işlədə biləcəyini, istəməsə də oranı özü icarəyə verib icarə pulunu ona verəcəyini təklif etmişdir. Sərfəli təklif olduğundan, iddiaçı mağazaya baxacağını bildirmiş, özünün yaşadığı ünvan 1 ünvanındakı evində pulu vermişdir. Mağazaya baxmaq təklifinə isə bidirmişdir ki, iddiaçının pulun müəyyən hissəsini verdiyini bilsələr, icarəçi bu təklifi etməyəcəkdir. Amma o, təkidlə icarəyə götürdüyü mağazanın yerini soruşmuş, nəhayət, bir müddət sonra mağazaya getmişdir, həmin vaxtadək artıq pulu cavabdehə vermişdir. Mağaza işlədən kimi Sonanı (cavabdehi) soruşmuş, ona uzun illər mağazanı işlədənin bir kişi olduğunu bildirmişlər. İddiaçı borc pulun icarə bəhanəsi ilə alındığını bilmişdir. Bundan sonra Sonanı görüşmək üçün ortaq rəfiqələri ilə soraqlamağa başlamış, çünki cavabdeh birbaşa onunla görüşdən yayınmışdır. İddiaçı bir neçə dəfə cavabdehin işlətdiyi mağazaya getmiş, satıcı hər dəfə orada olmadığını demişdir. Cavabdeh özü gah xəstə olduğunu, gah da daha sonra görüşəcəyini bildirmişdir. Beləliklə, borcun verilməsindən bir neçə ay keçmişdir. Bu müddətdə cavabdeh hissə-hissə borcundan qaytarmağa başlamışdır. Nəhayət cavabdehlə görüşmüş, ödənilən pulları hesablaşmışlar, cavabdehin ödəniləsi 16.600 pul borcu qalmışdır. İddiaçı həmin pulun bir dəfəyə qaytarılmasını istəmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirmiş, icarə obyektini sahibinin əlindən alındığını, ziyanda olduğunu, utandığı üçün daha əvvəl demək istəmədiyini bildirmişdir. Cavabdeh daha sonra iddiaçıya Masazır qəsəbəsində evi olduğunu, satıb pulunu götürməyini söyləmiş, iddiaçı da yenə ona inanaraq bu illər ərzində məcbur olub satışla məşğul olmuşdur. Nəhayət, vasitəçilər real alıcı ilə görüşmək istəyəndə cavabdeh evi satmadığını, anasının icazə vermədiyini bildirmişdir. Cavabdehin qardaşı Orxan isə ümumiyyətlə evi satmaq niyyətlərinin olmadığını, Sonaya evi satmağa heç kimin icazə vermədiyini bildirmişdir. İddiaçı illərdir cavabdehin sadəcə vaxt qazanmaq üçün onu növbəti dəfə aldatdığını başa düşmüşdür. Həmin söhbələrdən sonra qalan 16.600 manat puldan illər ərzində hissə hissə qaytarılmışdır. Cavabdeh 2022-ci ildə kart vasitəsilə 500 manat, 2023-cü ilin sentyabr ayının əvvəli 100 manat, sonu isə 100 manat qaytarmışdır, hazırda cəmi 8600 manat borcu qalmışdır. Cavabdehlə aparılan danışıqların bir nəticəsi olmamış, qardaşı Orxan, İrina, və anası da bu danışıqlarda iştirak etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehlə danışıqları olmuş, o zaman cavabdeh qalan pulu göndərməyəcəyini bildirmiş, iddiaçıya məsələni məhkəmə ilə həll eləməyi demişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, məhkəmənin ilk iclaslarında cavabdeh ümumiyyətlə pulun verilməsi faktını inkar edərək təqdim edilən qəbzlərin tərəflər arasında olan başqa bir borca aid olmasını, hazırkı borcla əlaqəsinin olmadığını və ümumiyyətlə 25.000 manat borc verilmədiyini bildirmişdir. Tərəflər arasında yazışmalar ortaya çıxdıqda bu fərziyyə dəyişilmişdir. Tərəflər arasındakı danışıqlar təqdim edildikdən sonra tələb olunan məbləğin borc deyil, faiz olduğunu sübut etməyə çalışır və bunu iddiaçının işləməməsi, pulu haradan əldə etməsi, başqa şəxslərlə borc verib-verməməsi ilə əlaqələndirməyə çalışmışdır. Ancaq bunların hazırkı tələblə əlaqəsini müəyyən edən faktlar olmadığından, başqa fərziyyə ortaya çıxmışdır. Təqdim edilən telefon yazışmaları açıq-aydın təsdiq edir ki, cavabdeh aldığı pulu qaytarmamışdır. Elektron daşıyıcıda olan videoyazının 6-cı saniyəsində xx.xx.2023-cü il tarixli dialoq- “iddiaçı: Saat 01.25 - canik əgər səhv etmirəmsə 8800 manat qalıb borclusan. 100 çıxdım. 8700. inciyərəm. Cavabdeh: 01.26 - Yox!” Cavabdehin vəkili sonuncu iclasda “Yox!” ifadəsini guya cavabdehin inkarı kimi təqdim edir. Bu artıq fərziyyə deyil, yanıltma cəhdidir. Ancaq düşünülmür ki, məhkəməyə tam versiya təqdim edilib, sadəcə “Yox!” sözündən sonrakı dialoq tərcümə edilməmişdir. Məcburən dialoqun da, tərcüməsininin ardı təqdim edilmişdir. “Cavabdeh: 01.26 - Yox!, baxaram nə qədərdir, amma bu ad gününədir (Ha драю - iddiaçının izahına görə qısa “дp”, yəni ad günü yazmaq istəyirmiş çap səhvi olub). iddiaçı: 01.26 Sən öl mən çıxmışam, and içirəm üzüvə baxmaram, Cavabdeh Дp. (yəni ad günü), sonra danışarıq”. Göründüyü kimi, bu dialoqdan və əvvəlcədən təqdim edilən dialoqlardan tam sübut olunur ki, iddiaçı borca pul vermiş, puldan qismən qaytarılmış, qalıq borc barədə cavabdehə yazılmış, cavabdeh hətta onu qalıq borcdan çıxmamağı, ad günündədir deyə, iki dəfə israr edərək “sonra danışarıq” yazmışdır. Bu təkzib edilməz sübutlar hamısı tərəflər arasında olan yazılarla təsdiq edilir ki, hər iki tərəf bu yazılara istinad etməklə danışıqları sübut kimi qəbul edir. Daha sonra cavabdehin nümayəndəsi sonuncu dəfə izahatında israrla bildirir ki, guya cavabdeh borcunu inkar edir və məhkəməyə videoformatda təqdim edilən xx.xx.2023-cü il tarixli dialoqun saat 13.26 olan səsli yazışmarına istinad edir. Həmin mesajda da bir daha təsdiq edilir ki, cavabdeh borcu qaytara bilmir, 500 manat qaytarmaq söhbətlərinin olmadığını, ümumiyətlə əvvəlki dövr olmadığını, gəlirlərin aşağı düşdüyünü, ayda 200-300 manat qaytara biləcəyini bəyan edir. Cavabdehin nümayəndəsi mətni tam təqdim etməkdən yayınır, yalnız özünə sərf edən hissəyə istinad edir. Sonrakı 34 saniyəlik səsli mesajda isə hər ay nəyi bacarsa, onun qaytaracağını bəyan edir. Lakin cavabdehin nümayəndəsi bu hissənin üstündən susqunluqla keçir. Göründüyü kimi, bu qədər səsli və şəkil formada dialoqlar təqdim edilmişdir, heç birində cavabdeh qeyd etmir ki, bu borc deyil, faiz və investisiyadır. Bütün bunlara baxmayaraq, borcun verilməsi, borcun məbləği və qalığın 8600 manat olması tam sübut edilmişdir. Verilən pulun faiz və inversitsiya olmaması tam sübut edilmişdir. Bunun əksini təsdiq edəcək bir nəfər şahid, yazılı danışıqlar və maddi sübutlar ortaya çıxara bilməyən cavabdeh ən azından məhkəmdə iştirak edərək haqlı olmasına dair mövqe bildirə bilərdi, ancaq iştirak etmir. Çünki cavabdehin saxta fərziyyələr üzərində qurulan müdafiəsi ilə cavabdehin mövqeyi arasında kifayət qədər fərqlər ortaya çıxa bilər ki, bu da cavabdehi təmsil edən şəxsin məhkəmədə tutduğu mövqeyə uyğun deyildir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın təmin olunmasına dair qətnamə qəbul ediləsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, birincisi, iddianın təmin edilməsi üçün hüquqi əsaslar və ona dəlalət edən aidiyyəti sübutlar olmalıdır ki, hazırkı məhkəmə işi üzrə heç bir sübut təqdim edilməmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, “2018-ci ildə Ülkər xanım mağaza açmaq istəmiş və bildirmişdir ki, “sərfəli təklif olduğundan, mən də razı oldum və ona 25.000 manat filan ünvanda verdim”, ifadəsi heç bir şəkildə borc hesab edilə bilməz. İşin əsli isə ondan ibarətdir ki, İddiaçı həqiqətən də Sona xanımla rəfiqəlik münasibətində olmuşdur, Sona xanımın “28 May”da obyekt işlətdiyini və obyektlərə nəzarət etdiyini bilmiş və bir obyektin də onun üçün ayrılmasını xahiş etmişdir. Sona xanım da ona uyğun obyektləri məsləhət görmüşdür. Ülkər xanım da obyektə 25.000 manat pul yatırmışdır, lakin 2018-ci ildə həmin obyekti işlədə bilmədiyi üçün iflas olmuşdur, ordan heç bir gəlir əldə edə bilməmişdir. Buna baxmayaraq, münasibətlərin qorunması üçün, Ülkər xanımın yatırdığı sərmayə ona geri qaytarılmışdır. Qarşı tərəfin təqdim etdiyi yazışmalar var, həmin yazışmaların heç birində Sona xanım Ülkər xanımdan 25.000 manat borc aldığını, 16.400 manatın qaytarıldığını və 8600 manat qalıq borcu qaldığını heç bir şəkildə etiraf etməmişdir. Hətta yazışmaların sonunda onların arasında aqressiv münasibətlərə keçəndə, Sona xanım deyir “mən sənə hər şeyi artıqlaması ilə qaytarmışam, sən 25.000 manat pul yatırdın, amma mən sənə münasibətlərimiz pozulmasın deyə 28.000 manat vermişəm, sən isə faizlə hesablayaraq hesablamanı 36.600 manatdan aparmısan”. İşin digər tərəfi bundan ibarətdir ki, Ülkər xanım həmin sərmayəni yaxın münasibətdə olduğu Ayxan adlı şəxsdən almışdır və yazışmalarda da var ki, o pulu Ayxandan almış və ona görə də pulu geri qaytarmaq lazımdır. 25.000 manatın verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Şahidlər ziddiyyətli ifadələr verdi, ümumiyyətlə belə nəticəyə gəlinir ki, şahidlərin verdiyi ifadələr yalnız Ülkər xanımın sözlərinə əsaslanır və digər şəxsin sözü ilə verilən ifadələr, şahid ifadəsi kimi qəbul edilə bilməz və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Tərəflər arasında heç bir saziş yoxdur, əgər 25.000 manatın borc müqaviləsindən söz gedirsə, bu qanunvericiliklə müəyyən edilmiş qaydada, yazılı olaraq tərtib edilməli idi. Heç bir yazışmada əksini tapmayıb ki, cavabdehin iddiaçıya 8600 manat borcu qalmış, 16.400 manatı qaytarılmışdır. Tərəflər rəfiqələr kimi qarşılıqlı olaraq bir-birilərindən pul alıb-verirmişlər və onların heç birinin 25.000 manata aidiyyəti olduğu təsdiqini tapmır. Bundan başqa, bu məsələlər 2018-2020-ci illərdə baş vermişdir. Belə ki, iddiaçı 2018-ci ildə mağazaya getmişdir, həmçinin daha sonra “4 il bundan əvvəl sən mənə dedin Masazırdakı evi satacaqsan, o vaxtı da mənə atdın” kimi ifadələr yazışmalarda varsa, onun hüquqlarının pozulduğunu bilməli olduğu an elə həmin vaxtdan başlayır. 6 il müddətində Ülkər xanım heç bir orqana müraciət etməmiş, iddia tələbi qaldırmamış və qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddətini buraxmışdır. Nümayəndə və vəkil məhkəməyə təqdim edilən iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə hüquqi qiymət verilməsi və tələbin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, 8 ildir ki, iddiaçının evində köməkçi işləyir, həftədə 3 dəfə onun evini yığışdırır. Sona xanımı Ülkər xanımın evinə gedib-gələndə görmüşdür. O, 4-5 il əvvəl qış ayında Sona xanımın Ülkər xanımdan borc istədiyini görmüş, daha sonra cavabdeh onun yanında təxminən 25.000 manat pulu evdən götürüb getmişdir, aralarında faiz söhbəti olmamışdır. Daha sonralar Sona xanımın pulu hissə-hissə verdiyini eşitmişdir. Əvvəllər Sona xanım Ülkər xanımın evinə tez-tez gəlsə də, daha sonra ümumiyyətlə əlaqələri kəsilmişdir. Axırıncı dəfə 1 ildən çox olar Ülkər xanım telefonla danışanda Sona xanımın 200 manat qaytardığını eşitmişdir. Onun cavabehin 200 manatdan əlavə borcun qaytarılmasından məlumatı olmamışdır. Sona xanımı 4 ildən çoxdur görmür. Borc pandemiyadan əvvəl verilmişdir. Ülkər xanım işləmir, onun başqa şəxslərə pul verdiyini görməmişdir. Sona xanımın 8600 manat borcu qaldığı barədə Ülkər xanım ona demişdir. O, Sona xanımın pulları qaytarmasında da iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, 7 ildən artıqdır ki, Ülkər xanımla yaxın dostdur. Ülkər xanımın ailəsi imkanlıdır. Sona xanımı Ülkər xanımın vasitəsi ilə 2017-ci ildən tanımış, onun bağında olmuşlar. Sona xanım obyekt işlətmək üçün Ülkər xanımdan borc pul istəmiş, Ülkər xanım Sona xanıma borca pul verəcəyini demiş, o isə məsləhət görməmişdir. Lakin Ülkər xanım yaxın rəfiqə olduqları üçün cavabdehə 25.000 manata yaxın pulu vermişdir. Pul verilərkən aralarında faizlə bağlı razılaşma olmamışdır. Pulun verilməsi onun yanında olmamış, lakin hazırlanması onun yanında olmuş, məbləğin bir hissəsi dollar, bir hissəsi manat olaraq hazırlanmışdır. Sona xanım pulu 2-3 il ərzində qaytaracağını demişdir. O, Ülkər xanıma “28 May”dakı yeraltı keçiddə Sona xanımın obyekt götürməsi, işlədib-işlətməməsi ilə gedib maraqlanmasını demişdir. Sona xanımın pulu 50, 100, 200 manat olmaqla hissə-hissə olmaqla 16.400 manatı qaytarmış, təxmini 8500-8600 manat qalır. Dəfələrlə o Ülkər xanımla pulu götürməyə getmişdir. Pul gah şəhərdə Sona xanımla görüşərək, gah Bilgəhdə bağda, gah da karta göndərilərək ödənilmişdir. Borcu qaytarılması üçün Sona xanım ondan Masazırdakı evinə alıcı tapmağı xahiş etmişdir. Lakin evə yüksək qiymət dediyi üçün evin satılması çətinləşmişdir, hətta telefonunda hazırda həmin evin şəkilləri də var. Bütün pulu onun yanında qaytarmamışdır. Ülkər xanımla Bilgəhdə 500 manat, yolda 200 manat gedib götürmüşlər. Sona xanım karta pul göndəriləndə o, dəfələrlə Ülkər xanımın yanında olmuşdur. Təxmini 2021-ci ildə maşınla Ülkər xanımla gedərək “Qərənfil” marketin yanında Sona xanımla görüşərək 500 manatı götürmüşlər. O, Ülkər xanım evə gedəndə dəftərinə yazması üçün ödənilən pulları öz telefonuna qeyd etmişdir. O, Sona xanımın qaytardığı pulların hamısını xatırlamasa da, 200, 500, 1450, 1500 manat ödədiyini bilir. Ülkər xanım ondan pul götürməmiş, Sona xanımın götürdüyü pulları qaytarması üçün Ülkər xanıma pulları ondan aldığını deməsini söyləmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı cavabdehin ona 8600 manat borcu olduğunu bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən məbləğdə borcu olduğunu sübut etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və telefon yazışmaları qeyd olunan halı bilavasitə təsdiq etmir, o cümlədən iddia tələbinin əsası kimi istinad edilən hər hansı bir halın həqiqiliyini müəyyən etmir. Cavabdehin nümayəndə və vəkili tərəflərin rəfiqə olmaqla qarşılıqlı olaraq birbirilərindən borc alıb-vermələrini və telefon (votsap) yazışmalarında da həmin borclardan bəhs edildiyini inkar etmir (iddia ərizəsində də iddiaçı cavabdehin ondan tanış kimi hərdən borca ***-**** manat arası vəsait istədiyini qeyd etmişdir). Lakin həmin yazışmalarda cavabdeh iddiaçıdan 25.000 manat aldığını, 16.400 manatı qaytardığını və 8600 manat borclu qaldığını etiraf etməmişdir. Hətta yazışmaların sonunda cavabdeh iddiaçıya hər şeyi artıqlaması ilə qaytardığını, iddiaçının faizlə hesablayaraq, ondan artıq məbləğ tələb etdiyini bildirmişdir. Şahid ifadələrini isə iddianı təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etməyərək, məhkəmə qeyd edir ki, Ayxan Budaqov iddiaçının 25.000 manat pulu cavabdehə verməsinə şahidlik etməmiş, digər şahid Samirə Abdullayeva isə cavabdehin onun yanında iddiaçıdan təxminən 25.000 manat pulu evdən götürüb getdiyini bildirsə də, bunu ümumi formada ifadə etmiş, həmin hadisənin dəqiqləşdirici detalları barədə məhkəməyə əlavə məlumat verməmişdir. O, həmçinin bildirmişdir ki, cavabdehin 8600 manat borcu qaldığı barədə iddiaçı ona demişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Digər tərəfdən, iddiaçı cavabdehə 25.000 manat borc verdiyini iddia etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq, tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, cavabdehin iddiaçıya 8600 manat borcu olduğu sübuta yetirilmədiyindən, hazırkı iddia təmin edilə bilməz. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğu və mötəbər sübutlarla təsdiqini tapdığı halda, məhkəmə cavabdeh tərəfin ərizəsi əsasında iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verə, ötürüldüyü halda, iddianı rədd edə bilərdi. Lakin baxılan işdə iddia sübuta yetirilməməsi əsası ilə rədd edildiyindən, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizə əsasında iddiaya təkrar qiymət verilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq, hesab edir ki, ödənilmiş 106 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-1699/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1699/2024
17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver