Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1886/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "X5" publik hüquqi şəxsə qarşı "həkim səhlənkarlığı səbəbindən fiziki və mənəvi iztirablar nəticəsində vurulmuş zərər qismində 20000 manat, 9 ay ərzində Polşa Respublikasında işləyərək qazana biləcəyi 13860 manat əldən çıxmış faydanın, ödənilmiş 192 manat dövlət rüsumunun, ümumilikdə 34052 manat pulun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "X5" publik hüquqi şəxsə qarşı "həkim səhlənkarlığı səbəbindən fiziki və mənəvi iztirablar nəticəsində vurulmuş zərər qismində 20000 manat, 9 ay ərzində Polşa Respublikasında işləyərək qazana biləcəyi 13860 manat əldən çıxmış faydanın, ödənilmiş 192 manat dövlət rüsumunun, ümumilikdə 34052 manat pulun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci ildə ilkin hərbi qeydiyyata alınmış, hərbi-həkim müayinəsi zamanı çağırış komissiyasının qərarına əsasən "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 66-cı maddəsinin İ qrafası üzrə həkim-cərrahın qərarı ilə hərbi xidmətə yararsız bilinmişdir. 3 nömrəli şəhər kliniki xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən, ona İİ dərəcəli skolioz və İİ dərəcəli kifoz diaqnozu təyin edilmişdir. Həkim ekspertizası xx.xx.2020-ci ildə təkrar müayinə zamanı diaqnozu təsdiq etmiş və onu "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 66-cı maddəsinin İ qrafası üzrə hərbi xidmətə yararsız bilmişdir. Növbəti tibbi yoxlama zamanı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd olunmuşdur ki, onurğanın sağ tərəfli yuxarı döş tipli birinci dərəcəli skoliozu və döş tipli ikinci dərəcəli kifozu, funksiyaların pozulması qeyd olunmur. O, xx.xx.2023-cü ildə keçirilən müayinə zamanı şikayətlərini həkimə desə də, həkim tərəfindən buna məhəl qoyulmamışdır. Nəticə etibarı ilə o, həkim-mütəxəssisin rəyi ilə "Xəstəliklər cədvəli"nin 66-cı maddəsinin "ç" qrafası və ƏTC-nə əsasən hərbi xidmətə yararlı bilinmişdir. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon Çağırış Komissiyası tərəfindən yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2023-cü ildə hərbi hissəyə göndərilmişdir. Hərbi xidmət zamanı o, anadangəlmə xəstəliyə görə bel ağrılarından əziyyət çəkmişdir. O, xx.xx.2023-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası HHK tərəfindən "Xəstəliklər cədvəli"nin İİ qrafasının 80b maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı) "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmişdir. Ona görə də xx.xx.2023-cü ildə 952 nömrəli hərbihəkim komissiyasının 365 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinə göndərilmişdir. O, Polşa Respublikasının Lodz Voyevodalığında iş tapmış, bununla bağlı, ona xx.xx.2023-cü ildə Polşa Respublikası ərazisində əcnəbi üçün anbarla bağlı iş, aylıq əmək haqqı 3648 PLN (1540 AZN), A tipli 3438/2023 nömrəli iş icazəsi verilmişdir. O, hərbi-həkim yoxlamasına və daha sonra hərbi xidmətə çağırıldığından, həmin imkandan istifadə edə bilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onun hərbi xidmətə aparılması barədə qərarını məhz xəstəxananın qərarı əsasında vermişdir. Tibb müəssisəsi daxili orqanların müayinəsini aparır, yekun müayinə zamanı isə baxış keçirilir, ona görə xəstəliyinin aşkar edilməsi mümkün olmamışdır. O, vurulan mənəvi zərəri onunla əsaslandırır ki, xidmətdə olduğu müddət ərzində müalicə ola biləcəyi halda qismən məhdudlaşdırılmaya məruz qalmışdır. Mənəvi zərərin dəyəri Müdafiə Nazirliyi tərəfindən hərbi xidmət zamanı alınmış xəsarətə görə müəyyən edilmiş 1000 manat məbləğində müavinəti nəzərə alaraq hesablamışdır. Hazırda müalicə apardığına görə xərci yaranmışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, şəxsin yekun müayinəsi, hərbi xidmətə yararlı və ya yararsız hesab edilməsi barədə qərarın verilməsi "X5" tərəfindən deyil, hərbi-həkim komissiyası tərəfindən həyata keçirilir. Bundan başqa, o, iddiaçının mənəvi zərərin hesablanmasında Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş 1000 manat məbləğində müavinəti nəzərə almasını düzgün hesab etmir. Eyni zamanda, iddiaçının maddi zərər tələbi fərziyyəyə əsaslanır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, İddiaçı xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən tibbi şəhadətləndirilməsi ilə əlaqədar "X5"nə göndərilmiş, həmin göndəriş əsasında "X5"ndə müayinə edilmiş, nəticədə "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" tərtib edilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü ildə hərbi xidmətə yararlı hesab edilərək, xx.xx.2023-cü ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı xx.xx.2023-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası Hərbi-Həkim Komissiyası tərəfindən "Xəstəliklər cədvəli"nin 80b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmiş, xx.xx.2023-cü ildə isə 952 nömrəli hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli 365 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2018-ci il tarixli 18 nömrəli göndərişindən görünür ki, İddiaçı hərbi vəzifəlilərin tibbi şəhadətləndirilməsi ilə əlaqədar olaraq onurğanın kifoz-skolioz diaqnozu ilə stasionar müayinə olunmaq üçün Bakı şəhəri 3 nömrəli şəhər kliniki xəstəxanasına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 1 nömrəli göndərişindən görünür ki, İddiaçı hərbi vəzifəlilərin tibbi şəhadətləndirilməsi ilə əlaqədar olaraq onurğanın skolioz və kifoz diaqnozu ilə stasionar müayinə olunmaq üçün 3 saylı şəhər kliniki xəstəxanasına göndərilmişdir. İşdə olan Polşa Respublikası ərazisində əcnəbi üçün xx.xx.2023-cü il tarixli A tipli nr3438/2023 nömrəli iş icazəsindən görünür ki, İddiaçı Polşa Respublikası ərazisində iş icazəsi verilmişdir, vəzifəsi "anbarla bağlı iş", ümumi aylıq əmək haqqı – 3648 PLN, etibarlılıq müddəti xx.xx.2023-cü ildən xx.xx.2026-cı ilədəkdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Binəqədi Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 158 nömrəli göndərişindən görünür ki, İddiaçı hərbi vəzifəlilərin tibbi şəhadətləndirilməsi ilə əlaqədar olaraq onurğanın skolioz və kifoz diaqnozu ilə stasionar müayinə olunmaq üçün "X4" göndərilmişdir. İşdə olan "X5"nin xx.xx.2023-cü il tarixli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"ndan görünür ki, İddiaçı Binəqədi rayonu SHXÇDX-nın xx.xx.2025ci il tarixli 158 nömrəli göndərişi ilə müayinə olunmuş, ona qoyulan diaqnoz aşağıdakı kimidir: "Onurğanın sağ tərəfli yuxarı döş tipli birinci dərəcəli skoliozu və döş tipli ikinci dərəcəli kifozu, funksiyaların pozulması qeyd olunmur". İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 2a/12 nömrəli "Arayış"ından görünür ki, "Xəstəliklər cədvəli"nin 66ç maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. İşdə olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli 12896 nömrəli "Xəstəlik haqqında şəhadətnamə"sindən görünür ki, İddiaçı "Xəstəliklər cədvəli"nin 80b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" olduğu qərara alınmışdır. Həmin qərar xx.xx.2023-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. İşdə olan, İddiaçı adına olan SX ******* nömrəli hərbi biletin: "Hərbi xidmətə münasibəti" bölməsindən görünür ki, İddiaçı SHXÇDX-nın Bakı Şəhəri Binəqədi Rayon Çağırış komissiyası tərəfindən yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2023-cü ildə hərbi hissəyə göndərilmiş, xx.xx.2023-cü ildə 952 nömrəli h/h komissiyasının xx.xx.2023-cü il tarixli 365 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDXnın Binəqədi Rayon İdarəsinə göndərilmişdir; "Tibbi müayinələr haqqında məlumatlar" bölməsindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildə MN Mərkəzi Hərbi Poliklinikası HHK tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 80b maddəsinə əsasən (AR NK-nın xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı) dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab edilmişdir. Təkrar tibbi müayinənin vaxtı xx.xx.2028-ci ildir. Mübahisənin həlli üçün məhkəmə aşağıdakı normalara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. Məhkəmə aşağıdakı normalara istinad edərək hazırkı iş üzrə Cavabdehn İddiaçı maddi və mənəvi zərərin vurulmasında təqsirli hesab etmir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 14.1-ci maddəsinə görə, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək vəzifəsini yerinə yetirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. Həmin Qanunun 15.2-ci maddəsinə görə, bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 1.3-cü bəndinə əsasən, hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Həmin Əsasnamənin 2.1-ci bəndinə görə, ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Həmin Əsasnamənin 2.10-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. Sadalanan normaların birgə təhlilindən müəyyən olunur ki, müddətli həqiqi xidmətə çağırılan vətəndaşlar tibb müəssisəsində tibbi müayinə keçirlər, daha sonra hərbi həkim komissiyaları tərəfindən tibbi müayinə nəticələri təhlil edilir, rəy tərtib edilir və çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar qəbul edilir. Həmin rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilir. Göründüyü kimi, iddiaçı cavabdehin səhvindən əsassız olaraq həqiqi hərbi xidmətə göndərildiyini, bununla da ona maddi və mənəvi ziyan vurulduğunu qeyd etsə də, müəyyən edilir ki, onun hərbi xidmətə göndərilməsi barədə yekun qərar cavabdeh "X5" publik hüquqi şəxs tərəfindən qəbul edilməmişdir. İddiaçı məhkəməyə cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona maddi və ya mənəvi zərərin vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "X5" publik hüquqi şəxsə qarşı "həkim səhlənkarlığı səbəbindən fiziki və mənəvi iztirablar nəticəsində vurulmuş zərər qismində 20000 manat, 9 ay ərzində Polşa Respublikasında işləyərək qazana biləcəyi 13860 manat əldən çıxmış faydanın, ödənilmiş 192 manat dövlət rüsumunun, ümumilikdə 34052 manat pulun cavabdehdən tutulması" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X6.
Məhkəmə qərarları › İş №e-2(008)-1886/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1886/2025
11.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver