Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-201/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracdan satılması, əldə edilən vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin hərracdan satılması, əldə edilən vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə edilən vəsaitin paya uyğun, yəni 1/2 hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3497/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə 07 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra övladları - xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılmalı, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər bir uşağa 160 manat olmaqla, cəmi 320 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7730/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə dair onun mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin MTT(008)-53/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qərardadın icrası AR DİN-nin BDYPİ-nə həvalə edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-7730/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün AR DİN-nin BDYPİ-nə göndərilmişdir. Həmin icra vərəqəsi əsasında “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə onun payının müəyyən edilməsi barədə AR DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində qeydlər aparılmışdır. “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə onun payı müəyyən edilsə də, avtomobil artıq neçə ildir ki, Cavabdeh sərəncamında və istifadəsindədir. O, mülkiyyətində olan avtomobildən istifadə edə bilmir. O, “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun payına düşən hissəsinin dəyərini ona ödənilməsi barədə Cavabdeh təklif etsə də, Cavabdeh təklifi qəbul etməmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, avtomobilin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün deyildir. Eyni zamanda, o, avtomobilin üzərində payına düşən hissəsinin dəyərinin ona ödənilməsi barədə cavabdehə təklif etsə də, cavabdeh təklifi qəbul etməmişdir. Bundan sonra avtomobilin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-7730/2021 saylı icra vərəqəsi əsasında “Opel Vectra” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi barədə DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində qeydlər mövcuddur. - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru Daşqın Həsənəliyevin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7730/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklifdən görünür ki, İddiaçı “Opel Vectra” markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində payına düşən hissənin dəyərinin ona ödəməyə razı olub-olmaması barədə 5 gün ərzində məlumat verməsini Cavabdeh xahiş etmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7730/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə dair İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin MTT(008)-53/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadından görünür ki, Cavabdeh mülkiyyətində olan «Opel Vectra» minik markalı 90- XF-278 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3497/2019 nömrəli xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 27 iyun 2006-cı il tarixində Quba Rayonu İcra Hakimiyyətinin Başçısının Zərdabi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyində 07 nömrəli qeydlə bağlamış nikahın pozulması, 17 mart 2006-cı il təvəllüdlü X4 və 01 iyun 2011-ci il təvəllüdlü X3 İddiaçı yanında saxlanılmaları, Cavabdeh 17 mart 2006-cı il təvəllüdlü X4 və 01 iyun 2011-ci il təvəllüdlü X1 üçün hər birinə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin 03 aprel 2019-cu il tarixdən başlayaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7730/2021 nömrəli xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7730/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/23 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, anoloji avtomobillərin texniki göstəricilərinə uyğun olaraq, ekspertiza təyini haqqında qərardadda qeyd edilən 1997-ci il buraxılışlı gümüşü rəngli W0L000036V1973730 ban nömrəli “Opel Vectra” minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) hazırkı vaxta, yəni 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5200,00 manat müəyyən edilir (5300 manat + 5300 manat + 4900 manat):3. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə dair İddiaçı mülkiyyət hüququ tanınmışdır. Lakin mübahisəli nəqliyyat vasitəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində olduğundan, iddiaçı paylı mülkiyyətində olan əşyaya dair mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı «Opel Vectra» markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin payına düşən hissənin dəyərini ona ödəməyə razı olub-olmaması barədə cavabdehə təklif göndərmiş, lakin sonuncu təklifə münasibət bildirməmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır. Məhkəmə hesab edir ki, «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində tərəflərin payları bərabər olduğundan, nəqliyyat vasitəsinin satışından əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 50% hissəsi İddiaçı, 50 % hissəsi isə Cavabdeh ödənilməlidir. Məhkəmə, hər bir halda əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə mübahisəli əmlakın real dəyərinin müəyyənləşdirilməsini də zəruri hesab etdiyindən bu barədə ekspertiza təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/23 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) hazırkı vaxta, yəni 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5200,00 manat müəyyən edilmişdir. Məhkəmə, əmlakın satışının keçiriləcəyi hərracın formasına münasibətdə isə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadında qeyd olunmuşdur ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qeyd edilən mövqedən çıxış edərək hazırkı iş üzrə məhkəmə hesab edir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır. Mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmamasına münasibətdə isə ilk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Yuxarıda da qeyd edildiyi kimi keçirilən ekspert tədqiqatı nəticəsində əmlakın bazar dəyərinin təqribən 5200 manat olması öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, əmlak qapalı hərracda satılmadığı təqdirdə, açıq hərracın seçilməsi zamanı onun ilkin dəyəri kimi 5200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilməli, nəqliyyat vasitəsi həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılmalı, əmlakın ilkin satış qiyməti bazar dəyərinə uyğun olaraq 5200 (beş min iki yüz) manat məbləğində müəyyən olunmalı, satışdan əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 50% (əlli faiz) hissəsi İddiaçı, 50% (əlli faiz) hissəsi isə Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «Opel Vectra» minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə əvvəlcə qapalı, yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan hərrac keçirilsin. Nəqliyyat vasitəsi həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərrac keçirilərək satılsın. Əmlakın ilkin satış qiyməti bazar dəyərinə uyğun olaraq 5200 (beş min iki yüz) manat məbləğində müəyyən olunsun. Satışdan əldə olunan pul vəsaitinin paylara mütənasib olaraq 50% (əlli faiz) hissəsi İddiaçı, 50% (əlli faiz) hissəsi isə Cavabdeh ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-201/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-201/2025
07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver