Məhkəmə qərarları › İş №e-2(008)-1712/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1712/2024

05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1712/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 470 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikasında taxta məhsullarının topdansatış ticarəti ilə məşğul olmuş, həmin satış mallarını özü Rusiya Federasiyasında tədarük edib Azərbaycana gətizdirmiş və Bakı şəhərində topdansatışı ilə məşğul olmuşdur. O, malları əsasən tanıdığı şəxslərə nisyə vermiş, alıcılar ondan aldıqları məhsulu qazanc əldə etməklə baha qiymətə satıb gəlir əldə etmiş, sonradan isə borclarını ödəmişlər. Həmin şəxslərdən biri də Cavabdeh olmuş, həmin şəxs dəfələrlə nisyə mal almış, həmin şəxs götürdüyü malların dəyərinin bir hissəsini ödədikdən sonra yeni partiya nisyə mal almaqda davam etmiş, bununla da onun etibarını qazanmışdır. 2016-cı ilin ortalarında cavabdehin aldığı taxta materiallarına görə ona borcu yaranmış, həmin vaxtdan cavabdehdən və digər borclulardan borclarını tələb etsə də, cavabdeh ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar zərərə düşməsinə istinad edərək, ona vaxt verməsini və borclu olduğu məbləği qaytaracağına vəd vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan aldığı malları satmış və pulunu almışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh yenidən vədlər verməyə başlamış, cavabdeh 2017-ci ildə özü qəbz yazaraq, ona 104.200 ABŞ dolları borcu olmasını etiraf eləmişdir. Bundan sonrakı müddətdə də onunla cavabdeh arasında borcun qaytarılması ilə bağlı danışıqlar olmuş, cavabdeh hər dəfə müxtəlif vədlər verərək borcun birdəfəyə qaytarılacağına vəd vermiş, cavabdeh tərəfindən borc könüllü ödənilmədiyinə görə o, məcburiyyət qarşısında qalaraq 2021-ci ilin sentyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun müraciəti Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırılmış, şikayətlə bağlı cavabdeh izahat yazmış, şahidlər dindirilmiş və borcun real olması öz təsdiqini tapmışdır. Şikayətin icrası ilə bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsi tərəfindən xx.xx.2021-ci ildə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Həmin vaxtda cavabdeh yenidən şikayətin olubolmamasından asılı olmayaraq, ona vaxt verməsini və özünə məxsus əmlakını satışa çıxarmaqla borclu olduğu məbləği birdəfəyə qaytaracağına vəd vermişdir. Lakin bu müddət ərzində də cavabdeh vədinə əməl etməmiş, ondan aldığı taxta materiallarını sataraq, pul vəsaitini əldə etməklə əsassız varlanmasına baxmayaraq, hazırkı vaxtadək borcunu qaytarmamışdır. O, bu vədlərin yalnız söz xətrinə və vaxt uzatmaq məqsədilə verildiyini başa düşüb, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddianın nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları dəyərində 1 kubu 222 ABŞ dolları nəzərə alınmaqla 470 kub taxta materiallarının alınıb İddiaçı verilməsi, taxta materiallarının qaytarılması mümkün olmadığı təqdirdə isə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 470 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdehı uzun müddətdir ki tanıyır, iş birlikləri olub. Onları Məcnun tanış edib, Məcnun Səyyada mallar verməsini məsləhət görmüşdür. Səyyada vaqonla taxtalar verməyə başlamış, o da satıb pulunu verirdi. Səyyadla münasibətləri səhv xatırlamırsa, 2012-ci ildən yaranmışdır. 2015ci ildən sonra isə Səyyad ödəmələri ləngitməyə başladı. Rusiyaya gedib gələndən sonra Səyyadla hesab-kitab edəndə 127 kub taxta qaldığını gördü. Bir kubunun dəyəri təxminən 185 dollar olardı, bu da 23.495 ABŞ dolları edir. Hesab işlərindən sonra Səyyadın ona 104.200 dollar borcu olduğunu hesablamış, bu qədər malı artıq satmışdır. Sonra demişdir ki, bu pulu başqa adama vermişdir, az-az ödəyəcəkdir. Sonra isə borcunu ödəmədiyini gördü. Məcnun və Ceyhunun da ona borcu var idi, hesab işlərindən sonra onlar kimi Səyyad da ona olan borcunun məbləğini qəbzə yazdı. Qəbzə yazaraq imza çəkdilər. Sonra qəbzi götürdü və surətlərini özlərinə verdi. Səyyadın ona həmin 104.200 ABŞ dolları borcu 2016-cı ildən sonra qalıb. Səyyad bu məbləğin heç bir hissəsini ona geri ödəməyib. Bu borcdan sonra o, Səyyada yenidən bir vaqon malı satmaq üçün vermiş və o, həmin vaqonu sataraq pulunu ödəmiş, amma əvvəlki borcu olan 104.200 ABŞ dolları borcdan heç nə ödəməmişdir. Dəyanət Cəfərlini tanımır və onun dediyi məbləğlərdə pul ona verilməyib. İfadə verən şahidlər Səyyadın 104.200 ABŞ dolları borcdan əvvəlki borclarını ona ödəməsi barədə məlumat veriblər. Səyyad bu borcu yox, əvvəlki borclarını qaytarıb. O, Davudu tanımır, mallarını-taxtalarını Davud və ya qeyrisinə yox, məhz Səyyada vermişdir. Səyyadın məhkəməyə təqdim etdiyi yazılardakı yaşıl qələmlə yazılan xətt onundur. Bu təqdim edilən kitabda sadəcə bəzi borcların altında tarix və imzası var, hamısında yox. Onda isə kitab yoxdur, olsa belə çoxdan olan hadisələrdir, onda kitab qalmaz. Səyyadın kitabında yazılan 103.224 ABŞ dolları borcu olduğunu təsdiq və etiraf edir, ola bilər ki, arada 1000 ABŞ dolları kimi fərq olsun. Səyyadla bu borcun hesab işlərini edəndə Səyyad pulu bir neçə başqa adama verdiyini dedi, o da həmin adamlarla onu tanış etməsini, hətta pulunu Səyyadla birgə onlardan geri almasını məsləhət gördü. Bu adamların yanına gedəndə isə onlara heç bir mal verilmədiyini, malları Səyyada verdiyini və borcunu da Səyyaddan geri almalı olduğunu dedilər. Bunu deyən adamın adı ya Elvin, ya da Elmir olardı. Səyyadın ona 112.125 ABŞ dolları borcu vardı, malları satmışdı, geri qalan 127 kub taxta malı ondan götürmüşdü. Bu 127 kub taxta mal həmin borca daxil deyildi, taxta şəklində ayrıca olaraq ondan götürdü. Həmin borclardan Səyyad bir dəfə 156 ABŞ dolları, bir dəfə 625 ABŞ dolları verib, hətta bir neçə min ABŞ dollarını da keçir, arada fərq ola bilər. Səyyada qarşı gec iddia irəli sürməsinin məqsədi ona borcunu geri qaytarması üçün vaxt vermək idi, o, həm cavabdehə, həm də digər işçilərə çox kömək etmişdir. Ona yaxşılıq etdi, amma anlamadı. İşləyərək borcunu geri qaytaracağını demişdi, amma ödəmədi. Sonra onu polisə verdi, orada araşdırma aparıldı. Ona borcu olan digər adamlar hissə-hissə ödəsə də, Səyyad ödəmədi. 104200 ABŞ dolları necə hesablaması barədə onu deyə bilər ki, həmin vaxtın məzənnəsi ilə qara bazarın mövcud öz ölçüləri ilə hesablamışdı, qiymətlər həmişə dəyişir, sabit deyil. Səyyadın borcunda ləngimələr borcunu etiraf etdiyi qəbzi yazandan sonra, 2016-cı ildən yarandı. Onsuz da 2016-cı ildən sonra ödənişləri az-az ödəməsi barədə öz kitabında qeydlər edib, iki yerdə onun imzası da var. Onun cavabdehin kitabında çəkilən imzalarından sonra Səyyad ona heç bir ödəniş etməyib. 2017-ci il olardı ki, Səyyada 1 vaqon, 135 kub mal verdi, hər kubu təxminən 185 ABŞ dolları, ümumi dəyəri isə 24.975 ABŞ dolları olardı. Bu malı satıb pulunu ona qaytardı. Bunu sübut etməyə ehtiyac yoxdur, çünki bunu Səyyad özü də etiraf edir, hətta Səyyad ona həmin vaxt bir vaqon yox, iki vaqon verdiyini deyir. 2016-cı ilin fevralında hesab işlərindən sonra Səyyadın ona 104.200 ABŞ dolları borcu olduğunu görəndən sonra o, yerdə qalan 127 kub taxtanı ondan götürdü, çünki ona heç bir etibarı qalmamışdı, həmin vaxt taxtanın dəyərinin nə qədər olduğu yadında deyil. Bu pulların harada olduğunu soruşanda adlar saydı ki, pullar həmin şəxslərdədir. Səyyada qəbz yazmasını dedi. Səyyadın qəbzdə 104.200 ABŞ dolları borc yazmasına baxmayaraq, faktiki olaraq o, Səyyadın kitabına imza çəkəndə Səyyadın ona 103.224 ABŞ dolları borcu qalmışdı. Mərhəmət edib bir qismini də ona bağışladı. 103.224 ABŞ dolları mübahisəsiz haldır ki, Səyyadın ona borcu olub, bunu özü də etiraf edir, o da etiraf edir. Amma bununla bağlı sübutları yoxdur. İşçilərlə borclarını geri qaytaran zaman məzənnənin qalxması ilə bağlı borcunu köhnə məzənnə ilə alacağına dair aralarında heç bir razılaşma olmayıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, cavabdehin əlyazmaları ilə tanış olmuşlar. İki yerdə iddiaçının imzası var, qalan yazılan məbləğləri cavabdeh öz xətti ilə yazıb, iddiaçının isə imzası yoxdur. İddiaçının deməsinə əsasən qəbzdə yazılan borc məbləğinin hamısı cavabdehin özünə aiddir, başqasının borcunu öz borcu kimi qəbul etməlidir ki? Malı iddiaçı cavabdehin özünə verib, iddiaçı cavabdehdən başqasını tanımır, borcunu cavabdehdən geri istəyir. Digər şəxslər də hər biri məhz öz borclarını yazaraq qəbzləri imzalayıb iddiaçıya veriblər, onlar öz borclarını hissə-hissə geri ödəyiblər deyə hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən onlara qarşı iddia qaldırılmayıb. İddiaçının deməsinə əsasən cavabdeh digər şahidlərə 1000 ABŞ dolları verib ki, aparıb pulu iddiaçıya veriblər, onlar da ifadələrində bunun onlara aidiyyəti olmadığını deyiblər. Cavabdehin borcun sadəcə bir hissəsinin özünə aid olduğunu deməsi absurddur. Taxtanın pulu ABŞ dolları ilə gəlib, ABŞ dolları ilə də hesablanıb tələb olunub. Mallar Azərbaycandan yox, Rusiyadan gəlib. Hesablaşmalar da məhz bu iki şəxs arasında aparılıb. Kimsə cavabdehə hər hansı bir təsir və ya təzyiq etməyib. Əgər belə bir hal olsa idi, o, çoxdan polisə müraciət etmişdi, amma bununla bağlı hər hansı bir sübutu yoxdur. Borcun bir hissəsi Davuda məxsus olsa idi, həmin qəbzdə bunu qeyd edə bilərdi. Ona görə də cavabdehin dedikləri yalandır, iddiadan yayınmaq məqsədi daşıyır. İddiaçı borcunu geri ödəyə bilsin deyə indiyə qədər cavabdehə vaxt verib. Həmçinin, cavabdeh borclarını geri qaytarıbsa, iddiaçıya hər dəfə imzalatdırmalı idi. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 104.200 ABŞ dolları məbləğində borcun 46.520 ABŞ dolları Davud Qarayevin borcudur. İddiaçının öz yazdığı yazısı bunu sübut edir, onun öz imzası da var. Ceyhun, Məcnun, Məhərrəm və Davud Qarayev ilə bir yerdə işləyirlər. Belə bir hadisənin başına gələcəyini təsəvvür etməzdi. Məhkəməyə təqdim etdiyi kitabçanın biri onda, digəri iddiaçıdadır, hansı ki, içərisində sonuncunun imzaları var. İddiaçıya borcunun qalmaması barədə hər hansı qeydi və ya iddiaçıya məxsus imza yoxdur. Hər ayın axırı onlar haqqhesab edirdilər, hər dəfə pul veriləndə imza çəkilirdi. Polisdə izahat verəndə iddiaçı da yanında idi, qəbzə yazılan məbləğin sadəcə 73.000-nin ona aid olduğunu iddiaçı da bilir. Məhz məzənnə fərqinə görə iddiaçı polisə müraciət edib. İddia ərizəsi ilə müraciət etməmişdən qabaq iddiaçı ona borcunu yeni məzənnə ilə ödəməli olduğunu deməyib. İddiaçıya heç bir borcu yoxdur. Hətta ona borcunu artıqlaması ilə qaytarmışdır. Hesab işləri vaxtı hesab yazılarkən onun iddiaçıya 73.221 ABŞ dolları, yəni 57.112 manat borcu olub. O, borcunun hamısını iddiaçıya qaytarmışdır, məbləğlər kitabında qeyd olunub. Amma iddiaçının sadəcə iki yerdə öz imzası var, digər borcların altında imzası yoxdur, başqa sübutu yoxdur. Borclarını aldığı vaxtın məzənnəsi ilə də geri qaytarmışdır. Manat hesabı ilə onun iddiaçıya borcu qalmayıb, o isə borcu dollar hesabı ilə geri istəyir. Çünki məzənnə dəyişir deyə tələb etdiyi məbləğ daha çox təşkil edir. 2015-ci ilin fevralın axırana qədər iddiaçıya borcunu təzə məzənnə ilə qaytarmışdır. Sonra üzən məzənnəyə keçildi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, polisdə verilən izahatda borcun bir hissəsinin cavabdehə məxsus olmadığı barədə qeydlər var, bu bir fantaziya deyil. O, özü Davudla da əlaqə saxlamışdır və o da etiraf edir ki, bu borcun bir hissəsi ona aiddir, amma o gəlib məhkəmədə etiraf etmək istəmir ki, birdən iddiaçı ona qarşı iddia qaldırar. Ən dəqiqini iddiaçı bilir. Cavabdeh iddiaçıdan aldığı borcları həmin vaxtın məzənnəsi ilə tam şəkildə qaytarmışdır. Cavabdeh götürdüyü borcdan əlavə pul ödəməli deyildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, hər iki tərəfi Dərnəgül ticarət bazarından tanıyır. Səyyadı daha öncədən tanımışdır. Rövşən bəyi də mal alıb-verdikcə tanımışdır. Orada satıcı kimi işləmiş, Rövşən bəy ona da satmaq üçün malları verirdi. Səyyadı 2011-2012-ci illərdən tanıyır. Rövşən bəyi də təxminən 2013-2014-cü illərdə tanımışdır. Rövşən bəyə olan borclarını, tarixi yazmışlar. Rövşən bəy borcları yazdırarkən onlara heç bir təsir etməyib və ya əlavə borc yazmalarını onlardan istəməyib. Elə bir insan da deyil, mövcud borclarını yazdırıb. Həmin vaxt otaqda Məcnun, Səyyad, o, Məhərrəm, Rövşən bəy və Rövşən bəyin gətirdiyi vəkil oğlan olub. O, borcunu yazıb otaqdan çıxmışdır, Səyyadın Rövşən bəyə nə qədər borcu olduğunu, qəbzə nə yazdığını bilmir. Həmin vaxt 2016-cı il ya da 2017-ci ilin əvvəlləri olardı. Hamı borcunu yazıb otaqdan çıxandan sonra hər hansı bir narazılıq etmədi. Davudu tanıyır, həmin vaxt öz otağında olardı. Rövşən bəyin Davuda taxta verib-vermədiyini bilmir. Rövşən bəy borclarını köhnə və ya yeni kursla alacağı ilə bağlı hər hansı şərt deməyib və ya güzəşt etməyib. Vaqonları Səyyad, o, Məcnun boşaltmışlar. Rövşən bəy ona olan borcundan əlavə ondan pul istəməyib və ya hər hansı faiz söhbəti olmayıb. Aralarında borclarını dollarla da, manatla da yazanlar var idi. Rövşən bəy və ya yanında gətirdiyi vəkil borcları yazarkən onlara heç bir təsir etməyiblər. Səyyadla sonradan olan söhbətlərində o, yazdığı borcun müəyyən hissəsinin Davudun olduğunu demişdi, bunu Səyyadın deməsinə əsasən bilir, bu barədə Davud ona heç nə deməyib. Məzənnənin qalxması ilə bağlı hələ borcun qaldığını eşitmişdir. Polisdə verdiyi izahatı təsdiq edir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o, Dərnəgüldə taxta obyektində fəhlə işləmişdir. Səyyad bəyi oradan tanıyır. Orada o, fəhlə, Səyyad bəy taxta satıcısı işləyirdi. Rövşən bəy də axşama qədər nə qədər taxta satılırdısa, gəlib pulu götürüb gedirdi. Orada bəzi taxtalar istifadəyə yararsız oldu, onların geri qaytarılmasında iştirak etməmişdir. Təxminən 2-3 il orada işləmişdir. 2014-cü ildən 2020-ci ilə qədər o, Səyyad bəylə işləmişdir. 2020-ci ildən sonra onunla işləməmişdir. Orada işlədiyi müddətdə pulu götürməyə ya Rövşən bəy özü, ya oğlu ya da sürücüsü gəlirdi. Özü Səyyad bəy tərəfindən Rövşən bəyə 1000 ABŞ dolları, 2000 ABŞ dolları, 800 ABŞ dolları, 1500 ABŞ dolları verildiyini görmüşdür. 1000 ABŞ dollarını iki dəfə vermişdir. Bu məbləğləri dollarla da, manatla da verirdi. Manatla verilən məbləğləri dəqiq bilmir. Bu məbləğləri onun yanında sayıb verib. Başqa məbləğlər verilib, amma gördükləri bunlardır. Səyyad bəyin yanında işləmişdir. Maaşını günlük almışdır, ondan başqa da fəhlələr işləyirdi, saylarını bilmir. Nicat və digər fəhlələr var idi. Rəsmi əmək müqaviləsi yox idi. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, Səyyad onun qardaşıdır, Rövşən bəy onlara orada taxta satmaq üçün mal verən adam idi. Özü də daima orada olurdu, özünə və ya oğluna pullar vermişlər. Səyyadın Rövşən bəyə nə qədər pul qaytardığını bilmir. Pulları içəridə oturub danışıb verirdilər. Məbləğ və tarixləri bilmir. 2014- 2017-ci illərdə bir yerdə işləmişlər. Özü Rövşənə və iki dəfə də oğluna 350, 500, 1000, 700-800 manat vermişdir. Həmin vaxt nə qədər taxta verildiyi yadında deyil. Onunla birgə işçilər Nicat, Tapdıq, Dəyanət olub. Dəyanət ondan sonra işləməyə başlayıb. 2014-cü ildən obyekt açılandan bu işçilər orada işləməyə başladılar. Onların nə vaxta qədər orada işlədiklərini bilmir. Rövşənə və iki dəfə də oğluna 350, 500, 1000, 700-800 manat verilmə tarixi yadında deyil. Bu pulları onlara verərkən yanında elə bu üç işçi olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 469.29 manat dövlət rüsumu ödəmişdir. - Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı Rusiya istehsalı olan taxta materialına görə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcunun olduğunu etiraf edir. Həmin borc məbləğini ağlabatan müddətdə ödəməyi öhdəsinə götürür. - Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Səddam Hüseynin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək, 2016-cı ilin ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində özünə məxsus 104.200 ABŞ dolları dəyərində taxtaları tanışı Cavabdeh verdiyini, lakin sonuncunun həmin taxtaların dəyəri olan 104.200 ABŞ dollarını ona geri qaytarmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı İddiaçı, Cavabdeh izahatları alınmış və şikayət əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-169/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Səddam Hüseyn tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı taxta məhsullarını Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edərək, həmin məhsulların pərakəndə satışı ilə məşğul olmuşdur. İddiaçı idxal etdiyi məhsulları müxtəlif şəxslərə, həmçinin cavabdehə nisyə satmışdır. Cavabdeh əvvəllər aldığı məhsulların dəyərini ödəmiş, sonradan aldığı məhsullarını dəyərini ödəməmiş və iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehin yazdığı qəbzə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara istinad edərək, hazırda cavabdehin ona 104.200 ABŞ dolları məbləğində borcunun olduğunu iddia edir. Cavabdeh iddiaya etiraz edərək, iddiaçıya olan borcunu tam şəkildə ödədiyini, qəbzdə yazdığı borcun bir hissəsinin Davud adlı şəxsə aid olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya borcunun qalmaması barədə hər hansı qeydin və ya iddiaçıya məxsus imzanın olmadığını, hər ayın sonunda haqq-hesab etdiklərini, hər dəfə pul verəndə iddiaçının imza çəkdiyini bildirmiş və həmin qeyd kitabını məhkəməyə təqdim etmişdir. İddiaçı cavabdehin məhkəməyə təqdim etdiyi kitabçaya baxış keçirmiş və yaşıl qələmlə yazılan imzaların ona məxsus olduğunu bildirmişdir. İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara və cavabdehin yazdığı qəbzə istinad edərək, sonuncunun ona 104.200 ABŞ dolları məbləğində borcunun olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya qeyd olunan məbləğdə borcunun olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən cavadehin təqdim etdiyi kitabçaya baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 30.01.16 veriləcək 112.125 $ yaşıl rəngli qələmlə imza 156 $ 31.01.16. R. 625 $ 01.02.16 R. Fərq 7234 $ 02.16.12 = q. 104.110 $ 886 $ (06.02.16) = q. 103.224 $ yaşıl rəngli qələmlə imza 06.02.16 Məhkəmə, tədqiq olunan sübutları, cavabdehin izahatında hər dəfə iddiaçıya pul ödədikdə iddiaçının verilmiş pulun altından imza çəkdiyini, iddiaçıya borcunun qalmaması barədə hər hansı qeydin və ya iddiaçıya məxsus imzanın olmadığını etiraf etməsini, yəni iddiaçıya borcunun olmaması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməməsini, iddiaçının isə cavabdehin təqdim etdiyi kitabçada yaşıl qələmlə çəkilmiş imzaların ona məxsus olduğunu bildirməsini nəzərə alaraq hesab edir ki, alınmış taxta məhsullarına görə cavabdehin iddiaçıya hazırda 103.224 ABŞ dolları (həm iddiaçı, həm cavabdeh həmin məbləği təsdiqləmişdir) məbləğində borcu vardır. Belə ki, tərəflərin izahatlarından və təqdim edilmiş kitabçadan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 886 ABŞ dolları məbləğində pul ödədikdən sonra iddiaçı qalıq borcun 103.224 ABŞ dolları olmasını yazmış və yaşıl rəngli qələmlə imza etmişdir. Sonrakı tarixlərdə yazılmış pul məbləğlərinin altında iddiaçının imzaları yoxdur. Məhkəmə, cavabdehin hər dəfə pul verdikdə iddiaçının kitabçada imza etdiyini, lakin borcunun qalmaması barədə hər hansı bir qeydin və ya iddiaçının imzasının olmadığını bildirməsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh sonuncu dəfə iddiaçıya xx.xx.2016-cı il tarixdə 886 ABŞ dolları məbləğində pul ödəmişdir və hazırda onun iddiaçıya 103.224 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan başqa, məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 169/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar ləğv edilərək, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alındığından, hazırkı iş üzrə həmin qərarı sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə manatla 103.224 (bir yüz üç min iki yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 465.48 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə manatla 103.224 (bir yüz üç min iki yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti və 465.48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar