Məhkəmə qərarları › İş №e-2(008)-1953/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1953/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1953/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi X12 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Vəkil Xanəli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 108 ton armatur üçün ödənilmiş 135.250 manat pulun cavabdehdən tutularaq kooperativə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MTK qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhərinin müxtəlif yerlərində günün tələblərinə əsasən hündürmərətəbəli yaşayış binaları inşa edilməsi ilə məşğul olur. Eyni zamanda kooperativ tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi və Abşeron rayonu Yeni Saray yaşayış massivində də hündür mərtəbəli yaşayış binalarının inşası davam etdirilir. 2022-ci ilin yanvar ayının 29-da kooperativin həmin tikintilərində istifadə olunması məqsədi ilə diametri F-12 olan ümumilikdə 200 ton armatur satın alınması üçün Cavabdeh ilə razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən koopertivin təchizatçısı Kənan Nüsrəddin oğlu X1 tanış etdiyi armatur satıcısı Cavabdeh bir tonu 1250 manat olmaqla 108 ton və tonu 1230 manat olmaqla 90 ton ümumilikdə 198 ton armaturun alınması barədə razılaşma əldə etmişlər. Bundan sonra Cavabdeh **-BB-*** dövlət nömrə nişanlı avtomobillə 26,5 ton, **-GZ-*** dövlət nömrə nişanlı avtomobillə 28,2 ton, **-OK-*** dövlət nömrə nişanlı avtomobillə 26,3 ton, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə 26,3 ton armaturu kooperativin Saray qəsəbəsində olan tikintisinə gətirmiş və həmin gündə alınmış 108,2 ton armaturun pulunun bir hissəsi yəni 65.000 manatı dərhal yerində ödənilmişdir. Yerdə qalan pulun isə labarator müayinədən yəni xx.xx.2022-ci il tarixdə ödəniləcəyi razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixdə labarator müayinədən sonra satıcıya yerdə qalan 70250 manat pul nağd şəkildə tam ödənilərək 108 ton armatur alınmışdır. Bundan sonra yenə həmin gündə **-NK-*** dövlət nömrə nişanlı avtomobillə 24,6 ton, **-XL-*** dövlət nömrə nişanlı avtomobillə 26,3 ton armatur kooperativin Saray qəsəbəsində olan tikintisinə gətirmişdir. Eyni gündə yəni xx.xx.2022-ci il tarixdə **-GZ-*** dövlət nömrə nişanlı avtomobillə 24,8 ton armatur isə kooperativin Yasamal ərazisində inşa olunan yeni tikinti sahəsinə gətirilib boşaldılmışdır. Lakin elə həmin gün satıcı Cavabdeh satdığı armaturların hamısını boşaltdırdığı yerlərdən (Yasamal və Saray ərazisindən) təkrar avtomobillərə yüklədərək geri götürmüşdür. Geri götürülmüş armatura görə kooperativdən nağd qaydada aldığı 135.250 manat pulu isə geri qaytarmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı MTK-ya gedərək Allahverdi adlı şəxslə danışmış, ilk növbədə armaturları haradan aldığını soruşmuş, başqa bir şəxsin borc qarşılığında rəsmi olaraq bu armaturları ona vermişdir. Ona həmin malların ekspertizaya göndəriləcəyini bildirmişlər. Ekspertizadan gəldikdən sonra armaturları almaq üçün razılaşmışlar. 277 ton armatur olduğunu, 91 tonunu başqa yerə, qalanını İddiaçı MTK-ya satmışdır. İlkin ödəniş olaraq 135000 manat verdiklərini, 94000 manatı isə Şərur MTK ona borclu qalmışdır. Daha sonra o Oğuz rayonuna gedəndə yolda ona zəng vurub demişlər ki, mallar oğurluq olduğundan banditizmdən gəlib aparmışlar. İddiaçı MTK-dan armaturlar geri götürülən zaman 54000-lik armaturun çatışmadığı ona Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bildirilərək, ondan 54.000 manat pul alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında iddia tələbinin əsasız olduğunu, əvvəlki iclaslarda sübutlar təqdim etdiyini, tərəflər arasında heç bir müqavilə bağlanmadığını, əmtəə-material qiymətləndirilməsinin qəbul və buraxılış qaydalarını kobud şəkildə pozulduğu, Rusif adlı şəxsin Cavabdeh aldatdığını, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarında Vasifdən pul aldığını etiraf etmişdir. Cavabdeh alqısatqının şərtlərinə riayət etmiş və üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirmişdir. Tərəf öz öhdəliyini icra etmişdir. Belə ki, həmin malların oğurluq mal olmasını da bilməmişdir. İddia tamamilə əsassızdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına istinad: xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh izahatında ona Abuzərov Rusif adlı şəxsin 300.000 manat borclu olduğunu, həmin borc qarşılığında ona armatur verdiyini və o həmin armaturları Şərur MTK-ya sataraq, 135.000 manat pul aldığını, daha sonra isə Azərbaycn Respublikası DİN Baş Mütəşəkkilliklə Mübarizə İdarəsinin əməkdaşları oğurluq mal olduğundan MTK-dan geri alaraq, əsl sahibi olan AzərBiznes şirkətinə verdiyini hazırda 135.000 manatın isə onda olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid Bəy-zadə Qiya Babək oğlu ifadəsində Şərur MTK-nın Saray qəsəbəsində aparılan tikintidə sahə rəisi olduğunu, tikinti sahəsinə ümumilikdə 3 maşın armatur gətirildiyini 2 maşının boşaldıldığını 3-cü maşının isə oğurluq mal olduğundan boşaldılmasına icazə verilmədiyini bildirdi. X4 ifadəsində Şərur MTK-da təhsisat şöbəsində işlədiyini Cavabdehla danışıqları, pul haqq-hesab məsələlərini onun danışdığını, birinci dəfə armaturlar gələndən sonra loborotoriya cavabları alındıqdan, 3-4 gün sonra ikinci partiya gətirilsə də, Polis nəzarətində bütün mallar MTK-dan götürüldüyünü bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi Şərur MTK-nın Saray qəsəbəsinə 132,87 ton armatur gətirilmiş və sonradan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməktaşları ilə gələn armaturların əsl sahibi olan Azər Biznes MMC-nin direktoru Hadı Əliyev qeyd olunan akt əsasında malları Şərur MTK-dan təhvil almışdır. xx.xx.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində sürücü olaraq Şərur MTK-nın nümayəndəsi Kənan adlı şəxsin göstərişi əsasında Binəqədi ərazisindən yükləyərək gətirdiyini, ümumilikdə 8 maşın gətirdiyini onlardan 7 maşını Şərur MTK-nın Saray qəsəbəsində yerləşən tikinti sahəsinə 1 maşını isə Yasamal rayonu ərazisindəki tikintiyə gətirdiyini sonuncu dəfə armaturları apardıqda isə Baş Mütəşəkkilll Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının armaturları boşaltmasına icazə vermədiklərini bildirmişdir. X3 ifadəsində ** HK *** nömrəli maşını idarə etdiyini armaturları Binəqədi rayonu ərazisindən götürdüyünü, Zəngəzur şadlıq sarayının yanında tərəziyə çıxdıqdan sonra tərəzi kağızı ilə Saraydakı tikinti sahəsinə apardığını lakin maşının boşaldılmasına icazə vermədiklərini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmət göstərməli, iş görməli və sair və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarına əsasən, cavabdeh iddiaçıdan aldığı pul məbləğini əsassız olaraq qaytarmamış və buna əsas kimi başqa bir şəxsin Rusif adlı şəxsin onu aldadaraq oğurluq mal verməsini, bu səbəbdən də onun da zərər etdiyini əsas gətirərək, 135.000 manat pulu əsassız olaraq özündə saxlamaqda davam etmişdir. Həmçinin cavabdeh Vasif X2 tərəfindən aldadılması və bu barədə Yasamal rayon Polis İdarəsində cinayət işinin başlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qanunvericiliyin tələbindən göründüyü kimi Cavabdeh Rusif Abuzərov tərəfindən aldadılması və bu barədə cinayət işinin başlanması hazırki mülki işin araşdırmasında predusiyal əhəmiyyətə malik deyildir. Eyni zamanda Cavabdeh üçüncü şəxs tərəfindən aldadılaraq, ona oğurluq mal verilməsi hazırki iddiaçı olan Şərur MTK-ya 135.000 manatın qaytarılmaması üçün ona heç bir hüquqi əsas vermir. İddianın qismən təmin olunması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı Şərur MTK tərəfindən cavabdehə 135.250 manat pulun verilməsini təstiq edən heç bir sübut təqdim edilmədiyindən məhkəmə yalnız Cavabdeh etiraf etdiyi 135.000 manat hissəsini əsas götürərək hesab edir ki, iddia qismən yəni Cavabdeh 135.000 manat tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 135000 manat pul vəsaiti və 420 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MTK-ye ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 135000 manat pul vəsaiti və 420 (dörd yüz iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MTK-ya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar